Onun verdiyi tərbiyəni heç bir məktəb vermir

Onun verdiyi tərbiyəni heç bir məktəb vermir

Müsahibə
10 Oktyabr 2012, 15:41 1755
Son dövrlər telekanallarımızda yerli serialların sayının çoxalmasına şahidi oluruq. Amma uşaqların zövqünü oxşayan heç bir bədii və animasiya filmləri çəkilmir, nəticədə uşaqlar xarici animasiya filmlərinə baxmağa məcbur olur. Bu da təbii ki, onların psixologiyasında, milli ruhda böyüməsində təsirsiz ötüşmür. Azərbaycan animasiya filmləri bazarındakı problemlər, dünya bazarına çıxa bilməməyimizin səbəbləri və s. barədə animasiya filmləri üzrə mütəxəssis Elçin Hami Axundovla söhbətləşdik.

Dünyaya çıxmaq arzusu

- Sentyabrda Belarusda Beynəlxalq XV ”Animayenka-2012” animasiya film festivalında münsif kimi çıxış etmisiniz. Necə oldu ki, festivala dəvət aldınız?

- Bu il Belarusda “Animayevka-2012” animasiya film festivalının yubileyi idi. Mən ikinci dəfə idi ki, bu festivalda iştirak edirdim. Keçənilki festivalda müsabiqəyə cəmi 45 film göndərilmişdi. Ancaq bu il 100-dən artıq filmə baxmalı olduq. Çinlilərin ”Çəkmə” filmi birinci yerə layiq görüldü. Festivalda Çin, Hindistan, Tayvan, İspaniya, Portuqaliya, Çexiya, Polşa və s. ölkələrin filmləri iştirak edirdi. Filmlər müxtəlif janrlarda idi və müxtəlif yaşlı insanlara aid idi. Yəni uşaqlardan tutmuş böyüklərədək filmlər var idi. Onlardan 82 film seçildi və müsabiqəyə çıxarıldı. Polşa, Rusiya və Çexiya filmləri mükafata layiq görüldü. Bundan başqa müxtəlif mükafatlar var idi. Rejissor Firəngiz Quliyevanın çəkdiyi “Tırtılın arzusu” filmi isə rəngi və animasiyasına görə mükafat aldı. Bu, onun rejissor kimi çəkdiyi ikinci filmidir.

- Azərbaycanda animasiya filmləri bazarını necə qiymətləndirirsiniz?

- Azərbaycanda film bazarı demək olar ki, yoxdur. Hər şey kirayədən asılıdır və bizdə kirayə sistemi yoxdur. Cəmi iki kinoteatrımız var: biri “Park Cinema”, digəri isə “Nizami” kinoteatrı. Bunları da bazar hesab etmək olmaz. Animasiya filmlərini maliyyələşdirən isə yalnız Mədəniyyət və Turizm Nazirliyidir. Nazirlik də yalnız ildə 2, yaxud 3 filmin çəkilməsinə himayədarlıq edir. Animasiya filmlərimizi dünya bazarına çıxarmağa çalışmaq lazımdır. Dünya bazarına da 5-10 dəqiqəlik filmlə çıxmaq qeyri-mümkündür. Biz gərək dünyaya ya silsilə animasiya filmləri, ya da tammetrajlı filmlərlə çıxaq.

Pul yoxdur

- Azərbaycanda yarım saatlıq animasiya filmini çəkmək üçün nə qədər vəsait lazımdır?

- Bizdə yarım saatlıq animasiya filmi çəkilməyib. Amma yarım saatlıq animasiya filminin maliyyəsi ssenaridən, personajlardan asılıdr. Burada dəqiq bir rəqəm demək qeyri-mümkündür. Bizdə 10 dəqiqəlik animasiya filmi 75-80 min manata çəkilir. Ancaq elə filmlər var ki, bu pul ona çatmır.

- İncəsənət Universitetində animatorlar yetişdirən ixtisas yoxdur. Bəs problemi necə həll edirsiniz?

- Sovet dövründə bütün animasiya studiyaları kurs açırdı. O kurslara 20-30 nəfər gənc rəssam qəbul edirdilər. Onlar iki ilə kursu bitirəndən sonra 3-4-ü animatorçu olurdu, yerdə qalanı isə animasiya filmləri strukturunda işləyirdilər. Animasiya filmləri çəkmək üçün, ümumiyyətlə, bu sahədə işləmək üçün gərək animasiyanın struktrunu biləsən və onlar da bunu mənimsəyirdi. “Azanfilm” özü də əvvəllər sex kimi fəaliyyət göstərirdi, sonradan 1990-cı ildə studiya adı verildi. 1988-ci ildə biz 2 illik kurslar açdıq. Oraya 84 nəfər adam yazıldı və biz onların arasından 30 nəfəri seçdik. İki il ərzində onlara hərəkətin mexanikasını, aktyor oyununu, pantomimanı, deformasiyanı, artikulyasiya qanunlarını keçdik.

- Bəs indi o tələbələriniz haradadır?

- O kurslardan yaxşı animasiyaçılar çıxdı. Anacaq 90-cı illərdə maliyyə çatışmazlığı səbəbindən filmlər çəkilmədi və onları işlə təmin edə bilmədiyimizdən Avropaya və dünyanın başqa yerlərinə səpələndilər. Məsələn, mənim tələbəmin biri “Disney” studiyasında işləyir. Cahangir adlı digər tələbəm Sankt-Peterburqda öz studiyasını açıb. Tələbələrimin səslərini həmçinin Polşa, Fransa, Almaniya, Türkiyədən eşidirəm. Sovet dövründə ölkəmizdə 15 animator var idisə, indi cəmi iki animator qalıb. Animator şəkil çəkən aktyordur. Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev vəzifəyə gələndə “Azərbaycanda milli animasiyanın inkişafı” ilə bağlı proqram hazırlayıb verdim. Bəyəndi, qol çəkdi, amma kino şöbəsinə çatanda dedilər ki, pul yoxdur. İndiyə qədər də pul yoxdur. 6 ildir ki, biz o kurslar üçün pul axtarırıq. Mənim Amerikada, Moskvada, Kiyevdə sanballı məşhur animatorçu dostlarım var. Onları dəvət etsəm, gəlib burada ustad dərsləri keçə bilərlər. Mədəniyyət və Turizm Nazirliyindən mənə söz veriblər ki, gələn il bu kursların açılması üçün vəsait ayrılacaq.

- İndi necə, tələbələriniz varmı?

- İndi Kəbirə Həşimova adlı bacarıqlı bir tələbəm var. O artıq iki ildir ki, Rəssamlıq Akademiyasını bitirib. İki filmə animasiyalı hərəkətlər gətirib, həmçinin “Tırtılın arzusu” filmində də işləyib, ”İlbizin evi” filmində də çox əziyyəti var. Biz artıq fləş animasiyada işləyirik və onun rolu burada danılmazdır. O, 3D proqramında da işləməyi bacarır.

- Azərbaycanda animasiya filmləri kifayət qədər olmadığından uşaqlar Türkiyə və digər ölkələrin filmlərinə baxmaq məcburiyyətində qalırlar. Bunun hansı müsbət və ya mənfi tərəfləri var?

- O filmlər uşaqların adət-ənənələrimizdən uzaqlaşmasına səbəb olur. Animasiya filmlərinin verdiyi tərbiyəni heç bir tərbiyəçi və heç bir məktəb vermir. Uşaq gözünü açandan televiziya qarşısındadır və bu filmlər sayəsində biz o uşaqları tərbiyə edə bilərik. Türkiyədə çox yaxşı animasiya filmləri var. Öz filmlərimizə gəlincə, filmi yaratmaq üçün kadr lazımdır və o kadr da bizdə yoxdur. Animatorla bərabər buraya rəngkar rəssam, cizgiçi rəssam, fon rəssamı, antraj rəssamı lazımıdr. Yaradıcı heyət yoxdur. Yaxşı rəssamlarımız var, ancaq onlar animasiyanın nə olduğunu bilmədikləri üçün mən onları işə götürə bilmirəm.

Yenilik tələb edən sənət

- Telekanalların animasiya filmləri çəkəcəyi ilə bağlı söz-söhbətlər səngimir. Onlar bu işin öhdəsindən gələ biləcəklərmi?


- Əfsuslar olsun ki, bizdə hər iş saxta görülür. Kampaniya gedir ki, animasiya filmləri çəkilir. Bunu 15 il bundan qabaq fikirləşsəydilər, bu gün animasiya filmləri kifayət qədər inkişaf etmiş olardı. Mən Kinematoqrafçılar İttifaqına müraciət etdim ki, bədii filmdənsə, animasiya filmlərinə pul ayırın. Azərbaycanda yalnız animasiya filmləri dünya bazarına çıxa bilər. Bədii filmin bazara çıxması üçün xeyli vəsait lazımıdır. Bu yaxınlarda Mədəniyyət və Turizm Nazirliyinə 10-15 seriyalı silsilə filmlərlə bağlı layihə vermişəm və ümid edirəm ki, o filmlə dünya bazarına çıxa bilərik.

- Bəs biz sizin filmləri niyə görməmişik?

- Çünki o filmlər televizyiyada göstərilməyib. Filmlərin çəkilişi zamanı televiziyadan bir neçə müxbir gəlib soruşur ki, film çəkirsinizmi? Rejissoru kimdir, mövzusu nədir, nə vaxt təhvil verəcəksiz? Mən də vaxt və zamanını deyirəm.Vaxt çatanda heç kim gəlib soruşmur ki, bəs siz film çəkirdiniz, nə oldu? Onlara əsas odur ki, məlumatlarla efiri doldursunlar. Telekanallardan ancaq müsahibə almaq üçün gəlirlər, çəkdiyim filmləri isə yayımlamırlar. Mən xlor satan kimi qapı-qapı gəzib animasiya filmi satası deyiləm ki... Telekanallar bilir ki, “Azanfilm” studiyası animasiya filmləri çəkir, bizə müraciət edib filmləri göstərmirlər.

- Telekanallar animasiya filmlərinin yayımında niyə maraqlı deyillər? Yoxsa ailə-məişət problemləri daha çox telekanallara reyting gətirir?

- Televiziya öz işini düz qurmur. Təbii ki, SMS-lə olan verilişlərdən daha çox gəlir götürülür, animasiyada elə də gəlir götürmək olmur. Rusiyada filmlər çox zəif idi. Putin prezident seçiləndə kinonu inkişaf etdirmək üçün varlı insanların gəlir vergisini bir şərtlə ləğv etdi ki, onlar filmlərin çəkilişini maliyyələşdirsinlər. Beləliklə, Rusiyada film inkişaf etdi. Bununla bərabər, animasiya filmləri də inkişaf etdi. Ancaq bizdə zəngin insanlar bu sahəyə pul verməyə ürək etmirlər, çünki pulun batmaq ehtimalı var. Buna görə telekanalları elə də qınamaq olmur. Dünyada animasiya filmlərinə ehtiyac var. Müştərək işləmək lazımdır. Biz 2000-ci ildən 15 film hazırlamışıq. Ancaq nə mənası...

- Son illər Azərbaycanda teatr, kino festivalları keçirilir. Ancaq animasiya filmləri ilə bağlı festivallar keçirilmir. Bəlkə siz belə bir təşəbbüs irəli sürəsiniz?

- Festival keçirmək üçün bizim gərək bazamız möhkəm olsun. Bir-iki filmlə festival olmur. Festival üçün ayrı film çəkmək lazımdır, bizim filmlər milli ruhdadır. Gələcəkdə belə bir şey etmək olar. Əvvəllər bizdə daxili festivallar olurdu. Mənim xarici dostlarım mənə həmişə deyirlər ki, Azərbaycan gündən-günə inkişaf edir, bəs nə üçün animasiya filmlər festivalı keçirilmir? Mən onlara bir söz deyə bilmirəm. Ümid edirəm ki, 5-6 ilə bizdə də elə festivallar keçiriləcək. Çünki bunun üçün şəraitimiz və imkanlarımız var. Həm də yaş öz sözünü deyir, yəni bu sənət yenilik tələb edir.

- Hazırda hansı animasiya filmi üzərində işləyirsiniz?

- Keçən həftə ikiölçülü formatda çəkdiyimiz “Balaca ev” filmini tamamladıq. Mən yeni çıxan 3D-ni sevmirəm. Burada gənclər öz sözlərini deməlidir. İnkişaf üçün bu, lazımdır.

Xəyalə Rəis