Onlar alandan da qazanırlar, satandan da...

Onlar alandan da qazanırlar, satandan da...

Cəmiyyət
20 Noyabr 2012, 11:37 3605
“Özümə ev axtararkən düz 4 ay gəzdim. Bir neçə əmlak şirkəti ilə danışdım və onların başıma açmadıqları oyun qalmadı. Məni mənzili göstərməyə aparırdılar, mənzil sahibi ilə danışırdım, makler durub kənardan baxırdı. Hətta baxmağı bir tərəfə dursun, başlayırdı evi tərifləməyə. Hansı ki, onun borcu mənə evin qiymətini aşağı salmaqda kömək etmək idi, nəinki evin qiymətini qaldırmaqda. Hətta ev sahibinin dediyi qiymətin üstünə pul qoyub mənə satmaq istəyən maklerlə də rastlaşdım. Sonda əmlak şirkətlərindən birinin təklif etdiyi mənzili bəyəndim və ev sahibinə beh verdim. Bayıra çıxan kimi makler məndən 2 faiz xidmət haqqı istədi”.

Bunu bizimlə söhbətində maklerlər tərəfindən dəfələrlə aldandığını deyən İlqar müəllim dedi. İlqar müəllim ondan faiz istəyən maklerə əvəzində onun üçün nə edəcəyini soruşanda, maklerin cavabından dəhşətə gəlib: “Mənə dedi ki, “evi sizə mən tapdım, gördüyüm iş budur”. Bir neçə gündən sonra halallıq olsun deyə maklerin istədiyi pulu ödədim, amma göstərdiyi xidmətə görə mənə nə çek, nə də başqa bir sənəd vermədi”.

Ölkəmizdə ev alqı-satqısı zamanı aldadılan kifayət qədər istehlakçı var. Hətta Səbayel, Yasamal rayon məhkəmələrində az qala hər 2 işdən biri ev alqı-satqısı zamanı narazı qalan, aldadılan vətəndaşlara aiddir. Bunun səbəblərini öyrənmək üçün müstəqil ekspertlər, aidiyyatı dövlət orqanları, maklerliklə məşğul olan şirkətlər və aldanan istehlakçılarla danışdıq.

“Üstü bəzək” binalar

İlk növbədə Azərbaycanda makler fəaliyyəti göstərən ən böyük şirkət olan “Fortuna”nın əməkdaşı ilə söhbətləşdik. Şirkətdə olub 40-50 min manat arasında ev almaq istədiyimizi bildirdik və makler heç bir müqavilə bağlamadan bizə xidmətini təklif etdi, hətta ərinməyib bizi sözügedən qiymətə satılan evlərə baxmağa da apardı. Evlərdən biri “Akkord”un, digəri isə “Şərur” MTK-nın Yeni Yasamalda tikdiyi binalardakı “pod-moyak” mənzillər idi. “Şərur” MTK-nın tikdiyi binanın üstü örtülmüşdü və iş gedirdi. 92 kvadrat metrlik mənzil 45 min manata təklif edilirdi. “Akkord”un binasındakı 78 kvadrat metrlik mənzil isə 35 min manata sahibi tərəfindən satılırdı. Hansı şirkətdən mənzil almağı məsləhət gördüyünü soruşduqda makler “Akkord”un adını çəkdi: “Bu binalar artıq hazırdır, yaşayış da var. Özü də şirkətdən alsanız, 35 min manata heç vaxt verməz, sahibidir deyə təcili pul lazımdır, ucuz satır. Amma “Şərur” da pis deyil. Özü də “Şərur”un üstünlüyü ondadır ki, bina hazır olan kimi qaz verilir”.
Qeyd edək ki, “Akkord”un təklif etdiyi mənzilə baxmağa getdik. İlk baxışdan hər şey çox gözəl görünürdü. Hətta binanın həyətində uşaqların oynaması üçün qurğular da quraşdırılmışdı. Amma binalar o qədər yaxın idi ki, bir mənzilin balkonundan digərinə, yaxud blokun balkonundan mənzillərə asanlıqla keçmək mümkün idi. Üstəlik, binalar bir-birinə yaxın olduğundan aşağı mərtəbələrdəki mənzillərin bəzi otaqlarına işıq düşmürdü. Bizə göstərilən mənzildə divarı necə qoymuşdularsa, əyri divar elə bil üstümüzə gəlirdi. Binaya bayırdan diqqətlə baxanda da divarlarda əyrilik hiss olunurdu. Amma buna baxmayaraq, maklerə bu evi bəyəndiyimizi bildirdik. Amma hər ehtimala “Şərur” MTK-nın da binasına baxmağa getdik, amma yiyəsi olmadığından bizə təklif olunan mənzilə baxa bilmədik.

Əmlakçı bizi necə şirnikləndirdi?

Əmlakçıdan evi alacağımız təqdirdə sözügedən şirkətlərin bizə evin kimə məxsus olduğu barədə çıxarış - “kupça” veriləcəyi ilə də maraqlandıq. Dedi ki, “kupça” hələ ki, verilmir, amma tezliklə o da olacaq. Yalnız qaz çəkiləndən sonra ev sahiblərinə “kupça” verilir: “Akkord” qazı bu ilin sonunadək verəcək”.
Qeyd edək ki, “Akkord”un bir neçə ildir sahiblərinə təhvil verdiyi binaların bir çoxunda qaz yoxdur. Bu da o deməkdir ki, əmlakçı evi almamız üçün “qaz ilin sonunadək olacaq” deyib bizi şirnikləndirir.

Evlər niyə bahalaşıb?

Maklerlə söhbət zamanı bəlli oldu ki, hazırda evlər bahalaşıb. Bunun səbəbi isə dövlət tərəfindən yeni binaların tikintisinə icazə verilməməsidir: “Camaatı o qədər aldatdılar ki, daha hər şirkətə bina tikməyə icazə verilmir. Buna görə də daşınmaz əmlak bazarında aktivlik azaldığından evlərin qiymətində artım var. Üstəlik, müxtəlif yerlərdə standartlara cavab verməyən, köhnə binaları sökürlər deyə, camaatın evə ehtiyacı var”.

Müsahibimiz onu da bildirdi ki, çoxmərtəbəli binalarda aldanan istehlakçı çox olduğundan sovet binalarındakı mənzillər daha baha qiymətə satılır. Məsələn, Sovet binalarında 50 min manatdan ucuz birotaqlı ev tapmaq mümkün deyil. Makler onu da məsləhət gördü ki, hazır olmayan, üstü örtülməyən binadan ev almayaq: “Sabaha təminat yoxdur ki, o evi təhvil verəcəklər, ya yox, pulunuz bata bilər. Mənim əlimdə nə qədər istəyirsiniz ucuz qiymətə yarımçıq bina var, ancaq görürsünüz təklif etmirəm, çünki sabahısı yarı yolda qalarsınız. Qarğış yiyəsi olmaq istəmirəm. Üstüörtülü binanın qazı, suyu olmaya bilər, amma açarı əlinizə versinlər, gec də olsa əmin olun ki, kommunal xidmətlər olacaq, amma yarımçıq binada bu təminat yoxdur”.
Bizimlə olduğu 2 saat ərzində təxminən 15-20 nəfərlə danışan makler işlərinin heç də asan olmadığını dedi: “Kənardan baxanda işimiz asan görünür. Ancaq görürsünüz də, nə qədər çətindir. Gün ərzində işiçizi qurtarmağa vaxt çatdırmırıq”.

Qeyd etdiyimiz kimi, araşdırmamız zamanı “Birja” və “Market” qəzetlərinin ev alqı-satqısı ilə bağlı elanlarından da yararlandıq. Bəlli oldu ki, sözügedən qəzetlərdə daşınmaz əmlakla bağlı elanların böyük hissəsi “Fortuna”, “Evropa” və maklerliklə məşğul olan bir neçə şirkətə məxsusdur.

Əmlak Bazarı İştirakçıları İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı bizimlə söhbətində bildirdi ki, Azərbaycanda rieltorların (makler – L.M.) fəaliyyəti qaranlıq və qanunaziddir: “Hətta bu sahədə dünyanın heç bir yerində rast gəlinməyən halla da qarşılaşırıq. Belə ki, ölkəmizdə maklerlərin ev alqı-satqısı bazarındakı qiymətlərə spekulyativ formada nəzarət və təsir etmə imkanları çox genişdir. Bu gün Azərbaycan alıcısı daşınmaz əmlak barədə informasiyanı daha çox «Birja», «Market» kimi qəzetlərdən götürürlər. Qəzetlərə o informasiyaları ötürənlərin 90 faizi isə maklerlərdir. Buna görə də rieltorların bu sahədə spekulyasiya etmə halları geniş yayılıb. Rieltorlar bəzən çox qazanmaq üçün alıcıya elə pul deyir ki, alqı-satqı prosesinə mane olur. Bir sözlə, çox qazanmaq istəyirlər, amma bəzən buna görə azdan da məhrum olurlar. Məsələn, ev sahibi evi 60 min manata satır, rieltor deyir ki, sənə istədiyin pulu verəcəyəm, sənin işinə qalmayıb, mən evi 75 minə satacağam. Beləliklə, rieltorlar qiymətləri tənzimləyə bilirlər".

R.Osmanlı bildirdi ki, dünya ölkələrindən fərqli olaraq, Azərbaycanda maklerlər daşınmaz əmlakın alıcısından da, satıcısından da faydalanmaq istəyir.

Maklerlərin at oynatdığı sahə

Azad istehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da maklerlər tərəfindən aldanan istehlakçıların onlara şikayət etdiklərini dedi: “Reklam şirkətləri ilə maklerlərin mənafeləri birləşir və nəticədə istehlakçıları şirnikləndirən, yalançı elanlar gedir. Maklerlər istehlakçılara böyük problemlər yaradırlar. Torpaq, ev satışı maklerlərin at oynatdığı bir sahədir. İstehlakçılar çox diqqətli olmalıdırlar, ev almamışdan əvvəl Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə, yaxud digər dövlət orqanlarına, daşınmaz əmlakla bağlı qeyri hökumət təşkilatlarına müraciət etməlidirlər”.

Bizdə makler nə edir, dünyada nə edir?

MBA Konsaltinq Şirkətinin rəhbəri Nüsrət İbrahimov bildirdi ki, maklerin özbaşınalığı, istehlakçıları aldatması ilə bağlı problemlərin mövcudluğunun kökü sözügedən sahədə qanunvericiliyin olmamasıdır: “Rusiya və Türkiyə təcrübəsinə müraciət edək. Sözügedən ölkələrdə kimsə evini satarkən, yaxud alarkən bir əmlakçıya müraciət edir, bizdə isə demək olar ki, bütün əmlakçılarla danışılır. Amma dediyim ölkələrdə tutaq ki, evin satılması eksklüziv olaraq bir əmlakçıya aid olur. Həmin əmlakçı ilə ev sahibi müəyyən müddətə müqavilə imzalayır. Həmin vaxt bitənə qədər ev satılmasa, yalnız bu halda ev sahibi digər əmlakçıya üz tutur. Həmin müqavilədə hər iki tərəfin vəzifə və öhdəlikləri tənzimlənir. Azərbaycanda isə əsas əqd baş tutanda əmklakçı ilə ev sahibi söhbətləşir, yəni pul söhbəti edir. Onlarda isə hər şey əvvəlcədən kağız üzərində razılaşdırılır. Mənzili satan əmlakçı eksklüziv hüquqa malik olur. Bu zaman əmlakçı reklamın yerləşdirilməsi, evin alıcıya göstərilməsi, alıcı üçün evin hazırlanması, alqı-satqı prosesi baş verərsə sənədlərin qaydaya salınması, bir sözlə, birinci mərhələdən sonuncu mərhələyədək bu prosesdə iştirak edir. Bizdə isə makler gedib Daşınmaz Əmlakın Dövlət Reyestrində satdığı evin sənədlərini düzəltmək istəsə, onu qovalar ki, sən kimsən. Azərbaycandakı əmlakçılardan fərqli olaraq, xaricdə maklerlər müştərisinin xeyrinə evin qiymətinin aşağı salınmasına da yardımçı olur. Bizdə isə makler daha çox pul qazanmaq üçün evin baha satılmasının tərəfdarıdır ki, hər iki tərəfdən götürdüyü faiz çox olsun. Götürdüyü faizin müqabilində isə əksər maklerlər yalnız alıcı ilə satıcını görüşdürmək işini görürlər”.

Qeyd edək ki, yazıda adını hallandırdığımız “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin də məsələyə münasibətini öyrənmək istəsək də, telefonlarımıza cavab verən olmadı.

Lalə Musaqızı
Elgün Mənsimov


Sabahkı sayımızda oxuyacaqsınız:

Azərbaycanda maklerlər hansı qanunla işləyirlər?

Maklerlərlə alqı-satqı prosesində müqavilə imzalanırmı?

Parlament niyə maklerlərlə bağlı layihəni geri qaytarıb?

Ev alanlar hansı məqamlarda aldanırlar?