• çərşənbə, 24 Aprel, 13:55
  • Baku Bakı 27°C

Onların cəmiyyətdəki rolu əsrlərin sınağından çıxıb

14.02.17 13:00 1784
Onların cəmiyyətdəki rolu əsrlərin sınağından çıxıb
Qadın anadır, qadın cəmiyyətə yararlı övlad yetişdirən, onu tərbiyləndirəndir. Azərbaycan xanımları dünyanın harasına gedirlər-getsinlər, öz ölkələrini, milli mentalitetlərini hər zaman qorumağa çalışırlar. Ta dünyanın o başında yaşamalı olsalar belə, onların Azərbaycan xanımı olması heç zaman unudulmur.
Bu gün qadınlarımız dnyanın müxtlif ölkələrində Azərbaycanın haqq sesini qaldırır və mənfur düşmənlərimizin iyrənc əməllərinin, təxribat xarakterli niyyətlərinin həyata keçirilməsinin qarşısını alırlar. Mən qəzetimiz üçün ölkəmizi xaricdə təmsil edən xanım soydaşlarımızla apardığım söhbətlərimdə bunu daha aydın hiss edirəm. Qəribəsi də budur ki, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız, xüsusən də xanımlarımız bədxahların təxribatlarına qarşı daha əzmli mübarizə aparırlar.
Misal üçün, bir neçə il bundan əvvəl Çində keçirilən Pekin Ümumdünya Biennalesi adlı böyük rəsm sərgisində ölkəmizə qarşı ciddi bir təxribatın qarşısı Azərbaycan xanımı tərədindən alınıb. Belə ki, 9 ildir Çində yaşayan və orada təhsil alan Leyla Rəsulova deyir ki, o həmin müsabiqədə iştirak edən ilk Azərbaycan vətəndaşı olub: "Sənədlərimi göndərən kimi, məni qəbul etdilər. Oraya Ermənistandan 10-a yaxın rəssam gəlmişdi. Böyük konflikt baş verdi. Mən oradan heç də gözəl xatirələrlə dönmədim. Sərgidə mənə kitab bağışlayıb dedilər ki, sabah çıxış etməlisən. Burada dünya ölkələrinin bir çox rəssamları ilə tanış oldum. Gördüm ki, ermənilər hər gün bizə verilən ziyafət gecəsində qruplarla oturaraq Qarabağ haqqında təxribatçı siyasətlərini yeridirlər. Məni əllə göstərərək bizim onların düşməni olduğumuzu deyirlər. Guya biz qəddar, varvar millətik. Məndən digər millətlərin rəssamları soruşdular ki, sizə belə şeylər deyilir, bəs sən nə deyirsən. Biz heç zaman yalan faktlara əsaslanaraq nəyisə danışmamışıq. Onlara həqiqəti danışdım. Daha sonra gördüm ki, ermənilər artıq tək oturmağa başlayıblar”.
Beynəlxalq müsabiqənin keçirildiyi gündə isə aləm dəyib bir-birinə. Belə ki, erməni rəssamları Leyla xanımın tədbir iştirakçılarına Qarabağ həqiqətlərini açıq şəkildə danışdığını görəndə, daha da qəzəblənərək başqa üsula əl atıblar: "Təqdimat günü digər ölkələrin hazırladığı kataloqa baxdım. Kitabçanı vərəqləyəndə Ermənistan tərəfinin hazırladığı press-relizi oxudum və gördüm ki, 4 cümləlik özünü təqdimatdan sonra Azərbaycanın adı çəkilir və "genosid” haqqında danışılır. Onu oxuyar-oxumaz, bir rəsm müsabiqəsində siyasətdən danışmağın ancaq onlara məxsus ola biləcəyi haqqında təşkilatçılara məlumat verdim. Ermənilər hər bir cərəyandan, simpoziumdan, görüşdən istifadə edərək Azərbaycanın adına xələl gətirməyə çalışırlar. Bu fakt mənə pis təsir etdi. Festivalda dünya ölkələrinin rəssamları öz əsərləri haqda danışacağı halda, ermənilər Qarabağdan danışacaqdı. Mən təcili Pekindəki Azərbaycan səfirliyi ilə əlaqə saxlayıb onlara məlumat verdim ki, ermənilər sözügedən tədbirdə rəssamlıqdan deyil, yalançı genosiddən danışacaqlar. Bu da 40-dan çox Çin mətbuat orqanına çıxan xəbər olacaq. Artıq tədbirin başlamağına 15 dəqiqə qalmışdı. 7 dəqiqədən sonra səfirliyin işçiləri gəldi və simpozium otağında danışıqlar başlandı. Onlara hər şeyi başa saldıqdan sonra Çin tərəfi üzr istədi və ermənilərin çıxışı dayandırıldı. Ermənilər bunu eşidəndə, əsəbləşməyə başladılar. Səfirlik sona qədər mənə dəstək oldu. Mən çıxışa başlayanda ermənilər səs-küy salmağa çalışdılar. Ondan sonra mənimlə həmin Dünya Biennalesinin təşkilatçıları arasında əlaqələr gücləndi”.
Azərbaycan xanımının inadkarlığı və şücaəti sayəsində ermənilər bu niyyətlərinə çata bilməyiblər. Nəticədə Leyla xanımın təşəbbüsü ilə 2017-ci ilin sentyabrında keçiriləcək Pekin Ümumdünya Biennalesinə 10-dan artıq azərbaycanlı rəssam qatılacaq: "Bu rəssamları bir-bir özüm axtardım. Onlar mənə təşəkkürlərini bildirdilər. Pekin Ümumdünya Biennaleisi haqqında azərbaycanlılar o qədər də məlumatlı deyildilər”.
Uzun müddətdir ki, Fransada yaşayan musiqiçi Təranə Allahverdiyeva-Monbarbü də öz fəaliyyətini Azərbaycanın müdafiəsi və təbliği istiqamətində davam etdirir. O, Fransada yaşasa da, dünyaya gələn iki qızının adına "Şuşa” sözünü əlavə edib, onlar Ulduza Şuşa və Leyli Şuşa adlarını daşıyır. Həyat yoldaşı fransalı olsa da, Təranə xanım öz ölkəsini heç zaman unutmur. Övladlarına bu adı qoymağının digər səsbəbi isə Fransada həddən-ziyadə ermənilərin yaşamasıdır. Deyir, qoy hamı bilsin ki, Şuşa Azərbaycanındır: "Şuşanı hər zaman xatırlayıram. "Şuşanın dağları” mahnısını bir layihəyə salmışam və konsertlərimdə onu da ifa edirəm. "Azərbaycan ruhu” adlı layihə ilə konsert proqramlarım baş tutub. Biz orada videoçarx vasitəsi ilə Azərbaycanın ümumi görüntüsünü əks etdirmişik, əsas görüntünü isə Qarabağa yönləndirmişik. Mən orada həm də ifadan əvvəl mahnının nədən bəhs etdiyi haqqında tamaşaçılara məlumat verirəm. Bu layihəni bir dəfə təqdim etmişik. Orada Qarabağın işğal olunması haqda danışıram, doğulduğum şəhərə dönə bilmədiyimi deyirəm. Səhnədə Azərbaycandan xalçalar, milli atributlar, xonça, Şəkidən gələn mis qablar qoymuşuq. Bir sözlə, biz o səhnədə Azərbaycan ab-havası yaratmışıq. Hətta bu konsertimdə erməni vətəndaşları da iştirak edirdi. Onlar konsertin sonunda yaxınlaşıb, bildirdilər ki, bu, siyasətdir, biz istəməzdik ki, belə olsun”.
Təranə xanım ermənilərin çoxluq təşkil etdiyi Fransada sözün əsl mənasında böyük iş görür: "Birinci Avropa Oyunları zamanı Fransa milli televiziyasında şərhçi oldum. Mənə dedilər ki, Azərbaycanı tanıyırsınız, canlı efirdə rahat danışa bilərsiniz. Mən də yaranan fürsətdən istifadə etdim. Orada Qarabağdan da danışdım. Redaktor kamera arxasında nə qədər etiraz etsə də, mən Qarabağ həqiqətlərini dünyaya çatdırdım. Verilişdən sonra mənə dedilər ki, sizin danışdıqlarınız haqda o qədər də məlumatımız yox idi. Avropa Oyunları zamanı oradakı həmkarlarım bildirdilər ki, siz ermənilərlə müharibə vəziyyətindəsiniz, ancaq yenə də onların nümayəndələrini öz ölkənizdə qəbul edirsiniz. Dedim ki, bu, Azərbaycan prezidentinin sülhməramlı addımıdır. Bu o deməkdir ki, biz sülhün tərəfdarıyıq. Məsələnin sülh yolu ilə həll olunmasını istəyirik. Onlar buna çox təəccüblənmişdilər. Aprel döyüşlərində ermənilər özlərini Fransada elə təqdim etdilər ki, guya bizimkilər onları bombardman edir, öldürürlər. Ancaq mən onlara izah etdim ki, bu, özünümüdafiədir. Əgər biz güllə atırıqsa, buna haqqımız var. Orada erməni mənşəli jurnalistlər çox canfəşanlıq edirlər. Fransada bununla bağlı sənədli ədəbi veriliş verdilər. Guya erməni əsgərləri güllələrin altında qalıb. Mən isə öz iradımı bildirdim və dedim ki, o ölən əsgər yad torpaqda nə axtarırdı ki? Orada informasiya verilmir ki, ermənilər Qarabağı zəbt ediblər. Bunların hamısı düşünülmüş bir siyasətdir. Onlar bizi işğalçı dövlət kimi tanıtmağa çalışırlar. Efir vasitəsilə dedilər ki, guya onları güllələyirik. Onlara davamlı hücumlar edirik. Məlumatı belə çatdırırlar. Bizim də borcumuzdur ki, bu yalanları ifşa edək. Fransızların bir atalar sözü var: "Yalançı nə qədər çox çığırsa da, bu o demək deyil ki, yalan doğruya çevrilir”. Çalışıram ki, onlar məqsədlərinə nail olmasınlar. Canlı yayımdan istifadə etdim. Dedim, biz qaçqınlarımızın sayı üzrə dünyada birinci yerdəyik, 1 milyondan çox qaçqın və məcburi köçkünümüz var. Heç kimin öz torpağından öz torpağına qaçan qaçqını yoxdur. Mən danışdıqca onlar çox təəccüblənirdilər”.
Rusiyadakı Krasnoyarsk Azərbaycan Cəmiyyətinin sədr müavini, "Odlar yurdu” rəqs ansamblının bədii rəhbəri Səadət Qarayevauzun illərdir ermənilərlə mübarizə apararaq mətinləşib. Onun fikrincə, Azərbaycanda yaşayan gənclərlə xaricdə yaşayan gənclərimizin Dağlıq Qarabağ hadisələrini qavraması fərqlidir: "Xaricdəki diasporumuzun yaşlı nəsli vətəndən uzaqda böyüyən azərbaycanlı gənclərlə Qarabağ hadisələrinə düzgün, geniş, obyektiv münasibətin formalaşmasına yönələn maarifləndirmə işləri aparmalıdır”. Səadət Qarayeva qeyd etdi ki, bu gün Rusiyada böyüyən azərbaycanlı gənc nəslin nümayəndələri daha da savadlı, elmə meyilli, azad baxışlı, təşəbbüskar və kreativdirlər: "Bunu son illərdə 20 Yanvar hadisəsi, Xocalı soyqırımı, 31 mart-Azərbaycanlıların Soyqırımı günü, rayonlarımızın işğal olunma günlərində bizim gənclərimizin apardıqları təbliğatdan görmək olar. Bu tədbirlərdə digər millətlərin nümayəndələri də iştirak edirlər. Məsələn, 2016-cı ildə Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) Krasnoyarsk nümayəndəliyi, Leyla Əliyevanın təşəbbüsü ilə aparılan "Xocalıya ədalət” kampaniyasına dəstək olaraq, bir həftə boyunca müxtəlif elm ocaqlarında tədbirlər (dəyirmi masa, rəsm sərgisi, konfranslar, sənədli filmlərin nümayişi) keçirmişdi”.
Türkiyənin Erciyes Universitetinin Hüquq fakültəsində magistratura təhsili alan Ləman Süleymanlıdeyir ki, 21-ci əsrdə Azərbaycan gəncinin çiyinlərində olan yük çox ağırdır: "Zaman-zaman parçalanan torpaqlarımız az deyilmiş kimi, bir də 21-ci əsrin başlanğıcında qəlb yaramız olan Qarabağ və ətraf rayonlarımız işğal edilib. Bir qarabağlı kimi, 25 ildir torpağımı, dədə-babalarımın məzarını görməmək çox ağırdır. Biz, azərbaycanlılar illərdir dünyaya həqiqətləri çatdırmaqla məşğuluq. Və ən böyük yük də xaricdə yaşayan və oxuyan gənclərin üzərinə düşür. Oxuduqları təhsil ocaqlarında, işlədikləri müəssisələrdə, yaşadıqları məhəllələrdə gördüyüm qədəri ilə, əllərindən gələni edirlər. Bayramlarımızı təşkil etməklə, önəmli günlərimizin yad edilməsi ilə Azərbaycan və Qarabağ həqiqətlərini yayırlar. Bu, onların içindən gəlir. Səsimizə səs, harayımıza haray istəyirlər”.
Ləman Süleymanlı bildirdi ki, gənclər dövlətlərinin güclü olmasını istəyirlər: "Ata-babalardan qalan torpaqları gələcək nəsillərə ötürmək bir növ bizlərin borcudur. Bu torpaqlarda bizim nənələrimizin laylası, babalarımızın at izi var. Bu torpağın hər qarışında haqqımız var. Və Azərbaycan gəncliyi bunu gözəl bilir. Bilirik ki, haqq və ədalət bərpa olunmasa, gələcək nəsillərə ötürəcək heç nəyimiz qalmayacaq. Torpaqdan pay olmadığını bilən xaricdə yaşayan gənclər Qarabağ həqiqətlərini yaymaqla, ədalətin öz yerini tapmasına yardımçı olmağa çalışırlar”.
Göründüyü kimi, Azərbaycan xanımları həm ölkə daxilində, həm də ölkə xaricində dövlətçiliyimizin müdafiəsi və təbliği istiqamətində çox mühüm işlər görürlər. Azərbaycan qadınının cəmiyyətdəki rolu, zəhmətsevərliyi və fədakarlığı əsrlərin təsdiqini almış faktdır. Bu gün də Azərbaycan qadınını cəmiyyətimizin inkişafından kənarda təsəvvür etmək mümkün deyil. İstər layiqli bir ana kimi, istərsə də ictimai-siyasi fəaliyyətindəki bacarıqları baxımından tam əminliklə deyə bilərik ki, Azərbaycan xanımı dövlətimizin, müstəqilliyimizin, bu günümüzün və gələcəyimizin dayağıdır.
Xəyalə Rəis
Yazı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən keçirilən, Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır” mövzusunda məqalə müsabiqəsinə təqdim olunur.
banner

Oxşar Xəbərlər