• cümə axşamı, 25 aprel, 20:18
  • Baku Bakı 21°C

“Onlarla qıza başqasının adından şeir yazmışam” – Keçmişdəki mən

05.07.16 11:07 3294
“Onlarla qıza başqasının adından şeir yazmışam” – Keçmişdəki mən

Gənclərimizə məsləhət görür ki, elmin arxasınca getsinlər. Deyir ki, indiki dövr elmi idarəetmə dövrüdür. Onun fikrincə, dünyəvi elmlərə maraq göstərməyən adamlar həyatda çox şey itirirlər: "İlahi elmlərə də maraq ola bilər, amma bu, dünyəvi elmlərlə paralel olmalıdır. Tarixin ən yüksək şəxsiyyətlərindən sayılan Məhəmməd peyğəmbər deyirdi ki, dini kitablarla bahəm dünyəvi elmləri də oxumaq lazımdır. Buna görə də gənclərə əsas tövsiyəm təhsilə, dünyəvi elmlərə dərindən maraq göstərməkdir”.
Həmsöhbətimiz keçmiş SSRİ-də riyaziyyatın sosiologiyaya tətbiqi ilə məşğul olan ilk 20 mütəxəssisdən biri, Cənubi Qafqazda isə ilk mütəxəssis, şair, publisist, sosioloq, iqtisad elmləri doktoru, "Ahəngyol” elmi-fəlsəfi konsepsiyasının yaradıcısı Əhməd Qəşəmoğludur. Onun uşaqlıq, məktəb və gənclik illəri ilə tanış olaq...

4 yaşlı şagird

1950-ci ildə Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Vayxır kəndində dünyaya göz açıb. Yeddi uşaqlı ailənin böyük övladıdır. Atası Qəşəm Məmmədov Naxçıvanda tanınmış maarif xadimlərindən biri olub, uzun illər orta məktəb direktoru işləyib. Anası isə evdar qadın olub. O vaxt məktəb direktorunun həyat yoldaşının namaz qılması təhlükəli olsa da, dindar anası bir dəfə də namazını buraxmayıb. Ailədə böyüyən yeddi uşağın yeddisi də pedaqoji təhsil alıb.
Balaca Əhməd erkən yaşlarından təhsilə maraq göstərib. Özündən böyük uşaqların məktəbə getdiyini görərək 4 yaşından o da şagirdlərə qoşulub məktəbə getməyə başlayır. Kənddə hamı bir-birini tanıdığından, üstəlik, atası direktor olduğundan heç kim 4 yaşlı uşağın məktəbə getməsinə heç nə demir: "4 yaşımda məktəbə getdim, heç nə demədilər, 5 yaşımda da məktəbə getdim, dinmədilər. 5 yaşımda məktəbə əməlli-başlı, gündəlik gedirdim və demək olar, hamıdan yaxşı oxuyurdum. Yanvar ayında jurnalda adımı axtardım, gördüm ki, adım yoxdur. Hənifə müəllimdən soruşdum ki, müəllim, bəs mənim adım haradadır? Bərkdən qışqırdım ki, bəs mən şagird deyiləm? O da başımı tumarlayıb dedi ki, gələn il şagird olacaqsan. O zaman şagird olmadığımı başa düşdüm və məktəbdən evimizə qədər olan 700 metrlik məsafəni qışqıra-qışqıra necə gəldimsə, anam elə bildi ki, məni it qapıb. Anam nə olduğunu soruşanda ona şagird olmadığımı dedim. Nəhayət, 6 yaşımda adımı jurnala yazdılar və şagird oldum”.

"Müəllim, İbn Sina da şuluqluq edib”

Birinci sinfə gedəndə kitabı üzündən o qədər sərbəst oxuyub ki, ətrafdakıların təəccübünə səbəb olub: "Birinci sinifdə yeni çıxmış "Koroğlu” kitabını oxuyurdum, hamının xoşu gəlirdi. Kənddə hamıya qəribə gəlirdi ki, heç 10 yaşında uşaq belə sərbəst oxuya bilmir”.
7-ci sinfə qədər anası ev tapşırıqlarını hazırlamaqda ona kömək edib: "Anamın orta məktəbdə oxuduğu illər müharibə vaxtına düşdüyündən cəmi yeddi sinif qurtarmışdı. Buna baxmayaraq, anam savadlı qadın olub. Həyatda ən böyük müəllimim anamdır. Təsəvvür edin, o, mənim 7-ci sinfə qədər bütün dərslərimdə repetitorluq edib. Yeddinci sinfi qurtaranda anamın dediyi söz indiyə qədər qulaqlarımdadır: "Əhməd, mən səni 7-ci sinfə qədər gətirdim, bundan sonra səni Allaha tapşırıram”. Anam mənim həm şair kimi yetişməyimə, həm də dərslərimdən uğur qazanmağıma yardım edib. İlk şeirimi səkkiz yaşımda yazdım və anama göstərdim. Bir neçə bənd yazmışdım, hamısı da eyni fikri ifadə edirdi. Anam məni başa saldı ki, şeiri belə yazmazlar. Anamın izahından sonra gedib bir şeir də yazdım. Bu şeirim məktəbin divar qəzetində çıxdı”.
7-ci sinfə qədər anasının köməyilə məktəbdə əlaçı olan müsahibimiz belə də davam edib. Mütaliə etməyi o qədər sevib ki, atasının evdəki böyük kitabxanası ilə yanaşı, kəndin kitabxanasında da oxumadığı kitab qalmayıb: "Naxçıvandan Yusif Məmmədəliyev, Həsən Abdullayev kimi alimlərin çıxması məni və həmyaşıdlarımı elmə həvəsləndirirdi. Atam o vaxtlar mənə alimlər barədə çoxlu kitablar alırdı. Mən hələ uşaq vaxtı İbn Sina haqqında kitab oxuyurdum. Yadımdadır, bir dəfə şuluqluq edəndə müəllimlərimdən biri mənə dedi ki, sən əlaçısan, əlaçı şuluq salmaz. Mən də İbn Sinanın həyatı haqqında kitabı göstərdim ki, o da şuluqluq edib”.
Arada şuluqluq etsə də, atasının direktor, anasının dindar olması onu özünü yaxşı aparmağa vadar edirdi: "Kənddə sözə baxmayan uşaqlar var idi ki, onlara qoşulub harasa getmək, gəzmək kimi arzum olmurdu. Nizam-intizama tabe olan uşaq idim. Amma məndən böyüklərə həddən artıq çox sual verirdim. Məndən 7 yaş böyük bir xalam var idi. Mənim əlimdən qan ağlayırdı ki, çox sual verirəm. Hətta müəllimlərim də onlara çoxlu suallar verəcəyimdən çəkinirdilər. Üçüncü sinifdə müəllimə sual verdim: "Deyirsiniz, yer kürəsi havadadır. Birdən o düşsə, hara düşər?” Müəllim: "Mənə belə suallar vermə”,-deyib üstümə qışqırdı.

Riyaziyyata aparan yol
8 yaşından şeir yazmağa başlayan qəhrəmanımızın şeiri məktəbin divar qəzetində çıxandan hamı ona "şair, şair” deməyə başlayır. Orta məktəbdə riyaziyyatı çox yaxşı oxuduğundan riyaziyyat muellimi də, atası da həmişə deyir ki, riyaziyyatdan başqa işlə məşğul olmasın. Buna görə bəzən yazdığı şeirləri gizlətmək məcburiyyətində qalır: "Dördüncü sinifdə ilhamım bir də möhkəm gəldi, yenə şeir yazdım. Atam yenə məni çağırıb tənbeh etdi ki, belə işlərlə məşğul olmayım, gələcəkdə böyük riyaziyyatçı olacağam. O vaxt musiqi alətlərinə də marağım oyanmışdı. Musiqi ilə də məşğul olmağıma razı olmadılar ki, fikrim riyaziyyatdan yayınar. Hər kəs məni riyaziyyatçı kimi görürdü. Bu gün də valideynlərimdən ən böyük narazılığım odur ki, məni musiqi ilə məşğul olmağa qoymayıblar. Musiqini bilsəydim, öz şeirlərimə özüm musiqi bəstələyərdim. Bəstəkarlar şeirlərimə musiqi yazırlar, amma bəzən ürəyimcə olmur. Çünki mən ürəyimdə başqa musiqi eşidirəm, onlar başqa musiqi yazırlar”.
Beləliklə, valideynlərinin təkidi ilə 10-cu sinfə qədər şeir yazmağa ara verir: "10-cu sinifdə, görünür, yeniyetməliyim, dəliqanlı yaşımda olmağım şeir yazmaq istəyimi yenidən qaldırdı. Beynimdə fikirləşdim ki, sənədlərimi universitetin filologiya fakültəsinə verim. Çünki bütün fənlərdən "5” alırdım. 9-10-cu sinifləri də Naxçıvan şəhərində 7 saylı orta məktəbdə oxuyurdum. Naxçıvanın ən məşhur riyaziyyat muellimi Musa Axundov məni çağırıb dedi ki, Əhməd, həndəsəni deyə bilmərəm, amma cəbri səndən yaxşı bilən yoxdur, sən başqa fakültəyə getsən, elə bil mənim qolumdan bir balta vurursan. Allah ona rəhmət eləsin, həmin il gəlib Bakı Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə qəbul oldum. Aldığım riyazi təhsil o vaxt da, indiki elmi işimdə də mənə çox kömək edir. Riyaziyyat universal elmdir. Bu elmi yaxşı bilən adam digər sahələri də duya, hiss edə bilir. Amma riyaziyyatı bilməyən adam üçün bir çox şeylər qapalıdır”.

24 yaşında Moskvada dərs deyir

Tələbəlik illərində üç nəfərlə əvvəl Bakı Dövlət Universitetinin 2 saylı yataqxanasında qalır. Dərslərini əla oxumaqla yanaşı, sambo ilə də məşğul olur. Bir ara xəstələnir və yataqxanada dərslərini yaxşı oxuyub əlaçı ola bilməyəcəyini düşünür. Buna görə valideynlərinin Yasamalda kirayələdiyi evdə qalır: "Yataqxanada olanda növbə ilə hər birimiz bazarlıq edir, paltar yuyur, ütüləyir, xörək bişirirdik. Elə xörəklər var ki, mən indi də hamıdan yaxşı bişirərəm. Kirayə evdə qalanda isə ya xalam, ya da kirayədə qaldığım evin sahibi yaşlı qadın mənə kömək edirdi. O vaxt hamımız dərsimizi oxuyurduq. Barama qurdu tut yarpağının üstündə gecə-gündüz işlədiyi kimi, bütün tələbələr gecə-gündüz oxuyurdular. Mexanika-riyaziyyat fakültəsində bizə çox gözəl təhsil verirdilər. Moskvada aspiranturada oxuyanda buna bir daha əmin oldum. Elmi rəhbər mühazirə oxuyur, məşğələlərini yaxşı aspirantlara verirdi. Mənə də Moskva Dövlət Universitetinin İqtisadi kibernetika fakültəsində məşğələ dərsi vermişdilər. 24 yaşımda qorxa-qorxa sinfə girdim. İki dərsdən sonra başa düşdüm ki, bizim mexanika-riyaziyyat fakültəsində dərslər heç də səviyyəcə Moskva Dövlət Universitetində keçirilən dərslərdən aşağı olmayıb. İki dərsdən sonra seminarları sərbəst şəkildə aparırdım”.

"Onlarla qıza şeir yazmışam”
Bakı Dövlət Universitetində oxuyanda o qədər oxuyurmuş ki, oxumaqdan əyləncələrə, dostları ilə gəzməyə getməyə vaxt da tapmırmış: "Mənim həyatımda oxumaq və idmandan başqa ayrı bir şey yox idi. Bizim vaxtımızda dərsdən qaçmaq anlayışı yox idi. Dərsdən qaçana pis baxırdıq. Qrupumuzda bir semestr 18 əlaçı olmuşdu. Başqa vaxtlar 10-14 əlaçı olurdu. Nümunəvi qrup sayılırdıq”.
Oğlanlar və qızlar arasında eşq macəralarının başladığı dövrü tələbəlik illərinin ən maraqlı tərəfi sayır: "İkinci kursdan oğlanlar, qızlar arasında eşq macəraları başlayırdı. İndi bu yaşımızda keçmiş qrup yoldaşlarımızla oturub xatirələri həvəslə yada salır, gülüşürük. Mən qrupda hamıdan kiçik idim. Qızların hamısı yaşca məndən böyük idilər. Kimsə kimisə sevirdi və mən çox dilxor olurdum ki, bəs mən? Qrupda hamı mənim şeir yazmaq bacarığımın olduğunu bilirdi. Hamı məndən öz sevgilisinə şeir yazmağımı xahiş edirdi. Onlarla qıza başqasının adından şeir yazmışam”.

"Özümüzü qızlara yaxşı oxumaqla göstərirdik”
Bütün bu macəralara baxmayaraq, Ə.Qəşəmoğlu heç vaxt onun dövründəki tələbələrin dərslərinə etinasız yanaşmadığını deyir: "Biz 2-3-cü kursdan sonra qrupdakı qızlara özümüzü göstərmək, təsdiq etmək istəyirdik. Buna görə daha yaxşı oxumağa çalışırdıq. Amma indi mən dərs dediym yerdə bir də baxıram ki, bir gənc arxada oturub özünü necəsə təsdiq etmək istəyir. Özünü təsdiq etməyin də yolunu oxumaqda deyil, şuluqluq salmaqda görür, ədabazlıq edir, müəllimi əsəbləşdirmək istəyir. Bu baxımdan bizim dövrün tələbələri ilə indiki dövrün tələbələri arasında yerlə göy qədər fərq var. Biz o zaman daha çox təhsillə nəfəs aldğımız halda, indiki tələbələrin təhsilə etinasızlığı məni incidir. Buna görə dərs deməyə o qədər də həvəsli deyiləm”.

Şair həyatının başlanğıcı
Şeir yazmağından da söz açan müsahibimiz deyir ki, uzun müddət şeir yazmağını hamıdan gizlədib: "Həmişə elə bilirdim ki, bu, ayıb işdir. Moskvada oxuduğum illər idi, 26 yaşım var idi. Yeni il gecəsi keçirirdik, hamı alkoqolun təsiri altlnda idi. Şeir deyən kim, mahnı oxuyan kim... Mən də öz şeirlərimi oxudum. Hamı şeirin müəllifinin kim olduğunu soruşanda özüm yazdığımı etiraf etdim. Dostlarımdan ikisi 11 şeirimi məndən götürdülər və Xalq şairimiz Rəsul Rzaya göndərdilər. O vaxt Rəsul Rza çox böyük nüfuz sahibi idi. Bir müddət sonra Rəsul Rza mənə məktub yazıb bildirdi ki, Moskvaya gələcək və "Ukrayna” mehmanxanasında olacaq, onunla əlaqə saxlayım. Görüşüb söhbətləşdik. O, Bakıya qayıdandan sonra 1977-ci ilin fevralın 12-də "Azərbaycan gəncləri” qəzetində "Yolun başlanğıcı” adlı böyük bir məqalə yazdı və məni gənc şair kimi təqdim edərək şeirlərimi verdi. O vaxtdan paralel olaraq şair həyatım da başladı”.
Lalə MUSAQIZI


banner

Oxşar Xəbərlər