• çərşənbə, 08 May, 04:51
  • Baku Bakı 13°C

OPEC-in toplantısı neftin qiymətinə necə təsir edəcək?

25.09.18 09:00 624
OPEC-in toplantısı neftin qiymətinə necə təsir edəcək?
Bu günlərdə Əlcəzairdə keçirilən OPEC+ Nazirlərinin Birgə Monitorinq Komitəsinin X iclasında cari ilin avqust ayı üzrə neft hasilatı ilə bağlı Birgə Texniki Komissiyanın təqdimatı və OPEC-in qlobal neft bazarının inkişaf tendensiyalarına dair hesabatı dinlənilib. 2018-ci il iyunun 23-də OPEC və qeyri-OPEC ölkələri nazirlərinin IV iclasında neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı qərarının icra vəziyyəti və bazara təsiri nəzərdən keçirilib. İclasda iştirak edən Azərbaycanın energetika naziri Pərviz Şahbazovun verdiyi məlumata görə, OPEC+ ölkələri tərəfindən öhdəliklər iyulda 109 faiz, avqustda isə 129 faiz yerinə yetirilib. Bu göstəricilər may ayı ilə müqayisədə bazarın balanslaşması istiqamətində mühüm irəliləyişlər hesab edilib: "OPEC+ razılaşmasına hələlik 100 faiz əməl edilməsə də, prosesin gedişi, ümumən qənaətbəxşdir. OPEC və qeyri-OPEC ölkələrinin ümumi rəyi ondan ibarətdir ki, hasilatın artırılmasına hazırkı yanaşma, nailiyyətləri ilin sonuna kimi qoruyub saxlamağa imkan verir və hasilat həcmlərinin bölüşdürülməsinə zərurət yoxdur”.
İclasda OPEC+ ölkələrinin iyun qərarının tam şəkildə yerinə yetirilməsi üçün koordinasiyalı fəaliyyətin və davamlı tənzimlənmənin vacibliyi qeyd olunub. 2019-cu ildən bazarın vəziyyətinin yenidən təhlili və adekvat qərarların qəbulu məqsədəuyğun sayılıb.
Neft araşdırmaları mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şaban bildirdi ki, Əlcəzair görüşü ilə bağlı əsas gözlənti kvotaların müəyyənləşdirilməsi idi: "Görüşdə OPEC ölkələri arasında hasilatın nə qədər artıb-azalacağı müəyyən edilməli idi. Əslində iyun ayında OPEC ölkələri kvotaların yenidən bölüşdürülməsinə ehtiyac olduğunu bildirmişdilər. Amma Əlcəzair görüşündə bu məsələyə toxunulmadı. Bunun əvəzində isə avqust ayının monitorinqinin nəticələri toplantının gündəliyinə çıxarıldı. Ümumilikdə götürsək, qarşıda nələrin olacağı bazar iştirakçılarına da bəlli deyil. OPEC-in lokomotivi hesab olunan Səudiyyə Ərəbistanı, qeyri-OPEC ölkələrinə rəhbərlik etməyə çalışan Rusiya bir qədər dayanmağı qərara alıb. Onlar tələsik addım atmamağa cəhd edirlər. Növbəti mərhələdə bəzi məsələlər yenidən müzakirəyə çıxarılacaq. Bununla yanaşı toplantıda bir neçə ziddiyyətli rəqəmlər səsləndirildi. Məsələn, İranın nümayəndəsi OPEC+ formatında keçirilən görüşün nəticələrindən razı qaldığını dilə gətirdi və qeyd etdi ki. İran avqust ayının nəticələrinə görə, hasilatı azaltmayıb. Amma OPEC-in özünün açıqladığı rəqəmlərə əsasən, İran neft hasilatının 3,58 milyon barreləcən azaldıb. Digər tərəfdən, beynəlxalq enerji agentliklərinin statistikasına görə, İranın neft ixracı 2 milyon barreldən aşağı düşür. Avqust ayının nəticələrinə görə, Cənubi Koreya, Fransa İrandan neft almağı tamamilə dayandırdıqlarını bəyan ediblər. Çin, Yaponiya, Hindistan da İrandan neft idxalını azaltdıqlarını rəsmi olaraq elan ediblər. Bu bəyanatlara əsasən deyə bilərik ki, İranın neft ixracında azalma baş verməli idi. Bu mənada, İran rəsmisinin qeyd etdiyi statistika qeyri-səmimi idi. Hesab edirəm ki, OPEC bu məsələyə münasibət bildirməli idi. Eyni zamanda Rusiyanın enerji naziri Aleksandr Novak mətbuata açıqlamasında bildirib ki, İranın neft hasilatı və ixracatında heç bir dəyişiklik yoxdur. Bu açıqlama onu göstərir ki, əslində Rusiya və İran real faktları ortaya qoymur və ABŞ-ın sanksiyalarına özlərinin münasibətlərini nümayiş etdirirlər”.
Ekspert bildirdi ki, zamanla qiymətlər stabilləşəcək: "Novak qeyd etdi ki, noyabr ayında ABŞ sanksiyaları tam qüvvəyə minəndən sonra reallığın necə olacağını bilmək olmaz. Belə ki, artıq dünya birjalarında neftin qiyməti 80 dollar baryerini aşdı. Əslində hasilatın ölkələr üzrə artırılması gözlənilirdi. Amma bu, baş vermədi. Nəticədə defisit riski daha da artdı və bazarlar məsələyə dərhal reaksiya verdi. Digər tərəfdən, Venesuela özünün iqtisadi vəziyyətinə görə az qala İran qədər hasilat itirib. Çünki onun milli neft şirkəti əvvəlki həcmdə neft hasil edə bilmir. Bunun nəticəsində isə hasilat azalır. Bu isə bazarlarda psixoloji gərginliyə gətirib çıxarır. Nəticədə isə neftin qiymətində artımlar müşahidə olunur. Belə olan halda, neftin qiyməti hətta 100 dollara yaxınlaşa bilər. Amma bu, uzun müddət davam etməz. Düşünürəm ki, ilin sonunadək qiymət dəyişmələri sınıq xətt şəklində davam edəcək. Verilən bəyanatlar bazarda qiymətləri artırıb azaldacaq. Müəyyən dövrdən sonra isə qiymətlərdə stabilləşmə gedəcək”.
Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyevqeyd etdi ki, qiymət artımı müvəqqəti xarakter daşıyır: "Əlcəzair toplantısı OPEC ölkələrinin növbəti görüşlərindən biridir. Görüş ərəfəsində KİV-də Vyana paktına üzv olan dövlətlərinin hasilat həcmlərinin azaltması ilə bağlı müzakirələrin keçiriləcəyinə dair məlumatlar yayıldı. Görüşdə Səudiyyə Ərəbistanının, Birləşmiş Ərəb Əmirliklərinin və Rusiyanın neft nazirləri indiki şəraitdə hasilat həcmlərinin artırılmasına ehtiyacın olmadığını bildirdi. Digər tərəfdən, payız-qış mövsümünün daxil olması ilə bağlı dünyadakı neft emalı zavodlarında texniki baxış keçirilir. Yəni, zavodlar öz emal güclərinin 30-40 faizini ixtisara salıb. Neftə olan tələbat 2018-ci ilin dördüncü rübündə və gələn ilin birinci rübündə aşağı düşəcək. Bu mənada, hasilat həcmlərinin artırılması qlobal neft bazarlarında tarazlığın bərpa olunmasına mane ola bilər. Gələn il OPEC-dən kənar hasilatçı dövlətlər neft hasilatını artıracaq. Proqnozlarda bildirilir ki, 2023-cü ildə ABŞ-ın neft hasilatı 13,4 milyon barrel təşkil edəcək. OPEC-dən kənar hasilatçı dövlətlər 60 milyon barreldən çox neft tədarük edəcək. Bütün bunlara əsasən deyə bilərik ki, indiki şəraitdə neft hasilatını artırmaq məqsədəuyğun deyil. İndi neftin qiyməti 80 dollardır. Amma bu, müvəqqətidir. Qısa müddətdən sonra qiymətlərin yenidən düşəcəyi gözlənilir. Çünki qarşıdakı aylarda neftə olan tələbat azalacaq”
Şəbnəm
banner

Oxşar Xəbərlər