• cümə axşamı, 28 mart, 13:26
  • Baku Bakı 16°C

“Onlarda universitetə qəbul olmamaq ölümə bərabər bir şeydir” – Təhsil

07.11.16 13:02 5265
“Onlarda universitetə qəbul olmamaq ölümə bərabər bir şeydir” – Təhsil

Təhsilə önəm verir. Buna görə də seçdiyi ixtisas üzrə daha yaxşı təhsil almağa çalışıb. Bunu onun təhsil fəaliyyətinə nəzər saldıqda da görmək olur. Belə ki, orta məktəbi bitirdikdən sonra ölkəmizdə bakalavr təhsili alır. Universiteti bitirəndə isə Koreyada təhsil almaq şansı yaranır. O, həmin şansla magistr təhsili də seçə bilərdi. Amma seçimi ikinci bakalavr təhsili olur. Səbəb isə onun ixtisası üzrə ölkəmizdə aldığı təhsillə Koreyada alacağı təhsil arasında akademik fərqin çox olması idi.
Müsahibim Orxan Kərimzadədir. İlk olaraq qeyd edək ki, O.Kərimzadə 2006-cı ildə Bakı şəhərində 18 saylı orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin energetika fakültəsinə qəbul olur. 2010-cu ildə ali təhsilini bitirəndə dövlət proqramı ilə Koreyada təhsil almaq şansı yaranır. O "diplomum var” deyə düşünmür və növbəti bakalavr təhsilini Koreyanın KAIST (Koreya Advance İnstitute of Science and Technology – Koreya Mükəmməl Elm və Texnologiya İnstitutu) Universitetində Elektrik və elektronika mühəndisliyi ixtisası üzrə alır. 2014-cü ildə təhsilini bitirib ölkəmizə qayıdır, bir il Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində (ABEMDA) işləyir. Daha sonra isə London İmperial Kollecində Alternativ enerji ixtisası üzrə magistr təhsili alır. Bu il isə təhsilini başa vurub ölkəmizə qayıdıb.

"Bizim universitetlərdə əsas dərs nəzəriyyəni öyrətməkdir”

Deyir ki, xarici universitetdə oxumağın ən böyük özəlliyi təhsilin keyfiyyətidir. Çünki xarici ölkələrdə universitetlər tədrisdən çox, tədqiqatla məşğul olmağa meyillidirlər. Ondan oxuduğu 3 ölkənin təhsil sistemini müqayisə etməyini istədik: "Koreyanın təhsil sistemi İngəltərəninkindən daha çətindir. Çünki Koreya təhsil sistemi Amerikadan götürülüb. Koreyalı tələbələrin çox çalışqan olduğunu da nəzərə alsaq, deyə bilərik ki, onların təhsil sistemi çox çətindir. Bilmirəm, bu, təcrübədən irəli gəlirdi, ya İngiltərədə təhsil almaq asandır, amma mənim üçün magistr təhsili elə də çətin olmadı. Azərbaycanın təhsil baxımından ən böyük çətinliklərindən biri demək olar ki, heç bir sahədə tədqiqat aparılmamasıdır. Bizim universitetlərdə əsas dərs nəzəriyyəni öyrətməkdir. Bu nəzəriyyələrin isə çoxunun köhnədən qalma olduğunu nəzərə alsaq, onların müasir dövrdə tətbiqi uğurlu yanaşma deyil. Ölkəyə qayıdandan sonra təhsil sistemimizlə maraqlandım. Əvvəl təhsil aldığım Neft və Sənaye Universiteti hazırda istehsalatla əlaqə qurmağa, tədris mövzularını istehsalatdan almağa çalışır. Bu, çox önəmlidir. İstehsalatla universitet arasında sıx bağlar olmalıdır. Bunsuz nə təhsildə, nə də elmdə inkişaf mümkün deyil”.

"Bir semestr universitetin yeməkxanasına girə bilmədim”

Koreyaya gedəndə əsas fərqi isə yemək və mədəniyyətdə hiss edir. Koreya mətbəxinə öyrəşmək üçün bir il lazım olur: "Koreyaya gedəndə əsas çətinliyim yeməklə bağlı oldu. Koreyanın yeməklərinə öyrəşməyim bir il çəkdi. Amma sonra mətbəxlərinə öyrəşdim. Onlar yeməklərdə fərqli ədviyyatlar istifadə edirlər, alışmadığım dad və qoxu idi. Bir semestr universitetin yeməkxanasına girə bilmədim. Onlar daha çox dəniz məhsullarına üstünlük verirlər. Çörək yemirlər, düyü istifadə edirlər. Bu kimi fərqliliklərə öyrəşmək mənim üçün çətin oldu. Amma müəyyən müddət keçdikdən sonra adam öyrəşir. Hətta indi Koreya mətbəxinin yeməkləri üçün darıxıram. Təəssüf ki, Bakıda Koreya restoranı yoxdur, Londonda olanda tez-tez dostlarla Koreya mətbəxi olan restoranlara gedirdik”.

"Böyükləri bizim danışıq formamızdan inciyirdilər”


Koreya mədəniyyətində əsas fərq isə böyüklərə münasibət və xüsusən də onlarla danışıq formasıdır. Müsahibim təzə getdiyi vaxtlarda bu kimi məsələlərdən məlumatsız olub: "Koreya mədəniyyətində böyüyə hörmət çox önəmlidir. Koreya dilində yaşıdınla və özündən böyüklə danışıqda fərq çoxdur. Təzə gedəndə biz bunu bilmirdik. Hamı ilə eyni formada danışırdıq. Böyükləri bizim danışıq formamızdan inciyirdilər. Amma sonra biz məsələni başa düşəndə bu kimi şeylər haqqında məlumatsız olduğumuzu dedik. İngiltərə isə Avropa ölkəsi olduğu üçün elə də çətinliyimiz olmadı, çünki hər hansı fərqli bir mühit görmədim. London beynəlmiləl şəhərdir, orada ingilisdən çox xarici var”.
Xaricdə olduğu 5 il müddətində tək yaşamağı və çox məsuliyyət tələb edən tək qərar vermək kimi xüsusiyyətləri də öyrənmiş olub. Amma tək qalanların yemək bişirmək ənənəsini o qədər də mənimsəmir: "Evdə yemək yeməyə meylli deyildim deyə, bişirməyi də öyrənmədim. Ona görə tək yaşamaq çətin olmurdu. Mən getdiyim vaxtlarda azərbaycanlı tələbələr çox idi, bir yerdə vaxt keçirə bilirdik. Heç vaxt yemək bişirib, dostlarımı qonaq dəvət edə bilməmişəm. Daha çox məni qonaq edirdilər. Koreyada təhsil alan azərbaycanlı qızlar arada yemək bişirib oğlanları da dəvət edirdilər. Universitetdə mətbəxlə bağlı bir festival var idi. Hər il tələbələr öz ölkələrinin yeməklərini bişirib təqdim edirdilər. Sadəcə, o festivaldan əvvəl bir yerdə azərbaycanlı tələbələrlə yemək bişirirdik. Daha çox dolma, plov etmişik. Sadə yeməklər edirdik”.

"Uşaqları səhər dövlət, axşam isə özəl orta məktəbə göndərirlər”

O, Koreya ailələrinin əsas məqsədinin övladın təhsili olduğunu bildirdi. Ailənin gəlirinin xərcləndiyi əsas istiqamət də məhz uşaqların təhsili olur: "Koreya cəmiyyətinə təhsilli insanla təhsilsiz arasında çox ciddi fərq qoyurlar. Ona görə valideynin ən böyük arzusu uşağının təhsil almasıdır. Onlar uşaqlarına səhər dövlət, axşam isə özəl orta məktəbə göndərirlər ki, gələcəkdə daha yaxşı ali təhsil müəssisəsinə qəbul ola bilsinlər. Tələbə yoldaşlarım deyirdilər ki, onlar axşam saat 11-12-yə qədər məktəbdə olublar. Gecə 4-5 saat yatıb, səhər durub dərsə gediblər. Ali təhsilə hazırlıq dövrü hesab olunan məktəbin son 3 ili çox ciddi keçir. Ona görə onlarda universitetə qəbul olmamaq ölümə bərabərdir. Koreyada ailədə çox uşaq olmamasının əsas səbəblərindən biri təhsil məsələsinə diqqət etməkdir. Təhsil xərcləri də çoxdur. Düzdür, bütün şagirdlərin ali təhsil alması mümkün deyil. Amma ən azından, bunun üçün çalışırlar. Valideynlərin əmək haqlarının böyük hissəsi uşaqların təhsilinə gedir. Bizdə də bu istiqamətdə işlər var. Onlardakı axşam dərsə getmək ənənəsi bizdə repetitor yanına getmək formasındadır. Yəqin ki, zamanla bizdə də bu, formalaşacaq”.

"Koreya ilə Azərbaycanın iş mühiti arasında yerlə göy qədər fərq var”

O, Koreya ilə Azərbaycan iş mühiti arasında da böyük fərq olduğunu deyir: "Koreyada iş mühitində olmamışam. Amma LG, Samsung və s. şirkətlərdə işləyən dostlarım var. Tədqiqat laboratoriyalarında olmuşam. Universitetlərin tədqiqat laboratoriyalarının böyük büdcələri var. Bu maliyyələr isə istehsalatdan gəlir. Samsung, LG kimi böyük şirkətlər tədqiqatlar aparmaları üçün universitetlərə müəyyən büdcə ayırırlar. Ona görə tədqiqatla bağlı problem olmur. Sadəcə, iş görmək lazımdır. Koreya ilə Azərbaycanın iş mühiti arasında yerlə göy qədər fərq var. İş mühiti necə olmalıdırsa, orada elədir. Hər kəs öz işi ilə məşğuldur, vaxtında gedib-vaxtında gəlirlər. İş vaxtı qurtarandan sonra işləməyinizə ehtiyac varsa, bunu saat hesabı qonorar müqabilində görürlər”.

"Bizdə 4-cü kursa çatan heç vaxt təhsili atmaz”

O.Kərimzadə gənclərimizin universitet həyatından sonrakı həyatı və fəaliyyətləri arasında da koreyalılarla fərqlərin çox olduğunu bildirdi: "Bizim gənclər universiteti bitirəndən sonra iş tapacağına əmin deyillər. Amma orada fərqlidir. Orada bir çox universitetləri bitirəndə mütləq iş tapacağını bilirsən. Sadəcə, harada işləmək istədiyini seçməlisən. Bir də Koreyada gənclər tədqiqata meyllidirlər. Bizdə universiteti bitirənlərin çox az qismi tədqiqata maraq göstərir. Orada tədqiqat institutları çox məvacib verirlər, nəinki şirkətlər. Ona görə hər kəs daha çox tədqiqatla məşğul olmağa çalışır, oxuduqları müddətdə professorlardan tövsiyə məktubları alırlar ki, gələcəkdə onlara iş tapmaqla bağlı xeyri olsun. İşlə bağlı onların gəncləri daha aktivdir. Orada universiteti bitirən gəncin artıq harada işləyəcəyi, nə işləmək istəməsi ilə bağlı məqsədi olur. İşdə nə etməsilə bağlı təxmini olaraq anlayışı var. Bizdə isə nə işləmək yox, harada imkan varsa, orda işləmək prinsipi daha çox gündəmdədir. Koreyada bir kurs yoldaşımız 4-cü kursdan təhsilini atdı. Dedi ki, özümü bu sahədə görmürəm. Başqa bir universitetə, başqa bir sahədə təhsil almağa başladı. Bizdə 4-cü kursa çatan heç vaxt təhsili atmaz. Həm ətraf, həm valideynlər qınayarlar, "sonuncu il idi, diplomu alardın, sonrasına baxardın” deyərlər. Amma bu insan özünü görmürsə, oxumağın mənası yoxdur. İnsan sevdiyi işlə məşğul olmursa, heç bir keyfiyyəti də olmayacaq. Mənim bu cəhətdən bəxtim gətirib. İkinci dəfə bakalavr təhsili almaq istəyəndə hamı dedi ki, magistr oxu, ikinci bakalavr təhsilini neynirsən? Valideynlərim isə dedilər ki, əgər istəyirsənsə, oxu, bu, sənin öz seçimindir. Həqiqətən də seçimimdə yanılmadım”.
Onun ixtisası ölkəmiz üçün yenidir. İxtisası və gələcək fəaliyyəti ilə bağlı planlarını da öyrəndik: "Alternativ enerji Azərbaycanda yeni sahədir. Hələ Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi də bir neçə ildir yaranıb. Onların əsas vəzifəsi də elə bu sahəni inkişaf etdirməkdir. Neft-qaz ölkəsi olduğumuz üçün bizdə enerji qiymətləri kifayət qədər ucuzdur, ona görə alternativ enerji mənbələrinin çox da geniş yayılması iqtisadi cəhətdən hələ ki, sərfəli deyil. Amma yenə də biz əlimizdən gələni etməliyik ki, gələcəkdə postneft dövrü üçün bu sahəni inkişaf etdirə bilək. Bir müddət işləmək istəyirəm. Amma doktorantura təhsili də almaq fikrim var”.

Aygün Asimqızı


banner

Oxşar Xəbərlər