• şənbə, 20 Aprel, 09:04
  • Baku Bakı 14°C

Onlar qüsurludur, yoxsa bizim düşüncəmiz?

11.07.18 10:00 977
Onlar qüsurludur, yoxsa bizim düşüncəmiz?
Ziyanın 30 yaşı var. Əqli qüsurludur. Rayonda, məhəllə mühitində böyüyüb. Valideynləri ondan utanmayıb, övladları arasında ayrı-seçkilik etməyiblər. Bütün məclislərdə, əyləncələrdə Ziya da həmyaşıdları kimi və ən əsası, onlarla birlikdə əylənib. Valideynləri onun hüquqlarını tanıdığı üçün ətraf da tanımaq məcburiyyətində qalıb. Heç kim Ziyaya əlilliyi olan şəxs kimi yanaşmayıb, Ziya da özünü qüsurlu və ya fərqli hiss etməyib. Cəmiyyət üçün pozitiv, həyatsevər, örnək gənc olub.
Lakin sağlamlıq imkanları məhdud olan bütün uşaqlar Ziya kimi şanslı deyil. Onlar cəmiyyət, hətta ailələri tərəfindən bərabərhüquqlu vətəndaş sayılmır, hüquqları tapdanır, bir çox hallarda onlara xəstə kimi yanaşılır. Bəs dövlət tərəfindən onların hüquqları necə qorunur?
"71,7 min sağlamlıq imkanları məhdud uşaq var”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov "Kaspi”yə açıqlamasında bildirdi ki, Azərbaycanda sağlamlıq imkanları məhdud uşaqların sayı 71,7 min nəfərdir. Onların hər birinə "Sosial müavinətlər haqqında” Qanuna əsasən aylıq sosial müavinət ödənilir və bu müavinətlərin məbləği mütəmadi olaraq artırılır: "Bu uşaqların reabilitasiyası sahəsində də mühüm işlər aparılır. Nazirliyin Uşaq Bərpa Mərkəzində ən yüksək standartlara uyğun səviyyədə reabilitasiya şəraiti yaradılıb. Mərkəzin məqsədi tibbi, sosial, tədris-peşə reabilitasiya tədbirlərinin aparılması yolu ilə sağlamlıq imkanları məhdud uşaqların sosial statusunun bərpa edilməsini və onların cəmiyyətə inteqrasiyasını təmin etməkdir. 2018-ci ilin 6 ayında bu mərkəzdə 1601 nəfər uşağa stasionar və ambulator qaydada reabilitasiya xidmətləri göstərilib. Eyni zamanda, Heydər Əliyev Fondunun dəstəyi ilə son illərdə istifadəyə verilən Xüsusi Qayğıya Ehtiyacı olan Uşaqların Dövlət Reabilitasiya Müəssisəsi ölkəmizdə sağlamlıq imkanları məhdud uşaqlar üçün tibbi-sosial reabilitasiya imkanlarının artırılmasına, bu sahədə yüksək standartlara uyğun infrastrukturun formalaşdırılmasına mühüm töhfədir. Müəssisədə hər il 400 nəfərədək uşağa dünya psixoterapiya praktikasında özünü doğrultmuş qum terapiyası, habelə artterapiya üsullarından, müalicəvi vannalardan və s. istifadə şəraitində reabilitasiya xidmətləri göstərilir”.
Nazirlik rəsmisinin sözlərinə görə, sağlamlıq imkanları məhdud uşaqlar dövlət tibb müəssisələrində pulsuz ixtisaslı tibbi xidmətdən istifadə etmək, habelə sanatoriya-kurort müalicəsi ilə təmin olunmaq hüquqlarına malikdirlər: "Qanunvericilikdə aidiyyəti qurumların həmin uşaqların və 18 yaşından yuxarı əlilliyi olan şəxslərin məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisas və ali təhsil almasını təmin etmələri də əksini tapıb. Nazirliyin 1 və 2 saylı sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrində 290 uşaq daimi dövlət təminatında yaşayır. Bu müəssisələrdə də ən müasir tələblərə uyğun yaşayış və reabilitasiya şəraiti mövcuddur. "Əmək pensiyaları haqqında” Qanuna əsasən sağlamlıq imkanları məhdud uşağını səkkiz yaşınadək tərbiyə etmiş anaların bu Qanunun 7-ci maddəsinə uyğun olaraq müəyyən olunmuş yaş həddi 5 il azaldılmaqla, yaşa görə əmək pensiyası hüququ vardır. "Sosial müavinətlər haqqında” Qanuna əsasən isə, sağlamlıq imkanları məhdud övladını 8 yaşınadək tərbiyə edən qadınlar 57 yaşına çatdıqda, yaşa görə sosial müavinət hüququna malik olurlar. Həmçinin ana vəfat etdiyinə, yaxud analıq hüququndan məhrum edildiyinə görə, sağlamlıq imkanları məhdud övladını növbəti nikah bağlamadan təkbaşına 8 yaşınadək böyüdən kişilər 62 yaşına çatdıqda, yaşa görə sosial müavinət hüququ əldə edirlər”.
Məlumat üçün bildirək ki, sağlamlıq imkanları məhdud uşaqlar 18 yaşından sonra əlilliyi olan insanlar kimi qeydə alınırlar və onlara müvafiq əlillik qrupları verilir. Əlilliyi olan insanların da cəmiyyətdən təcrid olunmaması, tibbi-sosial reabilitasiyası və cəmiyyətə inteqrasiyası üçün məqsədyönlü dövlət siyasəti aparılır.
"Valideynlər övladlarının qüsurlu uşaqlarla birgə təhsil almasını qəbul etmirlər”
Ombudsman aparatının rəhbəri Aydın Səfixanlı bizimlə söhbətində bildirdi ki, sağlamlıq imkanları məhdud uşaqlar Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün vətəndaş hüquq və azadlıqlarına malikdirlər: "Dövlət əlillik əlamətinə görə hər hansı ayrı-seçkiliyə yol vermədən bu qəbildən olan şəxslərə cəmiyyət həyatının bütün sahələrində iştirak etmək üçün digər şəxslərlə bərabər imkanlar, öz fərdi qabiliyyətlərinə və maraqlarına uyğun həyat sürməsi üçün lazımi şərait yaradılmasına, əlilliyi doğuran risklərin aradan qaldırılmasına və ya azaldılmasına, əlilliyi olan şəxslərin reabilitasiyasına və hərtərəfli inkişafına təminat verir. Bununla yanaşı, onların təhsil alması və peşə hazırlığı keçməsi üçün lazımi şərait yaradılmasına təminat verir. Həmçinin əlilliyi olan şəxslərin işgəncələr və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və cəzalara məruz qalmamasını, onların yaşayış yerində və yaşayış yerindən kənarda istismarın, zorakılığın, təhqirin bütün formalarından müdafiəsini, şəxsi həyatının toxunulmazlığını təmin edir”.
Problemlərə gəldikdə isə, qurum rəhbəri deyir ki, əlilliyinin cəmiyyətdə düzgün dərk edilməməsi əsas problemlərdəndir: "Yaşından, irqindən, cinsindən, dilindən, dinindən, sosial vəziyyətindən asılı olmayaraq əlilliyi olan insanlar üçün xarakterik olan bir sıra ümumi problemlər mövcuddur. Belə problemlər sırasında ictimai binaların, sosial infrastruktur, ictimai-iaşə və s. obyektlərin onlar üçün müyəssər olmaması və bu mövzunun cəmiyyət tərəfindən düzgün dərk edilməməsidir. Dövlət tərəfindən BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında” Konvensiyanın ratifikasiya edilməsi və bu günlərdə Milli Məclisdə eyniadlı qanunun qəbul olunması, ölkə Prezidentinin müvafiq sərəncamları ilə "2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın, "Uşaqlıq dövrünə xas olan əlilliyin erkən profilaktikası və müalicəsi üzrə 2018–2020-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiqi, paytaxt ərazisindəki yol kəsişmələrində və səkilərdə pandusların tikinti-quraşdırma işlərinə başlanılması və digər bu kimi işlər əldə olunmuş irəliləyişlərdəndir”.
Məlum olduğu kimi, bu qəbildən olan uşaqların ümumtəhsil məktəblərində təhsilə cəlb olunması məqsədilə Azərbaycanda ibtidai təhsil səviyyəsində inklüziv təhsil modelinin hazırlanması işlərinə başlanılıb, bunun üçün fəaliyyət planı və yol xəritəsi hazırlanıb. Lakin qurum rəsmisi deyir ki, ölkəmizdə inklüziv təhsilə münasibət birmənalı deyil: "Bakı şəhəri üzrə 2015-2016-cı tədris ilində iki eksperimental məktəb (220 və 138 nömrəli), 2016-2017-ci tədris ilindən isə daha iki məktəb (252 və 202 nömrəli) seçilib. Göründüyü kimi, inklüziv təhsil modeli hələ də ölkəmizin bütün ərzisində deyil, yalnız Bakı şəhərinin bir neçə məktəbində, özü də ancaq ibtidai təhsil səviyyəsində tətbiq olunur. Təəssüflər olsun ki, ölkəmizdə inklüziv təhsilə münasibət birmənalı deyil. İnklüziv təhsilin tətbiqi və təbliği istiqamətində dövlət səviyyəsində müvafiq tədbirlərin həyata keçirilməsinə baxmayaraq, hələ də əhalinin bu sahədə məlumatlılıq səviyyəsi çox aşağıdır. Bir çox valideynlər öz övladlarının bu qəbildən olan uşaqlarla birgə təhsil almasını qəbul etmirlər. Hətta bəzi hallarda belə uşaqların ümumi təyinatlı təhsil müəssisələrinə qəbul edilməsi məsələsi ilə də bağlı maneələrin yaradılması hallarına rast gəlinir. Buna görə də cəmiyyətin əlilliyə yanaşma tərzinin müasir dövrün tələbləri baxımından dəyişdirilməsi çox vacibdir. Bu baxımdan hesab edirik ki, həm ümumi təyinatlı təhsil müəssisələrinin rəhbərliyi, pedaqoji heyəti, həm də valideynlər arasında inklüziv təhsilin mahiyyəti və əhəmiyyəti, bu sahədə müsbət beynəlxalq təcrübə barədə geniş maarifləndirmə işləri aparılmalıdır”.
"Cəmiyyət yardım etmək istəyi ilə bu şəxsləri təcrid edir”
Beynəlxalq ekspert Munir Məmmədzadə də təsdiqləyir ki, əsas problem cəmiyyətdə əlilliyi olan uşaqlara yanaşma ilə bağlıdır. Ekspertin sözlərinə görə, cəmiyyət əlilliyi olan şəxslərə yardım obyekti kimi yanaşır: "Sağlamlıq imkanları məhdud uşaqlar Qanunda bərabərhüquqlu vətəndaş kimi qeydə alınsa da, təcrübə bunu göstərmir. Biz daha çox onları sağlamlıq imkanları məhdud olanlar kimi deyil, "xəstə”, "yazıq”, "şikəst” kimi ifadələrdən istifadə edərək müəyyən edirik. Bayramdan bayrama onlara yardım etmək məqsədilə tədbirlər görürük. Sözsüz ki, burada niyyət xoşdur. Yəni insanlar həmin şəxslərə yardım etmək istəyirlər, amma əslində ən başlıca problem ondan ibarətdir ki, cəmiyyət yardım etmək istəyi ilə bu şəxsləri təcrid edir. Onların cəmiyyətin bərabər hüquqlu üzvü kimi tanınmasına yardımçı olmur. Cəmiyyətin yanaşmasının dəyişməsi üçün böyük işlər görülməlidir”.
Ekspert vurğuladı ki, valideynlər də öz uşaqları arasında ayrı-seçkilik edirlər: "Hətta valideynlər əlilliyi olan uşaqları üzə çıxarmaqdan utanırlar. Amma ikinci məsələ də var ki, üzə çıxarsalar belə, ölkədə ailələrə sosial dəstək göstərən xidmətlər yoxdur. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu istiqamətdə işlər görür. Amma bu işlərin daha sistemli tətbiq olunmasına ehtiyac var. Hökumətin iştirakı ilə müəyyən təbliğat, təşviqat işləri aparılır. Şəhərdə fiziki çıxışın təmin edilməsi üçün müəyyən işlər görülür. Əlilliyin dərəcəsinin təmin edilməsi elektron şəkildə həyata keçirilir. Çox yaxşı haldır ki, 2018-2020-ci illəri əhatə edəcək inklüziv təhsillə bağlı dövlət proqramı hazırlanıb. Amma dediyim kimi, təqdirəlayiq addımlar olsa da, problemlər hələ də var”.
Ekspertin sözlərinə görə, əlilliyi olan uşaqların statistikası düzgün aparılmır: "Biz əgər statistikaya müraciət etsək görərik ki, Azərbaycanda 2 milyon 600 mindən çox 18 yaşı tamam olmayan şəxs var. Bu şəxslər arasında əlilliyi olan uşaqların sayı rəsmi statistikada 65 minə yaxındır. Beynəlxalq statistikaya müraciət etdikdə görürük ki, adətən əhalinin ən azı 5-10, bəzi məqamlarda 10-15 faizini əlilliyi olan şəxslər təşkil edir. Nəzərə alsaq ki ölkədə hazırda 71,7 min əlilliyi olan uşaqlar qeydə alınıb, bu, 18 yaşı tamam olmayanların təxminən 2,5 faizi deməkdir. Bu da göstərir ki, Azərbaycanda statistika düzgün aparılmır. Buna səbəb əlilliyin müəyyən edilməsində olan yanaşmalardır. BMT-nin konvensiyası qəbul olunandan bütün dünyada əlilliyi olan şəxslərə münasibətdə yeni model tətbiq olunur. Bu model də onların əlilliklə bağlı məhdudiyyətlərinə deyil, insan hüquqlarına, sosial funksiyalarına daha çox yönəlib. Amma MDB ölkələrində əlillik hələ də tibbi cəhətdən müəyyən olunur. Bizim tibbi yanaşmamız və müəyyən stereotiplər olduğundan, uşaqlar vaxtında diaqnostika keçmədiyindən, uşaqların valideynləri bu məsələlərdə kifayət qədər məlumatları olmadığından bir çox hallarda bu statistika tam öz əksini tapmır. Azərbaycanda və digər postsovet ölkələrində ailələr əlilliyi olan uşaqları internat müəssislərinə yerləşdirirlər. Hazırda dövlət uşaq müəssisələrində olan uşaqların təxminən 38 faizi əlilliyi olan uşaqlardır. Beynəlxalq araşdırmalar göstərir ki, uşaqların valideynlərdən ayrılması və kollektiv şəkildə tərbiyə olunması onların əqli, fiziki və emosional inkişafına mənfi təsir göstərir. Biz onları internat məktəblərinə yerləşdirməklə, cəmiyyətdən təcrid edirik”.
Aygün ƏZİZ
Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi müsabiqəyə təqdim olunur.
banner

Oxşar Xəbərlər