• cümə axşamı, 28 mart, 13:52
  • Baku Bakı 16°C

Onlar uşaqları filmə çəkmirlər, film çəkməyi öyrədirlər - Reportaj

21.06.16 17:34 3320
Onlar uşaqları filmə çəkmirlər, film çəkməyi öyrədirlər - Reportaj
Həftənin cümə axşamı günləri gələndə məni bir məsələ düşündürür: Qəzetimizin "Gənclik” əlavəsində gəncləri, gənc ailəliləri maraqlandıran müsahib və ya məkan tapmaq. Bu dəfə yollandığım məkan Azərbaycanda ilklərdəndir. Təqdim edəcəyim məkan uşaqlarınızın gələcəyə doğru atdığı addımlarda sizə kömək ola biləcək fərqli məkanlardan biri - Azərbaycanda ilk dəfə açılan "QN” (Qalib və Nərminə) Uşaq Kino Məktəbidir.
Beləliklə, məktəbin ünvanını öyrənib, oraya baş çəkdik. İçəri girər-girməz, məndən baxıl geyinməyim tələb olundu. Bildirildi ki, içəridə uşaqlarla işləndiyi üçün baxıl mütləqdir. Bizi məktəbin yaradıcıları Nərminə və Qalib Mirzəliyevlər ailəsi qarşıladı. Bir neçə ildir ki, ailə həyatı quran bu gənc cütlük növbə ilə məktəbin yaranmasından və hazırda burada gördükləri işlərdən danışdılar.
Ailənin üzvlərinin hər ikisi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetini bitirib. Qalib bəy "kinorejissorluq”, Nərminə xanım isə "qrim sənəti”ndən məzun olub. Onlar bir müddət kino sahəsində çalışıblar. Belə bir məktəb açmaq üçün kifayət qədər təcrübə toplayıblar. Çalışdıqları illər ərzində ətraflarında peşəkar insanlardan ibarət böyük bir çevrə yaranıb. Hansı ki, indi həmin peşəkar insanlar bu məktəbdə müəllim kimi fəaliyyət göstərirlər.

Nərminə xanım təəssüf hissi ilə sözlə başlayaraq deyir ki, serial aləmində çalışdığı illər ərzində onlara Azərbaycanda çəkilən filmlərin keyfiyyətsiz, maraqsız olduğunu deyirdilər. Bu da gənc cütlüyü məyus edirdi. Onlar Azərbaycanda kino sahəsini inkişaf etdirmək üçün alternativ yollar axtarıb: "Nəyə görə qonşu ölkələrin serial və filmlərinə daha çox baxılır və onlar həddən ziyadə çox sevilir? Niyə bizim filmlərimiz xaricilərə nümunə olmasın? Biz də bunun mənşəyini araşdırmağa çalışdıq. Başa düşdük ki, insanlara hər şeyi uşaq yaşlarından tədris etmək və onu sevdirmək lazımdır. Ona görə də "QN” Uşaq Kino Məktəbi açmaq qərarına gəldik. Azərbaycanda isə real vəziyyət ondan ibarətdir ki, uşaqların az yaşlarından filmdən, onun çəkiliş prosesindən xəbərləri olmur. Təsəvvür edin ki, İranda ikinci sinifdən uşaqlara kamera tutmağı öyrədirlər. Bizdə isə uşaqların nə filmdən, nə də onların çəkiliş prosesindən xəbərləri olur”.
Qalib bəy isə xanımının fikirlərinə belə bir əlavə etdi: "Bu layihəni uzun müddət idi ki, düşünürdüm. Bir gün özəl şirkətdə rəssamlıqdan dərs keçərkən özümdən asılı olmayaraq dedim ki, mən məktəbdə uşaqlar üçün dərs keçə bilərəm. Evə gəldikdən sonra ailəmlə məsləhətləşdim. Atam da mənim fikrimi dəstəkləyən insanlar sırasında oldu. Bu işdə valideynlərimiz bizə çox kömək etdilər. Məktəbin sənədlərini toplayıb işə başladıq. 2015-ci il fevralın 24-də elanlar verdik. 60-a yaxın uşaq yığıldı. Layihəmizə maraq çox oldu. Bu həqiqətən də bir yenilik idi. İnsanlar elə bilir ki, onlar uşaqlarını bizim məktəbə gətirəndə, biz birbaşa olaraq onları filmə, reklama çəkirik. Ancaq belə deyil. Biz uşaqları filmə çəkmirik, onlara film çəkməyi öyrədirik”.
Müşahidə etdik ki, məktəbə daha çox rus və ingilis dilli uşaqlar cəm olunub. Bunun səbəbini soruşduqda, məlum oldu ki, rusdilli ailələr bu yöndə uşaqlarını daha çox inkişaf etdirmək istəyirlər. Məktəbdə Azərbaycan bölməsi olsa da, ruslar üstünlük təşkil edir. Təşkilatçılar deyirlər ki, Azərbaycanda film və serial sahəsi üçün uşaqlar hazırlayırlar. Ancaq rusdilli uşaqlar yetişdirirlər: "Qrupumuzdakı uşaqlarımız rusdilli ailələrdən gəliblər. Onlar film və seriallar üçün elan olunan müsabiqələrdən keçsələr də, Azərbaycan dilini bilmirlər. Nədənsə Azərbaycan bölməsinə uşaqlar maraq göstərmirlər. Məktəbə müraciət edən valideynlər isə birbaşa olaraq uşaqlarının filmə çəkilməyini istəyirlər”.

Məktəbi yaratmaqda əsas məqsəd uşaqlardan gələcəyin böyük rejissorlarını yetişdirmək deyil, onlara komandada işləməyin nə demək olduğunu öyrətməyə çalışmaqdır. Nərminə Mirzəliyeva qeyd edir ki, 7-8 yaşından böyük bir kollektivlə işləməyi bacaran uşaq, sabah başqa kollektivdə, cəmiyyətdə öz yerini tuta biləcək: "Bizdə elə olur ki, 7 yaşında uşaq rejissor, 17 yaşlı uşaq isə onun assistenti olur. Aralarında da heç bir problem yaşanmır. Dərs prosesində mövzular verilir. Uşaqlar özləri ssenari yazır. Artıq onlar ssenari yazmaq üzrə peşəkarlaşıblar”.
Məktəbdə istedadlı uşaqların olduğunu müşahidə etdik. Burada dərs deyən müəllimlər isə uşaqlara xüsusi sevgi ilə yanaşırlar. Ən tanınmış və istedadlı insanlar uşaqlara dərslər tədris edir. Uşaqlar dərslərdən yorulmurlar. Dərslər nəzəriyyə içərisində praktika, praktika içərisində nəzəriyyə kimi keçirilir.

Məktəbdə qonaq olarkən 13 yaşlı Rəfael Cəfərlinin 13 dəqiqəlik "Bahar” filmini izlədik. Film ailə dramından bəhs edirdi. Mövzunun hər nə qədər uşaqlara xas olmadığını qeyd etsək də, təşkilatçılar indiki uşaqların ancaq drama meyl etdiklərini bildirdilər. Onu da əlavə etdilər ki, izlədiyimiz "Bahar” filmi yaxın zaman ərzində uşaqlar üçün nəzərdə tutulmuş festivala göndəriləcək.

Bu məktəbdə tədris alan uşaqlar müxtəlif səpkili reklamlara da çəkiliblər. Təşkilatçılar deyir ki, onlar yalnız ciddi şirkətlərlə işləyirlər. Uşaqları hər yerə göndərmirlər: "Məktəbimizin uşaqları reklamlara, seriallara çəkilirsə, biz valideyndən pul alıb şirkətə vermirik. Əksinə, uşağın əziyyətinə görə şirkətdən pul alıb valideynə veririk. Çünki uşaq əziyyət çəkib və bunun haqqını almalıdır”.

Məktəbdə tibb bacısının da fəaliyyət göstərdiyinin şahidi olduq. Tibb bacısı uşaqlara nəzarət edir, onların sağlamlığını daima nəzarətdə saxlayır.

Tədris sisteminə gəlincə isə, kino məktəbində unikal proqram üzrə nəzəri və praktiki dərsləri uşaqlara tədris edirlər. Dərslər həftədə iki dəfə, bir gündə üç dərs olmaqla, müxtəlif yaş kateqoriyalı 15 nəfərlik qruplarda keçirilir. Məktəbdə kinematoqrafiyaya aid 20 fənn tədris olunur. Azərbaycanda birinci uşaq kino məktəbi olan "QN” UKM-də rejissorluq, səhnə hərəkəti, danışıq, operator işi, kino tənqidi, kino tarixi, aktyorluq, jurnalistika, səs rejissorluğu, aktyorla iş, prodüser işi, ssenari hazırlığı, aparıcılıq sənəti, kostyum, psixologiya, foto sənəti, rəqs, montaj, dekor işi, animasiya, musiqi, qrim, rəssamlıq kimi dərslər keçirilir. Məktəbə 7-17 yaş arası uşaq və yeniyetmələr qəbul edilir. Şagirdlər tədris müddətində qısametrajlı filmlər, animasiyalar, virtual verilişlər hazırlayırlar. Uğurlu alınan işlər həm Azərbaycanda, həm də xaricdə müxtəlif festivallarda və müsabiqələrdə iştirak edirlər.

Məktəbin yarandığı gündən bu vaxta qədər əldə etdiyi uğurlarından ağızdolusu danışan Q.Mirzəliyev deyir ki, məktəbin yetirməsi olan Röya Nərimanova iyunun 23-dən 26-na kimi Tiflisdə keçiriləcək "Giffoni” beynəlxalq festivalında "Nərimanfilm”in təşkilatçılığı ilə Azərbaycanı təmsil edəcək. İyulun 14-dən 25-nə kimi İtaliyanın Roma şəhərində keçiriləcək festivala isə Cavid Hüseynzadə qatılacaq.

Xəyalə Rəis

banner

Oxşar Xəbərlər