• çərşənbə axşamı, 23 aprel, 16:03
  • Baku Bakı 24°C

Onu mütləq oxumaq məsləhətdi

30.07.14 11:33 3019
Onu mütləq oxumaq məsləhətdi
Ursula Le Quin hansısa kateqoriya və ya yazdıqları müəyyən janra aid edilməsi çətin olan yazarlardandır. Amma görkəmli ədəbi tənqidçilər belə dünya ədəbiyyatına baş vurmuş qiraətsevərlərə Quini gözdən keçirməyi mütləq məsləhət bilir. Xüsusilə fantastik janra aid edilən, amma eyni zamanda elmi mülahizələrin daha geniş yer aldığı əsərləri ilə Quin “Uçuşdan uçuşa” (“Changing planes”) , “Mülksüzlər” kimi nəhəng ədəbi nümunələrə müəlliflik etdi. Amma dünya ədəbiyyatında Quin həm də uğurlu ədəbi tənqidçi və tərcüməçi kimi də böyük nüfuza sahibdir.
1929-cu ildə anadan olmuş amerikalı yazıçı Ursula Kroeber Le Quin dünya ədəbiyyatında uşaqlar üçün fantastik janrda yazdığı kitabları, qısa hekayələri ilə tanınır. Yaradıcılığa şeirlə başlayan və poeziyada da uğurlu hesab olunan yazıçının ilk işləri 1960-cı illərdə nəşr olunub. Yazdığı esseləri ilə də tez-tez gündəmə gələn Quinin fantastikasının Tolkiendən (Con Ronald Tolkien XX britaniyalı yazar, şair – 1892-1972 – red. E.S.) təsirləndiyi iddia edilir. Çox erkən yaşlarından ədəbiyyatla maraqlanan və nəşr olunmağa tələsən yazıçı uzun müddət rədd cavabları alıb. “Uzaq sahil” (“The farthest shore”), “Başqa nəfəs” (“The other wind”), “Rokannonun dünyası” (“Rocannon’s world”), “Sürgünlər planeti” (“Planet of exile”), “Qaranlığın sol əli” (“The Left Hand of darkness”) kimi bir çox əsərin müəllifi olan Ursula Le Quin çoxsaylı beynəlxalq ədəbi mükafatların qalibidir.
“Hekayəni hekayə edən müəllifin “bundan sonra nə olacaq?” sualının cavabını bilmək istəməsidir. Hekayənin balaca hissəsi belə sizi növbəti hissəyə həvəsləndirməli, sürükləməlidir. Bu prosesi qaçmaq kimi də təsəvvür edə bilərsiniz, bir ayağınızı o birindən əvvələ qoymalısınız, sonra sıra ilə yerlərini sürətlə dəyişməli, bütün bədəninizi irəliyə kökləməlisiniz. Üstəlik qaçanda ətrafda mənzərə görmək imkanınız da yoxdur. “Özümü saxlaya bilmirəm” dediyiniz işlər kimidir hekayə yazmaq. Qaçmaq kimi sürətli, həzz və həyəcan üçün, yüngülləşmək üçün edilən şeydir.
Bir də yerimək kimi olan hekayələr var. Mütəmadi, intizamlı, özünüzü gəzintinin axışına verirsiniz, ətrafınızdakı hamını, hər şeyi, əvvəllər heş görmədiyiniz mənzərələri görə-görə uzun yollar qət edirsiniz. Bu gəzinti sizi əvvəllər heç getmədiyiniz yerlərə də apara bilər.
Sonra rəqs etməyə bənzəyən hekayələr var. Belə hekayələrdə növbəti hadisə özündən əvvəlkinin içində böyüyür, ondan gəlir, amma elə bildiyiniz kimi dümdüz və sakit yox, eyni ilə rəqsdə olduğu kimi dairələr, aldadıcı hərəkətlər, manevrlər, təkrarlar, jestlərdən qidalana-qidalana doğulur. Əgər bu həqiqətən əzəmətli rəqsdirsə, onda bütün hərəkətlər bir-birilə sıx bağlı olacaq, hər biri özündən əvvəlki hərəkəti izləyəcək, əvvəlcədən müəyyən olunmayacaq, amma qeyri-ixtiyari şəkildə zəncir yaradacaq”.
- Ədəbi aləmə qoşulub, yazmağa başlayanda çox satılan və dəfələrlə tirajlanan hekayələr yazacağınızı gözləyirdinizmi?
- Yox, yox. Təzə-təzə yazmağa başlayanda, məşhur yazıçı olmaq, nəşr olunmaq kimi məsələlər mənə gülməli görünürdü. Beş-altı hekayə yazdıqdan sonra başa düşdüm ki, artıq gəlir gətirəcək işlə məşğul olmağa başlamışam. Yazmağı əsla bir dəb, biznes kimi düşünməmişəm. Əvvəlcə poeziya ilə başladım. Hekayə yazmağa başlamamışdan əvvəl şeir yazırdım, onda təxminən 9-10 yaşım olardı. Sonra qardaşımla pul qoyaraq, fantastik hekayələrin dərc olunduğu on sentlik dövrün məşhur ədəbi jurnalının nömrələrini şərikli almağa başladıq.
- “Amazing Stories” jurnalı?
- Hə! Beləliklə, bu hekayələr sevimli məşğuliyyətimə çevrildi, artıq o zamandan özümü fantastik hekayələr yazmağa meyillənmiş gənc yazar kimi hiss edirdim. Fikrimcə, realizm ədəbiyyatın müdrik formasıdır, ya da belə deyim də, böyümüş, ahıl forması kimi gəlir mənə. Ola bilər ki, güldürə, insanı olduğu dünyadan uzaqlaşdıra bilməməsi kimi cəhətlər əslində realizmin zəifliyidir. Realizmlə müqayisədə fantastik hekayələrin, əsərlərin daha uzunömürlü, bəlkə də əbədi və hansı dövrün uşaqları oxuyursa, oxusun, cəlbedici görünən ədəbi nümunələr olduğunu düşünürəm. Bəzən insanlar sual verirlər ki, sən elə həmişə yazıçı olmaq istəmisən? Yox, bu mənim həyat məqsədim, ən böyük arzum, ya da uşaqlıq arzum olmayıb. Çünki mən anadan olandan yazıçı idim, bütün ömrüm boyu yazıçı olmuşam, hələ də yazıçıyam. Heç vaxt yazar olmaq, şair, ədib həyatı yaşamaq, tanınmış simaya çevrilmək və Nyu-Yorka köçmək istəməmişəm. Amma bütün ömrüm boyu aid olduğum işlə məşğul olmuşam. Mən dünyaya yazıçı olmaq üçün gəlmişəm və xoşbəxtlikdən dünyaya gəlmə səbəbim olan işlə məşğulam. Mənə elə gəlir ki, bu işin öhdəsindən uğurla gəlirəm.
- Digər yazarlarla əlaqələr çərçivəsində?
- Başqa necə mövcud olmaq, hakimiyyət qurmaq olar ki? Həmkarlarla müəyyən mənada hansısa əlaqələr olmalıdır – ya müqayisələr apararaq, ya da rəqabət apararaq.
- Məsələn yazdıqlarınızı kimlərin əsərləri ilə müqayisə edir, qarşılaşdırırsınız?
- Yəni onlara oxşamasam da, onlar kimi yazmaq istədiyim yazarların kim olduğunu öyrənmək istəyirsiniz?
- Bəli.
- Çarlz Dikenz, Ceyn Austen, müəyyən yaşdan sonra yazdıqlarına yenidən qayıdıb, oxuyandan sonra Virciniya Vulf kimi yazmaq istərdim, onların texnikasını mənimsəmək əla olardı. Hər zaman zirvəni fəth edirlər, hər zaman. Ən qəliz məsələ odur ki, əsla belə yaza bilməyəcəyini bilirsən. Üstəlik bu azmış kimi zirvəni fəth etmək hissini yaşaya bilmirsənsə, ədəbiyyatın zövqü və əyləncəsinin nədə olduğu ilə bağlı düşünməyə başlayırsan. Onu da mən hələ də tapa bilməmişəm.
- 1960-cı illərdən etibarən yazdıqlarınızı nəşr etdirməyə başladınız, zaman keçdikcə bütün dünya əsərlərinizi oxudu. Yazmağa başlayanda necə bir yazıçı olacağınızla bağlı hansısa bir məqsədiniz var idimi? Necə bir yazıçı olmaq istəyirdiniz?
- Baxmayaraq ki, mən həmişə poeziya sahəsində tanınmağı arzulamışam, amma hekayələr dünya dillərinə tərcümə olunub, yayıldıqca işimin hekayə danışmaq olduğunu anladım. Odur ki, sadəcə öhdəsindən layiqincə gələ bildiyim iş haqqında düşünürdüm. Dərc olunan ilk işlərim şeirlərdir. Bunda da atamın rolu böyük idi. Atam birmənalı şəkildə şeiri, poeziyanı ədəbiyyatın zirvəsi hesab edir, şeir yaza bilməyin ən çətin və şərfəli iş olduğunu düşünürdü. Mən də bu ideyanın doğruluğuna inandım və bu məndən aid olduğum əsl üslubu, məhsuldarlığımı və yazmaq üçün ən yaxşı zamanlarımı aldı. Sonra isə hamı kimi nə qədər uzaq gedirəmsə, gedim, aid olduğum sahəyə qayıtdım, çünki beynimdə saysız-hesabsız obrazlar, onların hekayələri var idi. Amma onu da deyim ki, yazdıqlarımın çoxu obrazların yaşadıqlarına görə yox, genişləndirilmiş ideyalar əsasında işləndiyi üçün uğur qazanıb.
Məsələn, bu “Məhrum edilmişlər” (“The Dispossessed”) üçün xüsusilə doğrudur. Həmin əsər qısa hekayə formasında başlamışdı. Beynimdə həbsxanaya düşmüş bir fizik canlandırmışdım. Beynimdə canlandırmışdım deyəndə bir az qəribə çıxır, həmin fizik real qəhrəman idi, amma hekayə irəli getmədi. Sanki əlimdə beton kürəcik var idi və mənə lazım olan almaz o kürəciyin nüvəsindəydi. Kürəciyin beton örtüyünü keçmək isə illərimi aldı. Orada qəhrəmanın yaşadıqları yazılsa, yaxşı bir hekayə alınardı. Bu ona görə yaxşı bir əsər oldu ki, sujeti genişləndirilmiş ideyadan yaranmışdı.
- “Parisdə Aprel” (“April in Paris”) özünüzü aid hiss etdiyiniz janrın, fantastik hekayənin uğurlu nümunələrindən hesab olunur.
- Bu hekayə başdan-sona fantastikadır, səyahətlə bağlı fantastik hekayə. Həmin hekayə nəşr olunanda onun bəzi gerçək hekayələrdən ideya oğurluğu nəticəsində yazıldığı iddia edildi. “Parisdə Aprel”-in dərc olunduğu jurnalın redaktoru yazı üçün mənə qonorar yox, jurnalın beş nüsxəsini verdi. Hekayənin ikinci hissəsi üçün 30 dollar aldım, o vaxt 30 dollar indiki pulla müqayisədə 300 dollar dəyərində idi. Bu da qısa hekayə üçün yazılan ən yüksək məbləğ hesab olunurdu. Məncə, sadəcə bu fakt belə onun uğurunun göstəricisidir.
- Karyeranızın ilk illərində öz meneceriniz, ədəbi müxbiriniz olduğunuz doğrudurmu?
- Bəli, doğrudur. İlk üç hekayəmi Don Uolheymə (XX əsrdə yaşamış amerikalı yazıçı, ədəbi redaktor, naşir – red.E.S.) satmışam. Onda “Ace Books” kitab evi hekayələr toplusu çap edirdi, həmin üç hekayədən ikisi topluda yer almışdı. Bu çox möhtəşəm ideya idi. Sonra “Qaranlığın sol əli” (“Left Hand of Darkness”) hekayəsini yazdım və gördüm ki, bu, əvvəl yazdığım üç hekayədən bir xeyli fərqlidir, daha uğurludur. Onu da özüm satmışam.
- “Danışmaq eşitməkdir” (“Telling is listening”) adlı bir esseniz var. Həmin essedə yazırsınız ki, qələmə alınan hekayənin bəlli məsuliyyətləri var, o oxucunu müəyyən bir yerə aparmalı, onu bir fikrə inandırmalıdır, oxucu hekayəni oxuduqca aydınlaşdırmaq istədiyi məsələlərin həllinə qovuşmalıdır.
- Bəli, doğrudur. Hekayə müəyyən gözləntilərə cavab verməlidir. Bu, janrından asılı olmayaraq, bütün hekayələrin ümumi cəhətidir.
- Həmin essedə digər bir maraqlı məqam janrın cəlbediciliyi ilə bağlıdır. Vurğulayırsınız ki, hekayənin janrı oxucu üçün cəlbedici olmalıdır. Bəs, yazar üçün janrın cəlbediciliyi nə deməkdir, nə qədər əhəmiyyətlidir?
- Demək olar ki, eyni şeydir. Yazıçı ifadə etmək istədiyini ən uğurlu olduğu janrda yazmağa çalışır. Ola bilər ki, yazarın ideyaları möhtəşəmdir, amma o bunu şeirlə ifadə edə bilmir. Onda oxucu da həmin ideyanın dərinliyini duya bilməyəcək. Janr formadır, üslubdur, yazarın beynindəki ideyaların ifadə formasıdır. Eyni şey təhkiyədə də baş verir. Beynimizdəkilərin doğru ifadə formasını təyin edə bilməsək, onu əsla mükəmməl şəkildə ifadə edə bilmərik. Eləcə də oxucu üçün oxuduğu hekayənin janrı maraqlı olmalıdır. Bəzən oxucu bayaq haqqında danışdığımız müdrik, ciddi ədəbiyyat nümunəsi formasında oxumasa, ideyanı qəbul edə bilmir. Bəzi oxucuları isə fəlsəfi yolla təsvir edilən ideya yorur.
- “İdarəetmə sənəti” (“Steering the Craft”) hekayəsində həm hekayəni danışan, həm də oxuyan tərəf kimi çıxış edirsiniz – “Əvvəl heç vaxt görmədiyim bir şeylə qarşılaşmaq istəyirəm”.
- Bu mənim fikrim deyil, hekayənin kökündə dayanan şərtdir, bu onun təbiətindədir. Ədəbiyyat tarixinin bir dövründə məşhur, dəb halını almış sual olub: “Niyə real həyatdan yazmırsınız?”. XX-XXI əsr amerikalı oxucuların əksəriyyəti onlara yalnız real həyatda yaşanan hadisələrin lazım olduğu düşüncəsi ilə yaşayıb, sanki bütün ədəbiyyat bundan ibarət olmalıdır. İnsan beyninin və fantaziyasının yaratdığı rast gəlinməmiş səhnələri, ideyaları qəbul edə bilmirdilər. Hətta “mən fantastik əsər oxumuram, çünki bu reallıqdan uzaqdır” deyənlər də var idi. Bu düşüncə həddindən artıq və ikrah doğuran saflıqdır. Bütün hekayələr insan düşüncəsinin, hislərinin, mövcud vəziyyətlərin, mənzərələrin, hadisələrin yaratdığı ədəbi nümunələrdir. Yazıçıların seçdikləri janrlar sadəcə bunların ifadə formalarıdır. İnsan fantaziyasının məqsədi yoxdur, o, heç bir səbəb və məqsəd olmadan xəyal qura, beynində fantastik fiqurlar, obrazlar yarada bilir və bu ətrafda gördüklərimizdən çox-çox fərqli, əvvəllər rast gəlmədiyimiz şeylər olur. Hətta bu belə yoxdan yaranmır, beynimizdəki əcaib məxluqlar belə ətrafımızdakı insanların surətləri üzərində qurulur. Odur ki, yazıçının ətrafdakı həyatı necə görməsi vacibdir. Fantastik janrda yazılan, təsvir edilənlər heç nə mövcud olmayan şeylər deyil, sadəcə yazıçının daha dərin izlədiyi, daha dərindən izlədikcə yeni qabiliyyətlər verdiyi, tanıdığı insanları yeni bir insan tipi kimi təqdim etdiyi şeylərdir. Yazar əsla real həyatda qorxaq olduğunu bildiyi bir şəxsdən fantastik hekayənin cəsur qəhrəmanını yarada bilməz, çünki bu beynin yaradıcılığını əngəlləyir, onun iş mexanizminə ziddir. Odur ki, səsləndirdiyiniz cümlədə qeyd etdiyim “yeni bir şey” əslində bu cür yaradılan, yeni kimi təqdim olunandır.
- Fantastik janrda, nəsr və nəzm formasında yazılmış əsərlər, hekayələr, fərqli mövzuların qələmə aldındığı çoxsaylı kitablar müəllifisiniz. Dünyanın əksər ölkələrində daimi oxucularınız var, bir çox beynəlxalq ədəbi mükafatın sahibisiniz. Ədəbi uğurlarla yanaşı siz həm də üç övlad anasısınız. Sizin üçün uğur nədir?
- Sualınız ətrafında düşünürəm, mən, deyəsən heç zaman “uğur” sözündən istifadə etməmişəm, ona görə də uğurun nə olduğunu dəqiq deyə bilmirəm. Bəlkə də problem uğurun hamı üçün fərqli məna ifadə etməsindədir. Uğurlu karyera, uğurlu roman haqqında danışa bilərəm, amma bütövlükdə uğurlu həyat ifadəsini necə açmaq, necə izah etmək olar bilmirəm. Çünki bütün həyat “uğurlu” deyilməyəcək qədər qarışıq hadisələrlə doludur.
- Fantaziyanızla bir çox yeni dünya yaratdınız, yeni aləmlər fəth etdiniz, oxucularınızı o dünyalarla tanış etdiniz. Bu qədər fərqli dünyalara səyahət etdikdən sonra Yer kürəsi sizə necə görünür? Fərqli dünyalar arasında xəyal gücünüz və real həyatın problemlərini necə balanslaşdırırsınız?
- Dünyanı sevirəm. Evimi sevirəm. Təxəyyülüm isə bütün dünyaları gözlərimlə gördüyüm və birləşdirdiyim alternativ Yer kürəsidir. Amma bütün səyahətlər beynimdə gerçəkləşir. Hamısının sonunda evə geri qayıdıram. Məni balansda saxlayan isə təxəyyülümdür, xəyal gücümdür. O olmasa həqiqəti də dərk edə bilmirəm.
- Bir çox fantastik hekayələr əsasında məşhur filmlər və seriallar ekranlaşdırılıb. Sizin kitablarınızın sujetləri əsasında da filmlər çəkilib. Həmin kitablar haqqında nə düşünürsünüz?
- Filmləri çox sevirəm, zehnimizi, təcrübələrimizi zənginləşdirirlər, amma heç bir film xəyal gücümüzü kitablar qədər zənginləşdirə bilməz. Film izləyərkən insanın beyni passiv mövqedədir, yalnız izləyir. Amma kitab oxumaq minlərlə rəngi, hadisəni, mənzərəni, obrazı beynində canlandırmaqdır, müqayisə etməkdir. Oxumaq dərin və aktiv bir prosesdir, nə oxuyursunuz, oxuyun, beyniniz bütün mexanizmləri ilə işləyər. Oxuduğunuz kitab təxəyyülünüzü nə qədər zorlayırsa, təcrübələrinizi də bir o qədər zənginləşdirir.
- Necə xatırlanmaq istərdiniz?
- Sadəcə yazdıqlarımla.
Tərcümə etdi:
Elcan SALMANQIZI
banner

Oxşar Xəbərlər