“Open Science : Azərbaycan” adlı konfrans keçirilib
Bakı Konqres Mərkəzində Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi və Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin təşkilatçılığı ilə "Gənc tədqiqatçılar arasında Open Science təcrübəsinin təbliği” layihəsi çərçivəsində "Open Science: Azərbaycan” adlı konfrans keçirilib.
AZƏRTACxəbər verir ki, konfransda "Open Science”, "Open Access”, "Open
Research date, "Open innovation”, "Open research computation”, "Citizen
science”, "Scientific social network”, "Open Access” jurnallarına çıxış
imkanları məsələlərinə həsr olunmuş təqdimatlar və məruzələr dinlənilib, "Open
Science”in gənc alimlər arasında geniş yayılmasının perspektivləri müzakirə
edilib.
Konfransı açan
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov
rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib. Qeyd edib ki, cəmiyyətin
fəaliyyətinin böyük hissəsi beynəlxalq istiqamətdə olub: "Bizim üçün gənc
alimlərimizin beynəlxalq elm məkanına çıxış əldə etməsi həmişə prioritet
vəzifələrdən biridir. Bizim təqdimatımızla Gənclər və İdman Nazirliyi hər il
onlarla gənc alimin beynəlxalq tədbirlərdə iştirakına dəstək verib. Gənc
alimlər, doktorantlar, magistrlər arasında müasir dünyanın tətbiq etdiyi yeni
innovativ ideyaların təbliği mühüm məsələlərdəndir və böyük aktuallıq kəsb
edir. "Open Science” ümumi bir termin olaraq, Avropa miqyasına yeni daxil olub
və özündə bir çox istiqamətləri, sahələri əks etdirir. Avropa İttifaqının
tədqiqat və innovasiya siyasətində "Open Science” əsas yer tutur və bunun
həyata keçirilməsi üçün bir sıra layihələr reallaşdırılır. "Open Science”in
üstünlüyü elmi tədqiqatların birgə aparılmasında, maraqlı tərəflər üçün əlçatan
olmasında, eyni zamanda, ictimaiyyət üçün açıq olmasındadır”.
Azərbaycan
Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov Fondun fəaliyyəti
haqqında məlumat verib. Bildirib ki, ötən
illər ərzində böyük bir yol keçən Fond gənclərin, gənclər təşkilatlarının
layihələrinin maliyyələşdirilməsini reallaşdırıb, eyni zamanda, müxtəlif
tədbirlərin keçirilməsini dəstəkləyib, gənclərin xaricdə tədbirlərdə iştirakını
maliyyələşdirib.
Fərid Cəfərov
Gənclər Fondunun əsas fəaliyyətinin qrant müsabiqələrinin keçirilməsi ilə bağlı
olduğunu vurğulayıb. Diqqətə çatdırıb ki, Fond gənclər təşkilatları ilə sıx
əməkdaşlıq etməklə onların fərdi təşəbbüslərini hər zaman dəstəkləyir.
Prezident Administrasiyasının gənclər
siyasəti və idman məsələləri şöbəsinin baş məsləhətçisi İrfan Davudov dövlət
gənclər siyasətinin əsas istiqamətlərindən danışaraq bildirib ki, ulu öndər
Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə gənclərə xüsusi diqqətlə
yanaşıb. Ümummilli Liderin parlamentdə gənclərlə görüşü, Gənclər və İdman
Nazirliyinin yaradılması ilə bağlı Fərmanı dahi rəhbərin bu sahəyə göstərdiyi
diqqət və qayğının bariz göstəricisidir. Hazırda bu siyasət Prezident İlham
Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin yüksək
diqqət və qayğısı nəticəsində bu sahədə Dövlət proqramları qəbul olunur, mühüm
tədbirlər reallaşdırılır. Məhz bu qayğının sayəsində bu gün Azərbaycan gəncləri
istər yerli, istərsə də beynəlxalq səviyyədə mühüm uğurlar qazanırlar.
İrfan Davudov tədbirin əhəmiyyətinə
toxunaraq, konfransın gənc tədqiqatçılar arasında qarşılıqlı fikir və təcrübə
mübadiləsində önəmli rol oynayacağına əminliyini ifadə edib.
Sonra Avropa Gənc Alimlər Şurasının
(EURODOC) prezidenti Gareth O'Neillin azərbaycanlı gənc alimlərə onlayn
videomüraciəti göstərilib.
Daha sonra Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Asəf Zamaov, Azərbacan Dövlət İqtisad Universitetinin rektorunun
müşaviri, iqtisad üzrə fəlsəfə doktoru, dosent Elşən Bağırzadə, Avropa Gənc Alimlər Şurasının
İdarə Heyətinin üzvü, Macarıstan Gənc Alimlər Assosiasiyasının prezidenti Peter
Szabo, Təhsil Nazirliyinin "Azərbaycan məktəbi” jurnalının baş redaktoru Rahil
Nəcəfov, "Clarivate Analytics” agentliyinin Azərbaycan üzrə nümayəndəsi Aygün
Babazadə, Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin nümayəndəsi
Ruslan Rəhimli və Sevinc Ədilovanın
çıxışları dinlənilib, müzakirələr aparılıb.