• cümə, 29 Mart, 02:37
  • Baku Bakı 7°C

Ombudsmanın nümayəndələri Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tədbirdə iştirak ediblər

25.05.19 17:45 551
Ombudsmanın nümayəndələri Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilmiş tədbirdə iştirak ediblər
Təhsil Nazirliyinin 4 saylı Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzi tərəfindən Yasamal rayon 21 saylı tam orta məktəbi ilə birgə 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar "Mən və mənim hüquqlarım” mövzusunda təşkil edilmiş rəsm müsabiqəsi qaliblərinin təltifetmə mərasimi keçirilib.
Trend-in məlumatına görə, Yasamal Rayon İcra Hakimiyyəti başçısının, Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədrinin, UNICEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbərinin, müəllim, şagird və valideynlərin qatıldığı həmin tədbirdə Ombudsman Aparatının əməkdaşları Müqalib Mahmudov, İlahə Əfqanlı və Dilşad İsmayılova da iştirak ediblər.
Ombudsmanın Aparatının sektor müdiri M.Mahmudov tədbirdə çıxış edərək, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın adından iştirakçıları salamlayıb, qarşıdan gələn 28 may - Respublika Günü və 1 iyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə təbrik edib, xoş arzularını çatdırıb, eyni zamanda Ombudsman təsisatının uşaq hüquqları sahəsində çoxşaxəli fəaliyyəti barədə ətraflı məlumat verib.
Qeyd olunub ki, ölkəmizdə uşaqların hüquq və mənafelərinin qorunmasına, istedadlarının aşkara çıxarılmasına və inkişafına Azərbaycan dövləti tərəfindən təminat verilir və uşaq hüquqlarının müdafiəsi Ombudsmanın da daim diqqət mərkəzində olan məsələlərdəndir.
Dövlət başçısının 18 iyun 2007-ci il tarixli sərəncamına əsasən 18 iyun tarixinin hər il ölkəmizdə İnsan Hüquqları Günü kimi qeyd edildiyi, həmin əlamətdar tarixlə əlaqədar ənənəvi olaraq, Ombudsmanın təşəbbüsü ilə mayın 18-dən iyunun 18-dək respublikamızda elan olunan İnsan Hüquqları Aylığı çərçivəsində ölkəmizin bütün şəhər və rayonlarında təşkil olunan silsilə hüquqi maarifləndirmə tədbirləri zamanı insan hüquqlarının müdafiəsi və təşviqi ilə bağlı müzakirələrin aparıldığı, uşaq və gənclərin iştirakı ilə müxtəlif maarifləndirici tədbirlərin, o cümlədən müsabiqələrin keçirildiyi barədə məlumat verilib.
Bundan əlavə hər il Müvəkkilin təşəbbüsü ilə 10 dekabr - Beynəlxalq İnsan Hüquqları Günü münasibətilə ənənəvi olaraq "Mən və hüquqlarım” mövzusunda uşaq rəsm müsabiqələrinin keçirildiyi, Bakı şəhəri ilə yanaşı, ölkəmizin çoxsaylı şəhər və rayon məktəblilərinin qatıldığı müsabiqədə qaliblərə sertifikat və mükafatların təqdim edildiyi bildirilib.
Təltifetmə mərasimi keçirilən müsabiqənin təşkil olunmasının şagirdlərin ümumi dünya görüşlərinin genişlənməsinə, bilik və bacarıqlarının inkişaf etdirilməsinə, hüquq düşüncəsinin və hüquq mədəniyyətinin yüksəldilməsinə, uşaq hüquqlarına dair ətraflı məlumat almalarına, vətənpərvərlik ruhunda tərbiyə olunmalarına və layiqli vətəndaşlar kimi yetişmələrinə zəmin yaratdığı vurğulanıb.
Daha sonra tədbirin təşkilatçıları rəsm müsabiqəsinin üç yaş qrupu (6-10, 10-14, 14-17 yaş qrupları) nominasiyası üzrə təşkil olunduğunu, 500 nəfər şagird arasından 70 nəfər şagirdin I, II və III yerlərə layiq görüldüklərini bildiriblər.
Qaliblərə fəxri fərmanların və hədiyyələrin təqdim edilməsində iştirak edən Ombudsmanın nümayəndəsi rəsm müsabiqəsinin qaliblərini Müvəkkilin adından təbrik edib, onlara təhsillərində və yaradıcılıq fəaliyyətlərində uğurlar arzulayıb.
banner

Oxşar Xəbərlər