• cümə axşamı, 25 aprel, 15:51
  • Baku Bakı 23°C

Olmayan yerdə qüsur axtarmaq cəhdi

19.09.13 07:53 1699
Olmayan yerdə qüsur axtarmaq cəhdi
Azərbaycanda bütün seçkilər yerli və xarici müşahidəçilərin iştirakı ilə keçirilib. Azərbaycan hökuməti həmişə beynəlxalq təşkilatların təmsilçilərinin seçki prosesini müşahidə etməsi üçün hər bir şəraiti yaradıb. Bunun üçün həm mükəmməl qanunverici baza mövcuddur, həm də siyasi iradə. Hər dəfə də həm seçki prosesinin gedişində, həm də səsvermənin başa çatmasından sonra yerli və xarici müşahidəçilərin rəyləri diqqət mərkəzində saxlanılıb. Seçki Məcəlləsi hər dəfə təkmilləşdirilərkən beynəlxalq müşahidəçilər qrupunun rəylərindən istifadə edilir.
Oktyabrın 9-da keçiriləcək prezident seçkiləri də bu mənada istisna deyil. Azərbaycan hökuməti ilk gündən seçki prosesinin gedişinin müşahidə edilməsi üçün bütün beynəlxalq təşkilatlarla əməkdaşlığa hazır olduğunu bəyan edib. Bu mənada ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (ATƏT/DTİHB) ilə əməkdaşlığın uzun illərdir davam edən tarixçəsi var. Bu təşkilat Azərbaycanda keçirilən bütün seçki proseslərini yaxından izləyir, sonra da ilkin, aralıq və yekun hesabatlarla çıxış edir. ATƏT-in müşahidəçiləri hazırda davam etməkdə olan seçki kampaniyasını da izləməkdədirlər.
Amma həmişə olduğu kimi, bu dəfə də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun açıqladığı hesabatda qərəz elementləri müşahidə edilməkdədir. İlkin hesabatda elə yanlışlıqlara yol verilib ki, onların məlumat azlığından və ya informasiyanın düzgün çatdırılmamasından qaynaqlandığını iddia etmək çox çətindir. Məsələn, hesabatda prezident seçkilərində qadın namizədin olmaması qüsur kimi vurğulanıb. Halbuki indiyədək keçirilən seçkilərdə bu kimi iradlara rast gəlinməyib. Bu irad heç bir halda Azərbaycana yapışmır. Azərbaycanda qadına verilən dəyər bütün dünya ictimaiyyətinə, o cümlədən hesabatı hazırlayan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosuna da yaxşı məlumdur. Qadınlar ölkənin ictimai-siyasi həyatında, iqtisadi sferada fəal təmsil olunurlar. Azərbaycan Şərqdə qadınlara səsvermə hüququnun verildiyi ilk ölkədir. Qadınlar ölkədə keçirilən bütün seçkilərdə fəal iştirak edirlər. Digər tərəfdən, məgər Avropa ölkələrində keçirilən bütün seçkilərdə qadın namizəd olur? Və ya hansısa Avropa ölkəsində keçirilən prezident seçkilərində qadın namizəd olmayanda, bu, qüsur kimi vurğulanır? Bu baxımdan bu gün Azərbaycanda prezident seçilmək üçün namizədliyini irəli sürmək istəyən qadın siyasətçi olmayıbsa, bunun qüsur kimi göstərilməsi «olmayan yerdə qüsur axtarmağa» bənzəyir.
Ümumilikdə, hesabatda yer verilən tənqidi məqamların əksəriyyətinə bu prizmadan yanaşmaq olar. Məsələn, sənəddə qeyd edilir ki, 2010-cu il parlament seçkilərindən sonra ATƏT/DTİHB-nin heç bir tövsiyəsi (şikayətlərin baxılması dövrünün azaldılması istisna olmaqla) düzəlişlərdə əksini tapmayıb. Halbuki 2010-cu ildə verilən 17 tövsiyədən 12-si qəbul edilib. Bu haqda məlumat MSK-nın sədri Məzahir Pənahov tərəfindən ATƏT/DTİHB-nin direktoru Janez Lenarçiçə cari il avqustun 12-də çatdırılıb. Amma hesabat hazırlanarkən bu məqam «yaddan çıxıb».
Azərbaycanda televiziya kanallarının tamamilə hökumətin nəzarətində olması ilə bağlı hesabatda yer alan fikirlərə də elə yuxarıdakı prizmadan yanaşmaq olar. Seçkilərin təbliğat-təşviqat mərhələsi başlamamış, televiziyaların hakimiyyətin nəzarəti altında olması barədə iddianın ortaya atılmasına başqa nə ad vermək olar axı? Təbliğat və təşviqat kampaniyası başlayandan sonra hökumət İctimai Televiziyanın efirində bütün namizədlərə bərabər efir vaxtı ayırır və platformalarını xalqı çatdırmaq üçün imkan yaradır. Bundan əvvəlki seçkilərdə namizədlərin özəl kanalların efir vaxtından da istifadə etdiyi vaxtlar olub. Belə olan halda özəl televiziyaların kiminsə nəzarətində olması haqqında iddianın ortaya atılması da «olmayan yerdə qüsur axtarmağa» bənzəyir.
Ümumiyyətlə, heç kimə sirr deyil ki, Azərbaycanda seçki kampaniyasının ilkin mərhələsi heç bir qanun pozuntusu olmadan reallaşıb. Seçki marafonunda iştirak etmək istəyən bütün şəxslərə siyasi mənsubiyyətindən və sosial statusundan asılı olmayaraq, hər bir şəriat yaradılıb. Namizədlərin qeydiyyatı ilə bağlı prosedur tam şəffaf aparılıb. Yalnız «ReAL» Hərəkatının lideri İlqar Məmmədovun namizədliyinin qeydə alınmaması müəyyən müzakirələrə səbəb olub. Amma MSK bu prosedurun şəffaflığını yüksək səviyyədə təmin edib. İlqar Məmmədovun tərəfdarlarının təqdim etdikləri imzaların yoxlanmasına beynəlxalq təşkilatların təmsilçiləri, hətta hərəkatın öz nümayəndələri də dəvət ediliblər. Hazırda da bu işlə bağlı tam açıq məhkəmə prosesi getməkdədir. Məhkəmə prosesində İlqar Məmmədovun özünün də iştirakı təmin olunub. Belə olan halda görünür, ATƏT müşahidəçiləri də hesabatlarında qeyd etməyə tənqidi məqam tapa bilməyiblər. Buna görə də mücərrəd, həqiqətə uyğun olmayan, reallıqla uzlaşmayan məsələləri hesabatlarına daxil ediblər.
Bütün bunlar təbii ki, Azərbaycandakı seçki prosesinin demokratikliyini kölgə altına salacaq, seçkilərin nəticələrinə təsir edəcək məqamlar deyil. Amma istənilən halda, bu cür qeyri-dəqiq və qərəzli informasiya yükü olan hesabatlar narahatlıq doğurmaya bilmir. Bu cür hesabatlar həm də Azərbaycanda ATƏT-ə olan inamı da azaldır.
F.Qəhrəmanlı
banner

Oxşar Xəbərlər