• cümə, 29 Mart, 14:48
  • Baku Bakı 14°C

Onlayn kitab satışı

16.06.15 11:04 7121
Onlayn kitab satışı
Ölkədə onlayn kitab satışı sistemi inkişaf edir. Lakin bu sistemin fəaliyyətini yüksək qiymətləndirənlərlə yanaşı, narazı qalanlar da var. “Virtual kitab satışı ənənəvi kitab satışını əvəz edə bilməz” - deyənlər daha çox kitab mağazalarının açılmasının tərəfdarıdırlar. Mağazaların onlayn satışa nəzarət edən nümayəndələri isə bu sistemin ənənəvi qayda ilə paralel inkişaf etdiyi, hətta onu ötüb keçəcəyi fikrindədirlər.
Kitabevim.az kitab marketinin piar meneceri Xəyalə Nəsirlinin sözlərinə görə, marketin onlayn kitab satışı elə mağaza fəaliyyətə başlayandan yaranıb. Belə ki, kitablar bazaya yerləşdiriləndən sonra müştərilər “Google”da axtarış verib sifarişlərini qeydiyyatdan keçirməklə ünvanı bildirirlər. Market təkcə paytaxt daxilində deyil, ölkənin regionlarına da kitabın onlayn satışını təşkil edir: “Həmçinin Naxçıvana və ölkədən kənara kitabın çatdırılması həyata keçirilir. Müştərilər sayta daxil olduqdan sonra qiyməti 10 manata qədər olan kitablardan ötrü çatdırılma üçün 1 manat haqq ödəyirlər. 10 manatdan yuxarı məbləğdə kitab alanlar üçün isə çatdırılma pulsuzdur. Kitab birbaşa müştərinin evinə çatdırılır. Bu, müştərilər üçün daha sərfəlidir. Çünki kitab onlayn yolla seçilir və ünvana çatdırılır”.
X.Nəsirli hesab edir ki, hazırki dövrdə onlayn kitab satışı daha aktivdir. Həmçinin ilin mövsümləri də bu satışda rol oynayır. Belə ki, qış aylarında onlayn kitab satışı daha da artır və sifarişçilərin sayı çox olur: “Çünki müştərilər soyuq havada evdən çıxıb marketə gəlməkdənsə, onlayn sifariş etməyə üstünlük verirlər. İnternet istifadəçilərinin sayı çox olduğundan onlayn kitab sifarişi də insanlar üçün ən sərfəli variantdır”.
Menecerin söylədiyinə görə, ölkədə kitab oxuyanların sayı o qədər də çox olmadığından onlayn kitab satışı ilə məşğul olan mağazalar arasındakı rəqabət də o qədər yüksək deyil: “Düşünmürəm ki, onlayn kitab satışı ənənəvi kitab mağazalarının xidmətini əvəz edə bilir. Hər bir saytın kitab tutumu bazası var. Azərbaycanda olan bütün nəşrlərin hamısını kitab saytına yerləşdirmək mümkün deyil. Ona görə də kitab marketlərinin olması daha yaxşıdır. Nəzərə alsaq ki, hər kəs də internet istifadəçisi deyil, onda kitab mağazalarının olması daha əlverişlidir”.
Market təmsilçisi bu sahədəki problem kimi oxucuların çox olmamasını göstərir: “Oxucuların sayı nə qədər çox olsa, onlayn kitab alıcılarının sayı da bir o qədər çox olar”. Onun fikrincə, onlayn kitab xidmətini genişləndirmək üçün ilk növbədə reklam xidmətinin genişləndirilməsinə ehtiyac var: “Televiziyalarda kitabla bağlı verilişlərin hazırlanması önəmlidir. Həmçinin elektron portallarda, saytlarda kitabla bağlı bölmənin açılmasına ehtiyac var. Həmçinin kitabla bağlı saytların artması yaxşı olardı. Bu, onlayn kitab satışı ilə bağlı təbliğatın genişlənməsinə səbəb olar. Həmçinin sosial şəbəkələrin də rolu bu təbliğatda böyük ola bilər”.
Reklam olmalıdır
Alokitab.az onlayn kitab satış sisteminin rəhbəri Sevinc Çılğın mağazada istənilən sahə ilə bağlı və bütün müəlliflərin əsərlərini satdıqlarını bildirdi: “Biz bütün sahələr üzrə insanlara kitab çatdırırıq. Ərazilər var ki, orada kitab mağazaları yoxdur. Elə insanlar var ki, kitab axtarmağa və ya almağa vaxtları yoxdur. Bizim saytımıza daxil olmaqla o, kitabla bağlı bütün yenilikləri öyrənir və axtardığı kitabları da asanlıqla əldə edə bilir”.
S.Çılğın onlayn kitab satışı sahəsində vəziyyətin o qədər də acınacaqlı olmadığı qənaətindədir: “Bir illik fəaliyyətimiz dövründə minlərlə kitab satmışıq. Düzdür, bu, bizə qazanc gətirmir və bu barədə düşünmək hələ tezdir, amma hər halda mağaza özünü idarə edə bilir. Bu sahə insanlar üçün yeni olsa da, maraq göstərirlər. Bu, hər şeydən əvvəl onların işini asanlaşdırır. Ancaq bu xidmət sahəsi genişlənsə, bəlkə daha çox insan istifadə edə bilər. Ola bilər ki, çox adamların hələ bu xidmətdən xəbərləri yoxdur. Bunun üçünsə reklama ehtiyac var”.
Sistem rəhbəri hesab edir ki, kitab adına görülən bütün layihələr əhəmiyyətlidir: “Sadəcə, bizdə bu xidmət aşağı səviyyədədir. İnsanlar kitaba meyilli deyil. Kitab mağazaları da paralel fəaliyyət göstərməlidir, həmçinin bu cür xidmətlər də olmalıdır. İnsanlar var ki, fiziki qüsurludurlar və onlar kitab mağazasına gedə bilmirlər. Ancaq bircə zənglə kitab onların qapısına çatır. Bu şəbəkə bizdə o qədər də geniş deyil. Ancaq insanların bu xidmətdən xəbərinin olması üçün sistemi inkişaf etdirməyə çalışırıq”.
Təbliğat aparılmasına ehtiyac
“Əli və Nino” kitab evinin piar meneceri Səbinə Məşədiyeva onlayn satışın daha rahat olduğunu bildirdi: “Kimin evdən çıxmağa imkanı yoxdursa, o, onlayn müraciət edir, kitab onun ya evinə, ya da iş yerinə göndərilir. Fikrimcə, bu üsul pis deyil və ya daha yaxşı ola bilər”.
Mağaza təmsilçisi mağazanın artıq 4 ilə yaxındır fəaliyyət göstərən onlayn satış sahəsində müəyyən təcrübə əldə etdiyini bildirsə də, kitab dükanlarında daha çox alış-veriş olduğunu qeyd edir: “Səbəbini bilmirəm ki, nə üçün insanlar daha çox kitab mağazalarına üz tuturlar. Amma biz onlayn kitab satışını daha da aktivləşdirməyə çalışırıq. Xidmətlərimiz də baha deyil. 20 manatdan aşağı qiymətə sifariş edənlər 2 manat ödəyirsə, 20 manatdan yuxarı alış-veriş edənlərə kitab pulsuz çatdırılır”.
S.Məşədiyeva onlayn satışın daha çox populyarlaşmamasının səbəbini insanların ya ehtiyat etməsi, ya da bu sahədə bilgilərinin az olması ilə əlaqələndirir: “Ya insanlar qorxurlar, ya da kitab haqqında məlumatsız olduqlarından bəzən onlayn satışa o qədər də üstünlük vermirlər. Ancaq biz onlayn satışa hər gün kitablar əlavə edirik və ümid edirik ki, vəziyyət bundan da yaxşı olacaq. Biz istəyirik ki, nə vaxtsa onlayn kitab satışı ənənəvi kitab satışını əvəz etsin. Çünki heç bir fərq yoxdur - eyni kitablar, eyni məzmunlu əsərlər satılır. Rayonlarda kitab evləri çox olmadığından biz çatdırılmanı rayonlar üçün də həyata keçiririk”.
Piar menecer hesab edir ki, “Əli və Nino” kitab evi onlayn satış sahəsində digər satış sistemlərinə nisbətən daha çox təcrübə əldə edib. Mağaza təmsilçisinin fikrincə, oxucuların onlayn satışa meyil etməsi üçün daha çox təbliğat aparılmasına ehtiyac var.
Kitab satışına dəstək kimi
Dəfələrlə internet üzərindən kitab sifariş etdiyini bildirən şair-tərcüməçi Səlim Babullaoğlu hesab edir ki, nə qədər kitab olacaqsa, kitab dükanları da olacaq: “Amma necə ki, bu gün mətnlərin çoxunu internet üzərindən oxuyuruq, onlayn satış da təxminən belə bir hal alacaq. Yəni insanlar evlərindən çıxmadan kitab sifariş edəcəklər. Tutaq ki, mən rus dilində ədəbiyyat oxuyuramsa, həmin ədəbiyyat yalnız Moskvadadırsa və mən həmin kitaba görə Moskvaya gedə bilmirəmsə, onu sifariş edə bilərəm”.
S.Babullaoğlu hesab edir ki, onlayn kitab şatışı əslində kitab dükanlarının fəaliyyətinə dəstək verən şəbəkədir. Belə ki, bir çox ölkələrdə artıq belə təcrübə var: “Kitab real, əllə toxunulacaq bir əmtəədir. Onun satışı ilə həm kitab dükanları məşğul olacaq, həm də onlayn satış sistemi vasitəsilə həyata keçiriləcək. Onlayn bilet alırıqsa, nə üçün onlayn kitab almayaq? Artıq nəşriyyatın, mətbəənin çap etdiyi kitabların mətnini də elektron formatda almaq imkanımız var. Buna daha pozitiv baxmıram, amma eyni zamanda bu da olacaq”.
Virtual satışdansa...
“Nurlan” nəşriyyatının rəhbəri Nadir Məmmədli isə onlayn kitab satışının o qədər faydalı olmadığı qənaətindədir: “Özləri yazır, özləri oxuyur, özləri də satırlar. İstənilən kitabın tirajı olur, ictimaiyyət də onunla tanış olur və rəyini bildirir. Virtual aləmdə isə barmaq sayı qədər adamlar var. Orada olan kitablar geniş auditoriya üçün yazılmır. Onlayn kitab satışı müəyyən bir qrup üçündür. Amma əhaliyə daha çox lazım olan kitab mağazalarıdır”.
N.Məmmədli hesab edir ki, böyük kitab mağazalarının açılması və duruş gətirməsi üçün bu sahəyə qayğı lazımdır: “Kitab mağazaları üçün böyük yerlər nəzərdə tutulmalıdır. Bunun üçün də reklamlar olmalıdır. 3-4 mağaza ilə böyük mağazalar şəbəkəsi qurmaq olmaz. Virtual satışdansa kütləvi kitab satış mağazaları olsa, daha yaxşı olar”.
N.Məmmədli kitabın oxunmaması ilə bağlı səslənən fikirlərlə razılaşmır: “Kim deyirsə kitab oxunmur, bu, düzgün məlumat deyil. Kitab satışının yollarını tapmaq, onu vergidən azad etmək lazımdır. Şərait yaradılmalıdır ki, kitab mağazaları fəaliyyətdə olsun və kitab üzə çıxsın. Bir manata başa gələn kitab mağazaya girib çıxanda müəyyən xərclər – işıqpulu, vergi və sığorta pulu üstünə gəlməklə məbləği artır. Ona görə dövlətin nəzarətində olsa, onda virtual aləmə də ehtiyac qalmayacaq. Kitab ucuzlaşsa, onlar da məcbur olub ucuz satacaqlar”.
Nəşriyyat rəhbəri virtual satışda elmi kitabların satılmamasını nöqsan kimi dəyərləndirir: “Bizim nəşriyyatın AMEA-nın Əlyazmalar İnstitutu ilə müqaviləsi var. Görün, virtual aləmdə o kitablar görünə bilər, ya yox? Məsələn Nadir şahın yediyi yeməklər haqqında kitab çap etmişik. Bu kitab hansı virtual aləmdə görünə bilər? Bundan əlavə, Şah İsmayıl Xətai, Şeyx Səfi, Nəsrəddin Tusi. Hamıya lazım olacaq ciddi bir əsər virtual satışda yoxdur. Dünyanın hər yerində belədir, satışda biznesin damarını tuturlar ki, hansı kitab daha çox satılır. Amma daha yaxşı işlər görmək, məsələn, elmi kitablar satmaq olar”.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər