“Onlardan dövlətimizi, xalqımızı gözdən salmaq üçün istifadə edirlər”
"ABŞ Helsinki Komissiyasının sədri Kris Smit Ermənistana və
erməni xalqına xüsusi sevgisinin olduğunu dəfələrlə etiraf edib”.
Bu fikirləri Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə
köməkçisi, professor Əli Həsənov feysbuk hesabında Helsinki Komissiyasındakı
dinləmələrlə bağlı məsələyə münasibətində qeyd edib. O, dünən Azərbaycana qarşı
"xüsusi marağı” ilə fərqlənən ABŞ Helsinki Komissiyasında ölkəmizdəki seçkilər
və fundamental azadlıqlarla bağlı növbəti dinləmələr keçirildiyini diqqətə
çatdırıb: "Xatırladıram ki, məhz bu Komissiyanın sədri konqresmen Kris Smit
hələ 2016-cı ilin dekabrında Azərbaycana qarşı sərt sanksiyaları nəzərdə tutan
qanun layihəsi irəli sürmüşdü. Həmin layihənin müddəaları istər iqtisadi, istər
siyasi, istərsə də hərbi sferada ABŞ-Azərbaycan münasibətlərini ciddi şəkildə
korlamağa yönəlmişdi. Bu həmin Smitdir ki, uzun müddətdir qondarma erməni
soyqırımının ABŞ hökuməti tərəfindən tanınması üçün xüsusi canfəşanlıq
göstərir. Bütün ölkələrə, xalqlara və konfessiyalara eyni münasibət sərgiləməli
olan Komissiya sədri özünün Ermənistana və erməni xalqına xüsusi sevgisinin
olduğunu dəfələrlə etiraf edib”.
Ə.Həsənov vurğulayıb ki, budəfəki dinləmələrin də məhz onun rəhbəri
olduğu Komissiya tərəfindən təşkil edilməsini təsadüfi saymaq olmaz: "Tədbirdə
ölkəmizdəki prosesləri yaxından izləyən, ona maraq göstərən insanlarla yanaşı,
müxtəlif səbəblərdən daim kəskin anti-Azərbaycan mövqeyi tutan "ekspertlər” də
iştirak edib. Dinləmərlərdəki çıxışlarla tanışlıq natiqlərin Azərbaycanda baş
verən proseslər, ölkəmizdəki siyasi qüvvələr nisbəti, özlərini siyasi partiya
və ya ictimai hərəkat kimi təqdim edən bəzi qurumların cəmiyyət həyatındakı
real çəkisi və gerçək niyyətləri barədə çox səthi, əksər hallarda isə yanlış
təsəvvürə malik olduqlarını göstərdi. Xarici qrant və ianələr hesabına
Azərbaycandan kənarda informasiya resursu yaradan, bir neçə il əvvəl həmin
resursa məxsus saytda erməni soyqırımının tanınmasının vacib olduğu barədə
məqalə yerləşdirən bir "soydaşımız” yenə də sanksiya məsələsini gündəmə
gətirdi, Azərbaycanın lobbiçilik sahəsindəki fəaliyyətini tənqid etdi, ABŞ-ı və
Avropa İttifaqını növbəti dəfə ölkəmizə ciddi təzyiq göstərməyə çağırdı.
Qəribə olan həm də budur ki, son dövrlər özünü Avropadakı "iaşə
müxalifəti lideri” kimi tanıtmış, vulqar davranışı, təhqiramiz ritorikası və
azərbaycanlıya xas olmayan saç düzümü ilə fərqlənən birisi də həmin tədbirə
dəvət edilmişdi. Nə danışdığının fərqində olmayan bu "iaşə lideri” Qərb
ölkələrini Azərbaycan hakimiyyəti ilə normal münasibət saxlamaqda ittiham edir,
Avropa Birliyi, aparıcı Avropa ölkələri və ABŞ liderlərinin növbədənkənar
prezident seçkilərindən sonra cənab İlham Əliyevə məktub göndərərək onu təbrik
etmələrini az qala faciə sayır. Təəssüf hissi ilə bildirirəm ki, xaricdə
məskunlaşmış bəzi soydaşlarımız bu gün anti-Azərbaycan dairələrin əlində bir
alətə çevrilib. Onlardan dövlətimizi, xalqımızı və ölkə hakimiyyətini gözdən
salmaq üçün fəal istifadə edirlər. Görünür, bütün bu canfəşanlıq, müxtəlif
ölkələrdə keçirilən tədbirlər, bir ölkədən digərinə və hətta bir qitədən
başqasına edilən səfərlər sırf şəxsi təşəbbüs deyil. Heç şübhəsiz, bütün
bunların arxasında xaricdəki bəzi anti-Azərbaycan dairələrdən və imkanlı azərbaycanlılardan
alınan böyük miqdarda pullar və mütəmadi təlimatlar dayanır.
Belələrinə üz tuturam: tutduğunuz səhv yoldan çəkinin. Xaricdə öz
ölkənizə və xalqınıza qarşı belə canfəşanlıqla təbliğat aparmaqdansa,
intellektinizin imkan verdiyi dərəcədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı
həqiqətləri yaşadığınız ölkələrin ictimaiyyətinə çatdırın. Bacarırsınızsa həmin
ölkələrdə Azərbaycanın haqq sözünü deyən, Ermənistanın işğalçılıq siyasətinə
qarşı çıxan siyasətçilərlə, politoloqlarla, QHT və KİV nümayəndələri ilə əlaqə
qurun, onları öz tədbirlərinizə cəlb edin. Belə etsəniz, mənsub olduğunuz
xalqın hörmət və etimadını qazanarsınız... Bir sualım da var: sizcə, dünənki
dinləmələrdə salonda oturan erməni lobbisi təmsilçiləri öz ölkələrini sizin
kimi müzakirə hədəfinə çevirərdilərmi? Hər
halda, düşünməyə dəyər”.