• cümə, 29 Mart, 09:15
  • Baku Bakı 5°C

“Onların məqsədi Türkiyəni parçalayaraq udmaqdır”

04.06.15 12:27 1163
“Onların məqsədi Türkiyəni parçalayaraq udmaqdır”
Rəcəb Tayyib Ərdoğan Qərb mətbuatının yazdıqlarına cavab verdi: “Bu işlərin arxasında kimlərin olduğu bilinir”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Show TV kanalında gündəmə aid sualları cavablandırıb. Dövlət başçısı bildirib ki, bəzi partiyalar onları terroru dəstəkləməkdə ittiham edir: “Hazırda Suriyadan ölkəmizə gələn 1 milyon 700 min insana Türkiyədə imkan yaradan və onlara burada qalmağa icazə verən biz deyilikmi? Həmçinin İraqdan gələn 300 min insanı ölkəmizdə saxlayan biz deyilikmi? Bizi terrora dəstək verməkdə necə ittiham etmək olar? Həm İraqdan, həm də Suriyadan gələn insanlara ölkəmizdə yaşamağa şərait yaradırıq. Dünyanın heç bir yerində bu cür zülmlərdən qaçan insanlara şərait yaradan, onlara yer verən ölkə yoxdur. Bunu, sadəcə, Türkiyə edir”.
R.T.Ərdoğan qeyd edib ki, Milli Kəşfiyyat İdarəsi (MİT) Türkiyənin ən fərqli təşkilatıdır: “Bu təşkilatın həssas vəzifələri var. MİT-in yerinə yetirəcəyi vəzifələr və onların səlahiyyətləri qanunla tənzimlənib. MİT-ə aid olan nəqliyyat vasitələrini baş nazirin icazəsi olmadan heç kim saxlaya bilməz. Həmçinin MİT-ə aid olan yük maşınlarının saxlanmasını Türkiyə əleyhinə olan qaralama kampaniyası kimi qiymətləndirirəm. Bəs bu hadisənin arxasında kimlər var? Bu işlərin arxasında əlbəttə ki, “paralel dövlət” durub. Lakin bu hadisədən sonra onlar bir-bir ifşa olunmağa və dağılmağa başladılar. Bu hadisə haqqında çox danışılıb”.
Onun özlərinə görə, Türkiyə hökuməti Bayırbucaq türkmənlərinə hər cür dəstək verir: “Biz bundan sonra da həm maddi, hə də mənəvi dəstəyimizi davam etdirəcəyik. Bayırbucaq türkmənləri ilə maraqlanan MHP-li millət vəkili gördüyümüz işlərə görə mənə və baş nazir Əhməd Davudoğluna öz təşəkkürünü bildirib. Suriya rejimi də onları çox sıxışdırır. O bölgədə çoxlu sayda Bayırbucaq türkmənləri yaşayır. Lakin bayaq qeyd etdiyim kimi, bəziləri məni və hökuməti terror qruplaşmaları ilə əlbir olmaqda ittiham edir. Bunlar hamısı “qara piar”dır”.
Türkiyə prezidenti öz çıxışı zamanı “Nyu York Times” qəzetini də tənqid edib. Onun sözlərinə görə, “Nyu York Times” qəzetinin Türkiyəyə qarşı məqalələri yeni deyil: “Bu qəzetdə Sultan Əbdülhəmid, Adnan Menderes və Turqüt Özal haqqında da tənqidi məqalələr dərc olunub. İndi isə bu cür məqalələr mənim haqqımda yazılır. Bu qəzetin özünəməxsus vəzifəsi mövcuddur. Bu işlərin arxasında kimlərin olduğu bilinir. Bu qəzet həmin gücə itaət və xidmət edir. Gəzi parkında baş verən hadisələrdə də “Nyu York Times” BBC və CNN kimi eyni vəzifəni yerinə yetirirdi. Onların məqsədi Türkiyəni zəiflətmək, bundan sonra parçalayaraq udmaqdır. Lakin bunu edə bilmədilər”.
R.T.Ərdoğan iyun ayının 7-də keçiriləcək parlament seçkiləri haqqında da danışıb. Prezident müxalifətin seçkilər zamanı elektrik enerjisinin kəsiləcəyi ilə bağlı fikirlərini gülünc adlandırıb: “Bu fikirlərin hamısı yalandır. İndidən onlar bəhanə axtarmağa başlayıblar. Çünki indidən özlərinin keçirdiyi sorğularda uduzacaqlarını görürlər. Əlbəttə ki, bu cür məsələlər haqqında danışmaq lazım deyil. Prezident olaraq mən bundan narahat deyiləm. Lakin parlamentə düşə bilməyəcək partiyalar bu haqda narahat olmağa başlayıblar. Hazırda onlar iqtidar partiyasından səs oğurlamağa çalışırlar. Bəzi şeylər haqqında açıq danışmaq lazımdır. Hazırda Türkiyədə bir tərəfdə iqtidar partiyası, o biri tərəfdə isə digər partiyalar var”.
R.T.Ərdoğan qeyd edib ki, partiya liderləri indidən kiminlə koalisiya quracaqları haqqında danışmağa başlayıblar: “Onlar deyirlər ki, biz bu partiyalar ilə koalisiya qurarıq, digərləri ilə qurmarıq. Lakin bu məsələlər indi müzakirə olunmalı, danışılmalı deyil. Onlar hər an insanları aldada bilərlər. Sabah baş verəcək hadisələr haqqında heç kim heç nə deyə bilməz. Əvvəllər MHP-nin DSP ilə birləşəcəyi kimin ağlına gələ bilərdi? Lakin onlar koalisiya qurdular. MHP “koalisiya qurmarıq” dediyi partiya ilə birləşdi. Ona görə də bu cür fikirlərə inanmaq mümkün deyil. Çünki bəzi partiyalar səs itirməmək üçün öz niyyətini gizlətməyə üstünlük verir”.
Türkiyə prezidenti sonda 7 iyun seçkilərinin hökumətə etimad günü olacağını vurğulayıb: “Xalqın indiki hökumətə etimad göstərməsi heç nə ilə müqayisə oluna bilməz. Hökumət qurulduqdan sonra nazirlər daha fərqli həyəcanla işləməyə, xalqa xidmət etməyə başlayacaqlar”.
Sənan Əhliman
banner

Oxşar Xəbərlər