• çərşənbə, 24 Aprel, 20:28
  • Baku Bakı 23°C

OPEK daxilindəki təlatüm neft bazarına necə təsir edəcək?

07.12.18 10:00 738
OPEK daxilindəki təlatüm neft bazarına necə təsir edəcək?
Bu günlərdə OPEC+ komitəsində 3-6 ay müddətinə neft hasilatını azaltmaq məsələsi müzakirə olunur. Omanın neft naziriMəhəmməd Həmad əl-Rumhijurnalistlərə bu haqda bildirib: "Məncə, hazırda İranla bağlı hər hansı məsələmüzakirə olunacaqsa, bu, əhəmiyyətsizdir.İran sanksiya altındadır, ixracı kəsilir. Onlardan1milyon, yaxud2milyon azaltmağı xahiş edə bilərik, bunlar mücərrəd söhbətlərdir. İndi qarşıdakı3,4,6ay barədə, qısa perspektiv barədə söhbət gedir. Siyasi cəhətdən mühüm dəyişiklik olacağına inanmıram”.

"Bloomberg” OPEC-in Vyana toplantısına yola düşən nümayəndə heyətlərindən birindəki mənbələrə istinadən bildirir ki, Moskva hasilatın ixtisar edilməsinə könülsüz yanaşır. Amma yekun qərarı Putin verəcək. Agentliyin bildirdiyinə görə, energetika naziri Aleksandr Novak Putinlə operativ danışıqlar aparmaq üçün Sankt-Peterburqa uçub. Nazir hasilatın azaldılmasının Rusiya üçün sərfəli olacağına Putini inandırmalıdır.

Belə görünür ki, OPEK daxilində hasilatın azaldılıb-azaldılmayacağı ilə bağlı birmənalı fikir mövcud deyil. OPEK daxilindəki təlatüm neft bazarına necə təsir edəcək?

İqtisadçı-ekspert Rəşad Həsənov bildirdi ki, hasilatın azaldılması ilə bağlı yekun qərarın qəbul edilməsi ehtimalı konqresdən əvvəl də yüksək idi: "Bu ehtimallar ötən həftə daha da artdı. Çünki OPEC katibliyi hasilatın gündəlik 1,3 milyon barrelədək azaldılması ilə bağlı tövsiyələr vermişdi. Müşahidələr onu göstərir ki, hazırda neft hasilatçısı olan ölkələr dünya bazarında neftin qiymətinin aşağı düşməsi ilə bağlı çox narahatdır. Belə bir şəraitdə böyük ehtimalla, hasilatın azaldılması ilə bağlı yekun qərar qəbul ediləcək. Əgər qərar qəbul olunarsa, növbəti həftələrdən etibarən neftin qiyməti müəyyən qədər bahalaşacaq. Əgər qərar 2019-cu ilin sonuna qədər qüvvədə qalması şərti ilə qəbul olunarsa, bu zaman neftin növbəti il üçün bazar qiyməti təqribən 70 dollar ətrafında dəyişə bilər. Qısa müddətli təsirlər əlbəttə, qiymətləri müəyyən qədər endirib qaldıra bilər. Zaman-zaman qiymətlər hətta 75-80 dollar həddinə qədər qalxa bilər. Amma dünya iqtisadiyyatının inkişaf tempi növbəti il üçün nisbətən zəif olaraq proqnozlaşdırılır. Belə bir şəraitdə qiymətlərin 70 dollar ətrafında qalma ehtimalı daha yüksəkdir”.

Ekspert söylədi ki, qərar qəbul olunsa belə, onun icrasında müəyyən problemlər yaşana bilər: "Əslində OPEC-ə müxtəlif konyukturalı ölkələr daxildir. Bu mənada ortaya qoyulacaq mövqelər də fərqli ola bilər. ABŞ-ın əsas tərəfdaşı OPEC-in sütunu hesab olunan Səudiyyə Ərəbistanıdır. Son aylar ərzində Səudiyyənin ətrafında baş verən siyasi hadisələr ABŞ-ın bu ölkəyə təzyiq etmək imkanlarını daha da artırıb. Əslində Səudiyyə özünü hasilatı azaltmağa meylli bir tərəf kimi göstərir. Amma indiki halda hətta yekun qərar qəbul edilsə belə, onun icrası ilə bağlı ciddi problemlər yaşana bilər. Məsələ burasındadır ki, hazırda qiymətlərin kəskin şəkildə ucuzlaşmasından söhbət gedir. Bir ay ərzində qiymətlər təxminən 30 faizə qədər ucuzlaşıb. Bu, Səudiyyə Ərəbistanının özünün də maliyyə sabitliyi üçün müəyyən risklər formalaşdırır. Ola bilsin ki. qərarın qəbul edilməsində Səudiyyə daha konstruktiv mövqe sərgiləsin. Amma sonradan təzyiqlər vasitəsilə növbəti ilin əvvəllərində hasilatın tənzimlənməsi sazişinə əməl etməyə bilər. Amma hələlik bu barədə danışmaq üçün tezdir. Çünki OPEC ölkələrinin ortaya qoyacağı mövqe tam aydın deyil. Hazırda proseslər çox mürəkkəb bir formada irəliləyir”.

R.Həsənov bildirdi ki, ABŞ-da neft sektoru özəldir. Neftin hazırkı qiymətləri ABŞ-ın neft sektoru iştirakçıları üçün səmərəlidir: "Çünki şist neftin digərləri müqayisədə maya dəyəri nisbətən daha bahadır. Bununla belə, qiymətlərin yüksək olması bu sahəyə olan investisiya imkanlarını artır. Qiymətlərin artacağı təqdirdə, ABŞ-da hasilat daha da arta bilər. Əslində OPEC-in bu gün əsas nəzərə almalı məqamlardan biri də odur ki, ABŞ hasilatı artırmaqla, OPEC və digər hasilatçı ölkələrin mövqeyinə ciddi təsir edə bilər. Hökumətin mövqeyi isə həmişə olduğu kimi neqativdir. Çünki prezident administrasiyası neftin qiymətinin baha olmasında maraqlı deyil. Dövlət başçısı Tramp müxtəlif vasitələrlə öz mesajlarını ictimailəşdirib. İstənilən halda, ABŞ-ın rəsmi mövqeyi bunun əksinə olsa belə, OPEC bu qərarı qəbul etmək gücündə olan bir strukturdur. Təşkilat bu günə qədər öz davranışlarında bunu sərgiləyib. Ümid edirəm ki, toplantıda ortaq məxrəcə gəlinəcək. Hazırda Rusiya maraqlı mövqe nümayiş etdirir. Rusiya İranla bağlı sanksiyalar qüvvəyə mindikdən sonra hasilatını əhəmiyyətli səviyyədə artırıb. Belə ki, bu, Rusiya tarixində ən maksimum göstəricidir. Halbuki hasilatın artması qiymətlərə kəskin təsir edir. Rusiya gündəlik 10 milyon neft ixrac edən bir ölkədir. Bu şəraitdə qiymətin bir dollar dəyişməsi 10 milyon itki deməkdir. Amma nədənsə Rusiya Trampın istəyinə uyğun bir siyasət həyata keçirir. Nəticələrin necə olacağını söyləmək istənilən halda, çətindir”.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şabanqeyd etdi ki, hələlik yekun qərara dair heç bir məlumat yoxdur: "Yüksək ehtimalla bu qərar mətbuata sabah (bu gün) açıqlanacaq. Halbuki bu gün neft hasilatının azaldılması ilə bağlı yekdil qərara gəlməyin mümkün olmadığına dair mətbuata məlumatlar verilib. Bu xəbər isə neft bazarına mənfi təsir göstərdi. Qiymətlər hazırda kəskin ucuzlaşmaqda davam edir və bazarda vəziyyət kifayət qədər mürəkkəbdir. Ona görə də, proqnoz vermək bir az çətindir. Bu gün səhər saatlarında qiymətlər 6,27 faizədək aşağı düşüb. Günortadan sonra isə qiymətlər bir qədər bahalaşaraq 59 dolları keçdi. Ona görə də, qiymətlərin hansı səviyyədə dəyişəcəyini demək çətinləşir”.

Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər