Onun üçün mənəvi zənginlik, səmimiyyət və milli dəyərlər əsas idi

Onun üçün mənəvi zənginlik, səmimiyyət və milli dəyərlər əsas idi

Cəmiyyət
25 Aprel 2013, 17:38 2079
Aprelin 25-də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUPDK) və YAP Qadınlar Şurasının birgə təşkilatçılığı ilə Azərbaycanın əməkdar elm xadimi, tibb elmləri doktoru, akademik, görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın 90 illik yubileyinə həsr olunmuş "Ana - müqəddəslik zirvəsi" mövzusunda inşa yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Trend-in məlumatına görə, tədbirdə çıxış edən Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib ki, bu il xalqımız ümummilli lider Heydər Əliyevin və onun sədaqətli ömür-gün yoldaşı Zərifə xanım Əliyevanın 90 illik yubileylərini qeyd edir. Hazırda ölkəmizin hər yerində yubiley təntənələri keçirilir.

Hüseynova bildirib ki, Zərifə Əliyeva hər şeydən əvvəl nəcib insan, qayğıkeş həkim idi. O, qısa, lakin şərəfli ömrünü faydalı işlərə sərf edib.

"O, qayğıkeş, mehriban ana, vəfalı, sədaqətli həyat yoldaşı, səmimi dost, saf insan idi. Bu da təbiidir, çünki Zərifə xanım akademik Əziz Əliyevin ailəsində tərbiyə almışdı. Bu ailənin təməli xeyirxahlıq, nəciblik kimi xüsusiyyətlər və milli dəyərlər üzərində qurulmuşdu. Əziz Əliyev və Leyla xanım Abbasova Azərbaycanın çox qədim və əbədi torpağı olan İrəvan mahalında dünyaya göz açmışdılar. Ermənilərin azərbaycanlılara qarşı o zamankı soyqırımı siyasəti nəticəsində Əziz Əliyevin də ailəsi narahat bir həyat yaşayırdı. Ona görə də ailəsi ilə Naxçıvanın Şahtaxtı kəndinə köçdü və Zərifə xanım da orada anadan oldu. O, çox nəcib ailədə, söz, sənət adamlarının əhatəsində böyüyürdü", - Hüseynova əlavə edib.

O qeyd edib ki, ötən əsrin görkəmli elm, mədəniyyət xadimləri Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Mirəsədulla Mirqasımov, Bülbül, Səməd Vurğun və digər şəxsiyyətlərin Əliyevlər ailəsi ilə dostluğu və mənəvi yaxınlığı Əziz müəllimin uşaqlarının tərbiyəsinə, dünyagörüşünə müsbət təsir göstərirdi. Bu ailənin övladları ilk növbədə halal yaşamalı, mükəmməl təhsilə yiyələnməli, cəmiyyətdə hörmət qazanmalı idilər.

Zərifə xanım da bütün həyatı boyu öz təbiətində yüksək mənəvi keyfiyyətləri birləşdirərək dərin intellektə, geniş dünyagörüşünə sahib olmuşdu. Tibb elminə yüksək, zəngin erudisiyaya malik novator alim kimi daxil olmuş, böyük məktəb yaratmışdı. Yüksək intellektual səviyyəsi, insanlarla səmimi, xoş münasibəti onu hamıya sevdirirdi. Azərbaycan qadınlarının bütün gözəl cəhətlərini özündə cəmləşdirmiş Zərifə xanım bir həkim kimi xəstələrinə təmənnasız sevgi bəxş edirdi.

Komitə sədrinin sözlərinə görə, Zərifə xanımın həyatda ən böyük arzusu insan sağlamlığını qorumaq, xəstələrinə işıq, sevinc bəxş etmək idi. O, həmkarları ilə birlikdə ağır faciəyə səbəb olan traxoma xəstəliyinə qarşı mübarizə aparırdı. Zərifə Əliyeva ciddi elmi tədqiqatları, apardığı mürəkkəb cərrahiyyə əməliyyatları, müalicə işləri ilə yanaşı, pedaqoji fəaliyyətini də uğurla davam etdirirdi. O, gənc nəslin təlim-tərbiyəsində, yüksək səviyyəli tibb işçilərinin hazırlanmasında, peşəkar elmi kadrların yetişdirilməsində böyük xidmətlər göstərmişdir. Zərifə xanım dosentlikdən professor, kafedra müdiri vəzifələrinə, akademik zirvəsinə qədər yüksəlmişdi. Azərbaycanda oftalmologiya sahəsində ilk akademik qadın olmuşdur. Onun səyi və təşəbbüsü ilə ölkədə ilk dəfə peşəkar göz patologiyası laboratoriyaları yaradılmışdı. O, ictimai işlərə də vaxt tapır, bu sahədə də yorulmadan fəaliyyət göstərirdi. Zərifə xanım uzun illər Sovet Sülhü Müdafiə Komitəsinin, Azərbaycan "Bilik" Cəmiyyətinin və Ümumittifaq Oftalmoloqlar Elmi Cəmiyyəti Rəyasət Heyətinin üzvü olub.

"Azərbaycanın əməkdar elm xadimi Zərifə xanım Əliyeva bir həkim kimi xəstələrinə doğmaları kimi can yandırırdı. Təkcə xəstələrinə deyil, ümumiyyətlə, ehtiyacı olan hər kəsə yardım əli uzadır və həmişə də çalışırdı ki, bunu başqaları hiss etməsin. O, hər gün işə gələndə rayonlardan gəlib xəstəxanada yatan xəstələrinə yemək, geyim gətirirdi ki, onlar ailədən uzaq düşdüklərinə görə narahat olmasınlar. Onu başqalarından fərqləndirən hər bir xəstəsi ilə mehriban, səmimi münasibəti, xeyirxahlığı idi. Zərifə xanım xəstələrində sağalacaqlarına ümid yarada bilirdi. Həmişə deyirdi ki, insanın həkimə inamı uğurlu müalicəyə bərabərdir. Onun adının yanında "nur, işıq" sözləri daha çox işlənir. Bu da təbii ki, Zərifə xanımın peşəsi və işıqlı təbiəti ilə bağlıdır. Elə həmkarlarına ondan yadigar qalan da işığa, nura can atmaq istəyi, bir də xeyirxahlıqdır", - Hüseynova bildirib.

O deyib ki, Zərifə xanım Heydər Əliyev kimi dünya şöhrətli siyasətçinin xanımı olmaq kimi böyük bir məsuliyyət daşıyırdı. O, ailəsinin diqqət mərkəzində olduğunu, buna görə də həmişə hamıya nümunə olmalı olduğunu başa düşürdü.

"Zərifə xanım gecə-gündüz yorulmaq bilmədən Azərbaycanın dövlətçiliyi naminə çalışan bir insanı tükənməz sevgi və qayğı ilə əhatə edərək ona əsl dost, yaxın silahdaş və mənəvi dayaq oldu. Eyni zamanda, ailədə elə bir mühit yaratdı ki, ömrünü Vətənə, xalqına xidmətə həsr edən ulu öndər evindən, uşaqlarından həmişə arxayın olub dövlət işini apara bilsin. Belə də oldu. Onlar birlikdə Vətənə, soy-köklərinə layiq vətənpərvər övladlar böyütdülər. Zərifə xanım övladlarının düzgün tərbiyəsi üçün hər cür fədakarlığa hazır idi. Həmişə kamilliyə can atan bu insan uşaqlarının tərbiyəsində də şəxsi hisslərini deyil, cəmiyyətin mənafeyini üstün tuturdu. Bu gün Azərbaycanın fəxri, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin siyasətdə qazandığı uğurlar, gündən-günə dünyada artan nüfuzu bir ana kimi Zərifə xanımın ruhunu sevindirir", - Hüseynova deyib.

Komitə sədri bildirib ki, bu gün onun müqəddəs ailə çırağını övladları, nəvələri yandırırlar. Ölkəmizin birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyeva Zərifə xanımın ənənələrini davam etdirərək Azərbaycanda birinci xanım institutunun daha da möhkəmləndirilməsi üçün çalışır. Yüksək dəyərləri öz şəxsiyyətində birləşdirmiş Mehriban xanım milli-mənəvi sərvətlərimizin qoruyucusudur. O, Azərbaycanda təhsilin, səhiyyənin, mədəniyyətin və digər sahələrin inkişafı üçün əlindən gələni edir.

"Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın ictimai fəaliyyəti göz qabağındadır. Azərbaycan gənclərinin lideri kimi onun vətənpərvərliyi, ölkəmizin dünyada tanınması üçün gördüyü işlər hər birimizdə qürur hissi doğurur. Bu da genetik yaddaşın bir göstəricisidir", - Hüseynova deyib.

O əlavə edib ki, Zərifə xanım həyatda nə qədər uğur qazansa, şöhrətin zirvəsinə çatsa da, ömrünün son anına kimi sadəliyini, insanpərvərliyini qoruyub saxlaya bildi. Çünki onun üçün ad-sandan, şan-şöhrətdən əvvəl mənəvi zənginlik, səmimiyyət və milli dəyərlər əsas idi. O, xalqın yaddaşında da belə qaldı.

Hüseynova deyib ki, AQUPDK hər il Azərbaycanın bütün şəhər və rayonlarının məktəbliləri arasında əməkdar elm xadimi Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş inşa yazı müsabiqəsi keçirir. Lakin ötən illərdən fərqli olaraq, bu il inşa yazıları ilə yanaşı, uşaqların əl işi nümunələri də müsabiqəyə daxil edilib. Seçilən işlərdən Komitəyə 180 əl işi və 128 inşa yazı təqdim edilib.

Daha sonra müsabiqənin qalibləri mükafatlandırılıb.