Ora “Şərqin gözəli”dir
Yurdumuzun hər qarışı mənə doğma və
əzizdir. Azərbaycan, sözün əsil mənasında, gözəlliklər və özəlliklər
məskənidir. Onun vəsfi və əsrarəngiz
hüsnü ilə bağlı unudulmaz söz ustadlarımız bir-birindən dəyərli poetik
nümunələr yaradıblar. Təbii ki, bu şeirlərin ovqatında tərənnüm də var, təsvir
də, həsrət də, sadəcə təqdim də, hətta mübarizlik də, döyüş ruhu da…Hər bir
şeir öz müəllifinin daxili dünyasının əks-sədasıdır. Elə misralar da yaradılıb
ki, sanki vətənimizin şəkilidir:
Azərbaycan şahindir;
Dimdiyi
göy sularda,
Qanadları göylərdə…
Xəritəyə nəzər salsaq, xalq şairi Rəsul
Rzanın nə qədər haqlı olduğu dərhal bilinər.
Tanınmadığın bir qapını döysən, yaşlısı sənə
"balam”, cocuğu isə " nənəm” deyəcək
Nə isə…
Mətləbdən uzaq düşdüm. Hərdən özüm də
duyğularımı sözün rənginə bələməklə hisslərimi vətənimin çalarlarına
yönəldirəm: Zəngəzurum - dərdli qəlbim, Qarabağım - şah damarım, dağlar gözəli
Şuşa ruhumun ünvanı, Mil-Muğanım geniş ürəyim, Cənubum - Lənkəranım göz nurum,
Şimalım - əhli dostlarım, Şirvanım - şir biləklim, Bakım-taleyim, səadətim,
sevincim, əbədi ünvanım… Və nəhayət Naxçıvanım - Ana yurdun havasını ala
bildiyim cənnət məkan! Müqəddəs və doğma diyar!
Bu yerlərdə təkcə dağlara, pirlərə, müqəddəs ünvanlara deyil, hər
qayaya, daşa salavat çevirməsəm, ürəyim rahatlıq tapmaz. Üç tərəfdən düşmənlə
üz-üzə dayanmasına baxmayaraq, bu diyar qurub yaradan insanların ilhamlı əməyi
nəticəsində gündən-günə gözəlləşir. Şair Əliyar Yusiflinin misraları ilə bu
qədim yurdun xəritəsi çox poetik naxışlanıb:
Baxın, xəritədə bu qədim diyar,
Kiçik bir nöqtəylə qeyd edilibdi.
Bu
yerin qolunda aslan gücü var,
Burdan cahangirlər peşman gedibdi.
Naxçıvanda tanınmadığın bir qapını
döysən, yaşlısı sənə "balam”, cocuğu isə " nənəm” deyərək elə qarşılayacaq ki,
elə bil yüz illərdir sən bu ailənin içindəsən. Sənə elə qonaqpərvərlik
göstərib, əzizləyəcəklər ki… Bu sözləri elə belə demədim, başıma gələnlərin
diktəsidir. Hər dəfə Naxçıvana yolum düşəndə mütləq ziyarət edəcəyim məkanlar
var. Bax, həmin vaxtlarda bir qapını səhv döymüşdüm. Amma elə məhəbbət və ülfət
gördüm ki, hələ də unuda bilmirəm. Hüseyn Cavidin ev muzeyi ilə qonşu olan
Zeynəb ananın təsadüfi qonağı oldum.
Onun mehri məni elə kövrəltdi ki, sanki uzun həsrətdən sonra anamla
görüşmüşdüm. Bizdə - Bakıda qapını yanlış
döyən olsa, yəqin ki, "səhv gəlibsiniz” deyərək (bu da təbiidir-F.X.), qapını
örtərik. Naxçıvanda isə əksinə, bizi elə məhəbbətlə qarşıladılar ki, handan-hana anladıq, ünvanı dəyişik saldığımızı. Bu qəfil
qonaqlığı və xoş münasibəti orada kimə söylədiksə "başqa cür necə olmalıdır ki,
bura Naxçıvandır...” dedilər. Xalq şairi Süleyman Rüstəmin məşhur bir şeirinin
misralarını xatırladım: "Bizdən inciməmiş bir əziz qonaq...”
"ŞƏRQİN GÖZƏLİ”
Əbəs yerə yurdumuzun qədim və ulu diyarı
Naxçıvanı "Şərqin gözəli” adlandırmırlar. Müğənnilər də böyük həvəslə, şövqlə
oxuyurlar: "O, Naxçıvandır, Nəqşi-cahandır”. Qeyri-adi gözəlliyə, təbiətə,
zəngin tarixə, çox əsrlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan Muxtar
Respublikası Türkiyə ilə 11 kilometr məsafə istisna olmaqla, şimal və şərqdən
indiki Ermənistan (sərhəd xəttinin uzunluğu 246 kilometr), qərb və cənubdan
İran İslam Respublikası (204 kilometr) ilə həmsərhəddir. Türkiyə və İranla
sərhədi Araz çayı, Ermənistanla isə əsasən Zəngəzur və Dərələyəz silsilələri
təşkil edir. Qədim memarlıq abidələri ilə dünyada məşhur olan Naxçıvan yeganə
məkandır ki, XII əsrdə analığın, qadınlığın şərəfinə abidə ucaldılıb.
Möminəxatun türbəsi adlanan bu məşhur məqbərə, bir növ, Naxçıvanın rəmzi
sayılır. Qarabağlar türbəsi, Dər türbə, Buzxana (XIV əsr), Əlincə xanəgahı, İmamzadə kompleksi, Gilan
türbəsi, Şərq hamamı (XVIII əsr), Qazançı körpüsü, Xan evi, Yusif Küseyir oğlu
türbəsi, müxtəlif məscidlər milli memarlıq abidələri kimi qorunmaqdadır. "Nuhun
türbəsi” isə bu yerlərin ulu tarixindən bir əks-sədadır. Bəşəriyyətin qədim
yaşayış məskənlərindən sayılan Naxçıvanı Nuh peyğəmbərin gəmisinin yendiyi yer
kimi səciyyələndirirlər. Bu, tarixdir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə
yaradılmış "Cavidlər” məqbərəsi qədim ənənənin ən gözəl davamı kimi
dəyərləndirilir. Muxtar respublikanın hər bir rayonunda muzey var. Naxçıvanda
isə bunların sayı daha çoxdur. Şəhərdəki Mirzə Cəlilin, Bəhruz Kəngərlinin,
Hüseyn Cavidin, C. Naxcıvanskinin, Ordubadda Məmməd Səid Ordubadinin, Yusif
Məmmədəliyevin, Kəngərlidə Məhəmməd Şahtaxtlının, Şahbuzun Nurs kəndində Məmməd
Arazın ev muzeyləri daim qonaq-qaralıdır. Naxçıvanda Xan evinin yaxınlığındakı
"Açıq səma altında muzey”in isə analoqu yoxdur. Daş dövrünün bütün məişət
avadanlıqları, heykəl və heyvan fiqurları burada toplanıb. Hər bir eksponatın 1000-1500,
bəzilərinin də 2000 yaşı var. Əslində blokada şəraitində yaşayan, böyük
Azərbaycanla ancaq hava vasitəsilə (son illər İran ərazisindən keçməklə
də-F.X.) əlaqə yaradan Naxçıvanın gecələri işıqlı, gündüzləri fərəhgətiricidir. Naxçıvanlılar sözün əsl
mənasında, fədakar və qürurludurlar. Bax, bu səbəbdən də doğma diyarı nəinki
qoruyub saxlaya biliblər, həm də onun gündən-günə daha də tərəqqi etməsinə nail
olublar.
Naxçıvanda
qərib ağac yoxdur
Bu gün
Naxçıvan istənilən Avropa şəhərinə meydan oxumaq qüdrətinə malik olub. Son 20 ildə bu qədim diyar elə gözəlləşib ki...
Hər dəfə Naxçıvandan heyrət və sevinc hisslərilə qayıdıram. Şəhərdə çoxlu yeni
binalar tikilib. Maraqlı və diqqətçəkən cəhət budur ki, qədimliklə müasirlik
məharətlə qovuşub. Əgər bir tərəfdə qədim tikililər, abidələr şəhəri
gözəlləşdirirsə, lap yaxınlıqdakı diaqnostika, ticarət, üzgüçülük mərkəzləri də
füsunkarlığı birə beş artırır. Naxçıvan yaşıllıqlar, parklar, bağlar,
seyrəngahlar, şəlalələr ünvanına çevrilib. Qədim Naxçıvanla müasir Naxçıvan
ata-bala kimi bir-birinin əlindən
mehribancasına tutaraq, daha da işıqlı gələcəyə doğru inamla addımlayır.
Naxçıvan memarları çalışırlar ki, yaradılan hər bir abidə, tikilən hər bir bina
köhnə gözəlliyi tamamlasın, şəhərə yeni rövnəq və cazibə gətirsin. Naxçıvanda
əkilən ağacların, gül-çiçək kollarının sayı bilinmir. Yaxşı cəhət də budur ki,
Naxçıvanda qərib ağac yoxdur. Yerli təbiətə və torpağa uyğun ağaclar
əkilib-becərilir. Ona görə də Naxçıvan bağbanının əməyi hədər getmir. Hər
tərəfdə səliqə-sahman, təmizlik hökm sürür. Şəhəri başdan-ayağa gəzdik. Sözün
əsil mənasında super təmizlik! Həqiqətən də, gözəlliyin ilkin şərti təmizliklə
bağlıdır. Bütün mənalarda belədir. Naxçıvan bu gün müqəddəs bir Şərq şəhəridir!
Naxçıvan bu gün müasir Avropa şəhəridir!
ƏSHABİ-KƏHF
– MƏKKƏM, MƏDİNƏM MƏNİM
Ağlım kəsəndən, həmişə anamın dilindən
bu sözləri eşidərdim: "Ya Həzrət Abbas, ya Əshabi-Kəhf...” Bu çağırışın-andın
ahəngindəki dualar illərdir mənimlə yol gəlir. Heç unuda bilmirəm ki, son
nəfəsində də mənə tapşırdı ki, Əshabi-Kəhfi mütləq ziyarət edim. Hətta yastığının
altındakı pula da işarə etdi ki, qurban demişdim, mənim adımdan alıb
kəsdirərsən. Nəziri böyük oğlum Elnurla bağlı idi. Anamın vəsiyyətinə əməl
etsəm də, hər dəfə Naxçıvana gedəndə
mütləq bu müqəddəs məkanın ziyarətçisi oluram.
Mənə elə gəlir ki, anamın ruhu da ordadır... Özümü elə çarəsiz hiss
edirəm ki... Bu yerlər Allahın varlığını, hökmünü, qüdrətini, böyüklüyünü,
ucalığını təsdiq edən dağ möhürüdür. Bu ziyarətgah Qurani-Şərifə düşmüş adının
paklığını, müqəddəsliyini hifz etmək görünüşündədir. Müasir tipli kölgəliklər
yaradılmış, ziyarətçilərin rahatlığını təmin etmək üçün masa və oturacaqlar
qoyulmuş, su çəkilmişdir. Maşınların ayrıca dayanacağı, qurban kəsmək üçün
xüsusi yer, namaz qılmaq üçün tikilmiş məscidlər buraya gələnləri valeh edir.
Ən başlıcası odur ki, bu ziyarətgahda dilənçiyə, nəzir-niyaz yığana rast
gəlmirsən. Tarixən Əshabi-Kəhfdə dilənçi olmayıb. Ötən illərdə el arasında
Beşbarmaq adlanan, əslində isə Xızır- Zində baba ziyarətgahında olmuşduq.
Gördüklərimiz, müşahidələrimiz bizi dəhşətə gətirmişdi. Antisanitariyanın baş
alıb getdiyi, zibilliklərin tüğyan etdiyi bu məkanda fürsəti fövtə
verməyənlərin soyğunçuluq əməlləri, hər daşın kölgəsində, bütün ziyarətgah boyu
pilləkənin əvvəlindən dağın zirvəsinə qədər "nəzir yığanların” düzülməsi bizi
narahat etmişdi. Hər dəfə Əshabi-Kəhfi ziyarətdən sonra bu qənaətə gəlirəm ki,
hər bir məkan onun sahibinin necəliyi və adı ilə bağlıdır. Əgər bu dağlar qoynunda,
Əshabi-Kəhfdə bu şərait yaradıla bilirsə, Bakı-Siyəzən yolunun üstündə yerləşən
Beşbarmaq dağının ətrafında abadlıq aparmaq olmazmı? Bizə elə gəlir ki, Siyəzən rayon rəhbərliyi
öyrənmək və nümunə götürmək üçün bir dəfə yolunu Əshabi-Kəhfə salsa,
dediklərimizi anlayar. On il öncə də belə bir iradla mətbuatda çıxış etmişdim
ki, bəzi ziyarətgahların ətrafındakı
xoşagəlməz halların qarşısı alınmalıdır. Hələ də nöqsanlar davam edir.
Ziyarətgahlarda xarici ölkələrdən gəlmiş insanlar da olur.
İŞIQLARI GUR, OCAQLARI ALOVLU
Ötən əsrin sonlarında yurdumuzun Ermənistanla
sərhəd bölgələrində olduğu kimi, Naxçıvanda da gərgin vəziyyət yaşandı. Erməni
quldurlarının torpağımızın bu qiymətli parçasını zəbt etmək niyyəti baş
tutmadı. Çünki naxçıvanlılar inandıqları, arxalandıqları ümummilli liderimiz
Heydər Əliyevlə birlikdə idilər. Məhz ulu öndərin düşünülmüş addımları, müdrik
siyasəti bu diyarı erməni murdarlığından qorudu. Doğrudur, xəbis qonşularımız
olan ermənilər hələ də öz bədxahlıqlarından geri çəkilməyiblər. Pis əməl
tərsinə yozulan yuxu kimidir, heç zaman çin olmur. Öz çatılarında boğulsunlar.
İndi Naxçıvanın işıqları daha da gur yanır. Ocaqları alovludur. Övladları
həvəslə yaşayıb-yaradırlar. Prezident İlham Əliyevin tez-tez Naxçıvana getməsi
burada ömür-gün sürənlərin həyat eşqini, dözümünü, qurub-yaratmaq əzmini daha da artırır. Muxtar
respublikanın paytaxtı nəinki Azərbaycanın, dünyanın ən müasir və gözəl
şəhərlərindən birinə çevrilib, onun ayrı-ayrı rayon və şəhərlərində - Ordubad,
Culfa, Şərur, Şahbuz, Sədərək, Babək ,
nəhayət Kəngərlidə həyat qaynayır. Təbiəti etibarı ilə son dərəcə
maraqlı coğrafi relyefə və şəraitə məxsus olan Naxçıvan Muxtar Respublikası
təkcə dağlarının ucalığı ilə deyil, təbiətinin rəngi ilə belə, fərqlənir.
Daşından, qayasından qədimlik tökülür. Vallah, burada ağacların, güllərin,
çiçəklərin rəngi də fərqlidir. Suyu, havası, balı, qaymağı, təndir çörəyi o
qədər dadlıdır ki... Mətbəxi ayrıca bir mövzudur. Vayxırın, Badamlının su
mənbələri dünyada məşhurdur. Bu yurdun insanları mərd, səxavətli, yuxarıda
dediyim kimi, olduqca qonaqpərvərdirlər. Tək bircə dəfə Naxçıvanı gəzmək bəs
edər ki, qəlbi ehtizaza gətirən gözəllikləri, qeyri-adi mənzərələri, alicənab
insanları bu məkanı həmişə yadına salsın.
Flora XƏLİLZADƏ,
əməkdar jurnalist