On minlərlə azərbaycanlının xatirəsinə ucaldılan möhtəşəm abidə - Fotolar
XIX əsrin əvvəllərindən
başlayaraq qonşu dövlətlərin ərazisindən Azərbaycan torpaqlarına köçürülən erməni
daşnaklar burada möhkəmlənmək üçün müxtəlif vasitələrə əl atıblar. Yerli sakinlərin
mədəniyyətinə, dilinə, adət-ənənəsinə sahiblənməyə, özlərini aborigen xalq kimi
təqdim etməyə can atan ermənilər bu yolda təxribatlardan, münaqişələrdən, kütləvi
qırğınlardan da çəkinməyiblər. XX əsrin əvvəlində bolşevik libasına bürünən ermənilər
azərbaycanlılara qarşı sistemli şəkildə soyqırımı həyata keçiriblər. 1918-ci
ilin mart soyqırımı da Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə
siyasətinin ən qanlı səhifələrindən biridir. Erməni daşnakları tərəfindən 1918-ci ilin
mart-aprel aylarında Bakıda və digər Azərbaycan ərazilərində 50 minə yaxın
insan xüsusi işgəncələrlə qətlə yetirilib. Bundan əlavə, Azərbaycanın yüzlərlə
yaşayış məntəqəsi, o cümlədən Qarabağda 150-dən çox kənd dağıdılıb və
yandırılıb, eləcə də Şuşada azərbaycanlılara qarşı amansız qırğınlar törədilib.
Zəngəzur qəzasında 10 mindən çox, Şamaxı qəzasında 10 min 270 nəfər, şəhərlə
birlikdə 18 min 270 nəfər azərbaycanlı amansızlıqla öldürülüb. 1918-1920-ci illərdə
indiki Ermənistan ərazisində yaşamış 575 min azərbaycanlının 565 min nəfəri
öldürülüb və doğma torpağından didərgin salınıb.
400-dən artıq
insan cəsədi
Xüsusilə qeyd edilməlidir ki, ermənilərin silahlı
hücumu nəticəsində 1918-ci ilin ilk beş ayı ərzində yalnız Quba qəzasında 16
mindən çox insan xüsusi qəddarlıqla qətlə yetirilib. Həmin hadisələr nəticəsində
Qubada 167 kənd dağıdılıb ki, onlardan 35-i hazırda da mövcud deyil. Qatil
Amazaspın rəhbərliyi ilə erməni hərbi birləşmələri Qubada türk-müsəlman əhalisi
ilə yanaşı, yəhudilərə qarşı da qırğınlar törədiblər. Aparılan tədqiqatlar nəticəsində
məlum olub ki, 1918-1919-cu illərdə Qubada ermənilər tərəfindən 3 min nəfərə qədər
yəhudi də qətlə yetirilib. Erməni-daşnak dəstələrinin Quba qəzasında azərbaycanlıları
kütləvi şəkildə qətlə yetirmələrinə dair aşkar edilmiş faktlar son vaxtlar bir
daha sübut olunub. Belə ki, 2007-ci il aprelin 1-də Quba ərazisində torpaq işləri
görülərkən kütləvi insan məzarlığı aşkar edilib. Dərhal torpaq işləri
saxlanılıb və 2007-ci ilin iyulundan etibarən Azərbaycan Milli Elmlər
Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən
kütləvi məzarlıqda geniş tədqiqat işlərinə başlanılıb. 2008-ci ilin
sentyabrında tədqiqat işləri başa çatdırılıb. Tədqiqat nəticəsində kütləvi məzarlığın
1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdiyi soyqırımı ilə bağlı
olduğu müəyyən edilib. Məlum olub ki, məzarlıqdakı 400-dən artıq insan cəsədi
qalıqları müxtəlif yaş qruplarına aiddir. Onlardan 50-dən çoxu uşaqlara, 100-dən
çoxu qadınlara, qalanları əsasən yaşlı kişilərə aiddir. O da məlum olub ki, məzarlıqda
azərbaycanlılarla bərabər, Qubada yığcam halda yaşayan ləzgi, yəhudi, tat və
digər etnik qrupların nümayəndələri də amansızcasına qətlə yetirilərək
basdırılıb.
Azərbaycana qarşı ərazi iddiaları və təcavüz siyasəti
2009-cu ildə Nazirlər Kabinetinin sərəncamı ilə
"Quba rayonunda kütləvi qətl qurbanlarının xatirəsinin əbədiləşdirilməsinə dair
tədbirlər planı” təsdiq edilib. Beləliklə də aşkar olunmuş kütləvi məzarlığın
yerləşdiyi ərazidə monumental xatirə kompleksinin ucaldılması və abadlıq işlərinin
aparılması qərara alınıb. 30 dekabr 2009-cu ildə
Prezident İlham Əliyev erməni millətçilərinin Azərbaycana qarşı ərazi
iddialarını və təcavüz siyasətini, qanlı cinayətlərini dünya ictimaiyyətinə
çatdırmaq, gələcək nəsillərin milli yaddaşını qorumaq və soyqırımı
qurbanlarının xatirəsini əbədiləşdirmək məqsədi iləQuba şəhərində "Soyqırımı Memorial
Kompleksi”nin yaradılması haqqında sərəncam imzalayıb. 2013-cü il sentyabrın
18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımıMehriban Əliyeva Quba Soyqırımı
Memorial Kompleksinin açılışını ediblər. Bununla da 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin
Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak
olan on minlərlə azərbaycanlının xatirəsinə möhtəşəm abidə ucaldılıb.
Kompleksin
mövcud vəziyyətinin araşdırılması üçün komissiya
Son dövrlərə qədər ölkəmizin
dövlət və qeyri-hökumət təşkilatları,
xüsusən Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərini dünyaya çatdırmaq üçün
Quba şəhərindəki "Soyqırımı Memorial Kompleksi”nə tez-tez səfərlər təşkil edib.
Hər il dünyanın müxtəlif ölkələrindən çoxsaylı nümayəndələr və turistlər
kompleksi ziyarət ediblər. Lakin son dövrlər kompleksin məzarlıq hissəsindəki ərazidə
açıq havada qalan insan sümüklərinin təbii proseslər nəticəsində çürüməsi,
torpağın eroziyaya uğraması və sürüşmə hallarının aktivləşməsi müşahidə olunub.
Ona görə də Azərbaycan Prezidenti İlham Əliyev kompleksin mövcud vəziyyətinin
araşdırılması və baş verən proseslərin qarşısının alınması məqsədilə müvafiq
tapşırıq verib. Prezidentin tapşırığına uyğun olaraq Prezidenti
Administrasiyasının rəhbəri Ramiz Mehdiyev "Quba şəhərində "Soyqırımı Memorial
Kompleksi” ilə bağlı bəzi məsələlər haqqında” sərəncam imzalayıb. Sənədə əsasən,
kompleksin mövcud vəziyyətinin araşdırılması və görüləcək işlər barədə müvafiq
təkliflərin hazırlanması üçün komissiya yaradılıb. Azərbaycan Prezidentinin
ictimai-siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov komissiyanın
sədri təyin edilib. Komissiyaya araşdırmanın nəticələri və görüləcək işlər barədə
təkliflərini bir ay müddətində Prezident Administrasiyasına təqdim etməsi həvalə
olunub.
Təkliflər Azərbaycan
Prezidentinə təqdim ediləcək
İyunun 9-da sözügedən komissiya üzvlərinin iştirakı
ilə "Soyqırımı Memorial Kompleksi”nin məzarlıq hissəsində insan sümüklərinə və
sürüşmə hallarının aktivləşdiyi ərazilərə baxılıb, Quba Soyqırımı Memorial
Kompleksi ziyarət olunub, problemlə bağlı Quba Rayon İcra Hakimiyyətində iclas
keçirilib, mövcud vəziyyət müzakirə edilib, təkliflər səsləndirilib. Bununla əlaqədar
mətbuata açıqlama verən komissiya sədri, Azərbaycan Prezidentinin
ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov kompleksin ən müasir
standartlara cavab verdiyini diqqətə çatdırıb. Qeyd edib ki, abidə-muzeydə
mövcud olan şərait və tarixi sənədlər, faktlar və ekspozisiyalar həmin dövrdə
erməni millətçilərinin dinc əhaliyə qarşı törətdiyi vəhşiliklər barədə məlumat əldə
edilməsi və bütün bunların dünya ictimaiyyətinə çatdırılması üçün geniş
imkanlar yaradır. O, kompleksin məzarlıq hissəsində insan sümüklərinə və sürüşmə
hallarının aktivləşdiyi ərazilərə baxış keçirildiyini də vurğulayıb. Bildirib
ki, Quba Rayon İcra Hakimiyyətində keçirilən iclasda mövcud vəziyyətlə bağlı
müzakirələr aparılıb və artıq problemin aradan qaldırılmasına dair ilkin təkliflər
irəli sürülüb. Komissiya sədrinin sözlərinə görə, daxil olan təkliflər yaxın
zamanlarda öyrəniləcək və sistemləşdirilərək Azərbaycan Prezidentinə təqdim
ediləcək.
Hamımızın vətəndaşlıq
borcu
İyunun 9-da memorial kompleksə təşkil edilən səfərdə
və Quba Rayon İcra Hakimiyyətində keçirilən iclasda iştirak edən komissiya üzvü, Azərbaycan Milli Qeyri-Hökumət
Təşkilatları Forumunun prezidenti Rauf Zeyni "Kaspi”yə açıqlamasında
bildirib ki,kompleksin ərazisinə baxış keçirilib və vəziyyət yerindəcə dəyərləndirilib.
Onun sözlərinə görə, həmin dəyərləndirmədən irəli gələrək, gələcəkdə kompleks ərazisində
görülməsi vacib olan müxtəlif təkliflər irəli sürülüb: "Müzakirələrdə belə bir
kompleksin yaradılması və bu günə qədər görülən işlər yüksək qiymətləndirildi.
Bununla bərabər, hazırda özünü göstərən problem və ondan çıxış yolları da diqqətə
çatdırıldı. İrəli sürülən təkliflər ətrafında müzakirələr aparıldı və yekunda
bunların sistemləşdirilərək dövlət başçısına təqdim olunması qənaətinə gəlindi.
Ümumi fikir bundan ibarət oldu ki, insan cəsədlərinin qalıqları – skeletlərin
hissələrində erroziyaya uğrama halı varsa, onun qarşısı mütəxəssislər tərəfindən
alınsın, cəsəd qalıqları şüşə altında saxlanılsın, qorunsun, hətta zərurət
varsa, beynəlxalq ictimaiyyətin iştirakı ilə həmin cəsəd qalıqları dəfn
olunsun, bu da bütün dünyaya nümayiş olunsun. Beləliklə də Azərbaycan tarixinin
qanlı illərini, erməni-daşnak və erməni-bolşeviklərin azərbaycanlılara qarşı qətliamlarını,
vəhşiliklərini əbədi olaraq dünyaya çatdırmaq imkanı yaransın. Bir sözlə,
kompleksdəki cəsəd qalıqlarının qorunması, oradakı cəsəd qalıqlarına kənar təsirlərin
qarşısının alınması üçün bütün müasir imkanlardan istifadə olunacaq. Bu, bizim
tariximizdir, erməni soyqırımını sübut edən tutarlı faktdır, mənbədir. Onu
qorumaq, gələcək nəsillərə çatdırmaq, eyni zamanda Ermənistanın işğalçılıq,
soyqırımı və deportasiya siyasətinin nəticələrini bir daha dünyaya nümayiş
etdirmək vətəndaş kimi hamımızın borcudur”.
Vətəndaş cəmiyyətinin
dəstəyi
R.Zeyni bildirib ki, iclasda kompleksin dünya
ictimaiyyətinə bundan sonra daha geniş şəkildə təqdim edilməsi də müzakirə
olunub. Milli QHT Forumunun prezidenti onu da əlavə edib ki, problemin aradan
qaldırılması məqsədilə yaradılan komissiya, ölkə başçısının bu istiqamətdə verdiyi
müvafiq tapşırıqlar ictimaiyyət tərəfindən də müsbət qarşılanır: "Biz tez-tez
yerlərdə olur, vətəndaş cəmiyyətini təmsil edən müxtəlif insanlarla ünsiyyətdə
oluruq. Onların hər biri "Soyqırımı Memorial Kompleksi” ilə əlaqədar atılan
addımları dəstəkləyirlər, belə bir abidənin qorunub saxlanmasının vacibliyini
vurğulayırlar. Bu cür abidələr çox az ölkələrdə var. Polşada yaradılan bu cür
kompleksdə polyak və yəhudilərin soyqırımına məruz qalmaları, onlara verilən
işgəncələr, qətliamlar barədə ətraflı məlumatlar verilir. Həmin kompleksi ziyarət
edən hər bir turist çox təsirlənir, milliyyətindən asılı olmayaraq oradan bir
polyak, yəhudi kimi ayrılır. Yəni, insanların faciəsinə şərik olur, dinc əhaliyə
qarşı törədilən amansızlıqları, əsl həqiqətləri görür. Qubadakı memorial
kompleks də eyni rolu oynayır və bundan sonra da belə olacaq. Bu baxımdan, belə
komplekslərin yaradılması, qorunub saxlanması olduqca vacibdir”.
Rufik
İSMAYILOV