• çərşənbə axşamı, 16 aprel, 23:27
  • Baku Bakı 18°C

Onlayn psixoloji xidmət canlı konsultasiyanı əvəz edir?

21.07.17 10:30 1563
Onlayn psixoloji xidmət canlı konsultasiyanı əvəz edir?
"İşdən çıxa bilmədiyim üçün demək olar ki, mümkün olan qədər xidmətlərdən onlayn yararlanıram. Eləcə də psixoloq konsultasiyası... Düzdür, elə çox psixoloqa işim düşmür, amma bir neçə dəfə şəxsi problemlərim olanda hiss etdim ki, işləyə bilmirəm, gördüyüm işdə çox səhvlər olur. Ona görə onlayn psixoloji məsləhət aldım” – bu sözləri bizimlə söhbətində Günel Həsənova bildirdi.
G.Həsənovanın sözlərinə görə, canlı olaraq psixoloq qəbuluna getmədiyi üçün bunlar arasındakı fərq haqqında nəsə deyə bilmir: "Onlayn xidmət mənə müəyyən qədər kömək etdi. Əslində, məndə vəziyyət çox ağır deyildi, bəlkə də ona görə onlayn xidmətlə də problemi həll edə bildim”.
Lakin Kəmalə Səfərova onlayn xidməti effektli hesab etmir: "Elə oldu ki, bir müddət psixoloji konsultasiya almağa məcbur oldum. Sonra işdən çıxa bilmirdim deyə, psixoloq təklif etdi ki, skaypla edək. Vaxt cəhətdən uyğun gəldiyi üçün razılaşdım. Bir dəfə də etdik. Düzdür, heç getməməkdənsə, görüntülü söhbət yaxşıdır, amma real getməyin yerini vermədi. Canlı konsultasiyanın 50 faiz nəticəsini onlayn xidmətdə almaq olur, məncə”.
İnsanlar və xarakterlər fərqli olduğu üçün fikirlər də müxtəlif ola bilər. Bu, normaldır, amma internetdə araşdırma aparsaq, görərik ki, bizdə hələ yeni-yeni tətbiq olunmağa başlayan onlayn psixoloji xidmətdən dünyanın bir çox yerlərində istifadə olunur. Bəs bu xidmətin effekti haqqında mütəxəssislər özləri nə deyirlər? Onlayn formada aparılan konsultasiyanın müsbət və məni tərəfləri nələrdir?
Psixoloq Elnur Rüstəmov deyir ki, onlayın psixoloji xidmətin müsbət tərəfləri çoxdur: "Bu bizdə indi yaranıb, amma dünyada çoxdan var. Onlayn psixoloji xidmətin üstünlükləri nədən ibarətdir? Tutaq ki, insan xaricdə ola bilər. Orada müvəqqəti yaşayanlar, tələbələr var. Bir çox problemlərdən dolayı, insanlar getdikləri ölkənin yox, ölkəmizin mütəxəssislərindən məsləhət almağa ehtiyac duyurlar. Çünki psixoloji xidmət zamanı fərdi xüsusiyyətlər nəzərə alınır. Dil baryeri ola bilər, yaxud mədəniyyət, adət-ənənə fərqləri var. Bu zaman yerli mütəxəssislərimizin köməyindən yararlanmalıdırlar. Amma belələri hər dəfə psixoloji yardım lazım olanda, ölkəyə gəlib-gedə bilməzlər. İnsan da var ki, sosial fobiyası var, evdən çölə çıxa bilmir. Yaxud hansısa əməliyyat keçirib, o halda psixoloqa gedə bilmir, hərəkət imkanı məhdud ola bilər. Elə pozitiv tərəfini düşünək, işi-gücü çoxdur, yolda vaxt itirmək istəmir. Fikirləşir ki, bir saat getmək, elə o qədər də qayıtmağa sərf edəcək. Ondansa, onlayn olaraq yararlansın. Bu kimi hallarda onlayn psixoloji xidmət çox yaxşı təsir göstərir. Bu çox normal bir şeydir və inkişaf etmiş ölkələrdə onlayn psixoloji xidmətdən geniş istifadə olunur. Rusiya, Türkiyədə bu iş çox geniş şəkildə tətbiq edilir. Azərbaycanın özündə də bizə onlayn psixoloji dəstəklə bağlı kifayət qədər müraciət daxil olur. Ehtiyac olduğu üçün biz də onu təmin edirik”.
E.Rüstəmov bildirdi ki, canlı konsultasiyanı daha effektli hesab edir: "Biz insanların zamanını, şəraitini nəzərə alırıq. Elə hallar olur ki məcbur olub onlayn dəstək göstəririk. Amma canlı kömək etməyi daha effektli hesab edirik. Ancaq onlayn konsultasiyanın effektsiz olduğunu da demək olmaz”.
Psixoloqun sözlərinə görə, onlayn xidmət böyüklərdən fərqli olaraq uşaq psixologiyası sahəsində effektli olmaz: "Böyüklər üçün problemə uyğun olaraq onlayn psixoloji dəstəyin müsbət tərəfləri var. Amma uşaqla bağlı problem olanda, hər hansı psixoloji xidmət istənilən səviyyədə təsir etməyəcək. Onlayn olaraq valideynlərə hər hansı məsləhət verə bilərik”.
E.Rüstəmov qeyd etdi ki, dünya təcrübəsində onlayn psixoloji xidmətin qiyməti canlı konsultasiyadan çox bahadır: "Onlayn xidmət göstərmək üçün mütəxəssis yüksək səviyyədə texnoloji imkanlar tətbiq etməlidir. Eyni zamanda, mütəxəssis də özünü təcrid edir. Azərbaycanda o qədər baha deyil, amma dünya təcrübəsində onlayn psixoloji xidmət bahadır”.
Psixoloq Vəfa Əkbər deyir ki, onlayn psixoloji xidmət ani kömək etmək lazım olarkən effektlidir, amma sonrakı mərhələ canlı konsultasiya olmalıdır: "Onlayn psixoloji xidmətin çatışmayan tərəfləri də var, müsbət mənada özəllikləri də. Müsbət odur ki, ani köməyə ehtiyac olanda onlayn üsulla daha tez xidmət almaq olur. Onlayn psixoloji xidmət o adamlara göstərilir ki, həmin an gərgin, çıxılmaz vəziyyətdə olur, heç kim onu anlamır, özünü tam olaraq ifadə edə bilmir, qarşısındakılar tərəfindən istənildiyi kimi qarşılanmır. Bu halda tez bir zamanda ona kömək lazımdır. Mənfi tərəfi də var. Məsələn, psixoloq həmin vaxt onlayn yardımı ilə onu həmin vəziyyətdən çıxara bilsə də, bu müvəqqətidir. Real ünsiyyətin özəlliyi odur ki, psixoloq canlı görüş zamanı qarşısındakı insanı daha çox tanıya bilir. Onun oturuş formasına, səs tembrinə, üz mimikasına fikir verir, doğru danışıb-danışmadığını müəyyənləşdirə bilir, problemin özəyini çözərək, o insana xas müəyyən metodikalar istifadə edərək problemini həll etməyə çalışır. Amma onlayn və ya virtualda bu, çox nadir hallarda uğurlu alınır. Çünki o insan yalan danışa, nəyisə gizlədə bilər. Çox vaxt uzun-uzadı yazmaq da olmur. Yazmaq çox vaxt aparır”.
V.Əkbər bildirdi ki, onlayn xidmətdə psixoloq diaqnozu daha çox pasientin dediklərinə əsasən qoyur, bu isə onun məsləhətinin effektini sual altında salır: "Onlayn xidmətdə psixoloq pasientin dediklərinə əsasən diaqnoz qoyur. Əgər hər hansı yanlışlıq olarsa, pasient nəyisə düz deməzsə, psixoloqun verdiyi tövsiyə də uğurlu təsir etməyəcək. Bu zaman isə adətən psixoloqu günahlandırırlar. Amma psixoloq onun danışdıqlarına əsasən diaqnozu qoyur, əgər pasient nəyisə səhv deyirsə, təbii ki, məsləhət istənilən təsiri göstərməyəcək. Real ünsiyyətdə isə problemi daha tez anlamaq olur”.
Psixoloq bildirdi ki, özü onlayn formada istiqamətləndirmə xarakterli kömək edir, amma xidmət göstərmir: "Onlayn xidmət göstərmirəm. Onlayn formada ancaq məlumat vermək olar. Rayonda, yaxud xarici ölkədə olanlar var ki, Bakıya gələ bilmirlər, bu zaman problemləri ilə bağlı istiqamətləndirmə xarakterli kömək edirəm. Psixoloqa, yaxud digər mütəxəssislərə - psixiatra, ya nevropatoloqa yönəldirəm. Onlayn psixoloji xidmətin effekti çox az olur”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər