• çərşənbə axşamı, 19 mart, 10:51
  • Baku Bakı 8°C

“Onların hər zaman diqqət və qayğıya ehtiyacı var” - Mənim balam

16.03.18 11:00 3217
“Onların hər zaman diqqət və qayğıya ehtiyacı var” - Mənim balam
Valideyn olmaq çətin və bir o qədər də şərəfli işdir. Övlad böyüdərkən valideynlər ilk növbədə onun əxlaqını, gələcəkdə cəmiyyət üçün yararlı olmasını nəzərə alırlar. Elə müsahibim, Kukla Teatrının tanınmış, sevilən aktyoru Rəhim Rəhimov kimi. İnsan psixologiyasına yaxşı bələd olan aktyor, artıq hər bir uşağın sevimli qəhrəmanına çevrilib. İndi onu sizə nə aktyor, nə də sevimli bir personaj kimi təqdim edəcəyik. "Mənim balam” rubrikamızda aktyoru bu dəfə ata kimi yaxşı tanıyacaqsınız.

Rəhim Rəhimov iki oğul atasıdır. Böyük oğlu Rüfətin 13, kiçik oğlu Riyadın isə 10 yaşı var. Müsahibimiz deyir ki, efir qarşısında gördüyümüz uşaqların sevimli qəhrəmanı ailə ortamında öz qanunları olan ataya, ailə başçısına çevrilir.
- Rəhim bəy, övladlarınızı hansı üsulla tərbiyələndirirsiniz?
- Çalışıram ki, övladlarımı böyüdərkən onların sərbəstliyinə daha çox önəm verim. Yollarını, gələcək istiqamətlərini özlərinin seçmələrini istəyirəm. Bir müddət bundan əvvəl hiss etdim ki, teatra, incəsənətə maraqları oyanıb, bacardığım qədər onları bu sahədən uzaqlaşdırdım. Uşaqları teatra çox az gətirdim ki, bu istəklərindən daşınsınlar Onları teatra mütəmadi gətirəndə, bu sahəyə yönəldiklərini, istəklərinin yarandığını müşahidə etdim. Mən buna öz iradımı bildirdim.


- İncəsənət çox çətin sənət olduğu üçünmü övladlarınızı bu sənətdən uzaqlaşdırdınız?
- Bizim sənət kənardan çox parıltılı, dəbdəbəli görünsə də, sənətdə baş çıxarmaq, işinlə sözünü demək çox çətindir. Bir az zəif olan insan bu aləmdə batar. İnsanlar elə hesab edir ki, incəsənətlə məşğul olanlar yağ-bal işində yaşayır. Ancaq elə deyil, aktyor kimi uğur qazanmaq asan deyil. Keşməkeşli yolları çoxdur. Övladlarımın incəsənətdə deyil, başqa sahələrdə uğur qazanmalarını istəyərəm.

- Siz Kukla Teatrının simasısınız. Uşaqlar sizi, obrazlarınızı sevərək izləyir. Onlarla dil tapmaq bir o qədər asan deyil, bunun üçün ilk növbədə uşaq psixologiyasına dərindən bələd olmaq lazımdır. Bu baxımdan sizin övladlarınız bir qədər şanslıdırlar ki, onların dilindən anlayan bir ataları var.
- Onu mən deyə bilmərəm, bəlkə də şanslıdırlar. Ancaq sizə onu deyim ki, efirdə, səhnədə gördüyünüz o Rəhim evdə başqa cürdür. Evə daxil olanda aktyor Rəhim bir ataya çevrilir (gülürük).

- Evdə daha ciddi, sərt olursunuz, yoxsa necə?
- Hə, elə də demək olar.
- Adətən uşaqlarla işləyən insanlar evdə əzazil, övladlarına qarşı ciddi rejimlə hərəkət edən birinə çevrilirlər. Siz də onlardansınız?
- Bəlkə də. Hər bir ailənin öz qayda-qanunu olmalıdır. Onlara ciddi nəzarət lazımdır ki, uşaq başqa bir səmtə yönəlməsin. Ona görə artıq sərt qadağalar qoymaq zəruridir.


- Siz bir müddət əvvəl sağlamlığınızla bağlı həyatınızın ən çətin dönəmini keçirdiniz. Yaşadığınız o ağır vəziyyət barədə övladlarınızı məlumatlandırdınızmı, yoxsa uşaqlara heç bir məlumat vermədiniz?
- Bacardıqca çalışdım ki, bilməsinlər. Amma indiki dövrdə uşaqlardan söz gizlətmək mümkünsüzdür. Mənim sağlamlığımla bağlı saytlar xəbəri ictimailəşdirdi, qəzetlər, televiziyalar - bütün mətbuat bu barədə məlumat verəndən sonra onlar da öyrənmiş oldular. Xəbəri eşidəndə çox pis oldular. Hətta böyük oğlum donor olmaq istədiyini dedi.

- Yəqin ki, çətin günlər olub.
- Elədir.

- Rəhim bəy, qız övladı ataya daha bağlı olur deyirlər. Ancaq sizin 2 oğlunuz var. Yəqin ki, oğullarınıza çox bağlısınız.
- Bəli, onlar mənim üçün çox dəyərlidirlər. Əvvəllər qız övladımın olmasını arzu edirdim, amma sonra Allah-təala oğlanlarımı mənə nəsib etdi. İndi deyirəm ki, nə yaxşı ki, oğlanlarım var. Onları verənə şükür.


- Övladlarınızla nə zamansa efirə çıxıb birlikdə veriliş aparmağı fikirləşirsinizmi?
- Əslində elə bir fikrim var. Amma o addımı atmağa risk etmirəm. Çünki övladlarımı efirə buraxmıram. Nadir hallarda onlar mənə yaxın olan insanların verilişlərinə çıxıblar. Başqa efirlərə və mətbuata isə nə qədər istəsələr də, icazə verməmişəm. Övladlarım haqqında efirdə və yazılı mətbuatda danışılmasının əleyhinəyəm. Baxmayaraq ki efirə yaxın insanam, istənilən vaxt onları verilişlərə çıxarar və reklamlarını edərəm. Əlimə düşən bu imkandan heç vaxt istifadə etməmişəm. Çox vaxt mənə deyirlər ki, uşaq verilişlərinə başqa işçilər uşaqlarını gətirirlər, sən niyə gətirmirsən? Onlara deyirəm ki, belə şeyləri xoşlamıram. Ancaq sizin qeyd etdiyiniz o layihəni nə zamansa reallaşdırmaq istəyərəm.

- Hər nə qədər teatrda, efirdə tanınsanız da, mətbuatda ailəniz haqqında heç bir informasiya yoxdur. Bunu qısqanclıq kimi qiymətləndirmək olarmı?
- Mən belə deməzdim. İstəməmişəm ki, ailədaxili məsələlərimizi ictimailəşdirim. Efirdə, teatrda varamsa, ailəmi heç vaxt bura qatmamışam. Onlar da efirə çıxmağa və gündəmdə olmağa o qədər də maraqlı deyillər, əksinə, bundan qaçırlar.

- Uşaqlarınızın nəyə daha çox marağı var?
- Böyük oğlum əvvəllər coğrafiyaya maraq göstərirdi. Mən də ona dəstək verdim. Belə ki, nə istəyirdi alırdım – atlas, xəritələr, coğrafiyaya aid nə lazımdırsa. Amma sonradan o, fikrini dəyişdi. İndi iqtisadiyyatı istəyir. Balaca oğlum isə hələ qəti qərar verməyib. Amma mən istərdim ki, pilot olsun.

- Pilot sənəti təhlükəli deyilmi?
- Özüm əvvəllər pilot olmaq istəmişəm.

- Belə çıxır ki, özünüzün həyata keçməyən arzularınızı övladınızın timsalında həyata keçirmək istəyirsiniz.
- (Gülürük) Yəqin ki, belədir.

- Uşaqlarınıza zaman ayırmağa vaxtınız olurmu?
- Bacardıqca uşaqlarımla məşğul olmağa çalışıram. Onların hər zaman diqqət və qayğıya ehtiyacı var.
- Övladlarınız gələcəkdə ailə qurarkən necə, müdaxilə edəcəksinizmi?
- Heç vaxt müdaxilə etmərəm. Amma seçim edərkən onlara düz yol göstərəcəm. İndidən deyirəm ki, mütləq bizimlə razılaşmalısınız. Mən istəmirəm ki, arada pərdə olsun. Çünki valideynlə razılaşmaq mütləq lazımdır. Mənimlə çox yox, adətən anaları ilə bu barədə danışırlar.


- Onların sosial şəbəkələrdəki həyatına nəzarət edirsinizmi?
- Sosial şəbəkələrdən o qədər də çox istifadə etmələrinə icazə vermirəm. Bəzən cəzalandırmaq üçün telefonlarını alırıq. Son bir aydır ki, telefonları yoxdur. Çünki cəzalıdırlar. Dərsləri ilə az məşğul olduqları üçün bu addımı atdıq.

- Bəs, onları hansısa xoşunuza gəlməyən əməlləri üstündə döymüsünüzmü?
- Xeyr. Mənim atam uşaqlarını döyməzdi, amma gözünü ağardan kimi, biz artıq işimizi bilirdik. Məncə, belə üsul daha yaxşıdır.

- Siz necə, göz ağardırsınız, yoxsa telefonlarını almaqla cəzalandırırsınız?
- Mənim əsəblərim yerində olmadığı üçün qışqırıram.

- Aktyor olmaq istəyinizi evdə valideynlərinizə bildirəndə, onlar hansı reaksiyanı vermişdilər?
- Çox pis... Anam qarışmırdı. Amma atam mənim başqa sahədə olmağımı istəyirdi. Atamın razılığını almağı çox istəyirdim. Bildirdim ki, bu sənətə qoymursansa, heç olmasa dərzi olum, peşə kimi dərziliyi öyrənim. O da razılaşdı. Oxuya-oxuya dərziliyi öyrənməyə gedirdim. 11-ci sinifdə dərziliyi öyrənə-öyrənə sənədlərimi incəsənətə vermişdim. Onlar universitetə qəbul olduğumu öyrənəndə isə artıq çox gec idi.

- Atanızın reaksiyası necə oldu?
- Bir onu dedi ki, get, acından öl.

- Bu gün atanızın sözünə baxmadığınız üçün peşmansınızmı?
- Peşmançılıq hissi keçirmirəm. Acından ölmürəm və istədiyim sənətdəyəm.

Xəyalə Rəis

banner

Oxşar Xəbərlər