• cümə axşamı, 28 mart, 13:24
  • Baku Bakı 16°C

Onda anladım ki, ən çətin iş kosmonavt yox, ana olmaqmış

29.06.13 08:38 2355
Onda anladım ki, ən çətin iş kosmonavt yox, ana olmaqmış
Heç kəsin ağlına gəlməzdi ki, Yaroslavl vilayətinin Tutaevski rayonunun Böyük Maslennikov kəndində doğulan və toxuculuq fabrikində fəhlə işləyən gənc bir qızın sorağı bütün dünyanın dilinə düşəcək. Aydakı kraterlərdən biri və “Çayka” kiçik planeti onun şərəfinə kosmonavtın adı ilə adlandırılacaq.
Hazırda Yerətrafı orbitə çıxışının 50 illiyini qeyd edən təyyarəçi-kosmonavt Valentina Tereşkova həmin günləri yuxu kimi xatırlayır.
3 sutka fəzada
- Valentina Vladimirovna, siz kosmosda ağır sınaqlar keçdiyinizdən danışmışsınız. Siz «Vostok-6» gəmisini Yerə yönəlməyə cəhd edəndə gəmi əks istiqamətə meyl edib - bu hadisəni nəzərdə tutmusunuz?
- Hə, xoşagəlməz vəziyyət yaranmışdı. Ancaq mən həmin anı ilk dəqiqədən müşahidə etdim. Qaqarinə və Korolyova məlumat verdim. İçində olduğum fəza kapsulunun avtomatik idarəetmə sistemi səhv qurulmuşdu. O, atmosferə daxil olmağa hazırlaşanda kapsulun daxil olma bucağının az qala 90 dərəcə səhv olduğunu gördüm və sözlərimə inanmaq istəməyən heyətə uzun müddət yalvarmaq məcburiyyətində qaldım ki, səhvi düzəltsinlər. İkinci gün göndərilən siqnallarla kapsulun atmosferə daxil olma bucağı düzəldildi və mən Yerə kömürləşmiş olaraq qayıtmaqdan xilas oldum. Mənim uçuşum bir sutkalıq hesablanmışdı. Ancaq biz razılaşdıq ki, əgər uçuş normal keçərsə, mən onun vaxtını uzatmaq barədə dövlət komissiyasına müraciət edim. Mən 3 sutka uçmaq və Bıkovski ilə bir yerdə enmək istəyirdim. Belə də oldu. 16 iyun 1963-cü ildə kosmosa gedən ilk qadın oldum. Mən sadəcə, bir dəfə kosmosa getdim. Təxminən 3 gün qaldım və bu müddətdə dünyanın ətrafında 48 dəfə dövrə vurdum.
- “Kosmik qançır” tarixçəsi nə deməkdir?
- O “kosmik qançır” deyildi. Yerə 6 min metr qalmış kapsuldan tullanaraq paraşütlə enməyə başlayanda, bir gölə doğru istiqamət götürdüyümü gördüm. Paraşütüm tamamilə idarə olunmaz idi. Onu külək özbaşına aparırdı. Mən yorğun və ac idim, üstəlik, çoxlu su itirmişdim. Gölə düşsəm, sahilə qədər üzməyə gücüm çatmaya bilərdi. Ancaq bəxtim gətirdi və güclü külək məni sahilə apardı, fəqət yerə sərt bir şəkildə endiyim üçün burnum kaskama zərblə dəydi və göyərdi. Altay dairəsində Yerə endikdən dərhal sonra məni mətbuat nümayəndələrinin qarşısına çıxardılar və burnumdakı göyərməni kosmetik maddələrlə örtdülər.
Yadımdadır, jurnalistlərdən biri məndən soruşdu: “Necə oldu ki, qadın olduğunuz halda kosmosa getməyə cəsarət etdiniz?” Mən ona belə cavab verdim: “Sovet İttifaqında bir qadın dəmiryol işçisi ola bilirsə, kosmosa nə üçün uça bilməsin?”
Mən kosmosa uçacağım günü yaxınlarıma deməmişdim. Onlara paraşütlə tullanmaq yarışına getdiyimi bildirmişdim. Mənim kosmosa uçmağım haqda xəbəri yaxınlarım da o gün radiodan eşitdilər.
- Sizinlə bir yerdə uçuşa hazırlaşan digər qadınların taleyi necə oldu? Sizin dublyorunuz İrina Solovyeva, Valentina Ponomoryova, Janna Yerkina, Tatyana Kuznetsova
- Hamısının ailəsi, uşaqları, nəvələri var. Mənim bütün qızlarım artıq təqaüddədir. Mən onlara kömək etməyə çalışıram. Həmişə! Biz bir yerdə yaşayırıq. Janna Yorkina ilə bir meydançada. Bayramları da bir yerdə qeyd edirik.
- Yelena Serova 2014-cü ildə kosmosa uçmağa hazırlaşır. Kosmonavtçılar sırasına Anna Kikina da daxildir.
- Çox yaxşı.
- Sizcə, yeni qadın kosmonavtlar nə vaxt yaranacaq? Bəlkə onlara qarşı haradasa qısqanclıq var?
- Siz nə danışırsınız, əksinə, sevinmək lazımdır. Mən hələlik onlarla tanış deyiləm, ancaq hər şey irəlidədir.
- Siz öz təcrübənizdən onlara nə deyərdiniz?
- Biz məsləhət görürük ki, gəmi qalxanda özlərini necə aparsınlar. Birinci sutkada kəskin hərəkətlər arzuolunmazdır. Hər adamın fərqli vestibülyar aparatı var. Komandanı dəqiq, ləngimədən yerinə yetirmək lazımdır. Bu, sizə məsləhətdir, əgər uçursunuzsa.
- Amerikada 500-dən çox kosmonavt var. Rusiyada isə 106. Onlarda 200-dən çox qadın uçub, bizdə isə barmaqla sayılası qədərdir. Valentina Tereşkova, Svetlana Saviskaya, Yelena Kondakova…
- Bizim kosmonavt qadınlarımız azdır. Korolyovun kosmosa qadın heyəti göndərmək ideyası vardı və biz artıq hazırlığa başlamışdıq.
- Siz hazır idiniz?
- Əlbəttə, «Союз» gəmisini yaratdıq. Biz «Солют» stansiyasında işləməyə hazır idik. Ancaq 1966-cı ildə Sergey Korolyov vəfat etdi. «Союз»un birinci uçuşu 24 aprel 1967-ci ildə olmalı idi və həmin gün Vladimir Komarov dünyasını dəyişdi. Gəmi rütubətli idi. 1971-ci ildə 30 iyunda yerə qayıdarkən Georgi Dobrovolski, Vladislav Volkov və Viktor Pasayev həlak oldular. Onda qərara alındı ki, hələlik texnika işləməyəcək və qadınlar ekipaj heyətinə daxil edilməyəcək. Qadın qrupunu ləğv etdilər. Ancaq mən uçmuşdum və məni kosmonavtların dəstəsində saxladılar. Bütün hazırlıq mərhələləri keçdi. Yuri Qaqarinin ölümündən sonra mənə dedilər ki, risk edilməyəcək. Mənim bütün dəlillərim də nəticəsiz qaldı. Bu, mənim üçün çox ağır idi.
- Amma göründüyü kimi Yer də kosmonavtlar üçün həmişə təhlükəsiz deyil. 1969-cu il 22 yanvarda Brejnevə qəsd olundu. Onda kosmonavtlar maşınla gedərkən terrorist İlyinin güllələri altına düşdülər.
- Hə, belə olub... Onda mənimlə maşında Andrian Nikolayev, Georgi Bereqov və Aleksey Leonov var idi. Mənim ayaqlarımın altından bir neçə güllə uçdu.
- Sizə nə vaxt dəhşətli idi: kosmosa uçanda, yoxsa terroristin güllələri altına düşəndə?
- Kosmosda heç də dəhşətli deyildi. Mən öz işimi yerinə yetirirdim. Necə ki, təyyarəçi təyyarəni idarə edir, mən də elə. Ancaq terrorist bizə yerdə güllə atanda özümdə olmadım. Onda bizim sürücümüz, iki uşaq atası İlya Jarkov həlak oldu. Biz sonra onun ailəsinə kömək etdik. Mən ziyan çəkmədim. Yəqin ona görə ki, məni evdə anam gözləyirdi. Anam xəstə idi və evdə balaca qızım vardı. Mən onda başa düşdüm ki, dünyada qadın üçün ən çətin iş kosmonavt yox, ana olmaqmış!
Mən uçmağa hazıram
- Kosmonavtları kosmosa buraxmayanda onlar nə ilə məşğul olurlar?
- Mən Jukovski adına Hərbi Hava Akademiyasına daxil oldum. Mən elmi rəhbərim professor Rumyansevlə uçuş zamanı ekipajlara kömək edən mərhələli proqram hazırladım. Hesab edirəm ki, həmin akademiyanın ləğv olunması böyük səhv idi.
- Bu, kosmosdan istifadəni mükəmməl mənimsəmək üçün idi?
- Əlbəttə, daha çox aviasiyanın inkişafı üçün idi. Bəlkə bu, hansısa mərhələdə bəraət qazanacaqdı. Amma bizə - akademiyanın məzunlarına çox heyf! Mən akademiyanı əla qiymətlərlə bitirdim və namizədlik müdafiə etdim. Bununla fəxr edirəm!
- Bəs rus ordusunun ilk qadın generalı olduğunuza görə necə?
- Hə, mən növbəti titulu arzulayırdım. General tituluna layiq görüləndə bizdə böyük bayram idi. Bu, mənim üçün böyük qürur idi.
- Ancaq sizin general formanızda heç bir şəkliniz yoxdur.
- Mən o formanı nadir hallarda geyinirəm.
- Siz Marsa uçmaq arzunuzu da demisiniz.
- Mars mənim sevimli planetimdir. Marsda olmaq mənim arzumdur. Bilmək istəyirəm, orda həyat varmı? Əgər varsa, mən nə üçün onu görməyim? Və ya bu planetdə hansı qəzalar baş verib? Yəqin mütəxəssislər bu problem üzərində işləyirlər. Bunun üçün gəmi lazımdır. Bütün hallarda Marsa uçuş olacaq. Mən belə fikirləşirəm. Mən uçmağa hazıram. Əgər Qaqarin həlak olmasaydı, mən yenidən kosmosa uçardım.
Birdən yuxudan ayılıram
- Mənə dedilər ki, Ulduz şəhərciyində uzun illərdir ki, kosmonavtlar üçün tikilən 144 mənzilli evin tikintisi başa çatmır. Kosmonavtların yaşayış evi ilə bağlı problemləri var?
- Təəssüf ki, var... Hətta, uçuşa gedən kosmonavtlar var ki, evləri yoxdur.
- Onlar kommunal mənzildə yaşayırlar?
- Yataqxanada. Bütün insanlarda olduğu kimi onların da problemləri var. Yaxşı olardı ki, onlar üçün tikilən mənzil başa çatsın və biz cavan kosmonavtları mənzillə təmin edə bilək. Hələ o vaxt Qaqarin bu işlə məşğul olurdu. İstəyirdilər ki, Ulduz şəhərciyini yeganə struktur kimi formalaşdırsınlar. Biz onda hərbçi kimi Müdafiə Nazirliyinə tabe idik. Bir çox məsələləri həll etmək çətin deyildi. İndi təmirə kömək etmək lazımdır. Bir çox şeyləri də yaratmağa ehtiyac var.
- Planetari sizin xidmətinizlə tikilib?
- Yaroslavl şəhərini- mənim balaca vətənimi Dövlət Dumasında təmsil edirəm. Biz orada Planetari tikməyi qərara aldıq. Pul çatışmırdı. Mən özümdə güc tapıb Vladimir Putinə müraciət etdim. Bizə pul ayırdılar və Planetarini tikdik. Bu, uşaqların və böyüklərin sevimli yeridir.
- Andriyan Nikolayevlə sizin qızınız Yelena kosmosa yad adamdır?
- Alyona – Biz Lenanı belə adlandırırıq, həkimdir. Birinci Moskva Tibb İnstitutunu bitirib. Çox sevinirəm ki, o, bu peşəni seçib. Alyonanın əri Andrey təyyarəçidir. İki nəvəm var – kiçik nəvəm Andrey üçüncü sinifdə oxuyur, böyük nəvəm Alyoşa isə məktəbi qurtarır, ali məktəbə daxil olacaq. Onun bir neçə variantları var.
- Bu variantlar kosmik xətt üzrə deyil?
- Mən belə istəyirdim. Ancaq o dedi ki, ona mane olmayım. O, astronomiyanı öyrənir. Ulduzlu səmanı tanıyır.
- Kosmosu yuxuda görürsünüz?
- Hə, uçuş yuxuma girir. Hətta, xırda detallarıyla yuxuma gəlir. Yer də yuxuma girir. Birdən yuxudan ayılıram və deyirəm: aman Allah, bütün bunlar olub. Nə yaxşı ki, olub...
“Komsomolskaya pravda”dan çevirdi
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər