• cümə, 29 Mart, 00:54
  • Baku Bakı 7°C

“Onlar bizim işimizi əlimizdən alırlar” - Fotolar

19.01.17 09:30 5626
“Onlar bizim işimizi əlimizdən alırlar” - Fotolar
Müasir dünyada gənclərin ən çox maraq göstərdiyi sənətlərdən biri də modellikdir. Ancaq nədənsə bu sənət ölkəmizdə o qədər də inkişaf etməyib. Model sənətinə olan münasibət də ölkəmizdə birmənalı qarşılanmır. Səbəbini isə qonağımız, tanınmış model Nərmin Səfərova ilə söhbətdə aydınlaşdırmağa çalışacağıq. O, fevralın 9-dan 28-nə kimi Tayvanda keçiriləcək olan "Queen of Brilliance İnternational 2017” müsabiqəsində ölkəmizi təmsil edəcək.

Qeyd edək ki, model 2014-cü ildə Marmarisdə keçirilən "Miss Maxim of Europe 2014”-də ölkəmizi təmsil edib və orada dünya birincisi olub. N.Səfərova bu il Azərbaycanın "Best avards -2016” müsabiqəsində "İlin professional” modeli seçilib.Beləliklə, modellə söhbəti sizə təqdim edirik.
- Eşitdik ki, ölkəmizi "Queen of Brilliance İnternational 2017” müsabiqəsində təmsil edəcəksiniz? İstərdik səfər öncəsi təəssüratlarınızı bölüşəsiniz.
- Elədir. Bundan əvvəl də bir çox beynəlxalq müsabiqələrdə ölkəmizi təmsil etmişəm. İnşallah, fevralın 9-da Tayvana səfər edəcəm. Ümid edirəm ki, bizim üçün uğurlu olacaq. Bundan əvvəl 2014-cü ildə Marmarisdə keçirilən "Miss Maxim of Europe 2014” qalib gəlmişəm. Orada 27 ölkə arasında birinci yerə çıxmışam. Bir aydan çox orada hazırlıqlarda olduq. Əslində birinci yerə çıxacağıma inanmırdım. Müsabiqədə qalib olmaq, ölkəmizi tanıtmaq çox gözəl hissdir.
- Sizdə model sənətinə maraq necə yarandı?
- 2009-cu ildə 14 yaşım var idi. O zaman məni çəkilişlərə dəvət etmişdilər, amma imtina etdim. Heç ağlımın ucundan da keçmirdi ki, nə zamansa model olaram. 2012-ci ildə rəfiqəmlə çəkilişə getmişdim və məni orda gördülər. Kastinqə dəvət etdilər. Əslində mən kastinqə qatılmağı heç düşünmürdüm. 2012-ci ildən sonra məni fotosessiyalara dəvət etdilər. Daha sonra Moskvaya getdim, beynəlxalq moda və vizaj sərgilərində iştirak etdim. Belə ki, beynəlxalq müsabiqələrdə Azərbaycanlı stilistlərlə çıxış etdim. 2013-cü ildən türklərlə işləyirəm. Artıq 4 ildir ki, onlarla çalışıram. Bu yaxınlarda Milana getdim. Türkiyədə işlədiyim italyan dostlarım təklif etdilər ki, Milanda bu sahə üzrə çalışım.

- Gələcəyə dair planlarınız nədir?
- Gələcəyə dair böyük planlarım var. Dünyanın müxtəlif ölkələrində çalışanda daha çox təcrübə toplayıram. Bu gələcək işimdə də mənə çox böyük kömək olacaq. Əslində mən 2016-cı ildə Bakı Slavyan Universitetinin rus filologiyası fakültəsini bitirmişəm. Modelliyə hobbi kimi baxıram. Əsas ixtisasım filoloqdur.
- Filoloq kimi çalışmağı düşünürsünüzmü?
- Çətin ki, mən oxuduğum bu ixtisasla Bakıda özümə iş tapım. Bu sahədə iş tapa bilmərəm, yəqin ki, ancaq müəllimə kimi çalışa bilərəm. İstəyirəm ki, yayda imtahan verib özümü müəllimə kimi sınayım. Həyatda hər şey ola bilər. Ola bilər ki, magistr təhsilini Koreyada, Yaponiyada, digər ölkələrdə alım. Orada tərcüməçi kimi də çalışa bilərəm. Tərcüməçiliyi ikinci ixtisas kimi seçmək istəyirəm. Hələ həyat qabaqdadır.
- Maraqlıdır, modellik pul gətirən sahədirmi?
- Hər şey modeldən asıdır. Elə modellərimiz var ki, dünyanın müxtəlif ölkələrində çalışırlar və yaxşı da gəlir əldə edirlər. Mən bu işə təzə başlayanda heç bir ödəniş almırdım və pulsuz çalışırdım. Bu mənim hobbim idi. İl yarımdan sonra sərgilərdə, açılışlarda iştirak etdim. Təzə başlayanda heç bir sahədə pul olmur. Sonra çalışdıqca, peşəkarlaşırsan və pul qazanmağa başlayırsan.O zamanlar çəkilişlərə gedirdim, ancaq peşəkar kimi çalışmırdım. Sonra "Miss Azerbaijan 2013"- müsabiqəsinə qatıldıqdan sonra mənə olan çəkiliş təklifləri artdı. Ancaq əslində mən özümü model kimi təqdim etmirəm. Mən gözəllik yarışmasının birincisiyəm. Necə deyirlər "Gözəllik kraliçası" Ona görə də bir çox kompaniyara, tanınmış brendlər istəyirlər ki, mən onların məhsullarını reklam edim. Sadə modellərin isə gəliri çox azdır. Sən özünü necə təqdim edirsənsə elə gəlir əldə edirsən.

- Xaricdə modellər daha çox filmlərdə çəkilirlər. Aktrisa kimi filmlərdə rol almağa iddialısınızmı?
- Əslində bu proses dünyanın bütün ölkələrində var. Ancaq nədənsə mənim bu sahəyə heç bir marağım yoxdur. Amma çox model tanıyıram ki, modelliklə başlayıblar, amma sonradan sənəti dəyişərək aktrisa olublar. Cavan aktrisaların demək olar ki, yarısı modellik sənətindən gəliblər. Modelə hər zaman belə təklif gəlir. Azərbaycan dilim zəif olduğuna görə baş rollarda çıxış edə bilmirəm. Ötən il "Oğlan evi-1” filmində çəkildim. Orada rolum çox kiçik idi. Əslində filmlərdə rol ala bilmərəm, çünki rusdilliyəm, Azərbaycan dilində danışmağa çox çətinlik çəkirəm. Ona görə də filmlərdə rol ala bilməyəcəyimi düşünürəm.
- Azərbaycanda model sənətinin inkişaf etməməyinin səbəbi nədir?
- Hər qəşəng qız gözəl olmasa da, bir neçə fotosessiyadan sonra özünü model adlandırır və model adı altında başqa-başqa işlərlə məşğul olur. Ona görə də model işinə kənardan bir az pis baxırlar. Bu da bir ixtisas kimi qəbul olunur. Hər hansı bir qız gözəl poz verməyi, şəkildə daha gözəl görünməyi bacarırsa, özünü model adlandırır. Əslində bu işdə təcrübə də öz sözünü deyir. Bacarırsa, model kimi çalışa bilər. Ancaq modellik Azərbaycanda bir o qədər də inkişaf etməyib. Bu sahə bizdə bir az geridə qalıb. Təəssüf hissi ilə qeyd edim ki, Azərbaycanda modellərə iş yoxdur. Düzdür, çəkilişlərimiz olur, sifarişlər qəbul edirik, ancaq... Şirkətlər agentliklərə müraciət edirlər. Belə olan halda modellər işsiz qalır. Peşəkar modellərə iş təklif edəndə agentliklər deyir ki, bizdə qızlar pulsuz çalışırlar. Bu da bizə zərər yetirir. Özlərinə model deyən qızlar görürük ki, onların boyları balacadır, sima cəhətdən o qədər də gözəl deyillər. Ancaq özlərinə peşəkar model deyirlər. Onlar bizim işimizi əlimizdən alırlar. Ona görə peşəkar modellər işsiz qalır. Xaricdəki modellər bizimkilərdən qat-qat yaxşı maaş alırlar. Ona görə yerli modellərimiz xaricə üz tuturlar, çünki orada bu sənətə yaxşı dəyər verirlər. Mən onları da qınamıram.
- Model olmaq üçün 90-60-90 standartları mütləqdirmi?
- O qədər də mütləq deyil. Fotomodelin boyunun fərqi yoxdur, 1.50, 1.40 da ola bilər. Əsas odur ki, siması gözəl olsun. Podium modelinin boyunun 1.75-dən yuxarı olması isə mütləqdir. Ancaq çox arıq olmalıdır. Hətta 90-60-90 deyil, 80-60-89 olmalıdır. Bu şərt deyil. Qız gözəldirsə, konkurslara, müsabiqələrə gedib yer ala bilər. Orda şarma, bir də özünü təqdim etməyə baxırlar. Sən gözəlsənsə, konkurslarda boya da baxmırlar, əsas odur ki, özünə inanasan. Əgər özünə inanırsansa, çalışmalısan ki, özünü gözəl göstərəsən ki, sənə yüksək qiymət versinlər. Bu işdə əsas meyar budur.
Xəyalə Rəis



banner

Oxşar Xəbərlər