• cümə, 19 Aprel, 11:49
  • Baku Bakı 13°C

Olsun, amma necə?

02.02.19 12:00 656
Olsun, amma necə?
Musiqi aləmində yeni bir tendensiya yaranıb. İfaçılar və Dj-lər zamanın tələbini nəzərə alaraq, "mash up”hazırlayıb günün nəbzini tutmağa çalışırlar. Magmix və popuri anlamına gələn "mash up”lar müxtəlif ifaçılar tərəfindən səsləndirilən, ən çox dinlənilən, böyük maraq doğuran ən azı 9-10 mahnının bir araya toplanıb, onlardan ümumi, dinamik bir musiqinin ərsəyə gətirilməsini nəzərdə tutur. Bu mahnılar nəinki disko klublarda, elə gündəlik həyatımızda da ən çox dinlənilən mahnılar sırasında yer alır.

Bir neçə aydır ki, gündəmi zəbt edən bu "mash up”ların sayı çoxalır, çoxaldıqca da keyfiyyəti azalır. Səsi olan da oxuyur, olmayan da. Təbii ki, bu da bəstəkarların, ifaçıların və "mash up”larda səsləndirilən mahnıların müəlliflərinin narazılığına səbəb olur. Hazırlanan "mash up”ların çoxunda səsləndirilən mahnıların müəlliflərinin adları qeyd olunmur. Bu da orada səslənən mahnının söz və bəstəkarlarını narahat edir. Onlar "mash up”larda mahnılarının keyfiyyətinin aşağı salındığını və müəllif olaraq onların razılığının alınmadığını deyirlər. Mövzu ilə bağlı ekspertlərə müraciət etdik, onların mövqeyini öyrənməyə çalışdıq.
"Müğənni susa bilər, ancaq müəllif susmur”
Mövzu ilə bağlı "Kaspi”yə öz fikirlərini bölüşən bəstəkar, ifaçı Murad Arif bildirdi ki, əgər "mash up”larda onun bəstələdiyi və ifa etdiyi mahnılar səslənirsə, müəllif olaraq xəbəri olmalı və icazəsi alınmalıdır: "Müəllif öz musiqisinə qarşı çox mühafizəkardır. "Mash up”larda mahnılarımıza yersiz xırdalıqlar, nəfəs dəyişməsi və digər nüanslar əlavə olunur ki, bu da müəllifi qıcıqlandırır. Sıradan bir sənətçi Aygün Səmədzadənin bir mahnısını oxuyub "Youtube”a yerləşdirsə, təbii ki, bu Aygün xanımın xoşuna gəlməz. Nəinki Aygün Səmədzadə, digər bəstəkarlarımız, elə Vaqif Gərayzadənin özü də. Belə bilirəm ki, bu "mash up”lar bəstəkarların qulağına gedib çatmır. Onlar dinləsələr, narazılıqlarını bildirərlər. Ədəb, mədəniyyət deyilən bir şey var. Əgər sən kiminsə mahnısını ifa edirsənsə, mütləq şəkildə mahnının müəllifindən icazə almalısan. Bizim media nümayəndələri də bu məsələ ilə bağlı yanlış mövqe tuturlar. Onlar müğənnilərə yaxınlaşaraq "mash up”larla bağlı fikirlərini öyrənirlər. Müğənni bəlkə də abrına qısılıb susur və etiraz da etmir. Müğənni deyir ki, əgər mən hər hansı bir gənc ifaçının mahnısını pisləsəm və etiraz etsəm, düşünəcəklər ki, həmin gənc ifaçıya paxıllıq edirəm. Ancaq müəllif bu məsələdə daha həssasdır. Müğənni susa bilər, ancaq müəllif susmur. Şəxsən bu mənim xoşuma gəlmir. İfaçılar mahnılarımı səsləndirmək üçün mənə müraciət edəndə, deyirəm ki, halal xoşun olsun. Ancaq mütləq şəkildə mahnının hazır variantını göndərmələrini istəyirəm ki, dinləyim. Müəllif olaraq baxmalıyam ki, mahnımda hansı dəyişikliklər olub. Əlaqələrimi işə salıb, ərəbistanlı müğənnidən mahnısını ifa etmək üçün icazə alıram, eləcə də türklər mənim mahnımı ifa etmək üçün icazə istəyirlər. Necə olur ki, yaxınımda oturan uşaqlar mahnılarımı səsləndirirlər, ancaq onun müəllifini itirib-axtarmırlar? Bu yaxınlarda sosial şəbəkədə bir oğlan Aygün xanımın mahnısını oxuyub, fikrimi öyrənmək üçün mənə göndərmişdi. Ondan soruşdum ki, mahnının müəllifi bilirmi ki, siz mahnını bu şəkildə oxumusunuz? Vaqif müəllimin xəbəri varmı? Cavabında soruşur ki, mahnının müəllifi Vaqif Gərayzadədir? Mahnının klipini çəkib televiziyada nümayiş etdirir, amma bilmir ki, onun bəstəkarı kimdir. Bu, hörmətsizlik deyil, bəs nədir? Müğənni yəqin ki, çəkinir yox deməyə, ancaq müəllifdən icazə alınmalıdır”.

Bəstəkar deyir ki, müəllif olaraq mahnılarını başqa ifaçıların oxumasına qadağa qoyaraq heç kimin qarısını kəsmək niyyətində deyil: "Sadəcə olaraq musiqi xələl görməsin deyə, bu addımı atmağa məcburuq. Xalq artisti Brilliant Dadaşova oğlu yaşda Murad Arifə "Brilliantlar” mahnısına görə zəng edir. Özünün ifa etdiyi həmin mahnını mənə müəllif olaraq göndərirsə, bunu Brilliant Dadaşova edirsə, dünənin uşağı niyə etməsin ki? Biz də narazılıq edəndə, deyirlər ki, paxıldırlar. Mən sənin nəyinə paxıllıq edim?”

Murad Arif müəllifdən icazəsiz mahnıların "Youtube”-da yerləşdirilərək yayılmasının qarşısını almağın çarəsi olduğunu deyir: "Mahnılarımızı "Yandeks music” və "Google music”-də satırıq. Əgər mahnı icazəsiz ora gedib çıxırsa, biz onu bloklaya bilirik. Artıq müəllif hüquqlarımız dünya standartlarına uyğun olaraq qorunur. "Youtube”-da yerləşdirilən mahnılar bloklanandan sonra həmin ifaçılar bizi axtarmağa və mahnının söz və bəstəkarını araşdırmağa başlayır. Kimisi üzr istəyir, kimisi də arsızlığına salıb üzümüzə durur. Bu həddə çatdırmağın nə mənası var? Biz heç nə istəmirik. Mənə onlardan nə pul, nə də qonorar lazımdır. Müəllif olaraq diqqətə bənd olan insanlarıq. Onlara mahnını oxumağa razılıq verməməyimizin əsas səbəbi mahnının korlanmağıdır. Gələn nəslə doğru-dürüst mahnı ərməğan etmək üçün biz bunlara indidən diqqət etməliyik. Hər ifada mahnı bir az da korlananda, 50 ildən sonra o mahnının ruhundan nə qalar?”
"Bizdən sonra çıxanlar "mash up” deyil, doşabdır”
İlk dəfə "mash up” mahnılar hazırlayan DJ Roşka deyir ki, bu janr dünyanın bir çox ölkələrində var: "İlk olaraq "mash up”ı tanınmamış simalarla hazırladım ki, insanlara daha maraqlı gəlsin. Əslində ilk "mash up”ımızın bu qədər marağa səbəb olacağını gözləyirdim. Çünki bunun üzərində çox işləmişdik. Mahnı seçiminə gəlincə isə, "mashub-1”ə baxsanız, onların içərisində sosial şəbəkələrdə az və orta baxış toplayan mahnıların olduğunu görəcəksiniz. Bacardığımız qədər "mash up”a daha yaxşı mahnılar salmağa çalışırıq. Bizdən sonra çıxanlar "mash up” deyil, doşabdır”.

Murad Arifin fikirləri haqda isə DJ deyir ki, bəstəkarla çox yaxşı əlaqəsi var: "Murad belə bir fikri bizim mahnılara görə səsləndirməyib. Biz onun mahnısını korlamamışıq, bizdən sonra oxuyanlar korlayıb. Bizim "mash up”da olan mahnıların ifaçılarının 90 faizi bizi dəstəklədi və bəyəndi. Bəyənilməsə, bu trend davam etməzdi. Həm də "mash up”larda müəlliflərin adları qeyd olunmalıdır. Orada hər mahnı səslənəndə müəllifləri qeyd etmək o qədər də böyük problem deyil. Müəllif də görüb sevinir ki, məni unutmayıblar. Müəllifin adını yazmaq ölüm deyil. Mahnını dinləyən də bilir ki, o mahnı kimə məxsusdur. Müəllif narazıdırsa, müəllif hüquqları agentliyinə şikayət edir və mahnını "Youtube”dan sildirmək ixtiyarına sahibdir. Tamaşaçının gözü tərəzidir, yaxşı ilə pisi seçə bilir. Məndən sonra o qədər "mash up”lar çıxardılar ki, adam etdiyindən utanır”.

Yeni bir "mash up” üzərində işlədiyini deyən Roşka tərəddüd içindədir: "Hazırda yeni "mash up” çəkilişinə görə Gürcüstana gedirik. Onun daha keyfiyyətli alınması üçün sərmayə ayırırıq. Hazırladığımız "mash up”da kimlərin mahnısı varsa, onların adlarını hörmət əlaməti olaraq qeyd edəcəyik. Əgər bu olmasa, qeyri-peşəkar bir iş olacaq. "Mash up”ı birinci mən etsəm də, bunun zayını çıxardılar və insanların gözündən saldılar. Adam indi "mash up” hazırlamağa utanır. Ümumiyyətlə bir mahnı trend olursa, bir müddətdən sonra onu dinləmək istəmirsən. "Mash up”ları da o həddə çatdırıblar ki, insanlar artıq iyrənir. Bilən də, bilməyən də bu işlə məşğuldur. Gedib onlara sual verirsən ki, bu sözün mənası nədir, durub gözünü döyür. Elə "mash up” sözünün yazılışını mənim linkimə baxıb yazırlar. Hər əlinə mikrofon alan "mash up” çıxarır. Onları bəyənmirəm. Heç kimin paxıllığını çəkmirəm, mənə baxıb ediblər. Düzdür, mən də xaricdə görmüşəm bunu. Onlar bizdən qabaq ediblər”.
"Onları "Youtube”-da blok etdirirəm”
Bəstəkar, ifaçı Pərviz Mahmudov deyir ki, müəlliflərin öz hüquqlarını qoruması bir bəstəkar olaraq onu sevindirir: "15 ilə yaxın fəaliyyətdəyəmsə, bunun 10 ilini müəllif hüquqlarını qorumaq üçün mübarizəyə həsr etmişəm. Nəinki "mash up”, ümumiyyətlə mənim bəstəmi icazəsiz istifadə edənləri "Youtube”-da blok etdirirəm, ya da onlardan gələn gəlir mənə gəlir. Bu işlər bir az fərqli olur. Əgər ifaçı tanınmış biridirsə, o zaman ifaçının həmin mahnını oxumasına qadağa qoyulur. Əgər mahnımı ifa edən müğənni tanınmırsa və özünə "Youtube”-da kanal açıb, mahnımı oxuyursa, onda mahnıdan gələn gəlir müəllif olaraq mənə gəlir. Bunu belə yanlışlıqlara yol verməmələri üçün edirəm”.
Xəyalə Rəis

banner

Oxşar Xəbərlər