• cümə axşamı, 28 mart, 13:47
  • Baku Bakı 16°C

OPEC-in qarışıq mesajları

06.12.19 09:00 695
OPEC-in qarışıq mesajları
Ekspertlər deyirlər ki, aparıcı ölkələrin verdiyi açıqlamalar və digər informasiyalar qiymətlərə təsir edir
OPEC kartelə üzv və digər qeyri-OPEC neft istehsalçılarının ("OPEC plus”) Vyana toplantısından əvvəl hasilatın azaldılması barədə qarışıq mesajlar verir. Ötən günlərdə İraqın Neft naziri Tamir Gadban istehsal məhdudiyyətlərinin daha 400 min barrel artırılaraq, gündəlik 1,6 milyon barrelə çatdırıla biləcəyini deyib. Lakin o, OPEC səviyyəsində bu məsələyə dair hər hansı danışığın aparılmadığını da bildirib. OPEC və müttəfiqlərinin istehsalın daha da azaldılıb-azaldılmayacağı barədə qarışıq mesajlar verməsi isə bazarda qeyri-müəyyənliyə səbəb olur. "Bloomberg”ə görə, dekabrın 4-də Vyanada qapalı keçirilən "OPEC plus” Müştərək Texniki Komissiyasının (JTC) 35-ci iclasında nazirlərin tövsiyələri dinlənilib, lakin hasilatın daha da azaldılması məsələsi gündəmə gəlməyib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi OPEC və Rusiyanın başda olduğu qeyri-OPEC ölkələrinin neft istehsalının azaldılması üzrə sazişin müddətini artıra biləcəyini qeyd edən ekspertlər, bu, baş verərsə, xam neftin qiymətinin də bahalaşacağını vurğulayıblar.
Digər tərəfdən, ekspertlər OPEC-in hasilat səviyyəsində dəyişiklik etməyəcəyi təqdirdə "qara qızıl”ın qiymətinə aşağı istiqamətli təzyiq ola biləcəyi barədə xəbərdarlıq ediblər. Dekabrın 5-də Vyanada OPEC Nazirlər Şurasının 177-ci iclası olub. Ondan bir gün əvvəl isə Avstriyanın paytaxtında OPEC və qeyri-OPEC ölkələrinin nazirlərinin Birgə Monitorinq Komitəsinin (JMMC) 17-ci iclası təşkil olunub. Ötən il dekabrın 7-də "OPEC plus” üzrə neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı imzalanmış "Əməkdaşlıq Bəyannaməsi”nin müddəti bu il iyulun 1-dən 2020-ci ilin ilk rübünün sonunadək uzadılıb. Maraqlıdır, son günlər verilən təzadlı mesajlar neftin qiymətinə necə təsir edəcək? Ümumiyyətlə, hasilatın azaldılması, yoxsa artırılması daha realdır?
Enerji məsələləri üzrə ekspert Zəfər Vəliyevsöylədi ki, toplantıdan əvvəl bu cür informasiyaların mediada yayılması təbiidir: "Hələlik, sadəcə, versiyalar irəli sürülür. Toplantıda ötən müddət ərzində götürülən öhdəliklərin icra vəziyyəti və 2020-ci ildə qlobal bazarlarda gözlənilən təhlükələr müzakirə olunacaq. 2020-ci ildə neft bazarının tam təfərrüatı bu görüşdə analiz ediləcək. İraqın neft naziri görüşdən əvvəl belə bir fikir səsləndirdi ki, gələn il neft bazarlarını tənzimləmək üçün OPEC ölkələri əlavə olaraq gündəlik neft hasilatını 400 min barel azaldılacaq. Əgər bu fikirlər təsdiq olunarsa, kvota 1,6 milyon barel olacaq. Bütün hallarda OPEC və OPEC+ ölkələr Vyana sazişinin şərtlərini müdafiə edəcək. Yəqin ki, mart ayından sonra təyin olunan müddət uzadılacaq. Çünki gələn il bazarı təhdid altına alan bir sıra amillər mövcuddur. Belə ki, gələn il ABŞ, Braziliya, Norveç, Argentina kimi ölkələrin neft hasilatı ciddi həcmdə artacaq. Bu faktı nəzərə alsaq, görərik ki, OPEC-ə üzv olmayan ölkələrin hasilat həcmi 2,5 milyon barel arta bilər. Belə olan halda OPEC və müttəfiq dövlətlər bazarı tənzimləmək üçün öz üzərinə götürdüyü öhdəliklərə ciddi nəzarət etməlidir. Yaxud da OPEC ölkələri hasilat həcmlərini bir qədər də azaltmalı olacaq. Çünki təşkilat daxilində sazişin şərtlərinə əməl etməyən dövlətlər də var. Məsələn, İraqın sutkalıq neft hasilatı 4,7 milyon bareldən çox olub. Halbuki Vyana sazişi çərçivəsində İraqa qoyulan kvota 4,5 milyon bareldir. OPEC-in aparıcı üzvlərindən olan Nigeriya da sazişin şərtlərini pozur. Oktyabr-noyabr ayları ərzində bu ölkə sutkalıq 1,8 milyon bareldən çox neft hasil edib. Sazişin şərtlərinə görə, 1,7 milyon bareldən çox olmamalıdır. Rusiya da 2019-cu ilin əvvəlindən bu günə kimi üzərinə götürdüyü öhdəliyə heç bir halda əməl etməyib. Bütün bunlar onu göstərir ki, təşkilat daxilində sazişin şərtlərini pozan dövlətlər var. Ona görə də, OPEC və müttəfiqləri bu sazişin şərtlərinə ciddi əməl və nəzarət etməlidir. Əgər bu olmazsa, əlavə kvotalar tətbiq olunmalıdır. Bu məsələnin hansı səviyyədə həll olunacağı OPEC rəhbərliyinin qərarından asılıdır. Əks halda, bazarda balansın pozulacağı qaçılmazdır. Bu isə neftin qiymətində dalğalanmalara gətirib çıxaracaq”.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şabanqeyd etdi ki, neftin hazırkı qiyməti verilən açıqlamalara adekvat olaraq dəyişir: "Hazırda qiymətlər gah qalxır, gah da aşağı enir. Aparıcı ölkələrin neft nazirlərinin verdiyi açıqlamalar və digər informasiyalar qiymətlərə təsir edir. Hələlik qiymətlər qalxsa da, bu, uzun müddət belə davam edə bilməz. Pozitiv siqnallar azaldıqda, qiymətlər də anidən aşağı düşür. Son iki gün ərzində qiymətlərdəki dalğalanmaların əsas səbəbi məhz budur. Təşkilatın çıxaracağı qərar elan olunanadək, qiymətlər artıb-azalan fonda dəyişəcək. Verilən qərarın bazar iştirakçıları tərəfindən necə qəbul olunacağı mühüm məsələdir. Bazar iştirakçılarına gündəlik olaraq hasilatın 400 min barel azaldılması təklif olunur. Əgər bu təklif təsdiqini tapmasa, qiymətlər 61-62 dollar ətrafında dəyişəcək. İraqın neft naziri rəsmi şəkildə açıqlama verib ki, hasilatın azaldılmasına dair Vyana sazişinin şərtləri saxlanılacaq və kvotalar gündəlik olaraq 1,2 milyon barel olaraq qalacaq. Bu qərar mart ayına qədər qüvvədədir. İraq təklif edir ki, bu qərar ilin sonunadək uzadılsın. Ola bilsin ki, görüşdə heç bir qərar qəbul olunmadı. Belə olan təqdirdə, neft bazarlarında vəziyyət yenidən təhlil ediləcək və buna uyğun qərarlar çıxarılacaq. Yəni bir neçə versiyalar və proqnozlar səsləndirilir. Hələlik real mənzərəni təsvir etmək olmur”.
Şəbnəm
banner

Oxşar Xəbərlər