• şənbə, 20 Aprel, 08:03
  • Baku Bakı 14°C

“Onları dinləyəndə oxumağa həvəsim sönür”

08.10.14 15:53 2465
“Onları dinləyəndə oxumağa həvəsim sönür”
Müsahibimin şou aləmində yeni-yeni addımlayan Cəmalə Vaqifqızıdır. O, kiçik yaşlarında “Cücələrim” ansamblında fəaliyyət göstərmiş və sonra “Bənövşə» uşaq xorunun solisti olmuşdur. Bir neçə il xorda fəaliyyət göstərdikdən sonra isə el şənliklərində öz mahnılarını ifa etməyə başlayıb. Mərdəkan mədəniyyət sarayında 6 il solist kimi fəaliyyət göstərən Cəmalə yaradıcılığını uzun müddət ara verdikdən sonra yenidən bu sənətə qayıdıb. İfaçı bizimlə söhbətində ailə üzvlərinin onun oxumağının tərəfdarı olduqlarını deyir.
- Şou aləmində Cəmalə necə fərqlənəcək?

- Şou-biznesdə öz yaradıcılığımla fərqlənmək istəyərəm. İstəyirəm ki, insanlar haqqımda yalnız yaxşı şeylər danışsınlar. Bunun üçün gərək insan özü yaxşı olsun ki, qarşı tərəfdən xoş sözlər eşitsin. Hesab edirəm ki, gəlişimlə şou aləminə gözəl oxu tərzi gətirəcəm. Efirə baxanda bəzən oxumaqdan anlamayan ifaçıların mahnılarını eşidirik. Onları dinləyəndə oxumağa həvəsim sönür. Ətrafımdakı insanlar onları görüb, deyirlər ki, əksinə, sən oxumalısan.
Şükürlər olsun ki, xalqımız yaxşı səsi olan ifaçıları da qiymətləndirir. Yaxşıya yaxşı kimi dəyər verən ziyalılarımız da var. Bu gün kimə baxırsansa hər kəs müğənnidir. Səsim olmasaydı, gedib hansısa bir işlə məşğul olardım. Səsimlə özümü insanların qarşısında biabır etməzdim. Gedib başqa sənətlə məşğul olardım. İşim çətin də olsa çox maraqlıdır. Mən çox iradəli və möhkəm qadınam. Artıq 10 ildir ki, oxuyuram.
- Şou aləmində tanınmaq və inkişaf etmək üçün ifaçıya ilk olaraq sponsor lazımdır. Bəs sizin necə sponsorunuz varmı?

- Sözün düzünü desəm sponsorum yoxdur. Öz gücümə yavaş-yavaş ayaqlarımın üzərində durmağa çalışıram. Qazandığım məbləğ nəyə kifayət edirsə onu da həyata keçirəcəyəm.
- Bu gün toylara gedən müğənnilərə dırnaqarası baxırlar. Sizin buna münasibətiniz necədir?

- Burada gizlədiləsi heç nə yoxdur, toylara gedirəm. Əgər mən müğənniyəmsə öz mahnımı harada olsa ifa etməliyəm. Müğənni gəlirini necə əldə etməlidir? Bizdə şou aləmində toydan başqa gəlir əldə etmək mümkün deyil. Avropa ölkələrində hər müğənninin öz büdcəsi var. Müğənninin klipi efirə getdikcə, onun büdcəsinə əlavə pul gəlir. Müğənni o büdcə ilə hər kəsdən gözəl yaşayır. Bizim demək olar ki, əksər müğənnilərimiz toylara gedir. Toya gedən müğənnilərə gəlincə isə, kaş səsi olan müğənnilər toy aparardılar. Hər kəs arzulayır ki, toyu gözəl keçsin. Ola bilər ki, məşhur deyil, onun ifası heç də gündəmi zəbt etməyib. Ancaq məşhur müğənnilərdən də gözəl toy aparır. Bu gün gündəmdə olan müğənnilər də toydan çıxıblar. Müğənnilərimiz bu gün də toylara gedirlər və yenə də gedəcəklər.
- Cəmalə xanım özünü şou-biznes nümayəndəsi hesab edirmi?

- Artıq şou aləmində yeni-yeni fəaliyyətə başlayıram. Əslində mənim fikrim heç də qalmaqala qarışmaq, şou göstərib pul qazanmaqdan ibarət deyil. Öz mahnılarımı ifa edib sakit tərzdə tamaşaçılarımı çevrəmə yığmaq istəyirəm. Bu aləmdə tərbiyəsini gözləyən müğənniləri çox sevirəm. Hər kəsin özünə görə adı, sanı var. Misal üçün Faiq Ağayevi, Tünzalə Ağayevanı, Zülfiyə Babayevanı çox xoşlayıram. Çünki onun efir tərbiyəsi var. Bu gün televiziyaya azyaşlı uşaqlar da baxır. Uşaqlar da onlara baxır və nəyisə götürür.
- Hazırda hansı layihələrin üzərində çalışırsınız?

- Hazırda sözləri və musiqisi Elçin Hacıyevə aid olan “Mənim Bakım” adlı mahnı üzərində işləyirəm. Mahnı estrada janrındadır. Ümid edirəm ki, çox sevilər. Zeynəb Xanlarovanın özünü də, ifa etdiyi mahnıları da bəyənirəm. Onun “Gəl al qadamı” mahnısını Cahargah muğamı üstündə lentə aldırmışıq. Mən köhnə mahnılarımızı oxumağı sevirəm. İndiki mahnılar da gözəldir, ancaq əvvəlki mahnılara çatmaz. Köhnə mahnılar sevilib, sevilir və seviləcək də. Təzə mahnılar bu gün var sabah unudulur.
- İndi ara mahnı oxuyanlara dırnaqarası baxırlar.

- Mən ara mahnıları ifa edirəm, çünki buna məcbur qalıram. Toya qonaq gələndə onlar məndən ara mahnıları tələb ediblər. Mən imtina edəndə deyirlər ki, sən necə müğənnisən? O zaman biz çıxılmaz vəziyyətdə qalırıq.
Xəyalə Məmmədova

banner

Oxşar Xəbərlər