• cümə, 19 Aprel, 06:27
  • Baku Bakı 13°C

“Onları kişi kimi mübarizəyə çağırmışdım, amma nə fayda...”

07.02.15 05:51 834
“Onları kişi kimi mübarizəyə çağırmışdım, amma nə fayda...”
“Müsavat Partiyası Divanı vədinə xilaf çıxdı, müzakirələrin açıq şəkildə aparılmasına, videoçəkilişin reallaşdırılmasına əvvəlcədən verdiyi razılığı son anda pozdu.
Saxta rəhbərlik, qondarma Divan üzvləri xalqın, sıravi müsavatçıların 100 ildən çox tarixi olan bir partiyada qərarların necə avtoritar, necə ədalətsiz qəbul edildiyini görməsindən çəkinərək, saxta demokrat kimliklərinin aşkara çıxmasından, maskalarının cırılmasından qorxdular”.
APA-nın məlumatına görə, bunu Müsavat Divanının qərarı ilə partiyadan xaric edilən başqanlığa sabiq namizəd, Azərbaycan Demokratiya və Rifah Hərəkatının Təşkilat Komitəsinin sədri Qubad İbadoğlu “Facebook” sosial şəbəkəsində yazıb.
Q. İbadoğlu bildirib ki, bağlı qapılar arxasında toplaşan saxta hakimlər onun partiyadan uzaqlaşdırılmasına fərman veriblər: “Mən məhz bu qərarın çıxarılmasını əvvəlcədən gözlədiyimdən “divantutma”nın açıq şəkildə keçirilməsinə çalışırdım. Bir neçə gün əvvəl sosial şəbəkə vasitəsilə bu idbar məhkəmənin üzvlərini və onların əlaltılarını kişi kimi mübarizə aparmağa çağırmışdım. Amma nə fayda, onlarda olmayanı onlardan ummağa dəyməzmiş! Mən xeyli əvvəldən bu sifarişi nominal başqanın yox, real başqanın verdiyini bilirdim. Bu gün sadəcə, üstdən aldığı sifarişi icra etmək üçün toplaşan altdakılar götürdükləri öhdəliyi icra etdilər. Görəsən, bu adamlar fərqindədirlərmi ki, qurultaydan sonrakı 4 ay ərzində Müsavat başqanlığına namizədlərdən ikincisini partiyadan uzaqlaşdırırlar. Bu qərar Müsavatda aparılan repressiyaların tərkib hissəsidir və çox şübhəsiz ki, sonuncu olmayacaq. Bu gün Müsavat Partiyasında bir kabus dolaşmaqdadır və bu kabusun adı avtoritarizmdir. Bu kabusun adı müstəqil fikirləşənin, düşündüyünü deyənin “dilini kəsmək” siyasətidir. Bu kabusun adı Müsavatı manqurtlaşdırmaq cəhdidir”.
Q. İbadoğlu daha sonra müsavatçılara müraciət edib: “Fədakar müsavatçı bacı və qardaşlarım, qətiyyən ruhdan düşməyin! Bu qondarma, qeyri-legitim rəhbərlik istədiyinə nail ola bilməyəcək. Bütün kabuslar kimi onların da küləklə sovrulacağı gün gələcək və o gün uzaqda deyil. Biz Məhəmməd Əmin Rəsulzadənin bu xalqa miras qoyduğu milli məfkurənin bir qrupun əlində oyuncağa çevrilməsinə imkan verməyəcəyik. İlan ulduz görməsə, ölməz, deyiblər atalarımız. Ulduzun görünməsinə, parlament seçkilərinə elə də çox qalmayıb”.
banner

Oxşar Xəbərlər