• çərşənbə, 24 Aprel, 19:48
  • Baku Bakı 23°C

“Onlar itirdiklərinə ağlayır”

02.03.18 10:30 1524
“Onlar itirdiklərinə ağlayır”
Azərbaycanın son illər apardığı müstəqil xarici siyasət ölkəmizə qarşı olan qüvvələri daha da fəallaşdırıb. Prezident seçkilərinin bu ilin 11 aprelində keçirilməsi qərarı isə həmin anti-Azərbaycan qüvvələrin payız aylarına planlaşdırılan planlarının üzərindən qalın xətt çəkmiş oldu. Bu səbəbdən həmin qüvvələr Azərbaycana düşmən kəsilən "azərbaycanlılar”ı da tələsik ölkə əleyhinə kampaniyalara cəlb edib.Həmin anti-milli ünsürlərin əli ilə Azərbaycan dövləti, xalqı və milli atributlar sosial mediada təhqir obyektinə çevrilib. Bununla kifayətlənməyən özünü "müxalif” adlandıranlar yeni "metod”lara əl atıblar. Azərbaycanın tanınmış ziyalılarının, dövlət xadimlərinin, media rəhbərlərinin, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin şəkillərini sosial şəbəkələrdə paylaşıb, öz "dəstəkçilər”indən onları təhqir etməsini istəyirlər. Görəsən bununla hansı məqsədlərə xidmət edirlər, kimə yarınmaq istəyirlər?

Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında hüquq müdafiəçisi Sahib Məmmədov bildirdi ki, Azərbaycanın tanınmış insanlarının sosial mediada şəklini yayıb, onu təhqir predmetinə çevirmək primitivlikdir: "Buna sadəcə baş bulayıb keçmək olar. Çünki belə anti-milli ünsürlər sabah lazım gəlsə, valideynlərinin də şəklini sosial mediada yerləşdirib söydürərlər. Bunu mən o qədər təhlükəli hesab etmirəm. Amma başqa bir təhlükəni diqqətə çatdırmaq istəyirəm. Çox sistemli şəkildə Azərbaycanın görkəmli xadimlərini, ölkəmiz üçün dəyər hesab edilən adamları həm ölkə daxilində, həm də beynəlxalq arenada gözdənsalma kampaniyası həyata keçirirlər. Belə ki, vikipediya ensiklopediyasına bizim görkəmli xadimlərimizin biri haqqında şikayətlər verilir və əleyhinə dezinformasiyalar yazırlar. Bunun ardınca orada müzakirələr başlayır və onlara bizim tərəfimizdən münasibət bildirən olmur, nəticədə də həmin şəxsin səhifəsini silib atırlar. Məsələn, bunlardan biri II Dünya müharibəsinin qəhrəmanlarından biri olan Əhmədiyyə Cəbrayılovdur. Onun haqqında vikipediyanın rus redaksiyasında olan səhifə bu gün artıq yoxdur, çıxarılıb. Eyni zamanda bizim görkəmli şairlər, yazıçılar, elm adamları belə hədəfə çevrilir. Hərdən ölkə mətbuatında da Azərbaycanın tanınmış şəxsləri barəsində hədyanlar yazılır, müzakirələr aparılır. Hətta xarici mətbuat bizim dövlət xadimlərindən birini ermənilərə calayıb, onu təhqir edir. Bunu da bəziləri götürüb sosial şəbəkədə yayıb, söyürlər. Amma məsələnin mahiyyətinə varmırlar.Biz bu tendensiyanı sosial mediada da müşahidə edirik. Azərbaycan xalqının dəyər verdiyi dövlət xadimlərini, ziyalıları, hərbçiləri, idmançıları, o cümlədən müasir dövrün yeni siyasətçilər nəsli var ki, bunların hamısını hədəfə alırlar, ya da onların mənşəyini başqa yerə yozurlar. Təbii ki, qeyd edilən məsələlərdə əsas məqsəd Azərbaycan dövlətini nüfuzdan salmaqdır”.

S.Məmmədov qeyd etdi ki, bu kimi hallar Azərbaycana qarşı qurulan bir sistemin tərkib hissəsidir: "Sosial şəbəkədə mənim və ya kimlərinsə şəklini qoyub onu təhqir etmək ən azından tərbiyəsizlikdir. Deyərdim ki, bu onların primitiv gözdənsalma üsuludur. Amma görkəmli dövlət, elm adamlarına, ziyalılara qarşı aparılan kampaniya bundan daha təhlükəlidir. Çünki bu, sistemlidir və arxasında ermənilər dayanır. Bu, ermənilərin bütün Azərbaycan xalqı haqqında pis təəssürat yaratmaq üsullarından biridir ki, guya bizim nə siyasi, hərbi xadimlərimiz, nə də ziyalılarımız var. Təəssüflər olsun ki, bu məsələdə ən çox istifadə etdikləri adamlar da bizim bəzi azərbaycanlılardır”.

Politoloq Elçin Mirzəbəyli bildirdi ki, Azərbaycanın milli maraqlarını qoruyan və qətiyyətli mövqeyi, siması olan, satılmayan insanlar bu ləyaqətsizləri narahat edir: "Şübhəsiz ki, onların törətdiyi əməllər şantajın bir üsuludur. Belə yollarla insanları təhqirə məruz qoymaqla onları öz prinsipial mövqelərindən çəkindirməyə çalışırlar. Siyasətçiləri, ictimai xadimləri, ziyalıları təhqir edənlərin bu hərəkətlərində cinayət əməli var. Onların sosial mediada atdığı addımlar konkret cinayət əməlidir və şübhəsiz ki, bu insanlara qarşı hüquqi müstəvidə müvafiq addımlar atılmalıdır.Digər tərəfdən də, təhqir metodunu seçən insanlar heç bir halda Azərbaycan cəmiyyətində normal şəxslər kimi qəbul oluna bilməzlər. Çünki Azərbaycan xalqı milli mənəvi dəyərlərini qorumağı bacarır və bu dəyərlərə qarşı savaş açanları yerində oturdan bir toplumdur. Hesab edirəm ki, onların apardığı bu iyrənc, çürük, şərəfsiz kampaniyanın sonu onlara qarşı yönələcək. Əminliklə bildirirəm ki, əksəriyyəti ölkədən kənarda olan bu şəxslərin nəinki bu torpağa ayağı dəyəcək, hətta "Azərbaycan” sözünü dilinə gətirməyə belə haqları çatmayacaq. Elə hesab etməsinlər ki, törətdikləri əmələ görə, insanları təhqir, şantaj etdikləri üçün cəzasız qalacaqlar. Bu şəxslərin cəzası mütləq veriləcək”.

E.Mirzəbəyli vurğuladı ki, təhqir yolunu seçən anti-milli ünsürlər seytnot vəziyyətinə düşüblər: "Yəni, bunlar gözləyirdilər ki, prezident seçkiləri payız ayında keçiriləcək və bu vaxta qədər onların irəli sürdüyü layihələr müəyyən xarici dairələr tərəfindən dəyərləndiriləcək, onlara vəsait ayrılacaq. Bunlar da həmin maliyyə ilə həyasızlıqlarını, Azərbaycana qarşı savaşı davam etdirəcəklər. Amma seçkilərin, təbii ki, konstitusiyaya uyğun olaraq növbədənkənar elan olunması həmin anti- milli ünsürləri seytnot vəziyyətinə saldı. Artıq həmin o qrantlar gəlməyəcək, ona görə də onların sosial mediadakı hərəkətləri qəzəbdən doğan bir aqressiyadır. Yəni əslində o insanlar itirdiklərinə ağlayırlar”.
AZAD

banner

Oxşar Xəbərlər