• cümə axşamı, 25 aprel, 02:11
  • Baku Bakı 19°C

OPEC ölkələri Trampın çağırışına necə cavab verəcək?

30.03.19 13:00 539
OPEC ölkələri Trampın çağırışına necə cavab verəcək?
Bu günlərdə ABŞ prezidenti Donald Tramp Neft İxrac Edən Ölkələr Birliyinə (OPEC) çağırış edərək neft istehsalının həcminin artırılmasını istəyib. Bu barədə özünün Tvitter hesabında yazan Tramp bildirib ki, OPEC-in istehsalı artırması çox vacibdir. Dünya bazarları qeyri-sabitdir, neftin qiyməti isə çox yüksəkdir.
Bəs görəsən OPEC ölkələrinin ABŞ prezidentinin çağırışına reaksiyası necə olacaq?
İqtisadçı-ekspert Rəşad Həsənov bildirir ki, Trampın çağırışı kifayət qədər müzakirələrə açıq bir məsələdir: "Çünki bu, ABŞ prezidentinin ilk çağırışı deyil və demək olar ki, təkrar olunan hala çevrilib. Müşahidələr onu göstərir ki, belə çağırışlar zamanı dünya bazarında neftin qiyməti neqativ istiqamətdə dinamika nümayiş etdirir və qiymətlərdə müəyyən azalmalar olur. Bunun əsas səbəbi isə hələlik bir sıra bazar iştirakçılarının ABŞ-ın neft bazarına təsir imkanlarının güclü olmasını hesab etməsidir. Xüsusilə də Səudiyyə Ərəbistanı və ABŞ münasibətlərini diqqətdən keçirsək, Səudiyyə Ərəbistanının qeyd edilən çağırışlara adekvat reaksiya vermə ehtimalının yüksək olduğunu deyə bilərik. Çünki sözügedən ölkədə mövcud olan müəyyən ictimai-siyasi çatışmazlıqlar ABŞ üçün müəyyən imkanlar formalaşdırır ki, Səudiyyə Ərəbistanına beynəlxalq təzyiqi təmin edə bilsin. Bu kontekstdən yanaşsaq, ABŞ-ın mövcud imkanlardan istifadə edərək bir neçə OPEC ölkəsinə qarşı hasilatın artırılması istiqamətində qərarlar qəbul etmə məcburiyyəti formalaşdıra bilər. Belə olan təqdirdə, dünya bazarlarında neftin qiymətinin ciddi səviyyədə azalması müşahidə olunacaq. Digər tərəfdən, neft hasil edən OPEC+ ölkələrinin hasilatın tənzimlənməsi ilə bağlı müvafiq sazişinin may ayındakı toplantıda sentyabr ayına qədər artırılacağı ehtimal edilir. Əslində müzakirə olunan müddət 2019-cu ilin sonuna qədər olan bir müddətdir. Rusiyadan gələn açıqlamalar onu göstərir ki, Rusiya hökuməti indiki halda sazişin müddətinin sentyabra qədər uzadılmasının tərəfdarıdır. Rusiya dünyada ən böyük neft hasilatçılarından biridir. Belə bir şəraitdə müəyyən parçalanmaların olması mümkündür. Təbii olaraq bazarlar və investorlar bu məsələni diqqətdə saxlayır və qiymətləndirir. İndiki halda qiymət dalğalanmaları gözləniləndir. Çünki burada müxtəlif faktorlar prosesə təsir göstərir. Trampın çağırışları təkrarlanandır və yeni deyil. Buna görə də investorların bir qismi düşünür ki, daha əvvəl olduğu kimi, hasilatçı ölkələr bu məsələyə ciddi cavab verməyəcək. Amma digər qisim bazar iştirakçılarının qənaəti ondan ibarətdir ki, əgər Tramp çağırışlarla bağlı real fəaliyyətə keçərsə, bu zaman OPEC-ə daxil olan müəyyən ölkələr məcburən hasilatı artıra bilər. Bu isə son nəticədə bazarda qiymətin azalmasına gətirib çıxaracaq. Ona görə də hazırda neftin qiyməti bu iki qrupun davranışları əsasında dəyişə bilər. Ümumilikdə götürsək, bu çağırışın reallaşacağı ehtimalı 50 faizdən çox deyil. Çünki indiki şərtlər daxilində bu, nisbətən az ehtimallardandır. OPEC-in Trampın çağırışına uyğun olaraq hasilatı artırmağa başlaması ehtimalı yüksək deyil. Hesab edirəm ki, böyük ehtimalla qısa müddətli dövr ərzində OPEC bazarlarda qiymətləri hədəf səviyyəsində saxlayacaq və Trampın çağırışlarına cavab verməyəcək”.
Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyev deyir ki, bu, ABŞ prezidenti Trampın OPEC-lə bağlı yazdığı 13-cü tvitidir: "Onun tvitter hesabında paylaşdığı fikirlər neftin qiymətinə müəyyən dərəcədə təsir edir. Amma qısa müddətdən sonra qiymətlər yenidən öz məcrasına qayıdır. Ümumiyyətlə, ABŞ prezidentinin OPEC-ə təsir etmə imkanı indiki dövrdə bir qədər məhduddur. Çünki qlobal neft bazarında neftin qiymətinin sabitləşməsi ilə bağlı OPEC rəhbərliyi ABŞ-ın aparıcı enerji agentliyinə dəfələrlə çağırışlar edib. OPEC rəhbərliyi tarazlığın bərqərar olması ilə bağlı məsuliyyəti bölməyi təklif edib. Lakin ABŞ, Kanada kimi ölkələr OPEC-in Vyana sazişinə qoşulmaqdan birmənalı şəkildə imtina etdi. Ötən il ABŞ noyabr ayında daha geniş fikirli sanksiya paketini qəbul edəcəyini əvvəldən elan etdi. İkinci sanksiya paketi qəbul olunanadək Tramp davamlı olaraq OPEC üzvlərini hasilatı artırmağa çağırdı. Sonda məlum oldu ki, ABŞ OPEC və Vyana sazişi üzvlərini aldadaraq 8 dövlətə məhdudiyyət qoymadı. Nəticədə neftin qiyməti kəskin şəkildə aşağı düşməyə başladı. Çünki bazarlarda sərbəst neft həcmlərinin ümumi miqdarı 2 milyon barreli keçmişdi. OPEC-in noyabr toplantısına qədər OPEC üzvlərinin sutkalıq neft hasilatı 33 milyon barreldən artıq idi. Ona görə də bu məsələlərlə bağlı ABŞ-la digər tərəfin hər hansı bir danışığı mümkün deyil. Çünki ABŞ-la Vyana sazişinin iştirakçılarının strategiyası daban-dabana ziddir. Ona görə də hesab edirəm ki, bu çağırışa məhəl qoyulmayacaq. Amma neftin qiymətində hansısa enmələr baş verə bilər. Çünki OPEC daxilində hələ də müəyyən fikir ayrılıqları mövcuddur. Qarşıdakı aylarda OPEC-in əsas məqsədi neftin qiymətini 60-65 dollar dəhlizində saxlamaqdır. Amma istənilən halda qiymətlərin necə dəyişəcəyini indidən bilmək olmaz”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər