• cümə, 19 Aprel, 07:59
  • Baku Bakı 13°C

«Orada dərslər gərgin və darıxdırıcı keçmir…» - Təhsil

13.10.14 12:02 5607
«Orada dərslər gərgin və darıxdırıcı keçmir…» - Təhsil
Azərbaycan Dillər Universitetinin bakalavr və magistr pillələrini fərqlənmə diplomu ilə bitirib. 2013-2014-cü tədris ilində Azərbaycan Dillər Universitetinin koordinator olduğu Erasmus Mundus Layihəsi üzrə İspaniyada Doktorantura pilləsində Müqayisəli tarixi və müqayisəli tipoloji dilçilik ixtisası üzrə təhsil alır. Fəlsəfə doktoru adını almaq üçün dissertasiya yazmağa hazırlaşır. Qalibi olduğu Avropa Birliyi ölkələrinin dəstəklədiyi qrant müsabiqəsində universitetdə doktorantura pilləsi üzrə təhsil alan yeganə azərbaycanlıdır. Müsahibimiz Fatma Qurbanzadə ilə yaxından tanış olaq...
- Fatma, seçdiyiniz ixtisas barədə məlumat verərdiniz, zəhmət olmasa...
- Müqayisəli tarixi və müqayisəli tipoloji dilçilik ixtisası hazırda təhsil aldığım universitetdə Hind-Avropa dillərinin müqayisəli tipoloji quruluşunu öyrənən bölmə adlanır. Amma araşdırmam təkcə Hind-Avropa dillər ailəsinə aid olan dilləri əhatə etmir. Əsas prioritet məsələlərdən biri türk dilləri ailəsinə mənsub olan dillərin, xüsusilə Azərbaycan dilinin tarixi köklərini xarici ədəbiyyatlarda araşdırmaq və müxtəlif dil ailələrinə mənsub olan dillər üzərində müqayisəli təhlil aparmaqdır. Onu da qeyd edim ki, Bakıda ali məktəbdə təhsil aldığım illərdə həm elmi, həm də ictimai-sosial fəaliyyətlə xox yaxından maraqlanmışam. Səkkiz semestrdən ibarət dörd illik bakalavr təhsilimdə, hər bir semestri “Dekanın Fəxri Fərmanı” ilə bitirmişəm. Respublika Tələbə Elmi Cəmiyyətinin fəxri üzvüyəm. 2007-2011-ci illərdə Tələbə Elmi Cəmiyyətində 15-dən artıq elmi məqaləm çap olunub. Nəticədə elmi fəaliyyətim üzrə 7 ədəd I dərəcəli Diplom, 5 ədəd II dərəcəli və 3 ədəd III dərəcəli diplomla və müxtəlif təşəkkürnamələrlə təltif olunmuşam. Hər il öz universitetimizdə, o cümlədən digər ali məktəblərdə gerçəkləşən beynəlxalq və respublika səviyyəli konfransların mühazirəçisi və iştirakçısı edilmişəm. Bununla bağlı müxtəlif sertifikatlar və mükafatlarla təltif olunmuşam.
- Belə başa düşdüm ki, elm sizin üçün olduqca maraqlıdır. Elmə maraq sizdə haradan qaynaqlanır?
- Məşhur ingilis yazıçısı Samuel Smayls deyir ki, “zövqlərin ən gözəli elmdən alınan zövqdür”. Düşünürəm ki, hər insanın qiyməti onun elminin dəyəri qədərdir. Elm həm də dünyagörüşüdür, insanı ucaldan mənəvi xəzinədir. İnsan yalnız elmi, bacarığı ilə başqalarından fərqlənə, onlara nisbətən üstün mövqeyə malik ola bilər. Məndə elmə olan meyl, həvəs uşaqlıqdan yaranıb. Valideynlərimin dediyinə görə, yaşıdlarım oyuncaqla oynayarkən mən kiçik yaşlarımdan vaxtımı elmin müxtəlif sahələrinə aid kitablarla, ensiklopediyalarla keçirirdim. Otağıma qapanıb hər zaman özüm üçün maraqlı kitablar oxuyur, öyrəndiyim yeni məlumatları ailəmlə, dostlarımla bölüşməyi sevirdim. Elmə marağımın yaranmasında valideynlərimin, müəllimlərimin rolu böyükdür.
- 23 yaşınız olsa da, İspaniyaya təhsil almağa gedənəcən Azərbaycan Dillər Universitetində dekan müavini kimi fəaliyyət göstərmisiniz. Necə oldu bu vəzifəyə təyin edildiniz?
- Bu təyinat rektorumuz millət vəkili, professor Səməd Seyidovun adı ilə bağlıdır. Səməd müəllim rəhbərlik etdiyi universitetdə mənim kimi yüzlərlə gəncin üzə çıxarılması, bilik və bacarıqlarının tanıdılması və daima irəli çəkilməsi, rəhbər vəzifələrə təyin olunmaları üçün əlindən gələni edir. Bu təyinat da mənim kiçik işimə verilən böyük dəyər idi. Xəbəri eşidəndə çox böyük sevinclə qarşıladım. Ən əvvəl ailəmlə bölüşdüm. Sözügedən vəzifəyə təyin olunarkən magistratura pilləsində təhsil aldığımdan gündüzlər işdə olur, gecələr dərslərim üzərində çalışırdım. Buna baxmayaraq, işin ağırlığı və çətinliyi dərslərimə təsir etmirdi, yenə imtahanlarda ən yüksək nəticələri əldə edirdim.
- İspanları necə xarakterizə edərdiniz?
- Əvvəlcə onu deyim ki, ispanlar xaraktercə istiqanlı, şən, pozitiv xalqdır. Həmişə köməyə can atırlar. Bəzən yolun ortasında yaşından asılı olmayaraq təsadüfi bir qrup adamın musiqinin müşayiəti ilə oynadığını, əyləndiyinin şahidi ola bilərsiybz. Amma onu da deyim ki, almanlar qədər dəqiq deyillər. İspanlar da digər avropalılar kimi içkiyə çox meyllidirlər.
- Ümumiyyətlə, orada yeni yaşamağa başlayarkən hansı çətinlikləriniz oldu?
- Yaşadığım ölkənin rəsmi dili ispan və bask dilləri olduğu üçün ingilis dilində demək olar, çox az adam bilir. Bu da mənim üçün problemdir. Ən çox bu problem özünü bir şey almaq istəyərkən göstərir. Bəzən satıcıların dediyini mən, mənim dediyimi onlar başa düşmür. İşarələr vasitəsilə anlaşmağa çalışırıq. Bundan başqa, qida və mədəniyyət fərqləri ilə bağlı çətinliklərim oldu. Hətta bəzi günlər heç nə yeyə bilmirdim. Tamamilə fərqli mətbəxə malik olan ispan xalqı daha çox hazır və quru qidalara üstünlük verir. Onlar üçün ən məşhur yemək növü donuz əti ilə hazır sendviçlər və “Tortia” adlanan qida növüdür. Bütün restoranların əsas menyusunda buna rast gələ bilərsiniz. İçki isə qidadan da öndədir. Restoranların menyusunda yeməkdən çox içki növləri var.
- Orada istirahətinizi necə təşkil edirsiniz?
- Doktorantların təhsil qrafiki sərbəstdir. Gün sərbəst olsa da, tapşırıqların yazılması və tədqiqatın aparılması demək olar ki, bütün həftəni tələbəni məşğul edir. Vaxtımın demək olar, hamısı kitabxanada keçir. Boş vaxtım çox az olur. Həftə sonları asudə vaxt tapan kimi şəhərin gəzməli-görməli yerlərini səyahətə çıxıram. Yaşadığım şəhərin tarixi mədəniyyət abidələri, yaşıllığı, insanlarının qonaqpərvərliyi məni valeh edir. Universitetimizdə təhsil alan bütün tələbələr həftə sonları bir araya gəlir. Hər dəfə bir tələbənin evində ziyafət təşkil edərək, əylənirlər. Hər kəs gələrkən özü ilə bir şey gətirir. Gecə saatlarına qədər yeyib-içib, oyunlar oynayır, musiqiyə qulaq asırlar.
- Yəqin İspaniyada maraqlı hadisələrlə də qarşılaşmısınız...
- Elədir. İspaniyaya ilk gəldiyim həftə qrup yoldaşlarımdan biri məni də həftə sonu adət üzrə evində gerçəkləşdirdiyi ziyafətə dəvət etdi. Mən də hamı kimi razılıq verdim. Saatı soruşduqda isə bu barədə ziyafət günü dəqiq məlumat verəcəyini dedi. Mən də həftəsonu işlərimi bitirib səhər tezdən onun zəngini gözlədim. Amma gün ərzində zəng gəlmədi. Nəhayət, mənə telefon açan qrup yoldaşım “yarım saata bizdə ol, ziyafət başlayacaq” dedi. Zəng gələrkən yuxulu olduğumdan bunu ciddi qəbul etmədim. Səhər oyandım və gördüm ki, mənə zəng gələndə gecə saat 12 imiş. Səhərisi günü qrup yoldaşlarım nə üçün onlara qoşulmadığımı soruşanda həmin vaxt yuxu saatımın olduğunu dedim. Buna görə mənə xeyli güldülər.
Başqa bir əhvalat da danışım. Tədris ilinin ilk günü idi. Hamı kimi mən də dərs otağımın nömrəsini götürüb, zala daxil olub əyləşdim. Erkən getdiyim üçün hələ heç kim gəlməmişdi. 15-20 dəqiqədən sonra bir tələbənin əyləşdiyim zala daxil olduğunu gördüm. Gülümsəyərək yaxınlaşan tələbə salamlaşdı və adət üzrə məndən adımı və hansı ölkədən olduğumu soruşdu. Azərbaycandan olduğumu deyəndə tələbənin üzündəki narazı ifadəni müşahidə etdim. Məlum oldu ki, o da ermənidir. Özünü itirən erməni tələbə “ah, Azərbaycan. Biz ki, qonşu dövlətlərdənik...” deyə əlavə etdi. Mən isə “yox, biz qonşu dövlətlər deyilik, siz işğalçısınız və bizim torpaqlarımızı işğal etmisiniz” deyə cavab verdim. Belə bir reaksiyanı gözləməyən erməni tələbə deməyə söz tapmadan tez otağı tərk etdi. Sonradan öyrəndim ki, o, universitetdə ispan dili kurslarına yazılan Hayk Karapetyandır.
- Fatma, İspaniyadakı təhsil sistemi ilə Azərbaycan təhsil sistemini müqayisə edərdiniz, zəhmət olmasa.
- Fərqlər çoxdur. Ali təhsil sistemində müşahidə etdiyim ən gözəçarpan dəyişiklərdən biri tələbələrin asudə vaxtlarının təşkilinə önəm verilməsidir. Təhsil aldığım universitetdə elə bir tələbə yoxdur ki, hansısa bir qrupa, dərnəyə qoşulmasın. Bundan başqa, burada dərslər gərgin və darıxdırıcı keçmir. Dərs zamanı müəllim yemək yeyə, hətta istirahət edə bilər. Tələbələrin akademik həyatı daha çox kitabxana ilə bağlıdır.
- İspaniyadan qayıdandan sonra yenə fəaliyyətinizi Dillər Universitetində davam etdirəcəksiz, ya başqa planlarınız var?
- Təhsilimi başa vurduqdan sonra vətənə qayıdıb burada qazandığım bilik və təcrübəni doğma universitetimdə tələbələrimlə bölüşüb, onlara elmin sirlərini, gözəlliklərini öyrətməyi düşünürəm.
Lalə MUSAQIZI

banner

Oxşar Xəbərlər