• şənbə, 20 Aprel, 17:12
  • Baku Bakı 23°C

Onu bir daha tanıyaq

15.12.16 13:00 1504
Onu bir daha tanıyaq
SSRİ dövründə uzun illər bizlərə "sovet dövlətinin banisi, Sovet İttifaqı Kommunist Partiyasının təşkilatçısı, bütün dünya zəhmətkeşlərinin böyük rəhbəri, dostu, qardaşı” kimi təqdim edilən, adına saysız-hesabsız əsərlər yazılan, "dahilərin dahisi” adlandırılan, milyonlara nümunə göstərilən Vladimir İliç Lenin əslində kim idi?
Onun atası iki türkün...
Sovet dövründə yazılan bütün əsərlərdən belə aydın olur ki, V.İ.Lenin "bütün bəşəriyyətə xoşbəxtlik bəxş edən ən böyük dahi olub”. Amma zaman sübut etdi ki, sovet dövründə Leninlə bağlı yazılan bütün əsərlərdə obyektiv yanaşma olmayıb. SSRİ-nin dağılması əsl Leninin kimliyini üzə çıxardı. Sən demə illərlə təhsilinə, ağlına, əxlaqına qibtə etdiyimiz Lenin kinli-küdurətli, böyük qardaşı Aleksandrın qisasını almaq üçün milyonlarla zəhmətkeşi qurban verən, "zəngin sevgi məcəraları yaşayan”, istədiyinə nail olmaq üçün hər yolun yolçusu olan bir "dahi” imiş.
Sovet dövrü tədqiqatlarında V.İ.Lenin milliyyətcə rus kimi təqdim edilir: "Lenin (Ulyanov) Vladimir İliç 1870-ci ildə Simbirsk, indiki Ulyanovsk şəhərində anadan olub. Atası İ.H.Ulyanov Həştərxan şəhərinin yoxsul meşşanlar nəslindən, anası M.A.Ulyanova həkim qızı idi”.
Bəs əsl həqiqət necə idi? Ata tərəfdən babası Nikolay Vasilyeviç Ulyanov rus adının olmasına rəğmən, çuvaş (türk etnosu) idi. Nikolay Vasilyeviçin atası milliyətcə kalmık (türk etnosu) olan Anna Alekseyevna Smirnova ilə evlənmişdi. İki türkün övladı olan İlya Ulyanov (Leninin atası) idi. Leninin ana tərəfdən babası isə yəhudi İzrail Moiseyeviç Blank idi. Sonradan xristianlığı qəbul etmiş və Aleksandr Dimitryeviç Blank olmuşdu. Leninin anası Mariya Aleksandrovna Blank xalasının himayəsində böyümüş, musiqi və xarici dil təhsili almışdır”.
Özü isə ailə həkiminin törəməsi hesab olunur
Soy kökündə az qala hər cür millətin - çuvaş, kalmık, yəhudi, alman, isveç izləri olan Lenini atası İlya Nikolayeviç sevmirmiş. Ailədə 6 uşaqdan ikincisi olan Volodya hədsiz ağlağanlığı və nadincliyi ilə fərqlənirdi. Ailə başçısı İlya Nikolayeviç onu heç sevmirdi. Əslində bunun bir ayrı səbəbi də vardı. Bu da ondan ibarət idi ki, İlya Nikolayeviç oğlunun ondan deyil, ailə həkimi İvan Sidoroviç Pokrovskidən olduğunu güman edirdi. İvan Sidoroviçin onun arvadı Mariya Aleksandrovna Blanka məftun olduğunu görməmək mümkün deyildi. Eləcə də, Mariya Aleksandrovna İvan Sidoroviçə qarşı məhəbbətini gizlədə bilmirdi. Lakin onlar bunu sadəcə, mədəni insanların dostluğu kimi göstərmək istəyirdilər. İlya Nikolayeviç çox vaxt evdə olmur, günlərlə rayon təhsil şöbələrini təftiş etməyə gedirdi. Bu zaman İvan Sidoroviç onların evini gecə də tərk etmirdi. İvan Sidoroviçlə Mariya şəhərə sevgililər kimi çıxır, hətta bağda qol-qola gəzirdilər. Bəlkə də bununla bağlı çəkdiyi əzablara görə, İlya Nikolayeviç həyatı çox tez tərk etdi. Volodya əsl atasının kimliyini sonralar biləcək, hətta hissiyyata qapılıb, Sankt-Peterburuq İmperator Universitetini bitirməsi barədə diplomda da əsl atasının adı göstərəcəkdi - Vladimir İvanoviç Ulyanov. Lakin belə bir bioqrafiya proletariatın dahi rəhbəri hesab olunan biri üçün heç də münasib deyildi. Sonralar elə özü də İlyanın oğlu kimi təqdim olunmasını məqsədə müvafiq bilmişdir.
Qardaşının edamı həyatını dəyişir
Təhsildə doğrudan da çoxlarından fərqlənən V.İ.Lenin 1879-87-ci illərdə Simbirsk gimnaziyasını qızıl medalla qurtarıb, Kazan Universitetinin hüquq fakültəsinə daxil olur. Bu zaman böyük qardaşı Aleksandr Ulyanov Çar III Aleksandra sui-qəsd hazırlamaqda ittiham olunaraq, 1887-ci ildə edam edilir. Bu edam Volodyanın həyatını dəyişir. Qisas hissi ilə yaşayan Volodya üsyanla, qiyamla, hakimiyyətə gəlmək, ona sahib olmaq, qardaşının intiqamını almaq üçün 17 yaşından inqilabi mübarizə yoluna qədəm qoyur. 1887-ci ilin dekabrında onu həbs edərək, universitetdən qovurlar. Həmin gündən onun həbs, sürgün, mühacir həyatı başlayır. O, bu həyatda nə qədər əzab, əziyyətlərə düçar olsa da, qardaş intiqamı hər şeyə üstün gəlir. 1888-ci ilin oktyabrında Leninin Kazana köçməsinə icazə verildi. Burada o, H.Y.Fedoseyevin marksist dərnəklərindən birinə daxil olur və bütün gücünü marksizm nəzəriyyəsini öyrənməyə sərf edir. Volodya 1889-cu ildə Sankt-Peterburuq İmperator Universitetinin hüquq fakültəsinə daxil olur və bir necə ildən sonra "proletariatın hüquqlarını qoruyan vəkil” kimi fəaliyyətə başlayır. Lakin o, bu yolla qisasını ala bilməyəcəyini çox yaxşı bilirdi. Ona yaxşı maliyyə lazım idi. Lenin onu maliyyələşdirə biləcək kapital sahiblərini axtardı və tapdı. Bunlar Rusiyanı nəyin bahasına olursa-olsun təslim etmək istəyən rəqiblər idi. Volodya siyasi biliklərini və təcrübəsini artırmaq üçün bir müddət Almaniyada, Fransada, İsveçrədə oxudu, yaşadı, filosof və siyasətçilərdən dərs alaraq, Rusiyaya döndü.
Sifilis xəstəliyinə tutulur
Bu dönüş zamanı sevgiyə də vaxt tapdı. Nadejda Krupskaya ilə dostluğa başladı. Nadejda onun ilk sevgilisi Appolinariya Yakubovanın yaxın rəfiqəsi idi. Lenin bir necə il Appolina ilə görüşmüşdür. Appolina ilə vidalaşdıqdan sonra Volodyanın qəlbində daha böyük məhəbbətə yer və ehtiyac yox idi. Nadejdaya olan "sevgisi” onları 1898-ci ildə Yenisey quberniyasının Şüşensko kəndində qovuşdurdu. Belə ki, Lenin 1895-ci ildə "İşçi sinfin azadlığı uğrunda mübarizə ittifaqı” adlı cəmiyyət yaratdı və ideyalarını yaymaq üçün vərəqələr buraxdı. Bu zaman onu həbs edib Şüşensko kəndinə sürgün etdilər. Bir il sonra isə sevgilisi Nadejdanı da həbs edirlər. Sonradan isə həbs sürgünlə əvəzlənir və onu da Leninin yanına göndərirlər.
Burada Nadejda sevgilisi barədə biabırçı xəbər aldı. Lenin Şüşenskoda tanımadığı qadınlarla təsadüfi cinsi əlaqədə olmuş və sifilis xəstəliyinə tutulmuşdu. Bu xəstəlik gələcəkdə onun ata olmaq istəyinin qarşısını kəsdi. Qəribədir, Nadejda bunları bildikdən sonra da onunla evlənməyə qərar verir. Bu izdivac toysuz - sadəcə, kilsədə və uryadnikin yanında qeydiyyata düşməkdən ibarət oldu.
Siyasi fəaliyyəti də əxlaqi normalara sığmırdı
Leninin siyasi fəaliyyətində tərəfdaş axtarışı da hansısa dini və ya əxlaqi normalara sığmırdı. Rusiyada nə qədər qaçaq-quldur, oğru, qatı cinayətkar vardısa, Lenin onları partiyaya üzv edir, hakimiyyəti ələ alacaqları zaman vəzifə təminatları verirdi. Çar hakimiyyəti illərində nəinki Rusiyada, bütün Zaqafqaziyada məşhur oğru kimi tanınan İosif Stalin buna ən bariz nümunədir. "Başladığımız yolun qələbə ilə bitməsi üçün daha çox adam qırmaq və əksinqilabçıların gözünü qorxutmaq lazımdır” deyən Lenin qardaşının intiqamını almaq üçün milyonları qırğına verdi. Nəhayət, illərlə gözlədiyi an - çar ailəsindən intiqam almağın vaxtı gəldi. Çar və ailəsi Leninin göstərişi ilə güllələndi, cəsədləri isə daş kömür şaxtasına atıldı.
V.İ.Lenin qan-qada bahasına istədiyi hakimiyyətə sahib oldu. 1922-ci ildə isə böyük və amansız Sovet imperiyasını yaratdı. "Rüşvətxorluğa, xuliqanlığa, dələduzluğa, müftəxorluğa qarşı amansız mübarizə aparmağı” tələb edən Leninin qurduğu hökumətin mayasını elə bunlar zəbt etmədi? Qan-qada bahasına yaratdığı bu imperiyaya cəmi iki il "rəhbərlik” edə bildi. Əgər ona da "rəhbərlik etdi” demək olardısa. Çünki bu iki il ərzində Lenin daha çox yataq xəstəsi olub. 1923-cü il, martın 10-da Leninin xəstəliyi yenidən kəskinləşir və onun dili tutulur. O, tez-tez ağlını itirirdi. Hərdən elə hərəkətlər edirdi ki, cəmiyyət bundan xəbər tutsaydı, inqilab tamamilə gözdən düşər, partiya və Sovet hökuməti üçün güclü əks təbliğat xarakteri daşıyardı. Axı yazıçı və şairlərə, incəsənət xadimlərinə onun ideal obrazını yaratmaq tapşırılmışdı.
1924-cü il yanvarın ilk günləri Leninin vəziyyəti daha da ağırlaşır. O, nitqini və ağlını tamam itirir: "Gecələr gizli malikanənin mühafizəçiləri içəridən çaqqal ulamasının səsini eşidib qorxurdular. Malikanə çox ciddi qorunur, Stalindən başqa hər kəsdən mühafizə edilirdi. Mühafizəçilərin özü də mühafizə altında idi. Burada gördükləri, eşitdikləri barədə danışmaq olmazdı. Həmin şəxsi dərhal güllələyirdilər”.
1924-cü ilin 20 yanvarı - Lenin şəxsi həkiminə gizlicə bir kağız parçası verir. Orada onu zəhərlədiklərini yazmışdı. Elə həmin gün şəxsi həkim Qavril Volkov həbs edilərək, güllələnir. 1924-cü ilin 21 yanvarı - V.İ.Lenin sübh çağı vəfat edir. Bu ölümdən Əzrayılın yox, Stalinin xəbəri var idi. Uzun illər yolunda çalışıb-vuruşduğumuz "Lenin baba” sən demə belə "baba” olub.
Qərənfil Dünyaminqızı,
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər