Onlayn mediaya maliyyə dəstəyi günün tələbidir
Milli Məclisin Hüquq
siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional
məsələlər, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin
büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə həsr edilmiş birgə
iclasında Azərbaycan Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov onlayn
mediaya dəstək məqsədilə dövlət büdcəsindən maliyyə ayrılmasını təklif edib.
Millət vəkili dəfələrlə parlamentin iclaslarında onlayn media ilə bağlı
fikirlərini səsləndirdiyini diqqətə çatdırıb.Bildirib ki, hazırda mediada
reklam yoxdur və bundan istifadə edən ayrı-ayrı qruplar bəzi saytları
maliyyələşdirərək iş adamlarını, tanınmış şəxsləri, məmurları yersiz şəkildə
təhqir edir, böhtan atırlar.
Millət vəkili Ə.Amaşov vurğulayıb ki, onlayn mediaya dəstək
məqsədilə dövlət büdcəsindən maliyyə ayrılmalıdır. Onun sözlərinə görə, bu,
reklam bazarı formalaşana qədər olmalıdır. Millət vəkili təklif edib ki, onlayn
mediaya 1 milyon manat ayrılsın. Deputat bu məbləğin büdcə üçün elə də böyük
rəqəm olmadığını xatırladıb.
Sözügedən məsələ bağlı
fikirlərini "Kaspi”yə bölüşən "Azadinform”
İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev Mətbuat Şurasının
sədri, millət vəkili Ə.Amaşovun onlayn mediaya vəsait ayrılması ilə bağlı
təklifini müsbət dəyərləndirib. Bildirib ki, deputat Ə.Amaşovun təklifi
səsləndirdiyi zaman gətirdiyi arqumentlər tamamilə əsaslıdır: "Lakin təklif
kimi irəli sürdüyü məbləğ - 1 milyon manat çox azdır. Düşünürəm ki, onlayn
medianın maliyyələşdirilməsi üçün ən azı 2-3 milyon manat vəsiat ayrılmalıdır.
Ona görə ki, çap mediasından fərqli olaraq, onlayn media orqanlarının sayı
çoxdur və hər gün də inkişaf etmək məcburiyyətindədir. Əgər maliyyələşmə baş
verərsə, bir neçə dildə fəaliyyət göstərən onlayn media resurslarının da sayını
artırmaq lazım gələcək. Bildiyiniz kimi, artıq bir neçə ildir bu məsələ həm
media ictimaiyyəti arasında, həm də parlament səviyyəsində müzakirə edilir. Təəssüf ki, bu günədək müsbət nəticə əldə olunmayıb.
Onlayn medianın durumu göz qabağındadır, reklam yox səviyyəsindədir, yerli
şirkətlər bu işdə maraqlı deyillər. Ona görə də ən azı keçid dövrü üçün
maliyyələşmə mütləqdir. Onlayn medianın maliyyələşməsi bu sektorda həm
canlanma, həm də keyfiyyət dəyişikliklərinə gətirib çıxara bilər. Bu da
ümumilikdə ölkə mətbuatı, xüsusən də inkişafda olan onlayn medianın daha
peşəkar və operativ fəaliyyətinə şərait yaradar. O cümlədən maliyyələşmə ilə
mövcud iş imkanları genişlənər, jurnalistlərin əmək haqlarında artım müşahidə
olunar, oxuculara yeni-yeni layihələr təqdim edə bilərlər. Onlayn medianın
maliyyələşməsi baş verərsə, mətbuatın
bu seqmentində özü-özlüyündə təmizlənmənin də şahidi ola bilərik. Maliyyə vəziyyəti dayanıqlı olan onlayn media
resursları qeyri-dəqiq, şər-böhtanla məşğul olan digər saytları gec-tez sıradan
çıxaracaq”.
"Yenicag.az”
saytının baş redaktoru Aqil Ələsgər hesab edir ki, bu gün
qəzetlərimiz dövrümüzlə bağlı tariximizi əbədiləşdirdiyi kimi, internet media
da günün əsas media vasitəsinə çevrilib. Onun fikrincə, hətta internet media
bəzən televiziyalarla yarışır və belə bir media qüvvəsinin daha da inkişafı üçün
dəstək lazımdır: "Bu baxımdan Əflatun müəllimin bu təklifini dəstəkləyirik. Əlbəttə, internet
medianın inkişafı üçün müxtəlif çıxış yolları var. Məsələn, daha yaxşı olardı
ki, Azərbaycanda sərbəst reklam bazarı formalaşsın və internet media məhz
reklamlarla öz fəaliyyətini davam etdirsin. Ancaq reallıqlar da nəzərə
alınmalıdır. Bu baxımdan hesab edirəm ki, Azərbaycan mediasından heç vaxt
dəstəyini əsirgəməyən dövlət bu məsələdə də onlayn medianın əlindən tutarsa,
biz müxtəlif dillərdə Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasına nail ola
bilərik. Şəxsən biz hazırda üç dildə bu yöndə fəaliyyət göstəririk. Ancaq
məhdud imkanlar çərçivəsində istədiyin hədəfə çatmaq imkansızdır. Dövlət
dəstəyi olarsa, Azərbaycan internet mediasının dünyanın qabaqcıl mediası ilə
ciddi əməkdaşlıq imkanları yarana bilər. İnanıram ki, cənab prezidentin də
diqqət mərkəzində olan bu məsələ öz müsbət həllini tapacaq”.
"Azvision.az”
saytının baş redaktoru Vüsal Məmmədov deyib ki, onlayn mediaya
dəstək məqsədilə dövlət büdcəsindən maliyyə ayrılması çoxdan baş verməli idi.
Sayt rəhbərinin sözlərinə görə, qəzetlərə maliyyə yardımı ayrıldığı halda,
onlayn mediaya bu formada dəstək göstərilməməsinin səbəbini izah etmək
çətindir: "Nə olsun ki, onlayn medianın kağıza xərci çıxmır? Əgər biz ümumi
xərclərə nəzər salsaq, görərik ki, onlayn medianın saxlanması, fəaliyyətinin
təmin edilməsi üçün tələb olunan xərclər heç də çap mediasınınkından az deyil.
Onlayn mediada daha çox insan çalışır. Xəbərin operativ çatdırılması, xəbərin
kəmiyyəti çox olduğundan müxbirlər saytlarda daha çoxdurlar. Bu kimi səbəbləri
nəzərə alsaq, bu ideya çoxdan gündəmə gəlməli idi. Düşünürəm ki, hələ bir qədər
gecikib də”.
"Modern.az”
saytının baş redaktoru Elşad Eyvazlı da millət vəkili
Ə.Amaşovun təklifini birmənalı olaraq dəstəklədiyini dilə gətirib. Qeyd edib
ki, bu məsələnin müsbət həllini tapması onlayn mediada çalışanlar üçün xoş
xəbər olardı: "Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən çap mediasına dəstək verilir.
Saytlar, onlayn media resursları da kütləvi informasiya vasitəsidir. Belə olan
halda, nə üçün onlayn media bu dəstəkdən kənarda qalmalıdır? Onlayn media
müasir dövrdə xəbərin çatdırılması baxımından nəinki mətbuatı, hətta
radio-televiziyanı da qabaqlayır. Onlayn medianın əhatəsi, imkanları daha
genişdir. Ona görə də bu sahəyə dəstəyin olmasına ciddi ehtiyac var. Ümid
edirik ki, Mətbuat Şurası sədrinin səsləndirdiyi təklif nəzərə alınacaq, məsələ
müsbət həllini tapacaq, onlayn media da dəstəklənəcək. Xüsusilə nəzərə almaq
lazımdır ki, ölkədə ictimai-siyasi rəyin formalaşmasında, Azərbaycan
həqiqətlərinin dünyaya çatdırılmasında onlayn medianın üstün cəhətləri var”.
"Aznews.az”
saytının baş redaktoru Taleh Şahsuvarlı hesab edir ki, deputat
Ə.Amaşov hər zaman olduğu kimi, bu dəfə də medianın aktual problemlərindən
birini parlament və hökumət qarşısında qaldırıb. Sayt rəhbəri hazırda
Azərbaycanda reklam bazarının formalaşma prosesinin getdiyini diqqətə çatdırıb.
Qeyd edib ki, hazırkı prosesdə medianın özü-özünü maliyyələşdirməsi
qeyri-mümkündür: "Çünki, reklam bazarı zəifdir. Əflatun müəllimin haqlı olaraq
vurğuladığı kimi, bundan bəzi qüvvələr özlərinin heç də yaxşı olmayan
məqsədləri üçün istifadə edirlər. Bütün dünyada olduğu kimi, Azərbaycanda da
media milli maraqların qorunmasına xidmət etməlidir. Bu və bunun kimi bir çox
məqamları nəzərə alaraq, onlayn mediaya dövlət tərəfindən maliyyə dəstəyinin göstərilməsi
yaxşı olardı. Nəzərə alaq ki, bu istiqamətdə Azərbaycanda artıq bir təcrübə
var. Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət
Dəstəyi Fondu tərəfindən çap mediasına maliyyə dəstəyi göstərilir. Bu dəstək
çap mediasının ayaqda qalmasına xidmət edir. Bu müsbət təcrübədən çıxış
edilərək, onlayn mediaya da dəstək göstərilə bilər. Bir neçə ildir ki, bu
istiqamətdə həm cəmiyyətdə müzakirələr gedir, həm də Milli Məclisdə təkliflər
səsləndirilir. Düşünürəm ki, artıq gələn ilin dövlət büdcəsinə bu barədə əlavə
bəndin salınması mümkündür. Maliyyə naziri Samir Şərifov da bu təklifə
baxılmasının mümkünlüyünü vurğulayıb. Hesab edirəm ki, ilkin dövr üçün, mövcud
şərtlər nəzərə alınmaqla, başlanğıc olaraq 1 milyon manat nəzərdə tutulsa da,
gələcəkdə bu məbləğ bir qədər çox olmalıdır”.
Rufik
İSMAYILOV