• çərşənbə, 24 Aprel, 11:32
  • Baku Bakı 13°C

Onun Şuşası

10.05.16 17:03 3337
Onun Şuşası


2013-cü ilin 30 sentyabrı. O gün çox yaxşı yadımdadır. O günü xatirimdə saxlayan, həm də onun indi də qulaqlarımda səslənən çıxışı idi...
...Beynəlxalq Muğam Mərkəzi Şuşayla bağlı möhtəşəm bir tədbirə qucaq açmışdı. Təşkilatçı Mədəniyyət və Turizm Nazirliyi, "Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” və Şuşa Rayon İcra Hakimiyyəti idi.
Foyedəki sərgiyə baxmadan zala keçmək mümkün deyildi. Çünki bu sərgidə Qarabağ vardı, Şuşa vardı. Tablolar, fotolar, xalça və xalçaçılıq nümunələri, bir sözlə, eksponatların hər biri Şuşanı, Şuşanın qədimliyini, ilkinliyini, gözəlliyini, unikallığını bir daha xatırladırdı. Baxdıqca gözün sevinirdi. Təəssüf ki, bu, dünənə bağlı sevinc idi. Gözlərini yaşla dolduran, yandıran bir eksponat da vardı həmin sərgidə: bir ovuc Şuşa torpağı. Sərgidəki görüntüləri isə dahi Üzeyirin adamın ruhunu titrədən musiqisi müşayiət edirdi...
Zal isə ağzınacan dolu idi. Ayaq üstə dayananlar əyləşənlərdən daha çox idi. Dövlət və hökumət adamları, beynəlxalq təşkilatların, diplomatik korpusların təmsilçiləri, səfirlər, millət vəkilləri, elm adamları, ziyalılar, ictimaiyyət nümayəndələri. Bir də şuşalılar – Şuşaya təşnə olanlar, Şuşadan ötrü "ölənlər”. Şuşanın həsrətini, Şuşanın nisgilini ən ağır dərd kimi gözlərinə tökənlər...
Tribunada isə o idi: Şuşa rayon İcra Hakimiyyəti başçısının ictimai-siyasi, humanitar məsələlər üzrə müavini, YAP Şuşa rayon Təşkilatı Qadınlar Şurasının sədri Vüsalə Fətəliyeva. "Qarabağın mədəni irsini qoruyaq” adlı tədbirin məruzəçisi o idi. Bu dəfə Şuşadan o danışırdı, Şuşanı o tanıdırdı. Ekranda asılan lövhədə isə Şuşanın bəxtəvər günləri, dağı-daşı, gülü-çiçəyi, abad məhəllələri, məşhurları, bəxtiyar insanları bir-birini əvəz edir, onun nitqinin təsir gücünü birə-beş artırırdı. Bir sözlə, zalda, səhnədə, ekranda yalnız "Şuşa” hökmran idi, yalnız "Şuşa” vardı, vəssalam...
Tarix danışmayan şahiddir, tarixi danışdırmaq lazımdır, deyirlər. Vüsalə xanım tarixi danışdırırdı. Şuşadan danışırdı, Azərbaycanın Şuşasından, özünün Şuşasından. Böyük məhəbbət və yanğı ilə Şuşanın ilklərini sadalayırdı...
"...Şuşa mədəniyyət və musiqi beşiyidir. Şuşa ipəyi, xalçası, çini qabları, zərgərlik nümunələri ilə dünya bazarına çıxıb, 19-cu əsrin əvvəllərində Tehran, Təbriz, İstanbul, Bağdad, Həştərxan, Moskva, Paris, Peterburq kimi böyük şəhərlərlə ticarət əlaqəsi qurub. Şuşa təbiətinin gözəlliyi ilə yanaşı, dünyəvi təhsili, elitar mühiti, özünəməxsus adət-ənənələri ilə dünyanın ən unikal şəhərlərindən biri olub. Pənahəli xan və İbrahim xan Qarabağ xanlığının paytaxtı Şuşanı qədim və orta əsrlərin şəhərsalma nümunələri əsasında yüksək səviyyədə bina etmişdilər. Şəhərdə 17 məhəllə, hər məhəllədə 17 məscid, 17 hamam, 17 mədrəsə vardı. Azərbaycan xalqının mədəniyyət tarixində ilk teatr, sirk tamaşaları, Avropa və Şərq konsertləri, musiqi, elm, maarif və bir çox sənət məclisləri, mətbəə, kitabxana, litoqrafiya, seminariya, fransız məktəbi, poeziya məclisi, fotoqrafiya, instrumental ifaçılıq, milli rəqslər, dünyəvi təhsil verən məktəb, maarif müəssisələri Şuşaya aiddir. Şuşa təkcə hərb tariximizə 15 general bəxş edib...
...Azərbaycanda ilk kitabxana Şuşa xanının sarayında yaradılıb; ilk dəfə futbol yarışı Şuşada bəy ailələrinin oğulları arasında keçirilib...
...Şuşa – Azərbaycan tarının birincisi Sadıqcanın, peşəkar musiqimizin banisi Üzeyir Hacıbəyovun Vətənidir; ilk qadın piano ifaçısı Firuzə Qacar Şuşada yaşayıb; Şuşa – YUNESKO-nun qərarı ilə 1964-cü ildə Azərbaycanda ilk dəfə qəbrüstü abidəsi götürülən, ensiklopedik biliyə malik şair, rəssam, xəttat və musiqişünas Mir Möhsün Nəvvab Qarabağinin Vətənidir; Azərbaycanın ilk diplomatı Yusif Vəzir Çəmənzəminli əslən Şuşadandır; diplomat, Azərbaycanın ilk dilçi tədqiqatçı alimi Əhmədbəy Ağaoğlu şuşalıdır; ilk fotoqraf Bağdadbəyli fəaliyyətə Şuşada başlayıb; ilk böyük xəstəxana Mehmandarovlar ailəsinə məxsus olub; Şuşa – biologiya üzrə ilk qadın elmlər dokoru, akademik Validə Tutayuqun, ilk xalçaçı rəssam Lətif Kərimovun Vətənidir; Şeksprin "Otello”su ilk dəfə 1904-cü ildə Azərbaycan dilində Şuşada tamaşaya qoyulub, Otello rolunu Haşımbəy Vəzirov oynayıb...”
Qəfil dayandı, üzünü dopdolu zala tutub, dərindən nəfəs aldı. Sanki bayaqdan "dil-dil ötən”, qürurla "Şuşası”nın Azərbaycana bəxş etdiyi ilkləri sadalayan o deyildi. Qəhərlənmişdi, gözləri dolmuşdu, kövrək səslə: "İlklər çoxdur, yenə sayımmı?..” deyə sual etdi. Cavab zalı başına götürən alqış sədaları oldu...
O, nitqini alqış sədaları altında "Bu tədbir sabaha ümidimizdir, Şuşaya döndükdən sonra orada keçirəcəyimiz şənliklərə bir hazırlıqdır. Biz Qarabağa qayıdacağıq, mütləq qayıdacağıq! Bədnam düşmənlərimiz o böyük və müqəddəs tarixi məhv edə bilməyəcəklər...” fikri ilə başa vurdu.
Vüsalə xanım 10-15 dəqiqəlik çıxışı ilə məqsədinə çatmışdı, nitqi salonda böyük rezonans yaratmışdı. Tədbirdən sonra səfirlər, xarici təşkilatların və diplomatik korpusların nümayəndələri onu əhatə etmişdilər...

Nigaran Şuşa, narahat şuşalılar...

8 may Şuşanın işğal günüdür. 1992-nin o günündən bu günə təkcə şuşalılar yox, hamımız Şuşa həsrəti ilə, bu həsrətin tezliklə sona çatacağı günün ümidi ilə yaşayırıq. Şuşa nigaran, şuşalılar narahatdır. Vüsalə Fətəliyeva həmin narahat şuşalılardan biridir...
Doğulduğu yurda, el-obaya çox bənzəyir Vüsalə xanım. Çöhrəsində nəcib bir əxlaqın, mənəviyyatın gözəlliyi var, ağayanalıq var. Qürurludur, mərdi-mərdanədir, cəsarətlidir, xeyirxahdır, səmimidir. Bu sıraya qəhrəman sözünü də əlavə edirdim. 24 ilin ağrı-acılarına, itkilərinə dözmək özü də qəhrəmanlıq, hünər istəyir adamdan. Amma bütün bu çətinliklər onu sındırmayıb, onu kobudlaşdırmayıb, onu qadınlıqdan uzaqlaşdırmayıb. Ümumiyyətlə, şuşalıların tədbirlərində çox iştirak etdiyimdən onların hamısına xas olan bir ortaq cəhəti vurğulamaq istəyirəm. Gözlərində nə qədər kədər, nisgil olsa da, qürurlarını saxlayırlar, Şuşanın işğaldan əvvəlki mədəni mühitini qoruyurlar.
Və nə qədər qəribə görünsə də, onu da deyim ki, hər dəfə Vüsalə xanımla görüşəndə xarakteri ilə tutduğu vəzifənin tərs mütənasib olduğunu düşünürəm. Qarabağın mələk təbiətli xanımlarına xas xarakteri daşıdığı statusa qətiyyən adekvat deyil. Gülərüz, ipək kimi yumyumşaq, həlim xasiyyətli, nəcib, ürəyiyuxadır və olduğu kimidir, zahiri görüntü üçün ciddiyyət yaradan məmurlardan deyil. İnsanlara münasibəti, ünsiyyətindəki səmimilik o qədər şəffafdır ki... İşində isə çox ciddidir. Elə bir məsələ yoxdur ki, ona biganə qalsın, yaxud elə bir şuşalı yoxdur ki, onun qapısını ürəklə açmasın. Buna görə də şuşalılar başına and içir...
O, Şuşanın ziyalı ailələrindən birinin övladıdır. Mamayı məhəlləsində doğulub. Atası Mustafa ədəbiyyat, anası Səmayə xanım ibtidai sinif müəllimi olub. Bu ailədə Vüsalə, Nərminə adlı iki qız, Nizami, Fətəli və İlhami adlı üç oğul böyüyüb. Bacılar atalarının yolu ilə gedib. Fətəli və İlhami memar-mühəndisdir. Rəhmətlik qardaşı Nizami atası kimi şeirlər yazarmış. Vüsalə xanıma ədəbiyyatı sevdirən təkcə atası yox, həm də oxuduğu kitablar olub. İndiki Bakı Dövlət Universitetini bitirib, ixtisasca filoloqdur. Hələ orta məktəb illərində yazdığı məqalələri oxuyanlar onu jurnalistikaya yönəltmək istəyiblər. O isə öz seçimində qalıb. Bakıda təhsildən sonra isə Şuşaya qayıdıb. Müəllim işləyib, gənc yaşlarından Şuşa Musiqi Texnikumunun direktor müavini təyin edilib. O vaxtdan onun parlaq gələcəyinə inanıblar. Müharibə isə qəfil döyüb qapını. Onun da uğur pillələri yarıda qalıb. Ömrünün şuşasızlıq dövrü başlayıb. Alışa bilmədiyi, alışmaq istəmədiyi şuşasızlıq. Amma özünü ələ alıb, çətində, dar məqamda da sözünü deyə bilib, Bakıda da varlığı görünüb və yeni uğurlarına yol açıb. Bir müddət Təhsil Nazirliyində, Təhsil Problemləri İnstitutunda, sonra Bakı şəhər Təhsil İdarəsində işləyib. YAP üzvü kimi fəallığı isə onu YAP Şuşa rayon Təşkilatı Qadınlar Şurasının sədri vəzifəsinə qədər yüksəldib. 2003-cü il sentyabrın 28-də Azərbaycan qadınlarının 2-ci qurultayındakı çıxışı onu daha çox "məşhurlaşdırıb”. Həmin qurultayın iştirakçısı kimi mənim də xatirimdədir. Qurultayın tribunasından Şuşa qadınlarının harayını gündəmə gətirmişdi, auditoriyaya çatdırmışdı, onların ümidlərindən söz açmışdı. "Ermənistanın təcavüzü nəticəsində Şuşa qadınlarından 26 nəfəri həlak olub, 12 nəfər itkin düşüb. Rayon əhalisi 60 rayona səpələnib. Bu, böyük problemdir. İtkin düşən ərini, qardaşını gözləyən, övladının intiqam gününü gözləyən Şuşa qadınları sabaha inamla baxırlar...”
2009-cu ildə Bayram Səfərovun Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, onun isə başçının müavini təyin edilməsi şuşalıların ürəyindən xəbər verdi. Çünki hər ikisi şuşalıların içindən çıxmışdı, şuşalıların təbiətinə bələd idi, Şuşanın hər qarışını əzbər bilirdi, Şuşanın vurğunu idi, nəhayət, hər ikisi milli düşüncə sahibi, vətənpərvərlik nümunəsi idi. 9 il keçir bu təyinatdan.

Mənim yaddaşımdakı Şuşa...

...Şuşada doğulmasam da, mən də bu şəhəri ikinci evimiz saymışam həmişə, onu ruhumla duymuşam. Tələbəlik illərində yay tətillərini, demək olar ki, bu şəhərdə keçirərdim. Hər yay rəhmətlik Tovuz xalanın kirayənişini olardıq. Bu mehriban qadın ikimərtəbəli abad evinin ikinci mərtəbəsinin qapılarını bizim üçün açardı. Evi şəhərin mərkəzində yerləşdiyindən digər rayonlardan da kirayənişinləri olardı. Şuşanın dolamalarından tutmuş, Cıdır düzü, Topxana meşəsi, İsa bulağınadək keçdiyim hər yer indi də gözümün önündədir. Yolboyu gözünü sevindirən axarlı-baxarlı mənzərələr, yaşıllıqlar adama gəl-gəl deyərdi. Yeddi dolama qalxardı Şuşaya. Sonuncu dolamada Xankəndi ayağının altında qalmış kimi görünərdi. Həm də bumbuz hava vurardı üzünə, bu, Şuşanın havası idi...
Şuşanın İçərişəhərin daş döşəməli küçələrini xatırladan küçələrini keçib Cıdır düzünə qalxardıq. Cıdır düzündə keçirilən musiqi bayramları bir başqa aləm idi. O boyda Cıdır düzündə adam əlindən tərpənməyə yer olmazdı. Xüsusilə yay aylarında bura gəlib-gedənlərin ayağı kəsilməzdi. Azərbaycanın məşhur musiqiçilərini, mədəniyyət və incəsənət xadimlərini ilk dəfə burada görmüşdüm. Mayestro Niyazinin dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında "Koroğlu”nun uvertürasını Cıdır düzündə canlı dinləmişdim. Dahi Niyazinin avtoqrafı da həmin gündən xoş xatirədir, sonralar ondan müsahibə də alacaqdım.... Hələ konsertin şirin yerində göyün qəfil nərə çəkməsini, şıdırğı yağan yağışı demirəm. Qəribə bir də o idi ki, bu yağış heç kimin əhvalını pozmamışdı, əksinə, hamı, sanki bu çağırılmamış qonağın gəlişinə sevinmişdi. Göydən nur səpələnmişdi yerin köksünə. Şuşa torpağının, Cıdır düzünün kəklikotulu, Xarı bülbüllü qoxusunu yaymışdı dörd yana. Amma bu "çoban aldatdı yağış” tez kəsmişdi. Günəş tezcənə gülümsəmişdi üzümüzə. "Fatma nənə də göy qurşağını çəkmişdi göyün üzünə”. O doyumsuz mənzərədən, doğma torpağın acgözlüklə ciyərlərimizə çəkdiyimiz o qoxusundan ötrü indi də ürəyim gedir...
Həmin unudulmaz gündə Cıdır düzündə təsadüfən rəfiqəm, bərdəli, hüquq fakültəsinin tələbəsi Nüşabə ilə görüşmüşdüm. Konsertdən sonra şər qarışanadək Cıdırın yamacında baş-başa verib Daşaltı çayının şırıltısına qulaq asmışdıq, əlçatmaz Topxana meşəsini seyr etmişdik, İbrahim xanın dağın döşündəki qəsrinə baxmışdıq. O bənzərsiz gözəlliyin, o rəngarəng təbiətin müəllifi Allah idi. Və o harmonik gözəllik və möhtəşəmliyi məhz şuşalıların taleyinə yazmışdı, şuşalılar üçün yaratmışdı...
O günü qoyub, bu günə gəlim... Milli Televiziya və Radio Şurasının sədr müavini, istedadlı şairə-publisist Sona Vəliyeva Şuşa Rayon İcra Hakimiyyətində işğalın 24-cü ildönümünə həsr olunan tədbirdə Şuşa sevgisindən, Şuşa ilə bağlı araşdırmalarından, əsərlərindən danışarkən belə bir fikir söylədi: "Şuşa xüsusi vəhylə Pənahəli xana yeri göstərilən yerdir. Şuşa bir sehrdir. Bir Şuşa sevgisi var içimizdə, bu sevgini Allah özü göndərib...”

"Şuşa Azərbaycan xalqının ruhunun beşiyidir...”

Yuxarıda dedim, Vüsalə xanım gözəl natiqdir. Tutarlı arqumentləri, ağıllı dəlilləri ilə auditoriyanı tez bir zamanda ələ alır, cazibəsinə salır. Dəfələrlə ondan sonra tribunaya çıxanların etirafını eşitmişəm: "Vallah, adam Vüsalə xanımdan sonra danışmaq istəmir”. Təkrar deməkdə məqsədim var. Söz-söhbəti də qeyrətlidir. O, bir çıxışı ilə minlərlə insanı öz ardınca apara bilər. Şuşa ilə bağlı hər sözü, hər kəlməsi birbaşa adamın şüuruna, duyğularına, ürəyinə təsir edir.
Deyir, Şuşada ulu babalarımız yaşayıb, atalarımız doğulub, bacı-qardaşlarımız dünyaya göz açıb, şuşalı olmaq böyük xoşbəxtlikdir. Amma Şuşa təkcə orada doğulan biz şuşalıların yurdu deyil, bütöv bir xalqın ruhunun beşiyidir, Vətənidir. Bu millətə qaymaqlar bəxş edən şəhər ən əziz abidə, qala kimi bütün azərbaycanlıların qəlbində qərar tutub. Biz bu 24 ildə Prezident İlham Əliyevin, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın sonsuz qayğısını gördük. Təkcə Mehriban xanımın "Nə qədər ki, Şuşa erməni qoşunlarının işğalı altındadır, biz hər birimiz şuşalıyıq” fikri, bilirsinizmi, bizim üçün nə deməkdir? Bu 24 ildə biz şuşalılar ziyalıların, mədəniyyət, incəsənət, söz adamlarının, sadə insanların dəstəyini hiss elədik. Xanım yazar Sona Vəliyeva Şuşanın tarixini araşdırıb, o tarixdən roman yazırsa, Şuşanın işğal gününü şuşalılarla birgə qeyd edirsə, onların qarşısında: "Əhd edirəm ki, sizin hər birinizin qapısını öz qapım kimi açacağam Şuşada...” deyirsə, bu, hər bir azərbaycanlının ürəyinin Şuşa ilə döyünməsi deyilmi?...
Amma daha Şuşanın xatirələri ilə yaşamaq istəmirik, indi 24 ildə şuşasız yaşadığımız acılı-şirinli xatirələrimizi götürüb Şuşaya qayıtmaq istəyirik. Təhsil Nazirliyinin Ulu öndər Heydər Əliyevin 93-cü ildönümü münasibətilə məktəblilər arasında keçirdiyi "Ən yaxşı təqdimat” müsabiqəsinin respublika mərhələsinin qalibi, Şuşa məktəblisi Aytac Cavadbəyli çıxışında ruhumuzu donduran bir söz dedi: "Mən şuşalı - Şuşasız olduğum üçün əzab çəkirəm”. Bu, şuşalıların vətənpərvərliyidir, yurda bağlılığıdır, bizi ən çox sevindirən də elə şuşasız doğulan şuşalıların bu cür düşünməsidir.

Şuşaya qayıdacağıq...

Aprel hadisələri onu da çox kövrəldib, Şuşaya qayıtmaq ümidini göyərdib. Tezliklə Şuşaya dönəcəklərinə çox inanır. Aprelin əvvəlində Ermənistanın təxribatı nəticəsində təmas xəttində baş verən hadisələr, Ordumuzun bu təxribata layiqli cavabı, Prezident İlham Əliyevin qətiyyəti şuşalılarda da böyük ruh yüksəkliyi yaradıb, Qələbəyə inam hissini daha da artırıb.
Vüsalə xanım deyir ki, aprel hadisələri bizi millət kimi səfərbər elədi. Bir xalq kimi sübut etdik ki, övladdan da şirin şey var dünyada. Bu, Vətəndir. Övladı şəhid olan analar "Vətən sağ olsun” dedilər. Şəhid verməyimiz bizi üzür, amma axan qanlar yerdə qalmayacaq. Cənnətdə uyuyan oğulların ruhu qənim kəsiləcək düşmənə. Ordumuz alacaq qisasımızı. Əgər ehtiyac olarsa, biz analar, qadınlar da əsgər balalarımızın yanında olacağıq, təki Qarabağı azad edək.


...Ürəyində bir Şuşa, bu Şuşada bir məhəllə var: Mamayı məhəlləsi. Bu məhəllədə sadə, sakit, mehriban bir ailə yaşayır – Mustafa ata ilə Səmayə ananın ailəsi. Bu ailədə beş bəxtəvər bacı-qardaş var: Vüsalə və Nərminə, Nizami, Fətəli və İlhami... Yox, nə o məhəllə dağılıb, nə o ev viran qalıb, nə o nurani ata, nə o xanım ana, nə də qardaşı Nizami Şuşasızlıq dərdindən dünyasını dəyişib. "Şuşası” da öz yerindədi, əzizləri də. Lap 24 il əvvəldə olduğu kimi. ONUN ŞUŞASI 24 il əvvəlki kimi donub qalıb xəyalında. O isə hər gün, hər saat, hər dəqiqə o ilkinliyə, o müqəddəsliyə, o bəxtəvərliyə can atır. "Şuşası”nı, həm də bir ana kimi üç qızına, altı nəvəsinə tanıtmaq üçün...
Qoy Allah tezliklə xəbərlərdən ən gözəlini, Şuşanın azadlığı xəbərini yetirsin Vüsalə xanıma. Şuşasız keçirdiyi günlər isə bir yuxu, bir xəyal, acı bir xatirə kimi qalsın yaddaşında. Şuşalılar yalnız Şuşada rahatlıq tapa bilərlər – bunu yaxşı bilirəm...

FİRUZƏ NADİR




banner

Oxşar Xəbərlər