Onların kompüterlərinə heç kim müdaxilə etməyib

Onların kompüterlərinə heç kim müdaxilə etməyib

Siyasət
12 Noyabr 2012, 13:31 1261
Avropa Komissiyasının vitse-prezidenti Nili Kroes və onun sözçüsü Rayan Hitin Bakıda keçirilən İnternet İdarəçilik Forumunda iştirak etdikləri zaman qaldıqları hoteldə kompüterlərinə müdaxilə edildiyi barədə bəyanatları əsassızdır. Bunu noyabrın 12-də Trend-ə açıqlamasında Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

"Bu bəyanatın heç bir əsası yoxdur. Biz onların bəyanatından sonra müvafiq qurumlara, o cümlədən onların qaldığı hotelin administrasiyasına tapşırıqlar vermişik, məsələ araşdırılıb. Onların kompüterlərinə heç bir müdaxilədən söz gedə bilməz və belə bir müdaxilə olunması ilə bağlı heç bir dəlil-sübut tapılmayıb", - Həsənov əlavə edib.

PA rəsmisi düşünür ki, bu, qəsdən Azərbaycanın imicinə, tədbirin təşkilatçılarının imicinə zərbə vurmaq, yaxud da bilərəkdən onların nüfuzunu aşağı salmaq, imicini qaralamaq məqsədi daşıyan ittihamdır.

"Əgər doğrudan da xanım Nili Kroes və onun köməkçisi hesab edirlər ki, onların kompüterlərinə belə bir müdaxilə olub, buyursunlar, Azərbaycanın Baş Prokurorluğuna müraciət etsinlər. Bu müraciət əsasında cinayət işi başlanıb, araşdırma aparılacaq. Biz əvvəlcədən araşdırmamızın nəticəsi olaraq bəyan edirik ki, belə bir müdaxilə olmayıb, ola da bilməz. Bu, sadəcə olaraq, Azərbaycan dövlətinə və İnternet İdarəçiliyi üzrə 7-ci Beynəlxalq Forumun təşkilatçılarının imicinə xələl gətirmək məqsədilə irəli sürülmüş ittihamdır", - Həsənov bildirib.