• cümə, 19 Aprel, 05:53
  • Baku Bakı 18°C

OPEC-in qərarı neft bazarına sabitlik gətirəcək?

26.06.18 11:00 917
OPEC-in qərarı neft bazarına sabitlik gətirəcək?
Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv dövlətlərin nazirlərinin dördüncü görüşündə hasilat kvotasının 100 faizlik icrası, yəni neft hasilatının sutkada 1 milyon barrel artırılması ilə bağlı razılıq əldə olunub. Energetika nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, OPEC və qeyri-OPEC ölkələrinin bu yeni razılaşmasını Azərbaycan da dəstəkləyib. Tədbirdə iştirak edən energetika naziri Pərviz Şahbazovun verdiyi məlumata görə, iclasda dünya neft bazarının son vəziyyəti təhlil edilib. Dünya iqtisadiyyatının inkişaf templəri, proqnozlar, neftə tələbatı əks etdirən təqdimatlar edilib. OPEC Nazirlər Şurasının 174-cü iclasının qərarını zəruri edən amillər nəzərdən keçirilib, OPEC-lə yanaşı, kartelə üzv olmayan ölkələr tərəfindən də öhdəliklərin 100 faizdən çox icrasının bazarda tələb-təklif tarazlığı üçün risklər yaratdığı qeyd edilib. Bazarda neft ehtiyatlarının azalması fonunda, artan tələbatın ödənilməsi üçün OPEC+ nazirlər səviyyəsindəki Monitorinq Komitəsinin Vyana razılaşması çərçivəsində neft hasilatının artırılması təklifinin qeyri-OPEC ölkələri tərəfindən qəbulunun vacibliyi bildirilib. Görüşün yekununda OPEC ölkələri və təşkilata daxil olmayan ölkələr, o cümlədən Azərbaycan tərəfindən "Əməkdaşlıq Bəyannaməsi”nə imza atılıb.
Qərarı şərh edənenergetika naziri Pərviz Şahbazov neft bazarının yeni vəziyyətə uyğun tənzimlənməsi üçün OPEC+ formatında həmrəyliyin, hasilatın artırılması tədbirlərinin də davamlı əməkdaşlıq çərçivəsində həyata keçirilməsinin vacibliyini qeyd edib: "Neft bazarının neft hasil və ixrac edən ölkələrin maraqlarına uyğun inkişafı prosesinə Azərbaycan bundan sonra da dəstək verməyə hazırdır. İndiyə kimi OPEC+ çərçivəsində neft hasilatının azaldılması ilə bağlı öhdəliyini artıqlaması ilə yerinə yetirən Azərbaycan, müvafiq tədbirlərlə ölkədə hasilat həcmlərini kvotaya uyğunlaşdırmaqla, ümumi prosesə öz töhfəsini verəcəkdir”.

İqtisadçı-alim Vüqar Bayramov təşkilatın qərarını şərh edib. O bildirdib ki, gündəlik hasilatın 1 milyon barrel artırılması ilə bağlı qəbul edilən qərar gözlənilən idi: "Əslində, ABŞ prezidentinin hasilatın artırılmasının vacibliyi haqqında 2 tvitindən sonra OPEC-in və xüsusən də Səudiyyə Ərəbistanının bazara daha çox neft çıxarmağa müsbət yanaşacağı proqnozlaşdırılan idi. Sözügedən qərarın açıqlandığı gün, dünya bazarında neftin qiyməti 4 faizə yaxın yüksəldi. Əslində, bu qiymət artımları heç də birbaşa hasilatın artırılması haqqında qərar ilə bağlıdeyil. Belə ki, elə həmin gün elan edilən statistikaya əsasən, ABŞ-da neft quyularının sayı 7 ədəd azalıb və bu da birbaşa qiymətə təsir göstərdi. OPEC-in son qərarının neftin qiymətinə necə təsir göstərəcəyinə gəldikdə isə hasilatın gündəlik 1 milyon barel artırılması heç də neftin qiymətlərinin qısa zamanda kəskin azalmasına səbəb olmayacaq. Belə ki, hasilatdakı artım qərarına baxmayaraq, yenə də qlobal bazarda tələb böyükdür. Digər tərəfdən, hasilatın artırılması ilə bağlı qərara baxmayaraq, OPEC və bu quruma üzv olmayan, amma qərarı dəstəkləyən dövlətlərin qısa zamanda hasilatı qeyd edilən səviyyəyə çatdırmaq imkanları yoxdur. Rusiya ən yaxşı halda, yaxın 3 ayda hasilatı maksimum 300 min barrel artıra bilər. Bütövlükdə, hasilatın artırılması ilə bağlı qərarın icrasına ən yaxşı halda, yaxın yarım ildə nail ola biləcək. Bu isə o deməkdir ki, hələlik bazarda təklifin artıqlığı müşahidə edilməyəcək. Son qərar sadəcə, neftin dünya bazar qiymətində kəskin artımların qarşısını almaq məqsədi daşıyır. Hələlik heç bir beynəlxalq qiymətləndirici şirkət neftin qiymətində kəskin azalma proqnozlaşdırmır. Bu isə o deməkdir ki, əgər hasilatın artırılması ilə bağlı daha bir qərar olarsa, o zaman neft yenidən əvvəlki bazar qiymətinə, bir barel üçün 60 dollarlıq həddə enə bilər. Bütövlükdə, OPEC və onunla anlaşan digər bir sıra neft ölkələrini Ağ evin tövsiyəsinə uyğun olaraq hasilatı artırması neftin qiymətinin siyasiləşdiyindən də xəbər verir. Bu isə o deməkdir ki, neft bazarında hər zaman sürprizlər ola bilər”.
Neft araşdırmaları mərkəzinin rəhbəri, enerji məsələləri üzrə ekspert İlham Şaban bildirdi ki, hal-hazırda neft bazarında qiymətlər kifayət qədər yüksəkdir: "İrana qarşı sanksiyalar may ayından etibarən tətbiq olunmağa başlayıb. Amma bu sanksiyalar tədricən həyata keçiriləcək. Bazarda qıtlıq olmasın deyə, OPEC ölkələri belə bir qərar qəbul etdilər. Digər tərəfdən, təşkilat daxilində elə ölkələr var ki, onların hasilat səviyyəsi kifayət qədər aşağıdır. Bu mənada qərarın qəbul edilməsində bir sıra obyektiv səbəblər rol oynayır. Burada söhbət Venesuela və Liviyadan gedir. Belə ki, Liviyadakı qarşıdurmalar nəticəsində neftin hasilatında azalmalar müşahidə olunur. Bütün bunları nəzərə alsaq, deyə bilərik ki, hasilatın artırılmasına dair qərarın qəbul edilməsi sırf obyektiv məsələlərdən doğan bir qərar idi. Hasilat həcminin bir milyon barel artırılması ilə bağlı qərarın qəbul edilməsində əsas məqsədlərdən biri də bazarda bundan sonrakı qiymət artımının qarşısını almaqdır. Hələlik neft bazarları, qərarı normal şəkildə qarşılayır. Qiymətlər stabil şəkildə qalmaqdadır. Amma bu qərardan sonra qiymətlərin 70 dollaradək azalması ehtimalı da var. Çünki neft bazarı digər sektorlarla müqayisədə tez-tez dəyişə bilir. Ona görə də yaxın gələcəkdə nələrin baş verəcəyini proqnoz etmək bir qədər çətindir. Bu səbəbdən də neft bazarının qlobal oyunçuları ildə iki dəfə toplantı keçirərək qərar qəbul edirlər. Növbəti toplantının dekabr ayında olacağı gözlənilir. Hələlik bu barədə danışmaq üçün tezdir”.
Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər