• cümə axşamı, 18 aprel, 18:36
  • Baku Bakı 21°C

Onlar hələ də Şimal küləyinə ümid edir… Təhlil

06.09.13 10:48 1378
Onlar hələ də Şimal küləyinə ümid edir… Təhlil
Tarix boyu Azərbaycan xalqına düşmən kəsilmiş ermənilərdən bugünkü müxalifət, daha doğrusu Milli Şura hakimiyyət uğrundakı mübarizəsində xeyir umduğunu açıq-aşkar büruzə verir. Belə ki, Sarkisyanın Rusiyaya son səfəri zamanı Gömrük İttifaqına daxil olmağa razılıq bildirməsi bizim bəzi müxalifləri hədsiz sevindirib. Onlar bu səfərlə bağlı «dərin» mükalimələrdən sonra belə bir məntiqi nəticə çıxarıblar ki, Ermənistanın Gömrük İttifaqına üzv olmasından sonra Rusiya Azərbaycanın da bu quruma üzv olması istiqamətində hakimiyyətə təzyiqlərə başlayacaq. Təzyiqin rıçaqı isə hazırkı müxaliflər olacaq. Onlar hesab edirlər ki, belə olan halda bəxtlərinə yenidən gün doğacaq.
Qeyd edək ki, müxalif düşərgədə son günlər belə bir söz-söhbət yayılıb ki, Rusiya seçki öncəsi Milli Şuraya və onun sədri Rüstəm İbrahimbəyova dəstək verməklə, «Milyarderlər İttifaqı»nı yenidən dövriyyəyə daxil etməklə öz niyyətini gerçəkləşdirməyə çalışacaq və sonda Azərbaycanın hazırkı iqtidarını İttifaqa cəlb etməyə nail olacaq. Sözügedən söz-söhbətlər müxalifət düşərgəsində sevincə səbəb olub. Bu iddia ilə konkret olaraq, «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu çıxış edib. O, bu iddiaların müxalifət daxilindəki mənbələrdən gəldiyini də vurğulayıb: «Sarkisyanın təslimiyyəti, Rusiyanın ayağına üz sürtməsi Putin iqtidarının ambisiyasını, heç şübhəsiz, daha da qabardacaq. Azərbaycan iqtidarına seçki ərəfəsində təzyiq göstərməyib də, daha nə zaman göstərmək, onu bir sıra “mühüm” qərarlara nə zaman vadar etmək olar? İndi Kreml Azərbaycanı da analoji qərara sürükləməyə çalışsa, böyük ehtimalla belə də etməyə çalışacaq, ölkəmizdəki siyasi dəngələr yenidən və sürətlə dəyişəcək.
Bəzi ekspertlər hesab edir ki, bu vəziyyət Azərbaycanın demokratik müxalifətinə, xüsusi ilə Milli Şuraya yenidən fantastik imkanlar açır. Bakıdakı tanınmış siyasət adamlarından biri dünən mənə sevincək dedi ki, onun fikrincə, Rusiya, yenidən əlindəki məlum rıçaq və adamları hərəkətə gətirib, Milli Şuranı Əliyev iqtidarına qarşı real təhdid ünsürünə çevirməyə cəhd göstərəcək...
Elçibəy iqtidarının və günümüzdəki siyasətin önəmli fiqurlarından olan dostumuz yaxın günlərdə Moskvada “Milyarderlər İttifaqı”nın təkrarən dirçələcəyini, hətta Rüstəm İbrahimbəyovun daha bir radikal həmləyə başlayacağını, bu dəstənin Azərbaycandakı və digər ölkələrdəki uzantılarının da fəallaşdırılacağını təxmin edir».
R.Arifoğlu ehtimal olunan rus dəstəyinə münasibət bildirərək etiraf edir ki, Rusiya köhnə müxalifətin hakimiyyətə gəlməsində heç zaman maraqlı ola bilməz. Sonradan isə fikrini dəyişərək Rusiyadan ehtimal etdikləri təzyiq dalğasına işarə vuraraq bunun müxalifət üçün hakimiyyətə gəlmə avantajı hesab edir: «…durum doğrudan da qısa zaman sonra kəskin şəkildə dəyişə bilər və bu, az müddət üçün keçərli olmaqla, Milli Şuranın, onun vahid namizədinin xeyrinə olan proseslərə çevrilə bilər. Demokratik düşərgə bu şansa və həmin qısa zamanın yarada biləcəyi avantajlara hazır olsa, məsləhətdir».
Bu onu göstərir ki, müxaliflər hələ də şimaldan isti havanın gələcəyi xəyallarından əl çəkməyiblər.
Sözügedən iddialarda bir neçə məqam diqqəti çəkir. Əvvəla, müxalifətin ermənilərin Rusiya ilə yaxınlaşmasının Azərbaycana təzyiq vasitəsi olmalarından sevinmələri bir daha onların antimilli qüvvələr olduğunu ortaya qoyur. Deməli, müxaliflər sevinirlər ki, ermənilərin əli ilə Rusiya Azərbaycana öz milli maraqlarından çəkilmək istiqamətində təzyiq edəcək. Beləliklə də Azərbaycan dövləti, xalqı nəsə itirmiş olacaq.
Bundan müxaliflərin qazancı nə olacaq? R.Arifoğlu demişkən, onsuz da Rusiya Azərbaycan müxalifətinin hakimiyyətə gəlməsində maraqlı deyil. Sadəcə ondan istifadə edir. Bunu dərk edən müxalifət bəs hansı səbəbdən Rusiyanın Azərbaycana təzyiq üçün onlardan istifadə etməyinə razı olur. Bunun bir izahı var. Sadəcə, öyrəncəlilik. Çünki xarici qüvvələrin yerli müxaliflərdən öz mənafeləri naminə istifadə etmələri halları birinci deyil. Bu, dəfələrlə müşahidə edilmiş gerçəklikdir. Bu baxımdan müxalifətin Rusiyanın bu ehtimal olunan oyununda da həvəslə oynayacağı inandırıcıdır.
Digər tərəfdən R.İbrahimbəyovun səhnədən uzaqlaşması ilə üzərlərindən «rus ləkəsi»ni götürə bildiklərini zənn edib yenicə rahat nəfəs almağa başlayan müxalifətin daxilində yaranmış bu yeni söz-söhbət düşərgəni yenidən qarışdıracaq. Çünki Qərb ölkələrinin diplomatları ilə görüş, Londona səfər blefi və s. Milli Şuranı rus layihəsi olmaq ittihamından azad etməyə hesablanmışdı. Lakin görünən odur ki, müxalif düşərgədə bunun o qədər də əhəmiyyətli olmadığını düşünənlər az deyil. Belə olmasaydı Rusiyanın yenidən Milli Şuraya taktiki məqsədlə dəstək vermə ehtimalına sevinənlər tapılmazdı.
Təvəkkül Dadaşov
banner

Oxşar Xəbərlər