• çərşənbə, 17 Aprel, 02:31
  • Baku Bakı 14°C

Onlar Türk dünyasının diqqətini bir nöqtədə cəmləməyi bacarıblar

12.12.13 09:40 1337
Onlar Türk dünyasının diqqətini bir nöqtədə cəmləməyi bacarıblar
Türkiyədə fəaliyyət göstərən TMB (Türk Müzik Birliyi) kanalı tərəfindən “Türkvizyon” adlı mahnı yarışmasına start verilib. Bu, ilk baxışdan adi mahnı müsabiqəsi kimi görünə bilər, məsələn, “Popstar Alaturka”, “O səs Türkiyə” və yaxud “Yeni Ulduz”, “Azəri Star” kimi...
Amma anlaşılan odur ki, bu müsabiqə digər mahnı müsabiqələri kimi təkcə musiqi zövqümüzü oxşamaqla qalmayacaq, eyni zamanda əlimizdən tutub böyük Türk coğrafiyasını qarış-qarış gəzdirəcək, zamanın burulğanında bir-birindən aralı düşmüş qardaş xalqların arasında mədəni körpü rolu oynayacaq, ortaq türkcənin formalaşmasına misilsiz töhfələr verəcək və ən önəmlisi, hərbi, siyasi və ya iqtisadi sahədə nümayiş etdirə bilmədiyimiz, hətta mümkünsüz görünən həmrəyliyin mümkün variantını gözlər önünə sərəcək.
Məhz buna görə həm TMB kanalının rəhbərliyinə, həm də bu layihənin müəlliflərinə və təşkilatçılarına təşəkkür etmək lazımdır. Çünki onlar bəlkə özləri də fərqində olmadan Anadoludan Uyğurustana, Qafqazdan Altaylara, Kırımdan Orta Asiyaya kimi böyük Türk dünyasının diqqətini bir nöqtədə cəmləməyi bacarıblar. Bəlkə də Türk dünyası olaraq birliyimiz və bərabərliyimiz məhz bu nöqtədən başlayacaq və dalğa-dalğa yayılacaq. Axı hamımız bilirik ki, Türk dünyasının birliyi və yüksəlişi təkcə Azərbaycan və Türkiyə əlaqələrinin inkişafı nəticəsində mümkün deyil. Bütün türkdilli xalqlar bu prosesin tam iştirakçısı olmalı, bir-birilərinin mədəni və sosial həyatında aktiv iştirak etməli, doğmalaşmalıdırlar. Bunun üçün ən gözəl arena isə məhz “Türkvizyon” mahnı müsabiqəsidir. Çox istərdim ki, “Türkvizyon”un Münsiflər Heyəti tərəfindən Türk dünyasının 24 bölgəsindən seçilərək, Türkiyəyə dəvət edilən ifaçılar bir-birilərinin dillərində, daha doğrusu, Türk dilinin özlərinə məxsus ləhcələrində mahnılar ifa etsinlər. Və bütün ifaçılar yenə öz ləhcələrində Türk dünyasının zəngin mədəni irsinin incisi sayılan “Sarı gəlin” mahnısını ifa etsinlər. Bu, eyni zamanda, Türkiyədəki və dünyadakı erməni diasporuna da tutarlı mesaj olardı.
Qürurverici haldır ki, bu cür dəyərli bir missiyanı həyata keçirənlərin və yarışmanın təşkilində əmək sərf edənlərin arasında gənc və istedadlı bəstəkarımız Vüsalə Hikmət də var. Vüsalə xanım, eyni zamanda TMB kanalının himninin də müəllifidir. İnanıram ki, Vüsalə Hikmət öz yeni uğurları ilə bizləri gələcəkdə də qürurlandıracaq...
Bir Türk insanı kimi bizim də borcumuz yarışmanı izləmək, dəstəkləmək və imkan daxilində dekabrın 21-də Eskişəhərdə keşiriləcək finalında iştirak etməkdir.
“Türkvizyon”un türklərin vizyonunu daha da genişləndirməsi diləyi ilə...
banner

Oxşar Xəbərlər