• cümə axşamı, 18 aprel, 18:23
  • Baku Bakı 21°C

“Onlayn media Azərbaycanın xaricdəki təbliğat vasitəsidir”

08.11.18 19:24 9072
“Onlayn media Azərbaycanın xaricdəki təbliğat vasitəsidir”
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə həsr edilmiş birgə iclasındaMətbuat Şurasının sədri, deputat Əflatun Amaşovonlayn mediaya dəstək məqsədilə dövlət büdcəsindən maliyyə ayrılmasını təklif edib. Bu təklif və bundan irəli gələn bir sıra məsələlərlə bağlı "Kaspi”nin suallarını millət vəkili Ə.Amaşov cavablandırıb.
- Əflatun müəllim, Milli Məclisdə irəli sürdüyünüz təklifi bir qədər geniş əsaslandırmanızı istərdik. Hansı zərurətdən yaranıb bu təklif?
- Bu zərurət barədə dəfələrlə açıqlamalarım olub. Çıxışlarımda da məsələdən ətraflı bəhs etmişəm. Əslində çox sadə reallıq var. 2008-ci ildə "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına Dövlət Dəstəyi Konsepsiyası” qəbul edilib. Sənəddə göstərilən vəzifələrin reallaşdırılması üçün Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Gələn il biz Fondun fəaliyyətinin 10 ilini qeyd edəcəyik. Ötən 10 ildə nə dəyişib? Yəni 10 il əvvəl biz KİV deyəndə daha çox hansı informasiya məhsullarını nəzərdə tuturduq, indi hansıları? Təbii ki, hazırda internet medianın cəmiyyətin informasiya təminatında xüsusi rol oynadığı vurğulanmalıdır. Konsepsiyada KİV-lərə dəstək bir növ, stimuldur. Bu stimul onları dövlət üçün vacib olan sahələri təbliğ etməyə yönləndirir. Belə olan halda dövlət öz prioritetləri naminə nəyə görə daha effektiv təbliğat vasitəsindən bəhrələnməsin? İkinci məqam ondan ibarətdir ki, onlayn media bu gün faktiki olaraq Azərbaycanın xaricdəki təbliğat vasitəsidir. Hesab edirəm ki, dövlət dəstəyi dedikdə məsələyə məhz bu aspektdən də yanaşmaq zəruridir. Dövlət dəstəyi ilə internet KİV-lərimizin qlobal informasiya məkanına inteqrasiyasına nail olmalıyıq. Həqiqətlərimizin dünyaya çatdırılması üçün daha peşəkar platforma formalaşdırmalıyıq. Daha bir məqama da diqqətinizi çəkmək istərdim. Yadınızdadırsa, illər əvvəl çap mediası ayrı-ayrı maraqlı siyasi qrupların alətinə çevrilmişdi. Qəzetləri bu məngənədən qurtaran dövlət dəstəyi oldu. İndi eyni xoşagəlməz mənzərə onlayn media orqanlarında da yaşanmaqdadır. Biz bunun qarşısını almalıyıq. İmkan verməməliyik ki, bir-biri ilə ziddiyyətdə olan maraqlı tərəflər onları özlərinin ruporuna çevirsinlər.
- Sizcə, bu dəstək daimi olmalıdırmı?
- Əlbəttə, dövlət dəstəyi daimi ola bilməz. Adından da göründüyü kimi, söhbət dəstəkdən gedir, himayədən yox. Dəstək KİV-lərin müstəqilliklərinin qorunması üçündür. Bu tədbir müəyyən dövrü əhatə etməlidir. Ciddi şəkildə baxılmalıdır ki, dövlət yardımından faydalanan informasiya resursu özü öz potensialını artırmaq üçün nə edir. Kimlərsə düşünsələr ki, dövlət maliyyə ayırır və o da rahatca bundan bəhrələnib gün keçirir, buna imkan verilməməlidir. Nəzərə alaq ki, dövlət dəstəyi həm də əlavə imkanlardır. Bu imkanları qazanmaq peşəkarlığa söykənməlidir. Yəni sistem elə qurulmalıdır ki, hər bir xəbər saytı həmin imkanı qazanmaq üçün rəqabət aparsın. Hesab edirəm ki, bu yolla həm hazırkı status baxımdan dövlət dəstəyindən faydalanmaq kriteriyalarına cavab verənlər, həm də cavab verməyənlər bir növ rəqabətdə olacaqlar. Heç kəs arxayın olmayacaq. Qəzetlərdə bu yanaşma tətbiq edilir. Mətbuat indiki dövrdə daha çox salnamə xarakteri daşıdığından rəqabət mühiti o qədər də duyulmur. Ancaq internet mediada rəqabət istər-istəməz görünəcək. Bu, inkişafa aparan yol olacaq.
- Siz təklifinizdə konkret 1 milyon manat məbləğ qeyd etmisiniz. Bu hesablama dəqiqdirmi? Yəni, 1 milyon manat ümumilikdə onlayn medianın maliyyə dəstəyi üçün kifayətdirmi?
- İndiki mərhələdə əsas olan internet media üçün vəsaitin ayrılmasıdır. Əlbəttə, vəsait nə qədər çox olsa, bir o qədər yaxşıdır. Ümumən mediaya ayrılmış dövlət vəsaitinin artırılmasına ehtiyac var. Dövlət büdcəsinə diqqət edəndə görürsən ki, digər sahələr üzrə ayırmalarda kifayət qədər artım müşahidə edilməkdədir və bu sevindiricidir. Eyni yanaşma mediaya münasibətdə də tətbiq edilməlidir. Sahənin həddən artıq spesifikliyi nəzərə alınmalıdır. Bu mənada 1 milyon manat heç də böyük rəqəm sayıla bilməz. Ancaq hesab edirəm ki, hələlik yetərlidir, hər bir halda stimuldur, yeni ənənənin başlanğıcıdır.
- Hökumət tərəfindən Sizin bu və buna qədər olan oxşar təkliflərinizə reaksiya necə olub? Maliyyənin ayrılması ilə bağlı hər hansı ümid varmı?
- Buna qədər məsələ ilə bağlı fikirlərimi bir neçə dəfə səsləndirmişəm. Eyni zamanda müəyyən müzakirələr də aparmışam. Prinsipial məsələ budur ki, KİV-ə dövlət dəstəyi əsaslı şəkildə artırılsın. Bu, baş verəcəksə, internet medianın hansı formada o dəstəkdən faydalanacağı məsələsinə baxılacaq. Məqsədimiz internet medianı artımdan faydalanan tərəf kimi müəyyənləşdirməkdir. Buna görə də çıxışlarımda məsələni məhz internet mediaya yardımın ayrılmasının zəruriliyi şəklində ifadə edirəm. Fikirlərim bir jurnalist deputat kimi istəyimdir və düşünürəm ki, bütövlükdə media ictimaiyyətinin baxışını ortaya qoyuram. Ümid edirəm ki, reaksiya müsbət olacaq.
- Onlayn mediaya maliyyə yardımı ayrılacaqsa, hansı formada, hansı şərtlərlə ünvanına çatdırılacaq? Bununla əlaqədar xüsusi planınız varmı?
- Düşünürəm ki, əsas prinsiplər artıq işlənib. Söhbət "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”ndan gedir. Eləcə də KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun müəyyən etdiyi prinsip və qaydalar var. Təbii ki, internet mediaya uyğun müəyyən texniki düzəlişlər nəzərdən keçirilə bilər. Əsas olan maliyyənin ayrılmasıdır. Maliyyə ayrıldıqdan sonra daha konkret yanaşma ortaya qoyulacaq.
- Onlayn mediaya maliyyə yardımın göstərilməsi "reket jurnalistika” probleminin aradan qalxmasına necə təsir göstərəcək və ya hansısa formada göstərəcəkmi?
- Prinsipcə, bunlar fərqli məsələlərdir. Amma az əvvəl bir məqama toxundum. Bildirdim ki, internet informasiya resursları ayrı-ayrı şəxslərin, ziddiyyətli tərəflərin, hətta xaricdən idarə olunan qüvvələrin ruporuna çevrilirlər. Bundan xilas olmaq üçün dövlət dəstəyi mütləqdir. Çünki hazırkı reklamsızlıq şəraitində kimlərsə öz yaşamlarını sürdürməkdə israrlıdırlar. Götürək elə peşəkarları. Hansısa peşəkar jurnalist özünə sayt yaradır. Bir, beş, on gün, bir-iki ay fəaliyyət göstərir. Sonra bəs? Reklam yoxdursa, nə etməlidir? Fəaliyyət göstərməməlidir? Axı bu adamın işi jurnalistikadır. Özünü internet media orqanının rəhbəri kimi təsdiqləmək istəyir. Çalışır, vuruşur, yaradıcılığını ortaya qoyur, bəlli oxucu auditoriyası da toplayır. Ancaq nə olsun? Reklam verən yoxdur. Belədə istər-istəməz alternativ variantlar üzərində düşünür və çıxış yolu yuxarıda qeyd etdiyim tərəflərin maraq müstəvisində tapılır. Beləcə dəyərlər də itib-gedir. "Reket jurnalistika” ilə isə hüquqi müstəvidə mübarizə aparılmalıdır. Başqa yol yoxdur. Hesab edirəm ki, dövlət dəstəyi internet medianın timsalında bu tribunaların həm sayını artıracaq, həm də keyfiyyətini yüksəldəcək.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər