• çərşənbə, 24 Aprel, 20:16
  • Baku Bakı 23°C

Ombudsmanın müşaviri beynəlxalq konfransda iştirak edib

24.11.16 18:12 1256
Ombudsmanın müşaviri beynəlxalq konfransda iştirak edib
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin uşaq hüquqları üzrə ixtisaslaşmış müşaviri Nigar Ağayeva Astana şəhərində Qazaxıstanın Uşaq hüquqları üzrə Müvəkkili və UNİCEF-in bu ölkədəki Nümayəndəliyi tərəfindən keçirilən beynəlxalq konfransda iştirak edib. Ombudsman Aparatından "Kaspi”yə bildirilib ki, Qazaxıstanın müstəqilliyinin 25-ci ildönümü və UNİCEF-in 70 illiyinə həsr olunmuş "Uşaqlara dost olan Qazaxıstan” adlı konfransda ölkənin yüksək vəzifəli şəxsləri, müxtəlif ölkələrin milli insan hüquqları təsisatları, uşaq hüquqları üzrə ombudsman institutları, dövlət qurumları, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyətinin nümayəndələri, ekspertlər iştirak ediblər.
N.Ağayeva tədbirdə Müvəkkil Elmira Süleymanovanın Qazaxıstan Respublikasının müstəqilliyinin 25-ci ildönümü və Qazaxıstanda bu il ölkə Prezidentinin fərmanı əsasında Uşaq hüquqları üzrə Müvəkkil Təsisatının yaradılması münasibətilə təbrikini səsləndirib. O, uşaq hüquqlarının müdafiəsi və təşviqi sahəsində Azərbaycan Ombudsmanının səlahiyyətləri və fəaliyyəti haqqında iştirakçılara məlumat verib. N.Ağayeva "Uşaqlarda və gənclərdə vətənpərvərliyin və mədəniyyətin formalaşması sahəsində maarifləndirmə” mövzusunda iştirak etdiyi sessiyada təqdimatla çıxış edərək, Müvəkkilin uşaq hüquqları sahəsində maarifləndirmə işinin təşkili, bu sahədə innovativ yanaşma və təşəbbüslərə, həmçinin müxtəlif qurumlarla əməkdaşlığa əsaslanan təcrübəsini tədbir iştirakçılarının diqqətinə çatdırıb.
N.Ağayeva Azərbaycan Ombudsmanı tərəfindən təsisatın yarandığı vaxtdan etibarən əhalinin müxtəlif kateqoriyalarının, xüsusilə cəmiyyətin həssas qrupları, o cümlədən sağlamlıq imkanları məhdud, qaçqın və məcburi köçkün, imkansız ailələrdən, valideyn himayəsindən məhrum olan, qanunla ziddiyyətdə olan və digər uşaqların maarifləndirilməsi, uşaqlarla işləyən müxtəlif qurumların əməkdaşlarının bilik və bacarıqlarının artırılması məqsədilə bir sıra mövzularda tədbirlərin təşkil olunduğunu bildirib. Eyni zamanda, o, Müvəkkilin təşəbbüsü ilə Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən "Uşaq hüquqları üzrə Pilləli Tədris Proqramı”, təsisat tərəfindən hazırlanan nəşrlər, uşaq hüquqları pozuntusuna dair fəaliyyət göstərən qaynar xətt xidməti, uşaqların cinsi və yaşı nəzərə alınmaqla hazırlanan tədris modulları haqqında da məlumat verib.
Bununla yanaşı, N.Ağayeva uşaqların vətənpərvərlik ruhunda tərbiyə olunması, layiqli vətəndaş kimi formalaşması və mədəni dəyərlərin aşılanması sahəsində müsbət təcrübə kimi Müvəkkilin uşaq hüquqları üzrə resurs mərkəzi olan Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsinin nəzdindəki Liderlik məktəbinin fəaliyyəti barədə məlumat verib. O, uşaqların maarifləndirilməsində onların iştirakının təmin edilməsi, ayrıseçkiliyə yol vermədən bütün ailələrin uşaqlarının bu şəbəkəyə cəlb edilməsi və hər bir uşaq üçün təşkilatda olan imkanlardan – təlim kursları, dərnəklər, ekskursiyalar, sərgilər, yarışlar, layihələr, yay düşərgələri və beynəlxalq səfərlərdən bərabər istifadə edilməsi üçün şəraitin yaradılmasını qeyd edib.
Tədbir iştirakçıları təsisatın təcrübəsinin digər ölkələr, o cümlədən Qazaxıstanda yeni mexanizm olan Uşaq hüquqları üzrə Müvəkkil Təsisatı üçün də faydalı olduğunu qeyd ediblər.
Konfransda həmçinin UNİCEF və Qazaxıstanın Milli İqtisadiyyat Nazirliyi tərəfindən "Qazaxıstanda qadın və uşaqların vəziyyəti”nə dair 2015-ci ildə monitorinq mexanizminin çoxsaylı indikatorları əsasında aparılan araşdırmanın nəticələrinin təqdimatı keçirilib.
Tədbirdə uşaq hüquqlarının təmini və təşviqinə dair bir sıra mövzular üzrə müxtəlif qurumlar tərəfindən təqdimatlar keçirilib, fikir və təcrübə mübadiləsi aparılıb, təkliflər hazırlanıb.
banner

Oxşar Xəbərlər