• cümə axşamı, 25 aprel, 07:39
  • Baku Bakı 14°C

On minlərlə müəllim ailəsinə böyük sevinc gətirən addım

05.02.15 08:28 1045
On minlərlə müəllim ailəsinə böyük sevinc gətirən addım
İstənilən ölkənin gələcəyi ilk növbədə həmin ölkənin təhsil sisteminin səviyyəsinə əsasən müəyyənləşdirilir. Bu, tarix boyu belə olub və olacaq da. Təhsilin səviyyəsi hər bir ölkənin inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycan da bu ölkələr sırasındadır. Ölkəmizdə son illərdə təhsil sistemində həyata keçirilən tədbirlər bizə ölkəmizin gələcəyi ilə bağlı yalnız xoş sözlər deməyə əsas verir.
Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı artıq bir neçə ildir ki, dövlət siyasətinin prioritetinə çevrilib. Son bir neçə ildə Azərbaycan təhsili öz intibah dövrünü yaşamaqdadır. Paytaxtda, eləcə də bölgələrdə heç bir dövrdə olmayan qədər məktəblər tikilir, təmir olunur, yeni korpuslar istifadəyə verilir. Məktəblərin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər Azərbaycana səfər edən xarici qonaqların da böyük marağına və rəğbətinə səbəb olur.
Bu gün Azərbaycanda təhsilə qayğı ən yüksək səviyyədədir. Bu sahədə həyata keçirilən bütün işlər növbədə Azərbaycanın xoşbəxt gələcəyinə hesablanır. Azərbaycanda təhsilə diqqət və qayğı hələ ötən əsrin 60-cı illərindən başlayıb. Ulu öndər Heydər Əliyev 1969-cu ildən etibarən Azərbaycanda təhsil müəssisələrinin yeniləşdirilməsinə, onların maddi-texniki bazasının möhkəmləndirilməsinə, təhsilin keyfiyyətinə şəxsən özü nəzarət edib. İstedadlı və xüsusi qabiliyyətli gənclərin üzə çıxarılması, o zaman üçün müasir və yeni sayılan texnologiyaların tətbiqi ölkə rəhbərinin daim diqqət mərkəzində olub. Ulu öndər xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə gələndə də təhsilə xüsusi diqqət yetirməyə başladı. 1993-1996-cı illərdə respublikanın iqtisadi və siyasi çətinliklərinə baxmayaraq, 20 min 432 yerlik 45 məktəb binası tikilib istifadəyə verildi. 1995-ci ildə Təhsilin İnkişaf Fondu yaradıldı, dövlət başçısının imzaladığı müvafiq sərəncamla bu fonda Prezidentin Ehtiyat Fondundan xeyli vəsait ayrıldı. Ulu öndər yeni tikilən məktəblərin əksəriyyətinin açılışında və yeni dərs ilinin ilk günündə iştirak etmək üçün təhsil ocaqlarına şəxsən getmək ənənəsi yaratdı. Bu gün Prezident İlham Əliyev ümummilli liderin həyata keçirdiyi həmin siyasəti uğurla davam etdirir. Hazırda Azərbaycan məktəblərinin 90 faizdən çoxu kompyuter və digər İKT avadanlığı ilə təchiz edilib. Ölkədə 15 mindən çox İKT üzrə treninq-kursdan keçmiş müəllim vardır. Təhsil sahəsində aparılan islahatlar, qəbul olunan Dövlət proqramları, həmçinin, 2011-2021-ci illərdə Azərbaycanda təhsilin inkişafı üzrə Milli Strategiyanın hazırlanması, müsabiqələrin keçirilməsi təhsilin dövlət başçısının diqqət mərkəzində olduğunun göstəricisidir.
Qəbul olunmuş dövlət proqramlarında təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsini də əsas istiqamətlərdən biri kimi qeyd etmək lazımdır. Məktəblərdə əsaslı təmir-tikinti işlərinin aparılması, müasir tipli yeni təhsil ocaqlarının tikilib istifadəyə verilməsi Azərbaycan Respublikası Regionlarının sosial iqtisadi inkişafı Dövlət Proqramlarında öz əksini tapır. Eyni zamanda, “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin avadanlıqlarla təmin olunmasına dair İnkişaf Proqramı” bu sahədə təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini təmin etdi. Cənab Prezidentin ölkəyə rəhbərlik etdiyi illərdə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacını ödəmək üçün gənclərin xaricdə təhsil alması dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilib. Gənclərin ölkə üçün zəruri ixtisaslar üzrə xaricdə təhsil almalarını və ölkənin inkişafının mühüm amilinə çevrilmələrini təmin etmək məqsədilə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın təsdiq edilməsi barədə Sərəncam da imzalanıb.
Müəllimlərin fəaliyyətinin stimullaşdırılması istiqamətində də Heydər Əliyev ənənələri uğurla davam etdirilir. Həm onların peşə bayramları günündə, həm də yeni dərs ilinin başlanması münasibətilə müəllimlər dövlətin yüksək qayğısını görürlər. Bu sırada orta, orta ixtisas və ali məktəblərin yubileylərinin qeyd edilməsi kimi stimulverici məqamlar da vardır.
Təhsil ictimaiyyətinin fikrincə, son zamanlar prezident İlham Əliyevin ölkə təhsilinin inkişafı üçün atdığı çoxsaylı addımlardan üçünü xüsusi qeyd etmək zərurəti yaranır. Birinci addım ondan ibarətdir ki, Prezidentin sərəncamı ilə ölkədə “Ən yaxşı müəllim” və “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsi keçirilir və qaliblər yüksək səviyyədə mükafatlandırılırlar. İkinci addım paytaxt məktəblərinin fəaliyyətinin səmərəliləşdirilməsi, Bakı təhsil sisteminin daha mükəmməl şəkildə idarə edilməsi məqsədilə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin yaradılmasıdır. Bu addımın öz müsbət nəticələrini verməsi barədə çoxsaylı təqdiredici fikirlər səsləndirilməkdədir.
Təhsil naziri Mikayıl Cabbarov bu yaxınlardakı müsahibələrinin birində müəllimlərin əməkhaqqının artırılmasının mümkünlüyü barədə məlumat vermişdi. Həmin proqnozdan sonra bütün təhsil işçiləri böyük səbirsizliklə təhsilə həmişə yüksək qayğı göstərən cənab Prezidentin bu barədə sərəncam imzalayacağını gözləyirdi. Bu qərar özünü çox gözlətmədi. Bir neçə gün əvvəl cənab Prezident təhsillə bağlı imzaladığı yeni sərəncamla bir daha müəllimlərə yüksək dəyər verdiyini nümayiş etdirdi. “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən, təxminən 30 minə yaxın müəllimin əməkhaqqısı iki dəfə artdı.
Prezidentin bu addımına minnətdarlıq əlaməti olaraq sərəncamın imzalandığı günün səhəri Təhsil Nazirliyində mətbuat konfransı keçirildi. Təhsil naziri Mikayıl Cabbarovun, nazirliyin struktur bölmələrinin rəhbərlərinin, qeyri-hökumət təşkilatlarının nümayəndələrinin, təhsil ekspertlərinin iştirak etdikləri konfransa təhsil işçiləri onlara göstərilən diqqət və qayğıya görə cənab Prezidentə dönə-dönə öz təşəkkürlərini çatdırdılar.
Təhsil naziri Mikayıl Cabbarov dövlət başçısının dərs yükü normasının 1,5 dəfə, əməkhaqqının 2 dəfə artırılması barədə sərəncamını müəllim peşəsinə diqqətin ən bariz nümunəsi adlandırıb. Nazir bildirib ki, dövlət başçısı növbəti dəfə böyük siyasi iradə göstərərək insan kapitalının inkişafına yönəlmiş uzaqgörən addım atıb. Əhalinin aztəminatlı kateqoriyasına aid müəllimlərin maddi vəziyyətinin yaxşılaşdırılması məqsədi ilə verilən qərar dünyada baş verən proseslər nəticəsində yaranmış əlverişsiz şəraitdə belə Azərbaycan Respublikası Prezidentinin sadə insanların rifahı haqqında düşündüyünü və əsas vəzifəsini xalqına şərəflə xidmət etməkdə gördüyünü bir daha təsdiq edir.
Nazir qeyd edib ki, dərs yükü normasının, həmçinin əmək haqqının artırılması müəllimlərin aylıq gəlirinə əhəmiyyətli dərəcədə təsir edəcək: “Azərbaycanda müəllimlərin gəlirlərinin azlığının səbəbi yalnız 1 saat əməyə görə ödənilən məbləğin aşağı olması deyil, həmçinin müəllimlərin iş saatının az olmasıdır. Müəllimlərimizin 64 faizi il ərzində 408 saatdan az dərs deyir. Bu isə o deməkdir ki, onların həftəlik dərs yükü 17 akademik saatdan azdır”.
Mikayıl Cabbarov tezliklə bölgələrdə sınaq qiymətləndirilməsinin aparılacağını və bunun nəticəsində həmin bölgələrdə yaşayan müəllimlərin də əmək haqqının artacağını deyib. Bu işin sistemli şəkildə mərhələlərlə həyata keçiriləcəyini deyən nazir sınaq qiymətləndirilməsinin müəllimlərin özləri üçün də faydalı olduğunu vurğulayıb. Onun fikrincə, bu proses müəllimlərə öz zəif və güclü tərəflərini müəyyənləşdirməyə, çatışmayan cəhətləri aradan qaldırmağa kömək edir. Nazir xatırladıb ki, paytaxtda aparılan sınaq qiymətləndirilməsinin nəticəsi olaraq bu prosesdə iştirak etmiş müəllimlərin orta dərs yükü 18 saatadək qaldırılıb.
Konfransda təhsil ekspertləri dövlət başçısının sərəncamını yüksək qiymətləndirərək bu addımın təhsilin keyfiyyətinin yüksəldilməsinə əhəmiyyətli dərəcədə təsir edəcəyini bildiriblər.
Heç şübhəsiz ki, istedadlı şagirdlərin hazırlanmasına böyük əməyi olan müəllimlər onlara göstərilə qayğıya görə ilk növbədə dövlətimizin başçısı cənab İlham Əliyevə minnətdardırlar. Əminliklə deyə bilərik ki, onlar bu qayğının əvəzində onlar Azərbaycan dövlətinə və dövlətçiliyinə sədaqətli vətəndaşlar yetişdirmək kimi şərəfli vəzifənin yerinə yetirilməsi üçün əməklərini əsirgəməyəcəklər.
İskəndər Quliyev,
“Şəffaf Seçkilər” Monitorinq Mərkəzinin direktoru
banner

Oxşar Xəbərlər