• cümə, 29 Mart, 11:03
  • Baku Bakı 5°C

OPEC neft hasilatını artırmağı düşünür

23.05.18 17:40 893
OPEC neft hasilatını artırmağı düşünür
OPEC iyunda neft hasilatını artıra bilər. Trend-in məlumatına görə, bu barədə təşkilatın iyunda keçiriləcək iclasında müzakirələr aparılacaq. Qeyd edək ki, 2016-cı ilin iyununda təşkilat ölkələri gündəlik hasilat həcminin 1,8 mln. barel azaldılmasına dair qərar qəbul ediblər. 2017-ci ilin əvvəlindən icra olunan qərarın müddəti iki dəfə artırılıb. Sonuncu dəfə müddət 2018-ci ilin sonunadək uzadılıb. Sözügedən məsələ bu həftə Sankt-Peterburqda Rusiya, Səudiyyə Ərəbistanı və BƏƏ nazirləri arasında müzakirə mövzusu olacaq.
OPEC-in iclası isə iyunun 22-də Vyanada keçiriləcək.
Biz də hasilatın artmasının nə dərəcədə real olduğunu və bazara necə təsir edəcəyini öyrənməyə çalışdıq. Neft Araşdırmaları Mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspertİlham Şaban"Kaspi”yə açıqlamasında bildirir ki, OPEC bunu etməyə imkanı olan qurumlardan biridir və burada texniki baxımdan elə bir çətinlik yoxdur: "İstər Səudiyyə Ərəbistan, istər İraq bunu edə bilər. Qərarın bazara necə təsir etməyinə gəlincə isə ilk növbədə bu tendensiya qiymət artımına tormozlayıcı effekt verərək neftin qiymətinin artmasının qarşısını alacaq. 20-ci əsrin başlanğıcında OPEC-in müəyyən dəhlizləri vardı. O dəhlizlərdə həm aşağı, həm yuxarı qiymətlərdə bu mexanizmi işə salırdı. 2016-cı ilin sonunda keçirilən konfransda OPEC-in və ona dəstək olan ölkələrin ədalətli qiymətlər üçün çalışdıqları qeyd edildi. Bu ədalətli qiyməti 55-60 dollar dəhlizi kimi görürdülər. İndi hasilatı artırmaqla ədalətli qiymətin bərqərar olmasına cəhd göstərirlər. Çünki son 5 ayın nəticəsinə görə Brend markalı neftin orta qiyməti artıq 70 dolları ötüb. OPEC ölkələrinin hasilatı artırması neft qiymətlərini təqribən yenidən 5 dollar ucuzlaşmasına gətirib çıxara bilərdi. Ancaq məsələnin başqa tərəfi də var. Belə ki, 2 həftədən çox bir müddətdir ki, neftin qiymətinin 80 dollar ətrafında olması heç də bazar şərtlərindən doğmur. Ümumiyyətlə 7 apreldən sonra neftin qiymətinin 70 dollardan yüksək həddə olması bazar prinsiplərinə əsaslanmır. Qiymətlərin belə yüksək olmağı əsasən geosiyasi faktorlardan qaynaqlanır. Bura Yaxın Şərqdəki siyasi vəziyyət, Amerikanın İrana qarşı tətbiq etdiyi sanksiyalar, Qərblə Rusiya arasındakı gərginlik və s. faktorlar təsir edir. Bunlar öz həllini tapsa, münasibətlər rəvan məcraya keçsə, neftin qiymətinin aşağı düşməsini müşahidə edə bilərik”.
İ. Şaban qeyd edir ki, OPEC-in belə addım atması neftin qiymətinin həqiqətən 70 dollar həddinə enməsi ilə nəticələnə bilər: "Son 3 ildə bazarın stabil və orta qiymətlərə uyğunlaşması nəticə etibarı ilə dünya iqtisadiyyatının inkişafına təsir edir. Neftin qiymətinin yenidən artımı stabilliyi pozur. Bu pozulma istehsalçıların da marağında deyil. Bundan əvvəl Beynəlxalq Enerji Agentliyinin icraçı direktoru Fatih Birol qeyd etmişdi ki, neftin qiyməti həddən artıq yuxarı olanda ona tələbat azalır. Tələbatın azalması istehsalçıların öz məhsullarını bazarda stabil qiymətə proqnoz edə bilməmələrinə gətirib çıxarır. Məsələn, 2015-ci ildəki qiymətləri götürsək, həmin dövrdə neftin orta qiyməti 54 dollar idisə, 2016-cı ildə dünya iqtisadiyyatında baş verən böhran nəticəsində qiymət 42 dollara qədər ucuzlaşdı. Ancaq 2017-ci ildə yenidən 54 dollaradək qalxdı. Yəni ortalama qiymət 3 il ərzində 52 dollar ətrafında dövr etdi. Dünya artıq buna öyrəşmişdi. Neft 50 dollardan bir qədər artıq qiymətə hasil, nəql, istehlak edilirdi. Birdən-birə 2018-ci ildə bu qiymətlər yarı-yarıya artdı. Biz indi 5 ayın yekunlarına görə qiymətin 70 dollardan artıq olmasını müşahidə edirik. Ona görə hazırda stabillik pozulub və OPEC həmin stabilliyi qaytarmaq üçün cəhd edir”.
Hazırda neftin qiymətinin bazarda 80 dollar olduğunu qeyd edən iqtisadçı ekspert Rəşad Həsənov OPEC-in nəzərdə tutduğu qiymət səviyyəsinə nail olduğunu bildirir: "Son həftələr dünya bazarlarında neftin qiymətinə təsir göstərən əhəmiyyətli faktor İranla bağlıdır. Belə ki, ABŞ İranla əlaqəli nüvə sazişini ləğv etdi. İranla neft alqı-satqısında iştirak edən ölkələrə qarşı sanksiyaların tətbiqi də gündəmə gəlib. Amma iştirakçılar üçün hələlik 6 ay zaman tanınıb. Bu 6 ay ərzində Amerikadan fərqli yanaşma olmasa, sanksiyaların yaratdığı təhlükə fonunda İranın dünya bazarlarına çıxardığı neftin həcminin təxminən 1 milyon barel azalacağı ehtimal olunur. Bu da ciddi şəkildə qiymət artımına səbəb ola bilər. OPEC-in belə bir addım atmaqla İran faktorundan qaynaqlanan təklif çatışmazlığını kompensasiya etmək istəyir. Əgər bu addım baş tutarsa, neftin qiymətində müəyyən qədər geriləmələr müşahidə olunacaq. Amma digər bir məsələni də nəzərə almaq lazımdır ki, yay aylarında dünya bazarlarının hərəkətliliyin artması, yay turizminin canlanması ilə əlaqədar olaraq neftə tələbat arta bilər. Buna baxmayaraq, gələcəkdə dünya bazarlarında neftin qiyməti OPEC-in hasilatı hansı səviyyədə artırmasından asılı olacaq. Ola bilər OPEC bazardakı əskikliyi kompensasiya etmək üçün addım atsın, ola da bilər ki, təşkilat üzvləri yaranmış şəraitdən istifadə edərək hər biri daha çox neft ixrac etməklə nizamsız mövqe ortaya qoysun. Hansı ki, bu, OPEC təcrübəsində dəfələrlə müşahidə olunub”.

Günel Azadə

banner

Oxşar Xəbərlər