AZE | RUS | ENG |

“Olmadım bir ləhzə, yarəb, bu vətən küncündə şad”

“Olmadım bir ləhzə, yarəb, bu vətən küncündə şad”
(Əliağa Vahidin bir şeirinin yazılma tarixi haqqında)

Əliağa Vahidin ədəbiyyata gəlişi Məşədi Azərlə bağlı olsa da, biz onun ustadları sırasına bir nəfərin də adını artıra bilərik ki, həmin şəxs Mirzə Əbdülxaliq Yusifdir. Əslində bu siyahını xeyli qabarda bilərik, lakin Vahidin görüşdüyü və ən çox bəhrələndiyi şəxslər Mirzə Əbdülxaliq Yusif və Buzovnalı Məşədi Azər olmuşdur. Şair öz əsərlərində (qəzəllərində) bu iki şəxsin adını tez-tez çəkir. Təbii ki, biz bu siyahıya Ağadadaş Müniri, Mirzə Əbdülxaliq Cənnəti və.s şairlərin də adlarını əlavə edə bilərik. Vahid onları da çox yaxşı tanıyırdı. Ancaq burada bir məsələ var ki, Vahid onları sadəcə olaraq "Məcməüş-şüəra” (Şairlər yığıncağı) ədəbi məclisindən tanıyırdı. Belə demək mümkündürsə onları özünə rəsmi şəkildə ustad qəbul etmirdi. Əliağa Vahid bir qəzəlində yazır:
 
Mənə təxəllüsü Yusif verib dedi: Vahid,
Gərək də fərqlənəsən sən buxudnimalar ilə.
           
Verilən beytdən də aydın şəkildə göründüyü kimi Mirzə Əbdülxaliq Yusif Vahidin həm ustadı olmuş, həm də ona məhz Vahid təxəllüsünü o vermişdir. Bütün bunlara əsaslanaraq deyə bilərik Əliağa Vahidin ustadlarından biri də elə Mirzə Əbdülxaliq Yusifdir. Digər şeirində Əliağa Vahid yazır:
 
Bakı şairlərindən, Vahida, Yusifdi rəhmətlik,
O getdisə, onun indi yerində Azər əyləşmiş.
           
Əliağa Vahid Mirzə Əbdülxaliqi bütün şairlərdən üstün hesab edirdi. Yuxarıdakı bənd də bunu aydın göstərir. "Məcməüş-şüəra” (Şairlər yığıncağı) ədəbi məclisinin ən qocaman üzvü məhz Mirzə Əbdülxaliq Yusif olmuşdur. Buna görə o, yuxarıda verilən beytdə demək istəmişdir ki, Bakı şairlərinin ən uca taxtında rəhmətlik Yusif oturardı, indi o yoxdu, orda Azər əyləşir. Bu beytin açılışından belə nəticəyə gəlmək olur ki, Vahid Mirzə Əbdülxaliq Yusifi ondan sonra isə Məşədi Azəri ən böyük Bakı şairləri hesab edirdi.
 
Vahid! Hanı Yusif, hanı Səyyar ilə Saqib,
Kimdən soraq: ustadımız Azər yenə varmı?

           
Şeirin ruhundan da hiss olunduğu kimi, Əliağa Vahid bu şeiri çox güman ki, qocaman vaxtlarında qələmə almışdır. Şeirdə artıq ustadlarının dünyadan köçdüklərini andırması fikirlər bizə bu nəticəyə gəlməyə əsas verir. Vahid poeziyasında daha çox Məşədi Azər tez-tez yad edilir. Bu da Vahidin ədəbiyyata onun sayəsində gəlməsiylə bağlıdır.
 
Ey Müniri! Yanıram eşq oduna, Azərə de,
Azər olsa, yanacaq şöləfəşan olmağıma.
***
Vahid, Azər xoş demiş: oddur vücudu aşiqin:
"Azəri-eşqəm, güman etmə, şərərdən düşmüşəm”.
***
Əgər ustadımız Azər kimi bir həmdəm ola,
Həmdəmi olmaz idim bir para əyyarlərin.
***
Şerdən bəhs etmə, Vahid, biz də dünya görmüşük,
Şerdə Azər kimi ustadi-əzəm başqadır!

           
Əliağa Vahid poeziyasının formalaşmasında və inkişafında Məşədi Azərin rolu danılmazdır. O, bir çox şairlərdən şeir-sənət sirlərini öyrənsə də ən çox Məşədi Azərdən öyrənmiş və onu özünə daha yaxın bilmişdir.
 
Bir az öncə vurğuladıq ki, Əliağa Vahidin dövrü-mətbuata ilk qədəm qoymasına vasitəçi Məşədi Azər olmuşdur. Azərbaycan radiosunun arxivində Əliağa Vahidin yorğun və xırıltılı  yeganə səsyazması qorunub saxlanır. Həmin səsyazmada Əliağa Vahid "Olmadım bir ləhzə, yarəb, bu vətən küncündə şad” beyti ilə başlayan şeirinin ilk üç misrasını öz səsiylə oxuyur və bu şeirin yazılma tarixi haqqında məlumat verir. Əliağa Vahidin adı çəkilən şeir barədə danışdıqlarını sizlərə olduğu kimi təqdim edirik:
"- Seyid Zərgərgilin evindəydim mən. Girdim içəri. Salaməleyküm - əleyküməssəlam. Gördüm bir zorba, hündür kişidi. Lap dağıstanlıya oxşayır elə. Seyid Zərgər mənə dedi: "Tanış ol Azər əfəndiynən". Mən adın eşitmişdim, üzün görməmişdim. Azərə dedi ki, tanış olun, bu da milli şairlərdəndir. Azər ona dedi: "Necə olur, milsiz də var?" O, cavab verə bilmədi. Özü deyən kimi, Azər orda məni saymırmış, ələ salan kimiymiş. Ürəyində, ibtidada. Mənə şeir oxutdurdu ki, qoçaq, oxu şeirlərindən. Mən ona dedim ki, sizin hüzurunuzda mən nə oxuya biləcəyəm? Özü dedi: "Oxu, bu özü elə böyük şeydi mənimçün ki, belə deyirsən".
Qəzəl bu idi ki:
 
Tökmüş o şux məh üzə zülfi-siyahini,
Guya ki, gizlədib fələk əbr içrə mahini.
 
Bu elə indi kitabda da var. Mirzə mənə deyərdi: "Sağ ol, qoçaq". Mən elə bilirdim məni ələ salır. Demə, bu yazıq elə "qocağı" doğrudan deyirmiş. "Bərəkallah", "Sağ ol". Belə dedi. Müxtəsəri, çox şeylər oxuduq. Bu gedəcəkdi. Dedi: "Mən mətbuata gedirəm". Mən də bilmirəm "mətbuat" nə deməkdir axı. Qərəz, başa düşdüm ki, Orucovun mətbəəsinə getmək istəyir. Dışarı çıxanda mən də Azərlə bərabər çıxdım. Bir az getdik söhbət eləyə-eləyə. Dedi, gedək orda səni tanış eləyim, tapşırım. Sən şeirlər yazginən. Sən yaxşı şair olacaqsan. Nə yaxşı yazmısan!
İndi anlayıram, həm məni həvəsləndirirdi, həm də elə düzgün deyib də kişi...
Getdik ora - mətbəəyə. Sabirin heykəli olan yer mətbəə idi. Girdik içəri, gördük ki, Seyid Hüseyndi, Ruhulla Axundovdu. Var idi neçə adam, onları tanımadım kimlər idi. Azər onlara tapşırdı ki, bu uşaqdan muğayat olun. Şeir yazsa, çap eləyin. Mən də sevindim. Qərəz, bayıra çıxanda qəzet vardı Azərin əlində. Oxudu mənimçün. Qafiyələri "dad", "fəsad", "fəryad" - belə gedirdi. Mən də getdim evə, gecəynən o qafiyədə bir şeir yazdım. Səhərisi gün "İqbal" qəzetində çıxdı:
 
Olmadım bir ləhzə, ya Rəbb, bu vətən mülkündə şad,
Ömrüm əksildi günü-gündən, qəmim oldu ziyad,
Bivəfa gördüm kimə dünyada etdim etimad”.
           
Əliağa Vahidin öz səsyazmasını sizə təqdim etdik. Səsyazmadan da göründüyü kimi Vahid ilk dəfə dövrü mətbuata Azərin vasitəsilə qədəm qoymuşdu.
Bu şeir Əliağa Vahidin bir çox kitablarında yer alır. Maraqlı məqam orasıdır ki, şair özü şeiri bu cür oxuyur ancaq, kitablarda bu şeir müxtəlif dəyişikliklərə uğramışdır. Təbii ki, ola bilsin şair redaksiyaya verən zaman özü şeirə düzəliş etmiş və yaxud da radioda oxuyan zaman şeirdə bəzi dəyişikliklərə yol vermişdir. Bu barədə əlimizdə dəqiq bir məlumat olmasa da çap olunmuş kitablarının çoxunda yuxarıda verdiyimiz üç misra müxtəlif cür verilir.
Şairin 1975-ci ildə Qulam Məmmədli, Rəşid Quliyev və Ataxan Paşayev tərəfindən tərtib olunmuş seçilmiş əsərlərinin birinci cildində həmin şeir parçası bu cür verilmişdir:
 
Olmadım bir ləhzə, yarəb, bu vətən küncündə şad,
Səbrim əksildi günü-gündən qəmim oldu ziyad.
Bivəfa gördüm, kimə dünyada etdim etimad,
Çərxi-dun sübhü məsa oldu mənimlə kəcinad,
Əlaman, çərxi-sitəmkarın əlindən dad, dad.

           
Yuxarıda verdiyimiz nümunə 1975-ci il nəşrindəndir. Digər nəşrlərdə də bu cür yazılmışdır. Gəlin səsyazmayla kitab arasında olan fərqlərə baxaq:
Səsyazma:
Olmadım bir ləhzə, ya Rəbb, bu vətən mülkündə şad,
Kitab:
Olmadım bir ləhzə, yarəb, bu vətən küncündə şad,
Və yaxud:
Səsyazma:
Ömrüm əksildi günü-gündən, qəmim oldu ziyad,
Kitab:
Səbrim əksildi günü-gündən qəmim oldu ziyad.
 
Zənnimizcə şeirin bu cür çoxvariantlılığının bir səbəbi var. Şair bu şeiri hələ gənc yaşlarında qələmə almışdı. Dəfələrlə də həmin şeir eyni formada çap olunmuşdur. Ancaq səsyazma isə Əliağa Vahidin yaşlı vaxtlarında lentə alınmışdır. Vahidin radioda şeiri deyən zaman sözləri  bədahətən başqa sözlərlə əvəz etməsi şeirin bəzi sözlərini unutmuş olmasından xəbər verir. Ona görə də şeirdə bu cür forma dəyişikliyi özünü göstərir.
Vahid ədəbi məktəbi və Vahid poeziyası ölməzdir. Dahi şair dünyaya XIX əsrin sonunda gəlmiş, XX əsrin 60-cı illərində də dünyadan köçmüşdür. Əslində bu elə də böyük bir zaman kəsiyi adlana bilməz. Bu zaman kəsiyində Vahid poeziyası nə köhnəlmiş, nə də qocalmışdır. Əsrimiz kimi cavan olan bir poeziyaya isə biganə yanaşanlarımızın sayı olduqca çoxdur. Ancaq yüzillər sonra belə Əliağa Vahid poeziyası ilk günkü təravətini qoruyub saxlayacaq. Şair özü bir qəzəlində belə yazır:
 
Vahid bu qədər səndə ki var eşq-məhəbbət,
Dünya qocalıb getsə, çətin sən qocalansan.
           
Nə yaxşı ki, xanəndələrimizin ürəkləri, avazları Vahid poeziyasıyla qırılmaz tellərlə bağlıdır. Yaxşı ki, onlar Vahidin poetik irsindən ayrılmır və onu daim yaşadırlar...
 
Eltac Elmanoğlu
 
 

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946