• cümə, 29 Mart, 02:17
  • Baku Bakı 7°C

OPEC-in toplantısı bazara necə təsir edəcək?

20.09.16 15:02 1306
OPEC-in toplantısı bazara necə təsir edəcək?
Son 3 ayda İran neft hasilatındakı artımı dayandırıb. "Reuters"in yaydığı xəbərə görə, bu barədə məlumat OPEC-dəki mənbələrdən verilib. Belə ki, iyun ayında İran orta hesabla gündə 3,64 mln. barel neft hasil etdiyi halda,avqustda bu göstərici 0,27% azalaraq 3,63 mln. barel təşkil edib. Buna baxmayaraq, İran gündəlik hasilatı 4,2-4,3 mln. barelə yüksəltmək məqsədinin olduğunu açıqlayıb. Xatırladaq ki, 2012-ci ilin əvvəlində gündə 4 mln. barel neft hasil edən İranın sanksiyaların tətbiq edilməsi ilə hasilatı 2015-ci ilin iyununda 29% azalaraq 2,84 mln. barel/günə qədər geriləyib.
Yeri gəlmişkən, qeyd edək ki,sentyabrın 26-28-də Əlcəzairdə OPEC-ə üzv vəüzv olmayan ölkələrin iştirakı ilə növbədənkənar sammitin keçirilməsi gözlənilir. Sammitin əsas mövzusu neft qiymətlərini sabitləşdirmək üçün hasilatın dondurulması olacaq. Xatırladaq ki, bundan əvvəl Vyanada keçirilən sammitdə İran tərəfi iştirak etməyib.
Bəs görəsən Əlcəzair görüşü hansı zərurətdən irəli gəlir? Bu görüş neftin yaxın gələcəkdəki qiymətlərinə necə təsir göstərəcək? Ümumiyyətlə, sözügedən görüş hansı yenilikləri vəd edir?
"Neft Araşdırmaları” Mərkəzinin rəhbəri İlham Şaban qəzetimizə açıqlamasında bildirdi ki, bu görüşə qədər qiymətlərdə xeyli dəyişikliklər baş verə bilər: "Bu zaman ərzində bir çox şeylər dəyişəcək. Yəni görüşə qədər sərt və yumşaq bəyanatlar ola bilər. Artıq OPEC-in rəhbəri bəyan edib ki, Əlcəzairdəki görüş iri neft istehsalçılarının və OPEC-in qeyri-rəsmi görüşüdür. Onun bu bəyanatı neftin qiymətinin 46 dollardan da aşağı düşməsi ilə nəticələnə bilərdi deyə, sonradan bir qədər düzəlişlər edildi. Əsas məsələlərdən biri də odur ki, ötən həftənin sonunda Venesuelanın prezidenti artıq bir çox məsələlərin həll olunduğunu qeyd etdi. O bildirdi ki, bir çox iştirakçılar arasında bazardakı mövcud vəziyyəti nəzarətə almaq üçün razılığa gəlinəcək”.
İ.Şabanın sözlərinə görə, bu, əslində qeyri-formal bir görüşdür: "Belə görünür ki, bu, qeyri-formal bir toplantıdır. Çünki verilən açıqlamalar məhz buna işarə edir. Ona görə də görüş haqqında fikirlər birmənalı deyil. Məhz buna görə də sonradan OPEC rəhbəri toplantının əhəmiyyətini daha da aşağı salmamaq üçün qeyd etdi ki, toplantı zamanı OPEC-ə üzv olan və üzv olmayan ölkələr arasında razılıq əldə olunarsa, artıq OPEC özünün növbədənkənar görüşünü çağıra bilər. Bundan sonra isə neftin qiymətlərində hər hansısa bir yüksəlmədən söhbət gedə bilər. Yəni bazara yönələn optimist və pessimist siqnallar həmin iclasa qədər neftin qiymətlərini gündəmdə saxlayacaq. Lakin hesab edirəm ki, bu günlər ərzində neftin qiyməti qalxa, yaxud da enə bilər”.
Ekspertin fikrincə, ilin son rübü üçün qiymətlərdə ciddi dəyişiklik gözlənilmir: "Hasilatın dondurulması məsələsi gündəmə gəldiyi zaman ilin son rübü üçün qiymətlərin fevral-mart aylarındakı kimi 50 dollardan yüksək ola biləcəyi ehtimal edilirdi. Lakin təəssüflər olsun ki, bazardakı həmin qiymət səviyyəsini saxlamaq mümkün olmadı. Bu isə bir daha onu göstərir ki, bazara çıxarılan neft həcmləri həqiqətən də çox böyükdür. Beynəlxalq Enerji Agentliyinin, həmçinin OPEC-in avqust ayına olan nəticələrinə baxsaq, demək olar ki, Rusiya, Səudiyyə Ərəbistanı və İran rəqəmləri rekord həddə çatdırıb. Qeyd edim ki, Rusiya həcmləri 11 milyon, Səudiyyə Ərəbistanı isə 10,8 milyon barel səviyyəyə çatdırdı. Belə olan təqdirdə isə təklif tələbi üstələyir. Bütün bu amillər də bir daha öz növbəsində qiymətlərin düşməsinə səbəb olur. Nəticə etibarilə də qiymətlər 50 dollardan aşağı həddə düşdü”.
Sonda İ.Şaban vurğuladı ki, hazırda təklif tələbi üstələdiyinə görə, qiymətlərdə ciddi artımdan söhbət gedə bilməz: "Ötən ilin sonu və bu ilin əvvəlində verilən proqnozlara əsaslansaq, bu ilin sentyabr ayından başlayaraq neftin qiymətinin 40 dolları keçəcəyini demək olardı. Hətta qiymətlərin 4-cü rübdə 50-60, ən pozitiv halda isə 65 dollara çata biləcəyi də ehtimal edilirdi. Təəssüflər olsun ki, bu proqnozlar özünü doğrultmadı. İndi bazarda həcmlər həddindən artıq çoxdur. Çin, Avropa, eləcə də Şimali Amerika neft istehlak etmədiyinə görə qiymətlərdə artım müşahiə olunmur. 8 ayın nəticəsinə görə "Brent” markalı neftin orta qiyməti 42 dollardır. İranın nef hasilatını dondurması haqqında yayılan xəbər isə bazar iştirakçılarına bir növ ümidverici siqnal rolunu oynayır. Bu isə əslində heç bir şey demək deyil”.
İqtisadçı ekspert Qadir İbrahimli isə deyir ki, Əlcəzair görüşü sırf baş verən son siyasi proseslərlə bağlı çağrılıb: "Görüşdə qimətlərin dəyişməsi, xüsusilə OPEC ölkələrinin fikirləri müzakirə ediləcək. Ancaq mən görüşdən daha çox siyasi qərarlar alınacağını gözləyirəm. Çünki artıq neftin qiymətindəki dəyişikliklərə iqtisadi amillərdən daha çox siyasi amillər təsir edir. Qeyd etməliyəm ki, burada artıq həm İranın neft bazarına buraxılması, həm də ABŞ-ın neft ixracına başlaması kimi müxtəlif amillər də nzərə alınmalıdır. Bu gün neftin qiymətinin müəyyən edilməsində daha çox ölkələrin siyasi maraqları var. Elə OPEC-in özü də ABŞ-ın transmilli neft şirkətlərinin nüfuzu dairəsində olan bir təsisatdır. Həmin ölkələrin əksəriyyəti ABŞ-ın nüfuz dairəsində olan ölkələrdir. Hesab edirəm ki, qəbul olunan qərarlar sırf siyasi xarakter daşıyacaq”.
İqtisadçı sonda ilin son rübünə dair qiymətlər barəsində proqnozlardan da söz açdı: "Fikrimcə, Əlcəzair görüşündə neftin bahalaşması üçün nəzərdə tutulan və proqnoz edilən qərarlar qəbul edilməyəcək. Həmçinin bu proses ən azı iki il eyni qaydada davam edəcək. Siyasi qarşıdurmalar qiymətlərdəki sabitliyə mane olur. Neftin qiymətində sabitlik o halda yarana bilər ki, ölkələr arasındakı siyasi problemlər həll olsun. İlin sonuna kimi qiymətlərin 45-50 dollar arasında dəyişəcəyini güman edirəm. Lakin dekabr ayında ola bilsin ki, neftin qiymətində kəskin ucuzlaşma olsun. Çünki ilin sonlarında neft bazarında durğunluq olur və bu da öz növbəsində qiymətlərə öz mənfi təsirini göstərir”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər