• çərşənbə, 24 Aprel, 16:11
  • Baku Bakı 27°C

“Onu tapdığımdan xoşbəxt idim”

30.07.14 11:10 1961
“Onu tapdığımdan xoşbəxt idim”
Onun üçün o, sadəcə Alya idi. «Bir-birini tam mənada anlama»- Aleksandr İsayeviç Soljenitsın Natalya Dmitriyevna ilə öz həyatını belə xarakterizə edirdi. Onlar 1968-ci ildə Moskvada - yazıçının A.D.Saxarovla akademik E.L.Faynberqin mənzilindəki ilk görüşünə 2 saat qalmış tanış olmuşdular. Sonralar Saxarov 50 yaşlı Soljenitsınin hisslərini belə xatırlayırdı: «Canlı mavi gözlər, sarımtıl saqqal, qeyri-adi yüksək tembrli nitqi, dəqiq hərəkətləri məqsədyönlü fəaliyyətin nümunəsi idi. Saxarovla tanışlıq çox əhəmiyyətli idi. Axı, iki nəhəng dissidentin görüşü sonradan SSRİ-də dissident hərəkatının iki qütbünü ifadə edirdi. Alya ilə görüş isə son dərəcə işgüzar idi. O özünə köməkçi qismində makinada işləməyi bacaran gənc entuziazistlər, ən əsası, etibar oluna biləcək insanlar tələb edirdi. Soljenitsın üçün bu, çətin dövr idi. Qərbdə artan şöhrəti onu müşayiət edirdisə, SSRİ-də onu nəinki çap edirdilər hətta çapını xatırlamağa qoymurdular. Yazıçılar İttifaqının mexanizmində də boşluqlar vardı. 1968-ci ildə Sovet qoşunlarının Çexoslovakiyaya hücumu başladı və Stalin dövrünün yenidən qayıtması haqqında danışırdılar. Soljenitsın o vaxt Riyazan ətrafında Rojdestvo kəndində yaşayırdı və heç cür «Qırmızı təkər»ı yazmağa başlaya bilmirdi. Çoxlu variantlar yaranmışdı, amma yaza bilməmişdi.
Soljenitsının senzuranın ləğvi və DTK tərəfindən yaradıcı ziyalılara qarşı yönəlmiş təqiblərə son qoymaq tələbi ilə SSRİ yazıçılarının qurultayına ünvanladığı açıq məktub (1967) mətbuatda yazıçının əleyhinə geniş «ifşa» kampaniyasının başlanmasına səbəb olmuşdu. 1968-ci ildə sovet quruluşunun antibəşəri mahiyyətinə və Stalin rejimin özbaşınalıqlarına qarşı çevrilmiş “Xərçəng gövdəsi”, “Birinci dairədə” kimi romanlarının özündən xəbərsiz Qərbdə çap edilməsi isə vəziyyəti daha da ağırlaşdırmışdı. Yazıçı bunu həbsinə hazırlıq kimi qiymətləndirmişdi.
Tanrının hədiyyəsi
Soljenitsın qəlbində rahatlıq yaratmağa çalışsa da yaradıcılığı və ümumən fəaliyyəti ilə bağlı təhdidlərdən qurtula bilmirdi.
Soljenitsınin 1969-cu ilin qışından yaşamağa başladığı taxta evdə çox soyuq idi. 4 dərəcə şaxta vardı. Nəhayətdə, birinci arvadı Natalya Reşetovskaya ilə münasibətləri də korlanmışdı. «Sənə qadın, ailə lazım deyil»- deyə arvadı hirslənəndə «Hə, mənə arvad, ailə lazım deyil, mənə roman yazmaq lazımdır» - deyə cavab verirdi. Natalya isə «Hesab elə ki, sənin arvadın yoxdur» - deyə qışqırırdı. Əslində isə ona həyat yoldaşı və ailə lazım idi. Həqiqətən ona «Qırmızı təkər»ı – həyatının ilk əsərini yazmaq lazım idi. Ancaq onun adına ölkədə faktiki olaraq qadağaların qoyulduğu bir şəraitdə Qərbə emiqrasiya etmək arzusu yox idi. Belə bir insanın həyat yoldaşı olmaq təkcə çətin deyildi. Burda qəlbin tam yaxınlığı lazım idi. «Mən Alyanı tanıyanda – onu xoşbəxtcəsinə kəşf etdim» - deyə Soljenitsın 2007-ci ildə xatırlayırdı. «İşgüzar demək azdır. Onun cəsarətli hazırlığı, dəqiqliyi, lokanikliyi var idi. Taktikası, hərəkətlərin ifadəsi, cəhdliyi məni valeh edirdi. O, bu templə demək olar ki, mənim bütün fəaliyyətimi yarıbayarı bölüşürdü. Bundan əlavə, onun rus köklərinə mənəvi bağlılığı, rus dilinə hədsiz diqqəti meydana çıxırdı.
Alya Moskvada ana babası F.Y.Svetlovun həbsindən yarım il sonra doğulmuşdu. Babası həbs düşərgəsində vəfat etmişdi. Onun arvadı nəhəng rus bibliofilinin əməkdaşı idi. Anası Yekaterina Ferdenandovna əslən moskvalı, atası Dmitri İvanoviç Velikorodnıy Stavropol kəndlisi idi. Onlar Qazaxıstanda aclıqla keçən köçürülməyə də məruz qalmışdılar. O, nənəsi ilə kilsəyə gizlin gedərdi. Daha sonra yüz kilometrlik yolu babası üçün düşərgəyə bağlama daşıyardılar. Universitetin mexanika-riyaziyyatında oxusa da, onun filologiyaya daha çox həvəsi vardı. Ancaq ideologiyaya nifrət etdiyindən bu sahəyə getməmişdi. Nəhayət, bu elmləri görkəmli akademik A.N.Kolmoqorovun rəhbərliyi altında uyğunlaşdırıb işləmişdi. Kolmoqorov onu öz laboratoriyasına qaytarmaq istəsə də, onun Soljenitsınlə tanışlığı artıq Lyubyankada məlum idi. «Bizə beləsi lazım deyil»-deyə akademikə bildirdilər. Onun güclü xarakteri, qeyri-adi iş qabiliyyəti, füsunkar görkəmi vardı. Bir neçə il keçəndən sonra Alya: «Aleksandr İsayeviçə ərə gedəndə onun üçün nə etmək istədiyim artıq mənə aydın idi. Mən bilmirdim, alınacaqdımı? Döyüşü – bölüşmək. Əməyi – bölüşmək. Ona layiqli övlad verib böyütmək. Döyüş həmişə gedirdi və bitmirdi. İş həmişə davam edirdi və qurtarmırdı». Dördüncü, ya beşinci görüşləri zamanı o, əlini Alyanın çiyninə qoyub minnətdarlığını ifadə etdi. «Bu hərəkətdən bizim bütün həyatımız müəyyənləşdi». O, istər-istəməz gizli inqilabi fəaliyyət göstərən və kiməsə az etibar göstərən insan kimi artıq 1969-cu ildə başa düşdü ki, Alya təkcə onun həyat yoldaşı olmayacaq, həmçinin ədəbi varisi olacaq. Rusiya telekanalı ilə göstərilən ilk televiziya müsahibəsində, hələ Soljenitsının ailəsi sürgündə olanda: «Onsuz heç nə edə bilməzdim»- deyə etiraf edəndə sifəti qeyri-adi xoşbəxt bir təbəssümlə işıqlandı. Aydın oldu ki, əsl xoşbəxtlik təkcə nəyəsə çatmaq deyil, hətta inadla və gərgin əməklə onu qazanmaqdır. Bu, bütün hallarda təsadüf və Tanrının hədiyyəsi idi. Bir dəfə və bütün həyatın boyu.
Vətənə qayıdış
1969-cu ildə Soljenitsının adı Nobel nominantları sırasına düşsə də, mükafat ala bilməmişdi. Növbəti 1970-ci ildə isə İsveç Akademiyası artıq dissident kimi tanınan müəllifi “Böyük rus ədəbiyyatının ənənələri ilə qidalanan əsərlərinin mənəvi qüdrətinə görə” Nobelə layiq bilmişdi. Şübhəsiz, bu seçimdə Soljenitsın əsərlərinin şəksiz məziyyətləri ilə yanaşı siyasi amillərin də mühüm rolu olmuşdu. Əvvəlcə Soljenitsın mükafatı almaq üçün Stokholma getmək istəyirdi. Lakin sovet mətbuatında əleyhinə başlanan sərt kampaniya onu fikrindən daşındırdı. Yazıçı SSRİ-ni tərk edəcəyi təqdirdə bir də ölkəyə buraxılmayacağını nəzərə alaraq mərasimə qatılmaq fikrindən vaz keçdi. Onun mükafatın Moskvadakı İsveç səfirliyində təqdimi ilə bağlı təklifini isə SSRİ ilə münasibətləri korlamaq istəməyən İsveç tərəfi qəbul etmədi. Beləliklə, Soljenitsın Novel mükafatını yalnız 1974-cü ildə ala bildi.
Yazıçı mühüm əsərlərindən birini – “QULAQ arxipelaqı” epopeyasını artıq 1967-ci ildə başa çatdırdı. 70-ci illərin əvvəlində isə o, "Qırmızı təkər" romanı üzərində işləyirdi. Fəal dissidentlərdən sayılmasa da, əlaqələri və fəaliyyəti daim xüsusi xidmət orqanlarının diqqət mərkəzində idi. 1973-cü ildə DTK onun köməkçilərindən birini – E.Voronyanskayanı dindirmiş və nəticədə “QULAQ arxipelaqı”nın nüsxələrindən birini ələ keçirməyə müvəffəq olmuşdu. Hadisədən sarsılan qadın isə özünü asaraq həyatına son qoymuşdu.
“Həmin vaxta qədər gözləmə mövqeyi tutan Soljenitsın əsərlərinin xaricdə çapına rəsmən razılıq vermişdi. Bu bütün sovet rejiminə meydan oxumaq idi və təbii ki, artıq qarşı tərəfin də səbir kasası dolmuşdu”- deyə Alya xatırlayırdı: “Ən yüksək dairələrdə aparılan müzakirələrdən sonra 1973-cü il fevralın 12-də Soljenitsın dövləti cinayətkar kimi həbs edildi, sovet vətəndaşlığından çıxarıldı, ertəsi gün isə SSRİ-dən AFR-ə deportasiya olundu. Sonradan mənə üç uşağımla birlikdə ərimə qoşulmağa izin verildi. İki il Sürixdə yaşadıqdan sonra 1975-ci ildə ABŞ-ın Vermont ştatına köçüb orada məskunlaşdıq”.
1973-cü il martın 3-də Sürixdən SSRİ rəhbərliyinə göndərdiyi “Açıq məktub” Qərbdə Soljenitsına münasibətin dəyişməsinə, onun millətçilikdə və şovinizmdə ittiham olunmasına əsas veridi. Müəllif həmin məktubunda SSRİ-ni ləğv etməyə, ölkə ərazisində böyük rus milli dövləti qurmağa çağırırdı. Velikorus millətçiliyi qoxusu verən bu çağırışda sovet imperiyasındakı qeyri-rus millətlərin maraq və mənafeləri qətiyyən nəzərə alınmamışdı. Çox qısa müddətdə əsl simasını üzə çıxardığına və Qərb dəyərlərinə qarşı çevrilmiş bir sıra çıxış və müsahibələrinə görə Qərbdə onu “utopik irticaçı” adlandıranlar da tapıldı.
Keçmiş SSRİ-də yenidənqurma və aşkarlıq dövrünün başlanması ilə Soljenitsına münasibət də kökündən dəyişildi. 1990-cı ildə vətəndaşlığı bərpa olundu, “QULAQ arxipelaqı” romanına görə isə SSRİ Dövlət mükafatına layiq görüldü. 1992-ci ildə ABŞ-da rəsmi səfərdə olan Rusiya prezidenti B.Yeltsin Soljenitsınla görüşərək Rusiyanın tarixi keçmişi və gələcək inkişaf perspektivləri ilə əlaqədar ətraflı fikir mübadiləsi aparmışdı. Həmin görüşdə yazıçıya vətənə qayıtmaq təklifi olunmuşdu. Yeltsin hökumət məmurlarının iqamətgahları yerləşən “Sosnovka 2”-də mülk tikməsi üçün Soljenitsına geniş torpaq sahəsi ayırmışdı. “1994-cü ilin mayında biz Vermont ştatından Vladivostoka uçduq. Oradan isə qatarla Rusiya ərazisinin böyük bir hissəsindən keçərək Moskvaya qayıtdıq. Bundan sonra Rusiyada Soljenitsın kultu başlandı. 1997-ci ildə Solşenitsın Rusiya EA-nın həqiqi üzvü seçildi, Akademiyanın Lomonosovun adını daşıyan Böyük Qızıl medalı ilə mükafatlandırıldı. Ölkənin ali mükafatı – Andrey Pervozvannı ordeni ilə təltifi ilə bağlı sərəncam imzalansa da (1998) Soljenitsın “Rusiyanı indiki acınacaqlı duruma salmış ali rəhbərliyin əlindən belə bir mükafat almaq istəmədiyinə görə” təltif baş tutmadı”. 2006-cı ildə Aleksandr Soljenitsın Rusiya Federasiyasının Dövlət Mükafatı laureatı olmuşdu. Yazıçı da öz növbəsində, adını daşıyan ədəbi mükafat təsis etmişdi. XX yüzilliyin əvvəllərində Lev Tolstoyun Rusiyanın mədəni və mənəvi həyatında oynadığı rolu aradan yüz il keçəndən sonra Soljenitsının öz üzərinə götürdüyünü müşahidə etmək o qədər də çətin deyildi. Bunu isə Rusiya cəmiyyətində hamı eyni məmnunluqla qarşılamırdı. Başqa bir dissident yazıçı – Vladimir Voynoviç “Moskva-2042” romanında ad çəkməsə də Rusiyanı yenidən qurmaq istəyən Soljenitsının satirik obrazını yaratmışdı.
Həyatının son illərini Moskvada və Sosnovkadakı bağ evində keçirən Soljenitsın 30 cildlik külliyatını çapa hazırlanması ilə məşğul olurdu.
2005-ci ildə onun seçilmiş əsərlərinin nəşri ilə bağlı “Zaman” nəşriyyatı ilə müqavilə imzalanır. “Biz hesab etdik ki, nəşr tez işıq üzü görəcək. Çünki kitablar artıq yazılmışdı. Bizə elə gəlirdi ki, təkcə onları toplamaq və nəşr etdirmək qalır. Ancaq həyat yoldaşı bizə həmişə xatırladırdı ki, bu, çox uzun və mürəkkəb işdir. Biz ümid etdik ki, 2010-cu ilə qədər nəşri başa vurarıq. Amma Natalya dedi ki: «Özümüzü aldatmaq lazım deyil, biz nəhəng paralel iş aparırıq». Biz o zaman söhbətin nə barədə getdiyini başa düşmürdük. Sonra isə hər şey məlum oldu. Məsələ onda idi ki, Aleksandr İsayeviç ömrünün son illərində çox intensiv işləyib. Cəsarətli insan kimi o, özünə hesab verib ki, onun yer üzündəki həyatı daimi deyil və son illərdən kifayət qədər səmərəli istifadə etmək lazımdır. Arvadı da ona yaxından dəstək olub. Bu gün nəşriyyat artıq 16-cı cildi nəşr edib”. İkisi isə hələ istehsaldadır. Hələ 12 cildi də qalıb”. Hazırda yubileyini qeyd edən vəfalı və işgüzar qadın - Rusiya İctimai Fondunun prezidenti vəzifəsində çalışan Nataliya Dimitryevna hesab edir ki, bu çətin və məsuliyyətli iş ölkə rəhbəri V.Putinin sərəncamı ilə yazıçının 2018-ci ildə keçiriləcək 100 illik yubileyinə qədər başa çatacaq və Soljenitsının adına layiqli töhfə olacaq.
“Rossiyiskaya qazeta”dan
Tərcümə etdi Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər