• cümə, 19 Aprel, 05:20
  • Baku Bakı 18°C

OPEC ABŞ-ın təklifini nəzərə alarsa...

08.06.18 09:00 714
OPEC ABŞ-ın təklifini nəzərə alarsa...
Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) iyunda neft hasilatını artıra bilər. Azərtac xəbər verir ki, OPEC-in bu addımı atmasına səbəb kimi İran və Venesuelanın neft tədarükü ilə bağlı narahatlıqların artması göstərilir. Bununla əlaqədar qərarın iyunun 22-də Avstriyanın paytaxtı Vyanada təşkil ediləcək OPEC Nazirlər Şurasının 174-cü iclasında qəbul olunması gözlənilir. OPEC-ə yaxın mənbələrin sözlərinə görə, təşkilat bütün variantları nəzərdən keçirir və iyun ayında istehsalın artırılması barədə qərar qəbul edilə bilər. Lakin neft hasilatının azaldılması üzrə kvotanın nə qədər artırılacağı ilə bağlı hələ ki dəqiq rəqəm yoxdur. Bundan başqa, OPEC-ə üzv və qeyri-OPEC ölkələrinin, neft hasilatının azaldılmasına dair sazişə rekord göstəricidə olan əməletmə səviyyəsini yumşaltmağı seçə biləcəyi də qeyd edilir. Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına görə, OPEC aprel ayında neft hasilatının azaldılması üzrə Vyana sazişinə 172 faiz əməl edib.

İqtisadçı-alim Vüqar Bayramovməsələni şərh edərkən bildirib ki, təklifə müsbət yanaşan tərəflər çoxdur: "ABŞ OPEC-dən gündəlik neft hasilatının 1 milyon barel artırılmasını istəyir. Düz 2 həftə sonra bir araya gələcək OPEC+ üzvləri neftin mövcud yüksək qiymətləri fonunda hasilata yenidən baxmalıdır. Belə görünür ki, hasilatın artırılmasını yalnız ABŞ istəmir, həmçinin bir sıra digər ölkələr, o cümlədən də Rusiya da bu məsələyə isti yanaşır. Rusiya Prezidentinin neftin 1 barelinin qiymətinin 60 dollar olmasının ölkəsi üçün məqbul olduğunu deməsi də bundan xəbər verir. Aydındır ki, Vaşinqtondan gələn mesajlara diqqətlə yanaşılır. Bu isə o deməkdir ki, ABŞ hasilatın artırılması ilə bağlı istəyində sonadək dayanarsa, o zaman OPEC dünya bazarına daha çox "qara qızıl” çıxarmağa başlayacaq. Digər tərəfdən, Çinin neftə artan tələbi fonunda hasilat dəyişməzsə, o zaman neftin qiymətində yüksəlişlər davam edəcək”.

İqtisadçı bildirib ki, belə durum OPEC-in hal-hazırda 2 seçiminin olduğu deməkdir: "Təşkilat ya 2 həftə sonra ABŞ-ın istəyinə uyğun olaraq, hasilatı gündəlik 1 milyon barel artırmaqla bazara daha çox neft çıxara, yaxud mövcud hasilatı saxlamaqla dünya bazarında tələbin təklifdən artıqlığını qoruyub saxlaya bilər. Birinci halda, neftin dünya bazar qiymətində azalmalar qaçılmazdır. Bu halda Brent markalı neft 65 dollaradək ucuzlaşa bilər. İkinci halda isə neftin qiyməti yenidən yüksələcək və Brent markalı neftin 1 bareli hətta 85 dollara çata bilər. OPEC-in hansı yolu seçəcəyi isə eyni zamanda həm də Ağ Evdən gələn yeni mesajlardan asılı olacaq”.

"Neft Araşdırmaları Mərkəzi”nin rəhbəri, enerji məsələləri üzrə ekspertİlham Şaban bizimlə söhbətində bəzi məqamları qeyd etdi: "ABŞ hal-hazırda İrana qarşı sanksiyalar tətbiq edir. Bundan öncəki sanksiyalar dövründə də İranın dünya bazarına neft çıxarması ilə bağlı müəyyən qadağalar qoyulmuşdu. ABŞ indi həmin hadisələri təkrarlamaq istəyir. Bu sanksiyalar ilin ikinci yarısında tətbiq olunacaq. Ona görə də dünya bazarında neft qıtlığının baş verməməsi üçün ABŞ OPEC-dən İranın neft bazarına çıxarmadığı həcmlərin qarşılanmasını istəyir və müraciət edir. ABŞ bundan əvvəl Səudiyyə Ərəbistanının bu problemi təkbaşına həll edəcəyinə inanırdı. Ancaq OPEC ölkələri içərisində məsələ ilə bağlı yekdil qərara gəlinmədi. Çünki digər ölkələrdə qısqanclıq yarandı. Onlar da bu həcmdə öz payının olmasını istəyir. Problemin, OPEC-in konfransında həllinin tapacağına gəlincə isə deyə bilərəm ki, bu da hələ sual altındadır. Çünki İran inadından dönmür. Əvvəlki illərdən fərqli olaraq bu dəfə İran dünya bazarına neft ixracı məsələsində israrlı olacağını bildirir. Amma təcrübədə bunun necə olacağı və İranın bu istəyinin qarşısının necə alınacağı hələlik sual altındadır. Burada bütün məsələ alıcıların üzərinə düşür. Əgər neft alınmasa, hasilatçıların əlində qalacaq. Onlar hasil edilən nefti satmaq istəsələr, qaçaqmalçılığa baş vurmalı olacaqlar. Belə olan təqdirdə isə neft məcburən bazarda olan qiymətlərdən 2-3 dəfə ucuz qiymətə satılacaq. Hazırda proseslər mürəkkəb bir məcrada davam edir. OPEC ABŞ-ın bu təklifinə razılıq vermək niyyətindədir. Çünki ABŞ-ın bu təklifi onların ürəyincədir. OPEC ölkələri bazara nə qədər çox neft çıxarsalar, o qədər çox gəlir əldə edəcəklər. Digər tərəfdən, Vyana sazişində OPEC ölkələrinin mübarizə apardığı ədalətli qiymət 55-60 dollar idi. Neftin qiyməti 70 dollara qalxandan sonra ölkələr daha çox gəlir əldə etdilər. Əgər hasilat bir milyon dollar artsa belə, qiymətlər 5-10 dollar aşağı düşə bilər ki, bu da onlar üçün yenə də sərfəli qiymətdir. Çünki əksər neft ölkələrinin büdcə hesabatında neftin qiyməti 45 dollardan götürülüb. Qiymətlər 60 dollara düşsə belə, bu ölkələr qazanc əldə etmiş olur. Çünki qazanc büdcə proqnozlarından 20 faiz yuxarı nəticədir”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər