• çərşənbə axşamı, 19 mart, 09:59
  • Baku Bakı 8°C

Onu bağışlamaq olarmı?

20.03.18 10:30 3329
Onu bağışlamaq olarmı?
Novruz bayramı xalqımızın ən sevimli, ən təntənəli bayramıdır desək, yanılmarıq. Əslində Novruz bayramından, onun adət-ənənələrindən çox yazmaq olar. Həmin adət-ənənələrdən biri də küsülülərin bayramda barışmasıdır. Lap qədimdən nənə-babalarımız deyiblər ki, bayramı küsülü keçirmək olmaz. Bayramı küsülü keçirdinsə, həmin ili küsülü qalırsan. Ona görə də bayram ərəfəsində küsülülər barışır, bir-birlərinə xoş söz deyib, incikliyi aradan götürməyə çalışırlar.
Maraqlıdır, həmişə müxtəlif mövzularla bağlı fikirlərini öyrəndiyimiz ekspertlər kiminlə küsülüdürlər, onlar bu bayramda kiminlə barışmaq istəyərlər?

"Sağlam Cəmiyyət” İctimai Birliyinin sədri, sosioloq Lalə Mehralı deyir ki, neçə yaşında olursan-ol, əgər birinə kin bəsləyirsənsə, deməli, hələ böyüməmisən: "Novruzun insanlara aşıladığı onlarla gözəl adət-ənənədən biri də məhz bu məsələdir. Küsmək, incimək, kin saxlamaq insanın mənəviyyatına, psixologiyasına, sağlamlığına zərər verir. İçində kin-küdurət olan insan humanist, saf qəlbli olmağı bacarmır. Birinə pislik arzulayan bir insanın mənəviyyatı çirklənmiş olur. Novruz adətlərinə görə, küsülü qalmaq özünə və ətrafına zərər vermək deməkdir. Bu səbəbdən də böyüklərimiz həmişə birinə qarşı kin güdürsənsə, bunu köhnə ildə qoyub yeni ilə təmiz hisslərlə girməyi məsləhət görürdü. İnsan bağışlamağı bacaranda böyüyür. Vaxtilə mənə qarşı etdiyi haqsızlıqlara görə incidiyim, hətta nifrət etdiyim, küsdüyüm insanlar olub. Amma illər sonra hiss etdim ki, mən axı heç kimə kin güdmürəm, nifrət etmirəm. O hiss özü yox olub içimdən. Başa düşdüm ki, mənəviyyatım təmizlənmək, ruhum böyümək istəyib, ona görə içimdə kin qalmayıb. Küsülü qalmaq insanı mənən sıxır, incidir. Ona görə kiməsə kin güdənlərə bu hissi içinizdən qovmağı, ruhunuzu sərbəst buraxmağı, onu maddi məsələlər üçün sıxmamağı, incitməməyi məsləhət görərdim. Bayramı əsl bayram havası, ruhu ilə qeyd edin”.

Tibb üzrə ekspert Adil Qeybulla deyir ki, küsülü qalmaq onun təbiətində olan bir şey deyil: "Ola bilər ki, kiminləsə münasibətim soyuqlaşsın, müəyyən müddətlik uzaqlaşma olsun. Bir yolda irəlilədiyim, bir məqsəd, bir amal uğrunda çalışdığım insanlar olub. Sonra həmin adamlar öz hədəflərini dəyişib və buna görə də aradakı münasibət soyuqlaşıb. Amma elə ciddi şəkildə küsülülüyüm olmayıb. Küsülü qalmağı sevən biri deyiləm”.
Ekspert deyir ki, bizdə qeybət mədəniyyəti alqış mədəniyyətindən yüksəkdədir: "Siz küsülü olanları araşdırsanız, əksəriyyətinin xırda məişət söhbətləri ucbatından küsdüyünü görəcəksiniz. Yəni o qədər mənasız söhbətlərə görə küsməyə belə dəyməz. Cəmiyyətdə bu tip küsülülüklərin sayı çoxdursa, deməli həmin cəmiyyətin intellektual səviyyəsi elə də yüksək deyil. Və bu cəmiyyətin inkişafa ehtiyacı var. Məsələn, insanların bir-birinə münasibətdə yaxşı olması, xeyirli işlər görməsi cəmiyyətin inkişafını göstərən əsas əlamətlərdəndir”.

Təhsil eksperti Kamram Əsədov bildirir ki, əgər biz eyni dini, dili, ölkəni paylaşırıqsa, birlik-bərabərlik içərisində anlayışla yaşamalıyıq: "Bağışlamaq Allaha məxsusdur. Biz Allah olmadığımıza görə kimlərəsə müəyyən qədər kin saxlayırıq. Amma sirkə nə qədər tünd olarsa, öz qabına ziyandı. Kimləsə küsülü olmaq insanın özünə zərərdir. Düşünürəm ki, ciddi bir səbəb yoxdursa, küsülü qalmağa da ehtiyac yoxdur. İnsanlar bir əlin beş barmağı kimidir. Biri ilə küsülü olduqda tamlıq pozulur. Amma çalışmaq lazımdır ki, birlik və bərabərlik içində yaşayaq. Əslində küsdüyümüz insanlar bir müddət əvvəl bizim üçün əziz olan, dost dediyimiz insanlar olur. Aradakı anlaşılmazlığı həll edib, münasibətimizi yenidən davam etdirə bilərik”.

"Comunical” şirkətinin rəhbəri, marketoloq Tural Abbaslı heç kimlə küsülü olmadığını deyir: "Mənim üçün küsülü olduğum, danışmadığım yox, yaxın və uzaq olan bir sıra insanlar var. Həmin uzaq olduğum insanlar qrupuna nifrət etdiyim, küsülü olduqlarım daxil ola bilər. Amma hazırda heç kimlə küsülü deyiləm. Mənim üçün uzaq insan elə uzaqdır. Onunla barışmaq üçün hər hansı bir bayramı bəhanə etməyə ehtiyacım yoxdur. Küsənlərə isə demək istərdim ki, barışmaq üçün ilk olaraq küsmə səbəblərini aradan qaldırsınlar”.


Dəstək gözlədiyi, dəyər verdiyi insanlarla bir az incikliyi olduğunu deyən psixoloq Nərgiz Süleymanlı qeyd edir ki, ciddi küsülülük yaşadığı biri yoxdur: "Bildiyimiz kimi, Novruz adət-ənənələrinə görə, bayramda küsülülər barışır. Əslində bu, fəslin istisi ilə ürəklərdəki buzların əriməsi mesajını daşıyır. İlin istənilən fəslində küsülü qalmamaq daha yaxşıdır. Bu, psixoloji baxımdan sakitlik verər. Elə insanlar tanıyıram ki, üstündən illər keçsə də, kin tutub küsülü qalır. Kin tutmağın ən böyük səbəbi duyğuları paylaşmamaqla bağlıdır. Belə məqamda səmimi münasibətdən söz gedə bilməz. Buna görə insanlar incikliklərini, qırğınlıqlarını paylaşıb, danışdıqları müddətcə anlaşmazlıqları həll edə bilərlər. Səhvləri qəbul etmək heç bir zaman mənəvi alçaqlıq verməz, o, insanlar qarşısında sizi daha da ucaldar. Bağışlamaq da psixi və zehni baxımdan rahatlıq verər. Həm də bağışlayan insanlar zamanla ürəklərində yığılıb artan kinlərindən qurtulacaqlar. Bu bayramı fürsət bilin, həll edilməyən məsələləri danışın, müzakirə edin, mütləq dəyər verdiyiniz insan bu dəyərə layiq olduğunu sübut edəcəkdir”.


Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin idarə heyətinin sədri, əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirir ki, kimdənsə incisə belə, həmin adamla küsülü qala bilmir: "İnanmayacaqsınız, amma həqiqətən mənim küsülü olduğum biri yoxdur. İnsanlara, xüsusilə də kişilərə məsləhət görərdim ki, heç kimdən küsməsinlər. Mənim fikrimcə, bir kişi üçün kimdənsə küsmək, onunla küsülü qalmaq düzgün deyil. İnsan o zaman küsür ki, qarşısındakı şəxsə səhvini deyə bilmir. Və yaxud aralarındakı problemi həll etmək üçün təşəbbüs göstərmirlər. Ona görə məsləhət görərdim ki, əgər bir anlaşılmazlıq olarsa, bunu müzakirə edərək həll etməyə çalışsınlar”.


Sosioloq Cavid İmamoğlu bildirir ki, küsdüyü yox, amma uzun müddətdir ki, əlaqə saxlamadığı insanlar var: "Əslində təsadüfdən səhər elə bu barədə düşünürdüm ki, uzun müddətdir münasibətimiz olmayan dostlarım, tanışlarımla bu bayram ünsiyyəti bərpa edim. Bayram bu kimi əlaqələri bərpa etməkdə çox gözəl fürsətdir. Və əhval-ruhiyyəmizin də yüksək olmağına çalışmalıyıq. Geyimimizə, təmizliyimizə xüsusi fikir verməliyik ki, hər an ya qonaq gedə bilərik, ya da bizə kimsə gələ bilər. Həmçinin qəlbimizi də təmiz saxlamalıyıq. Bayram ərəfəsində kindən, küdurətdən uzaq olmalıyıq. Bu bayram pisliklərdən, günahlardan, xurafatdan uzaq olmağımız üçün bir vasitədir”.


Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov deyir ki, küsülü olduğu insan yoxdur, hamısı ilə barışıb: "Lap qədimdən bir deyim var ki, qanı qanla yox, su ilə yuyarlar. İnsan həmişə bağışlamağı bacarmalıdır. İnsan gərək kinli olmasın. Kin, paxıllıq - bunlar pis xəstəlik kimidir. Bacardığımız qədər bu duyğulardan uzaq durmalıyıq. Səhv edən insanları da bağışlamaq böyüklükdəndir. Vaxt gələr, insan etdiyi səhvi başa düşər. İnsanın ürəyi böyük olmalıdır. Əfv etməyi bilməlidir. Bəzən insanlar böyük danışırlar ki, heç vaxt filankəsi bağışlamayacağam. Mən o zaman o insana məsləhət görürəm ki, kinli olmasın, bu onların özlərinə, sağlamlıqlarına ziyandır. Həyatda hər bir insan səhv edə bilər. Bizə düşən isə böyüklük göstərib onu bağışlamaqdır”.

Günel Azadə

banner

Oxşar Xəbərlər