• şənbə, 20 Aprel, 00:18
  • Baku Bakı 15°C

“Onun tələbələrinin bəxti gətirmişdi” - Gənclərə örnək

22.12.17 10:30 2045
“Onun tələbələrinin bəxti gətirmişdi” - Gənclərə örnək
"Səliqəli müəllim geyimindən tutmuş aydın nitqinə, tədris etdiyi fənlərdən tutmuş elmə münasibətinə, klassikaya, məhəbbətdən tutmuş müasir düşüncəyə hörmət məqamlarınadək hər şeydə müəllim nümunəsi göstərirdi. Bu mənada onun tələbələrinin bəxti gətirmişdi. O tələbələrin bir çoxu indi yaşlı nəslin, xeyli hissəsi yeni dövrün söz adamlarıdır. Dəqiq bilirəm ki, onun tələbəsi olmuş jurnalistlər öz peşəsinə heç vaxt etinasızlıq etməyəcəklər. Çünki onların hər birinin qəlbində Nəsir İmanquliyevin klassik ənənələrdən yoğrulmuş müəllim sözü, müəllim həqiqəti var” - bu sözləri mərhum jurnalist, professor Nəsir İmanquliyev haqqında tanınmış jurnalist, Bakı Dövlət Universitetinin müəllimi Cahangir Məmmədli deyib.

Həm də səmimi və xeyirxah həmkar...

BDU-nun jurnalistika fakültəsinin professor Şirməmməd Hüseynovun onunla bağlı xatirələrinə nəzər salanda elə onunla bağlı bir cümlə əslində haqqında bir çox fikir demiş olur: "Nəsir İmanquliyev mənim üçün həm yüksək əxlaqi-mənəvi keyfiyyətli, hərtərəfli savadlı, təcrübəli jurnalist-müəllim, sonralar həm də səmimi və xeyirxah həmkar, qayğıkeş dost, böyük qardaş olub”.

Əslində, təəssüratlara nəzər saldıqca, onun haqqında bu kimi fikirləri eşidərik, amma onun gördüyü işlər də artıq haqqında bir çox fikir ifadə etmiş olur. Mahiyyətcə bütün insanlar həyatları boyu nəsə edirlər, yaxud buna çalışırlar. Lakin iş görməklə yanaşı, getdiyin yolun bir məktəb kimi qalması artıq başqa mövzudur. Çünki bu sıradan bir fəaliyyətlə əldə olunmur, olması mümkün də deyil... Bu dəfə elə bu gün doğum günündə yad edəcəyimiz şəxs Azərbaycan jurnalistikasında bir məktəb formalaşdıran, jurnalistikanın fədailəri sırasında adı çəkilən jurnalist, elm və ictimai xadim Nəsir İmanquliyevdir.

Qeyd edək ki, N.İmanquliyev 1911-ci ildə Bakıdaanadan olub.


"Siyasi işçi kimi Krım cəbhəsinə göndərilir”

Yaradıcılığından danışanda, dövrü mətbuatda ilk yazıları hələ tələbəlik illərində çap olunmağa başlayır. Tələbəlik illərindən başlayaraq, "Kommunist”, "Yeni yol”, "Gənc işçi” qəzetlərində çalışır. İkinci dünya müharibəsi zamanı1942-ci ildə Nəsir İmanquliyev siyasi işçi kimi Krım cəbhəsinə göndərilir, orada o, "Vuruşan Krım” qəzetinin məsul katibi kimi çalışır, həmçinin, hərbi hissədə tərcüməçi kimi kömək edir. Bir il sonra Nəsir İmanquliyev "Kommunist” qəzetinə məsul katib təyin edilir, bu qəzetdə onun vətənpərvərlik mövzusuna həsr edilmiş bir çox məqalələri işıq üzü görür.

Onun adı çəkiləndə yada düşən "Bakı” qəzeti isə 1958-ci ildə yaradılıb. Həmin il yanvarın 10-da qəzetin ilk nömrəsi işıq üzü görür.5 il sonra isə qəzet rus dilində də çap olunmağa başlayır. N.İmanquliyev uzun illər yaratdığı bu iki qəzetin baş redaktoru vəzifəsində çalışıb. Bu qəzetlər 1960-1970-ci illərdə mətbuatımızın inkişafında böyük rol oynayıb. Bu qəzetlərin əsas vəzifəsi dövlətin, şəhər rəhbərliyinin apardığı siyasəti geniş ictimaiyyətə çatdırmaq olub. Qəzetlərin mövzu dairəsi paytaxtın iqtisadi, siyasi, mədəni və sosial həyatını əhatə edir. Təxminən yarım əsrlik dövrdə şəhər qəzetləri paytaxtda yeni yaradılan nəhəng sənaye müəssisələri, idman qurğuları, sosial-mədəni təyinatlı obyektlər, yaşayış massivləri, mikrorayonlar, şəhərin müvəffəqiyyətlə yaşıllaşdırılması və başqa sahələr barədə oxuculara geniş məlumat çatdırıb.

"Bizim qəzetlər təkcə paytaxtda populyar deyildi”

N.İmanquliyev banisi olduğu bu qəzetlərə 30 il ərzində rəhbərlik edir. Qəzetin axşam nömrəsi də çap olunur. "Axşam qəzeti yaradılması zərurəti nə ilə bağlı idi?” - sualına cavabında deyib ki, 1950-ci illərin ortalarında Bakıda azərbaycan dilli əhalinin, o cümlədən ziyalıların sayının artması ilə əlaqədar, operativ məlumat almağa zərurət hiss edilirdi. Buna görə o, belə bir qəzetin yaradılmasını təklif edib. Bildirib ki, bu məsələ təkcə Bakıda həll edilə bilməzdi, bunun üçün mərkəzi hökumətin - Moskvanın razılığını almaq lazım idi: "O vaxt mən Azərbaycan Radio Verilişləri Komitəsinə sədr təyin edilmişdim. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsindən Şixəli Qurbanov mənə zəng vurub bildirəndə ki, Moskvanın razılığı alınıb, sevincimin həddi-hüdudu yox idi. Qəzetin yaradılması ilə əlaqədar bütün təşkilati işlər və ona rəhbərlik etmək mənə həvalə olundu. Mən axşam qəzetinin nəşri barədə çoxdankı arzuma nail olmuşdum, buna görə Radio Verilişləri Komitəsindəki işimdən qəzet redaktorluğuna məmnuniyyətlə keçdim, hərçənd məvacibim xeyli azaldı. Nəhayət, 1958-ci il yanvarın 10-da qəzetin birinci nömrəsi çapdan çıxdı. Həmin nömrədə Bakıda baş vermiş hadisələr barədə xəbərlər, istehsalat yenilikləri dərc olunmuşdu. Qəzetdə ədəbi yaradıcılığa xeyli yer ayrılırdı. Bizim qəzetin səhifələrində Abdulla Şaiq, Süleyman Rüstəm, Sabit Rəhman, Mirzə İbrahimov, Rəsul Rza, Hüseyn Abbaszadə, Qabil kimi sənət adamlarının qələmindən çıxan bədii nümunələrin dərc edilməsi ona marağı daha da artırır, oxucuların sayı çoxalırdı. ...Tədricən qəzetin tirajı artdı, biz bu qəzetə reklam əlavəsi nəşr etməyə başladıq. 1962-ci ildə isə rusdilli "Baku” qəzetinin nəşrinə başladıq. Bizim qəzetlər təkcə paytaxtda populyar deyildi, hətta Azərbaycanın ucqar rayonlarında da abunəçilərimiz vardı, bizə çoxlu oxucu məktubları gəlirdi”.

"Hər cümləni yazanda neçə dəfə ölçüb-biçirsən”

N.İmanquliyev 60 ilə yaxın müddətdə Azərbaycan mətbuatında səmərəli fəaliyyət göstərib, eyni zamanda 1947-ci ildə Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb, müəllim kimi çalışaraq gənc jurnalist kadrların yetişməsinə böyük əmək sərf edib. "Bakı” və "Baku” qəzetləri ötən əsrin 70-80-ci illərində jurnalist kadrlarının püxtələşməsində əsl məktəbə çevrilib. Burada vaxtilə Azərbaycan incəsənətinin və mədəniyyətinin bütöv nəsli yetişib. B.Vahabzadə, N.Xəzri, C.Novruz, G.Hüseynoğlu, N.Kəsəmənli və onlarca belə görkəmli şəxsiyyətlər bu sıradadırlar.


AzərTAc-ın sabiq baş direktoru, "Şöhrət" ordenli, əməkdar jurnalist Şamil ŞahməmmədovNəsir müəllimin tələbələrindən olub. Ş.Şahmməmədov müəllimi haqqında danışarkən bildirib: "Adətən, sevimli müəllimin haqqında xatirə yazanda dəfələrlə götür-qoy etməli olursan, onun təkrarsız məziyyətlərini ən dəqiq cizgilərlə təsvir etməyə çalışırsan, hamının yaxşı tanıdığı bir şəxsin obrazını özünə layiq ifadələrlə canlandırmaq istəyirsən. Əgər ustadın özü müqtədir qələm sahibi, tələbkar redaktor olubsa, məsuliyyət hissin qat-qat artır: hər cümləni yazanda neçə dəfə ölçüb-biçirsən, sanki zabitəli müəllim qarşısında imtahan verirsən. Mətbuatımızın görkəmli şəxsiyyəti, jurnalistlərimizin neçə-neçə nəslinin müəllimi, bir çox həmkarımızın, o cümlədən, mənim həyat və peşə taleyimin uğurlu məcraya yönəlməsinin səbəbkarı, qəzetçilikdə mükəmməl bir məktəbin yaradıcısı olmuş Nəsir İmanquliyevə hər dəfə dərin minnətdarlıq hissləri keçirirəm. Nəsir müəllim haqqında yazdığım xatirələrdə bir məqamı əvvəllər də vurğulamışam: unudulmaz ustadımız Azərbaycan mətbuatının tamhüquqlu klassiki adına layiqdir”.

"Hər gün işdən evə qayıtdıqdan sonra, gecə saat 2-3-dək çalışardı”
Nəsir İmanquliyevin nəvəsi – M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin rektoru, akademik Nərgiz Paşayeva babası haqqında danışarkən bildirib ki, sözün qüdrətindən istifadə etmək məharəti hər kəsə nəsib olmur: "Bu qüdrətdən istifadə etmək məharəti böyük yazıçılara, şairlərə xas olan ali keyfiyyətlərdir. Jurnalistlər bu qüdrətdən necə istifadə ediblər? Onların qarşısında hansı mətləblər və hansı prinsiplər durur? Jurnalist üçün ən vacib keyfiyyət onun ifadə etdiyi sözün vaxtında deyilməyindən asılıdır. Yazıçı istədiyini, düşündüyünü bu gün yazmasa da, sabah yaza bilər. Lakin jurnalist başqa cür hərəkət etməlidir. Jurnalist operativliyi bacarmalıdır. Bu mənada Nəsir müəllimin gördüyü işlər ona görə qiymətli idi ki, o, qəzet redaktoru kimi bu tələbləri son dərəcə dəqiqliklə bilir və özünün gündəlik fəaliyyətində onlara ardıcıllıqla əməl edirdi. Mənim yadımdadır, o, hər gün işdən evə qayıtdıqdan sonra, gecə saat 2-3-dək çalışardı. Bütün mətnləri özü yoxlayardı, gözdən keçirərdi. Gün ərzində baş verən elə bir hadisə olmazdı ki, onun redaktoru olduğu qəzetlərdə əksini tapmasın. Bu gün internet vasitəsilə hər şeyi izləmək olur. Lakin o vaxt bu imkan yox idi. O vaxt "Bakı" və "Baku" axşam qəzetləri mübaliğəsiz demək olar ki, bu günün xəbər agentliklərinin yerinə yetirdikləri işləri görür, hər gün baş verənləri operativ surətdə oxucularına çatdırırdı”.

Xeyirxahlıq, alicənablıq, nəciblik, yüksək daxili mədəniyyət və böyüklük
"Nəsir müəllim ömrünün sonunadək Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində dərs deyib. Ancaq zənnimcə, Nəsir müəllimin əsl universiteti "Bakı” və "Baku” qəzetləri olub. Professor Nəsir İmanquliyev universitet auditoriyalarında tələbələrə yalnız jurnalistikanın əsaslarını öyrədirdi. "Bakı” və "Baku”nun "auditoriyalarında” isə bizə qəzetçilik işinin incəlikləri ilə bərabər, jurnalistika məharəti, redaktə bacarığı, səbirlə işləmək vərdişləri, ən başlıcası isə Nəsir İmanquliyev şəxsiyyətinə xas olan xeyirxahlıq, alicənablıq, nəciblik, yüksək daxili mədəniyyət və böyüklük – ağsaqqallıq, təmkinlilik kimi məziyyətləri təlqin edirdi...” - fikirlər isə Nəsir müəllimin daha bir tələbəsi olan Azərbaycan Dövlət İnformasiya Agentliyinin baş direktoru Aslan Aslanov unudulmaz müəllimi haqqında xatirələrindəndir.

Professor Nəsir İmanquliyev1998-ci ildə Bakı şəhərində vəfat edib. Lakin onun zamanla mətbuatda, universitetdə keçdiyi yol, qoyub getdiyi nümunələr bir məktəb olaraq yaddaşlardadır.
Hazırladı A.Əhmədova

banner

Oxşar Xəbərlər