• cümə, 19 Aprel, 07:23
  • Baku Bakı 13°C

“Orada mənim xüsusi yerim var”

15.03.14 09:15 1820
“Orada mənim xüsusi yerim var”
Bəzən sənət adamları haqqında deyirlər ki, dünən yumurtadan çıxıb bu gün şou aləmində at oynadırlar. Ancaq uşaqlıdan bəri hər zaman eyni simada, eyni imicdə görməyə alışdığımız, mahnıları ilə böyüdüyümüz ifaçılar da var ki, onları hər zaman eyni ampluada, eyni üslubda görürük. Onlar nədənsə mənəm-mənəmlikdən kənar gəzib, ağrımaz başlarını işə salmırlar. Şəxsi müşahidəm nəticəsində aşkar etmişəm ki, bu tip sənətçilərimiz danışmağı elə də çox sevmir, onlara ünvanlanan suallara qısa və lakonik cavab verməyi üstün tuturlar. Bu tip ifaçılardan biri olan əməkdar artist Nüşabə Ələsgərli ötən həftə “Kaspi”nin qonağı oldu.
Nüşabə xanım bizimlə söhbətində yaradıcılığındakı yeniliklərdən, şou-biznesin bugünkü vəziyyətindən danışdı. Onun sözlərinə görə, bu gün şou aləmində Nüşabə xanımın öz kürsüsü var.
Almaniya konserti

- Çoxdandır klip çəkdirmirsiniz. Pulunuz yoxdur klip çəkdirməyə, yoxsa özünüz istəmirsiniz?

- Mən elə deməzdim. Keçən il iki klip çəkdirmişəm. Bu az göstərici deyil.
- Bəs, biz onları niyə görmürük?

- Siz hansı efirdən danışırsınız? Efirdə klip görüntüsü demək olar ki, yoxa çıxıb. Hansı televiziyalarda klip saatları verilir? Yaxınlarım mənə söyləyir ki, efirlərdə çox az-az görünürsən. Ancaq onların dediyi həftə mən televiziya verilişlərinə qonaq kimi dəvət olunmuşam. Əgər onlar məni görmürlərsə, deməli efirə baxmırlar. O ki qaldı bu ildə klip çəkdirməməyimə, sizə onu deyim ki, il hələ yeni başlayıb. Hazırda Novruz çəkilişlərinə başlamışıq. İnşallah, yeni kliplərimiz də işıq üzü görəcək.
- Deyirsiniz ki, il təzə başlayıb. Bəs bu ildə Nüşabə Ələsgərli tamaşaçılarını hansı yeniliklərlə sevindirəcək?

- Martın 22-də Almaniyanın Hanover şəhərində, 23-də isə Hamburq şəhərində konsertim olacaq. İndi konsertə hazırlaşıram. Onu da bildirim ki, Almaniyaya öz musiqiçilərimlə getmirəm. Bizi dəvət edən insanların maddi imkanları bütün kollektivi aparmaq gücündə olmadığı üçün tək gedirəm. Orada Almaniyada yaşayan azərbaycanlı musiqiçilər var. Yeni mahnılarımın minusofkaları ilə orada ifa edəcəm. Bir də Almaniyada daha çox xalq və bayram əhval-ruhiyyəli mahnılarla ansamblın müşayiəti ilə çıxış edəcəm.
Gizlədiləsi heç nə yoxdur

- Almaniyaya gedib Avropa şou-biznesinə qatılmağı düşünürsünüzmü, yoxsa ancaq konsert üçün gedəcəksiniz?

- Yox. Sadəcə, konsert proqramı ilə çıxış edəcəm. İki il bundan qabaq Türkiyə şou-biznesinə qatılmaq istəyirdim. Eşitdiyim xəbərlərdən sonra fikrimi dəyişdim. Bizim müğənnilərimizin əksəriyyəti Türkiyə şou-biznesinə qatılmaq üçün orada albom hazırlayıb, səslərini yazdırırlar, verilişlərə çıxıb kliplər çəkdirirlər. Ancaq hara getsələr də, nəticədə gəlirlərini Azərbaycanda qazanırlar. Fikirləşirəm ki, belə məşhurluq mənim nəyimə lazımdır. Ona görə də xarici şou-biznesə qatılmağı düşünmürəm. Artıq pulum olsa, gedib Türkiyə kanallarına çıxaram. Bir ay Türkiyədə qalıb beş-altı verilişə çıxıb, Türkiyənin ulduzları ilə səmimi söhbətlər edərəm. Bunların hamısı pulun hesabına ərsəyə gələn şeylərdir. Burada gizlədiləsi heç nə yoxdur, bunu hamı bilir. Türkiyə şou-biznesinin bizim üçün ürəyi getmir. Biz ora özümüz gedirik, pul xərcləyib klip çəkdirib, verilişlərə çıxırıq. Artıq pulum olmadığına görə düşünürəm ki, bunlara heç bir ehtiyac yoxdur.
- Azərbaycanda qazanc yalnız toylardan əldə olunur?

- Əlbəttə. Nəinki yerli müğənnilərimiz, hətta xarici müğənnilər də toylara gedir. Cenifer Lopesin, Şakiranın özü də toylara gedir. Bunu hər kəs internetdə də görüb. Belə şeyləri inkar etmək olmaz.
- Bəs yerli kanallarda da klipinizin yayımlanması üçün pul verirsinizmi?

- Əlbəttə. Efirdə klipin getməyi üçün klip saatı olan verilişlərdə pul ödənilir. Bu, məlum məsələdir və onun qiymətini də hamı bilir.
- Bu gün müğənnilərin təqdim etdiyi mahnıların çoxu tamaşaçıların ürəyini ələ ala bilmir…

- Düzdür. Hərdən deyirəm ki, Şövkət Ələkbərova, Rəşid Behbudov kimi korifeylərimizin oxuduqları zamanı nəzərə alın. Çünki onların vaxtında Cahangir Cahangirov, Tofiq Quliyev, Fikrət Əmirov, Qara Qarayev, Emin Sabitoğlu kimi sənətkar bəstəkarlar mahnı yazırdı. Gözəl mahnı yaranmasında bəstəkar və şairin də rolu böyükdür. Bu günlərdə Murad Ariflə söhbət edirdik. Murad deyir ki, artıq ən gözəl mahnının ömrü 3 ay olur. Bu vaxtdan sonra mahnı gündəmdən düşür. Köhnə filmlərə bu gün də böyük zövqlə baxırıq. Mən bunun səbəbini bilmirəm ki, niyə illər öncə görülən işlər bu qədər gözəldir. Köhnə mahnılarımız çox ələnib, bu günümüzə gəlib. Həmin musiqilərin həm bəstəkarı, həm şairi, həm də ifaçısı çox gözəl olub ki, yaratdıqları işlər bu günümüz üçün də aktualdır. Müğənni repertuarına önəm verməlidir.
Mənim yerimi heç kim tuta bilməz

- Sizcə, Nüşabə Ələsgərli bu gün gündəmdədirmi?

- Mən gündəm sözünü ümumiyyətlə, qəbul etmirəm. Elə sənətkarlar var ki, ildə bir dəfə efirə çıxırlar, ancaq illərdi dəbdədirlər. Bu gün mən efirlərdə, radiolarda varam. Tamaşaçıların rəğbətini qazanıram. El məclislərinə, toylara, bayram tədbirlərinə dəvət olunuram. Demək, mənə tələbat var ki, dəvət olunuram. Mənim üçün gündəm də elə bu deməkdir.
- Nüşabə xanım, tənqidə tuş gəlmisinizmi?

- Əlbəttə. Ancaq tənqid etməyin də öz qaydası var. Bəzən insanlar tənqidlə təhqiri dəyişik salırlar. Elə tənqid edən adamlar var ki, onu təhqirlə edirlər. Bunu qəbul edə bilmirəm. Guya tənqid edir, ikinci cümləsindən sonra təhqirə keçir. Onu heç kəs qəbul edə bilməz.
- Nüşabə xanım özünü şou-biznesdə harada görür?

- Şou-biznesdə hər kəsin öz yeri var, onların içərisində isə mənim yerim xüsusidir. Mən elə öz yerimdəyəm. O yerdə Nüşabə Ələsgərlidən başqa heç kəs yoxdur. Ora yalnız mənə məxsusdur. Mən olmasam, heç kim o yeri tuta bilməz. Mənim fəxri addan başqa adım yoxdur, baxmayaraq ki, primadonnamız İlhamə Quliyeva ilə çox yaxşı münasibətim var və o, mənim xətrimi çox istəyir. Canlı yayıma bağlanıb dəfələrlə mənim ünvanıma xoş sözlər səsləndirib. Sizin vasitənizlə İlhamə xanıma təşəkkürlərimi bildirirəm. Ancaq onu da qeyd edim ki, İlhamə xanım başqa sənət yoldaşlarıma verdiyi adlardan mənə verməyib.
- Deyirsiniz ki, İlahəmə xanım sizi çox istəyir. Bəs nəyə görə sizi adsız qoyub?

- Mənim o heç ağlıma gəlməyib. Yəqin ki, o da heç bu barədə düşünməyib. Hər halda İlhamə xanım mənə yaxşı ad fikirləşib verər.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər