AZE | RUS | ENG |

Onları tanıyırsınızmı?

Onları tanıyırsınızmı?
Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputatlar

Gürcüstanda keçirilən parlament seçkilərinin nəticələri regionun və bütövlükdə burada marağı olan dövlətlərin diqqət mərkəzində qalmaqdadır. Bu seçkilər mövcud hakimiyyəti dəyişməklə yanaşı, onun siyasi kursuna da təsirsiz ötüşməyəcək. Şübhəsiz ki, seçkilər çoxmillətli ölkə olan Gürcüstanda yaşayan xalqlar, o cümlədən azərbaycanlılar üçün də böyük əhəmiyyət kəsb edib. Adətən, əvvəlki hakimiyyətlər dövründə aktiv siyasi fəallıqları ilə seçilməyən Gürcüstanda yaşayan soydaşlarımız hər seçkilərdə maksimum 1-2 deputat mandatı qazanmağa müvəffəq olurdular. Bu dəfə isə müəyyən fəallıq hiss olunub. Belə ki, Gürcüstan parlamentinə keçirilən seçkilərdə iştirak edən 16 azərbaycanlı namizəddən 3-nün millət vəkili seçildiyi artıq təsdiqlənib. Hakim partiyanın Marneuli seçki dairəsindən namizədi Azər Süleymanov seçicilərin 73,3 faizinin səsini toplayaraq deputat mandatı qazanıb. Proporsional seçki sistemi üzrə isə “Gürcü arzusu” blokunun namizədi Əli Məmmədov qalib gəlib. Eləcə də, blokun namizədlər siyahısında olan Mahir Dərziyev də deputat seçilib.

Bəs görəsən, qaliblər kimdir və onların soydaşlarımızı necə təmsil edəcəklər? Beləliklə, seçkilərdə məğlub olan hakim “Vahid Milli Hərəkat”ı təmsil edən Azər Süleymanov artıq üçüncü dəfədir ki, deputat seçilir. Gürcüstan azərbaycanlılarının problemlərinin qaldırılmasında fəallığı ilə seçilən Azər Süleymanovu əksəriyyət erməni deputatlarla mübahisələri ilə tanıyır. Gürcüstan parlamentində Xocalı soyqırımının qeyd olunmasının ildönümündə onun erməni deputatla davası böyük qalmaqala səbəb olmuşdu. 4 il qubernator vəzifəsində çalışan A.Süleymanov siyasi baxışları fərqli olsa da, digər azərbaycanlı deputatlarla birgə Gürcüstanın inkişafına və azərbaycanlıların maraqlarına xidmət edəcəyini bildirir. Onun sözlərinə görə, artıq heç bir Gürcüstan vətəndaşı, heç bir azərbaycanlı keçən əsrin 90-cı illərinə qayıtmayacaq. Çünki M.Saakaşvilinin hakimiyyəti Gürcüstanda çox böyük işlər gördü, perspektivlərin konturlarını cızdı: “Güman edirik ki, bu işlərin davamı gələcək. Əgər siyasi rəqiblərimiz pozitiv işləri davam etdirəcəksə, biz onlara dəstək verəcəyik”.

Digər soydaşımız, müxalifət düşərgəsini təmsil edən Əli Məmmədov da seçki marafonundan böyük səs çoxluğu ilə qalib çıxıb. Müxalifətçi Əli Məmmədov 1979-cu ildə Gürcüstanın Marneuli şəhərində dünyaya gəlib. Orta təhsilini də Marneulidə alıb və ixtisasca hüquqşünasdır. Siyasi fəaliyyətə qeyri-hökumət təşkilatlarından başlayıb. Hazırda da QHT fəaliyyəti ilə məşğul olur və bundan başqa, Gürcüstan ombudsmanının da aparatında fəaliyyət göstərib. Qeyd edək ki, onun yaratdığı təşkilat Gürcüstanda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsi ilə məşğul olub. “Biz sırf öz soydaşlarımızın problemlərinin araşdırılması və onlara lazımı hüquqi yardımın edilməsini qarşımıza məqsəd qoymuşduq. İndi deputat seçilsəm də, mən bundan sonra da Gürcüstanda yaşayan azərbaycanlıların mənafelərini müdafiə etməyə çalışacağam. Bütün gücümlə onların etimadlarını doğrultmağa çalışacağam”. Deputat bildirir ki, azərbaycanlıların ən böyük problemi Qarabağ problemidir: “Biz öz haqq səsimizi Gürcüstan parlamentində də çatdırmalıyıq. İnşallah mən deputat fəaliyyətimə rəsmən başladıqdan sonra Azərbaycanla bağlı münasibətlərə xüsusi önəm verəcəyəm. Biz azərbaycanlıyıqsa, öz xalqımızın mənafeyini hər şeydən üstün tutmalıyıq. Xalqımın müdafiəsinə hər zaman canla-başla hazıram”. Onun sözlərinə görə, İvanişvili ilə söhbətləri zamanı qeyd edib ki, bir çox nazirliklərdə azərbaycanlılar da çalışmalıdır: “Elə intellektli, istedadlı gənclər var ki, kölgədə qalıblar. İvanişvilinin özünün milli azlıqlarla bağlı layihəsi var. Onların təhsil alması, hüquqlarının qorunması, cəmiyyətə inteqrasiya edilməsi və bu kimi problemlərin həllində bu layihə böyük rol oynayacaq. Ümumiyyətlə, mən istərdim ki, hər bir nazirlikdə Gürcüstan azərbaycanlıları təmsil olunsun”.

Deputat seçilən digər azərbaycanlı Mahir Dərziyevə gəldikdə, o da Marneuli rayonunu təmsil edəcək. M.Dərziyev də daim öz fəallığı ilə seçilib. Əvvəllər eks-spiker Nino Burcanadze ilə birlikdə olub və sonradan «Gürcü arzusu»na qoşulub. Mahir Dərziyev Borçalıda tanınmış isimdir, təcrübəli siyasətçidir. SSRİ dağılandan bəri digər ziyalılarla çiyin-çiyinə verib Gürcüstanda yaşayan azərbaycanlıların problemləri ilə fəal məşğul olub. O, ümidvardır ki, “yeni hökumət M.Saakaşvili dövründə baş verən torpaq sahələri ilə spekulyasiya hallarını araşdıracaq və əkin sahələrini bilavasitə torpaqda çalışan kəndlilərin sərəncamına verəcək. Azərbaycanlıların işlə təmin olunma məsələsində Azərbaycanın töhfəsi də mühüm rol oynayır.
Yeni seçilən deputatlar barədə «Kaspi»yə fikirlərini bölüşən bölüşən "Borçalı" İctimai Birliyinin sədri Zəlimxan Məmmədli bildirib ki, ilk dəfədir ki, Borçalı türkləri həm hakimiyyətdən, həmdə müxalifətdən deputat seçiliblər. O, yeni hakimiyyətin dövründə azərbaycanlıların problemlərinin həlli oluna biləcəyinə ümid edir. Onun fikrincə, əsas azərbaycanlıların sosial problemləridir. Z.Məmmədli hər üç deputatı yaxşı tanıdığını bildirib: "Onlar kifayət qədər siyasi savada malik adamlardır. Hesab edirəm ki, yeni mandat qazanan dostlarımız soydaşlarımızda siyasətlə bağlı ruh yüksəkliyi yaradacaqlar və onların problemləri ilə dərindən maraqlanacaqlar. Çünki onların özləri də bir neçə dəfə çıxışlarında bu məsələlərə toxunublar və xalqın dəstəyini qazanacaqları halda onların bütün qayğılarının aradan qaldırılması üçün əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər. Bu şəxslərin soydaşlarımıza verdiyi vədlərə əməl edəcəklərinə heç bir şübhəm yoxdur”. Z.Məmmədli onu da bildirib ki, üç nəfərdən biri əvvəlki çağırış parlamentdə də təmsil olunub: "Azər bəy hər zaman Borçalı türklərinin problemlərini Gürcüstan parlamentinin yüksək tribunasından səsləndirib. Digər dostlarımızın da bu yolla gedəcəyinə şübhə etmirəm. Bununla yanaşı, hesab edirəm ki, toplum özü güclənməli və Gürcüstanda öz mahiyyətinə, resurslarının zənginliyinə uyğun olaraq ifadə olunmalıdır. Açığını deyim ki, soydaşlarımızın özünü ifadə etmək əmsalı hələlik yoxdur. Mövcud problemlərin həlli açarı isə toplumun öz istəyindən, cəsarətindən və iradəsindən asılıdır. Hazırkı durumda biz daha çox bu məsələ üzərində düşünməliyik. Üç nəfər deputatımızı divara "sıxaraq" “filan problemimizi mütləq həll etməlisiniz” desək, yanlış addım atmış olarıq".

Azər NURİYEV

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.9102
GEL 1 1 Gürcüstan larisi 0.5945
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1145
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1816
CHF 1 1 İsveçrə frankı 1.7253
KWD 1 1 Küveyt dinarı 5.5969
TRY 1 1 Türkiyə lirəsi 0.2991