• cümə, 29 Mart, 16:08
  • Baku Bakı 14°C

Olimpiya zirvəsini həyat amalına çevirən dünya çempionumuz – Portret

29.09.18 09:30 4225
Olimpiya zirvəsini həyat amalına çevirən dünya çempionumuz – Portret
Güləşdə, uğurlarımız əsasən, sərbəst növdə olsa da, zamanla yunan-Roma növündə də dünyaya gücümüzü göstərmişik. Fərid Mansurovla ali zirvəni fəth edib, Rövşən Bayramovla iki dəfə son səddədək gəlmişik. Təmsilçilərimiz dəfələrlə dünya, qitə çempionatlarının qalib və mükafatçıları sırasında yer alıblar. Komanda şəklində dünya kubokunu qazanıb, bir neçə dəfə turnirin mükafatçısı olmuşuq. Bu uğurlarda Həsən Əliyevin də böyük payı var. Həsən, güləş üzrə ən gənc dünya çempionumuz, Avropa çempionatlarında medalların sayına görə, yunan-Romada ölkə lideri, bu mükafatları ikidən artıq çəki dərəcəsində qazanan yeganə "klassik"dir.
Erkən kəşf olunan çempion ruhu
Həsən İltifat oğlu Əliyev 1989-cu ildə zəngin güləş ənənələrinə malik Qazax rayonunun Kosalar kəndində anadan olub. Güləşə çox erkən - 6 yaşında olarkən, başlayıb. Həkim məsləhəti ilə, fiziki aktivlik üçün zala gedib-gələn Həsən, zaman keçdikcə, məşqçi Tariyel Nəsibovun diqqətini çəkib. Zona birinciliklərində qazandığı ardıcıl uğurlar onu ruhlandırıb, gələcəyini güləşə bağlamağa sövq edib. Beləliklə, 2001-ci ildə arzularının ardınca kənddən paytaxta gələrək, Respublika Olimpiya İdman Liseyinə qəbul olub. İlk iki ildə İdris Əsədovun, ardınca isə Vaqif Feyzullayevin yanında məşq keçib. Feyzullayev bu günədək onun şəxsi məşqçisidir.

Həsən, çempion ruhunu erkən yaşlarından kəşf edən idmançılardandır. Bütün yarışlara yalnız birincilik üçün qatılıb, digər əyyarlı medalla heç cür barışmayıb. Yaşıdları iki və üçüncü yeri toy-bayrama çevirəndə, o, günlərlə özünə gəlməyib, uzun müddət səhvlərini çək-çevir edib. Nəticədə respublika əhəmiyyətli turnirlərin əksəriyyətində fəxri kürsünün ən yüksək pilləsində yer alıb. İlk beynəlxalq yarışı isə 2006-cı ilə təsadüf edib. İstanbulda keçirilən yeniyetmələrin qitə çempionatında yalnız finalda məğlub olaraq, gümüş medal qazanıb. 2008-ci ildə Slovakiyanın Koşitse şəhərində baş tutan gənclərin qitə birinciliyində 55 kiloqram çəki dərəcəsində ən güclü olub. Gənclər arasında çıxış etdiyi sonuncu - 2009-cu ildə o, həm Avropa, həm də dünya çempionluğunu bayram edib.
Fantastik keçid və təzadlı 6 il
Həsən, gənclər kateqoriyasında qazandığı hər iki uğuru bir il sonra böyüklər arasında da təkrarlayır. O, əvvəlcə Bakıda rəqiblərinə bir xal belə vermədən qitə, beş ay sonra Moskvada adlı-sanlı rəqiblərini üstələyərək, dünya çempionu tituluna yiyələnir. Bu, dünya miqyasında nadir rast gəlinən, ölkə güləşi üçün isə ilk və hələlik yeganə haldır.

Cəmi bir il ərzində qazandığı möhtəşəm uğurlarla ölkədə hamının sevimlisinə çevrilir. Hər kəs ondan növbəti ildə uğurların davamını və beləliklə, olimpiadaya lisenziya gözləyirdi. Lakin Həsən, sanki gözə gəlir. 2011-ci ildə həm Avropa, həm də dünya çempionatında uğursuzluğa düçar olur. London olimpiadasına lisenziyanı isə komanda yoldaşı Kamran Məmmədov qazanır. Buna baxmayaraq, yığmamızın türkiyəli çalışdırıcısı Salih Bora Əliyevin daha potensiallı olduğunu düşünür və beləliklə, o, 53 nəfərlik London olimpiya komandamızın heyətinə daxil olur. Həsən güləş yarışlarının ikinci günü mübarizə aparırdı ki, ilk gündə Rövşən Bayramov cüzi fərqlə iranlı beşqat dünya çempionuna yenilərək gümüş, Emin Əhmədov isə bürünc medal qazanmışdı. Bu nəticələr bir sual doğururdu: Həsən niyə də çempion olmasın?!


O, əvvəlcə norveçli Avropa vitse-çempionu Stiq Andre-Berqeni, ardınca cənubi koreyalı olimpiya çempionu Çon Ci-Xyonu yolundan uzaqlaşdıraraq, yarımfinala yüksəlir. Final yolundakı son rəqib əvvəl məğlub etdiyi gürcüstanlı Avropa çempionu Revaz Laşxi idi. Görüş Əliyev üçün yaxşı başlayır. Lakin ikinci və həlledici üçüncü hissədə qonşu ölkə təmsilçisi cüzi üstünlüklə finala yüksəlir. Son anda əldən gedən final Həsəni ruhdan salır və heç cür üçüncülük görüşünə köklənə bilmir. Nəticədə bürünc medal da əldən çıxır.

Qayıtdıqdan sonra depressiyaya düşür, günlərlə gözünə yuxu getmir. İki cəhddə əldən qaçan olimpiya medalının ağır üzüntüsü, bu halı yaşayan hər bir idmançı kimi, uzun müddət onu tərk etmir.

Növbəti ildən çəkisini 66 kiloqrama qaldırır. İlk böyük yarış isə Tbilisidə keçirilən Avropa çempionatı idi. Daha yüksəyinə layiq olsa da, sonda üçüncülüklə kifayətlənir. Bürünc medal uğrunda görüşdə ev sahibi, London olimpiadasının bürünc mükafatçısı, ikiqat dünya vitse-çempionu Manuçar Sxadayanı üstələyərək, ilk cəhddən çəkidəki iddiasını ortaya qoyur.

Növbəti il Finlandiyanın Vantaa şəhərində baş tutan Avropa çempionatına daha iddialı yollanır. O, finaladək bütün rəqiblərini bir baş üstələyərək, inamla irəliləyir. Əliyevin həlledici görüşdəki rəqibi ötənilki analoji yarışın yarımfinalında yenildiyi rusiyalı Adam Kurak idi. Son üç saniyəyədək üstün olsa da, görüşün hakimi heç bir səbəb olmadan Həsənə xəbərdarlıq verir, nəticədə rəqib görüşü qalib tamamlayır. Sonradan hakimin səhvi sübuta yetirilsə də, bu, heç nəyi dəyişmir. Qitə "qızıl"ı artıq əldən getmişdi. Bu hadisə karyerasının ən böyük üzüntülərindən biri kimi Həsənin yaddaşına həkk olunub.

Növbəti ilin martında keçirdiyi görüşlərin hamısını qələbə ilə başa vurmaqla, komandamızın tarixdə ilk dəfə dünya kubokunu qazanmasında böyük rol oynayır. İyunda isə I Avropa Oyunlarının bürünc mükafatını boynundan asır. Lakin, Rio Yay Olimpiya Oyunlarına gedən yol onun üzünə bağlanır. Komandada onunla Kamran Məmmədov və Rəsul Çunayev arasında gedən gərgin rəqabəti, sonuncu üstün tamamlayır. Bununla belə, 2016-cı ildə Həsən debüt etdiyi 71 kiloqram çəki dərəcəsində həm Avropa, həm də dünya çempionatının bürünc medalını zəngin kolleksiyasına daxil edir.

Bir ildir ki, çəki dərəcəsini dəyişib. O, artıq olimpiya çəkisi olan 77 kiloqramda mübarizə aparır. Bu müddətdə ölkə çempionu, hərbçilərin dünya çempionatının qalibi olub.

Son nöqtə: olimpiya zirvəsi!
Həsən, ömrün 29 ilinə minlərlə idmançının xəyalını qurduğu nailiyyətləri sığdırıb. Amma hələ də ən böyük arzusuna çatmayıb. Bu, təbii ki, olimpiya çempionluğudur. Bütün çətinliklərə rəğmən, ali zirvəni fəth etməkdə qərarlıdır. Hesab edir ki, olimpiya çempionu olmadan karyerasını başa vursa, həyatında böyük bir natamamlıq kompleksi yaranar. Məqsədinə çatmaq üçün o, ilk növbədə dünya və Avropa çempionatlarının mükafatçısı, I Avropa Oyunlarının qalibi Elvin Mürsəliyev səddini keçməlidir. Özü qarşıdakı iki ildə onu gözləyən gərgin rəqabət barədə belə düşünür: "Məni hansı çətinliklərin gözlədiyinin fərqindəyəm. Olimpiya çempionluğu olduqca mürəkkəb, çox az insana nəsib olan bir uğurdur. Böyük dağları aşmalısan ki, məqsədinə çatasan. İki şansı qaçırdım, bu, sonuncudur. Çəkimdə ölkənin ən yaxşısı olmaq üçün var gücümlə çalışacağam. Kim layiqdirsə, o da getsin. Görsəm ki, Elvin və ya digəri daha çox layiqdir, onun əlini sıxıb, uğur arzulayacağam".
Kumiri

Həmyaşıdlarının əksəriyyəti kimi o da olimpiya çempionu Namiq Abdullayevi özünə kumir seçib. Abdullayevdən götürdüyü xüsusiyyət çoxdur. Ən başlıcası isə əzmkarlıq, sadəlikdir. Hədəfinə çatmaq üçün uzun illər güləş xalçasında tər tökən olimpiya çempionumuzun xarakteri ali zirvə yolunda Həsənə əsl örnəkdir.

Kitabsevər, seçici, səxavətli
Bədii əsərlər oxumağı çox sevir. Əsasən detektiv janrını xoşlayır. Ən çox sevdiyi yazıçı isə Elxan Elatlıdır. Dediyinə görə, sözügedən müəllifin XX əsrin ən dəhşətli vəhşiliyi olan Xocalı soyqırımından bəhs etdiyi "Cəhənnəmdən gələn səs" romanının təsirindən uzun müddət çıxa bilməyib. Bundan başqa, tarixi kitablar oxumağı qarşısına məqsəd qoyub. Bir sözlə, inkişafını fiziki planla məhdudlaşdırmır, daim öyrənməyə, dünyagörüşünü artırmağa çalışır.
İnsanlarla münasibətdə əsas səmimiyyətə üstünlük verir. Sünilik, təkəbbürlük gözünün düşmənidir. Hesab edir ki, insan hiss və əməllərində səmimi olmasa, xoşbəxt yaşaya bilməz. Maksimum dərəcədə seçicidir. Bu xüsusiyyətinə görədir ki, ətrafında çox insan yoxdur.
Onun daha bir yüksək keyfiyyəti isə yardımsevərliyidir. Heç bir kənar maraq güdmədən, sağlamlıq imkanları məhdud insanlara, aztəminatlı ailələrə maddi yardımlar edir.

Həsən karyerasını bitirdikdən sonra da idmandan uzaqlaşmaq istəmir. Güləş mərkəzi açmaq, yeni nəsil pəhləvanlar yetişdirmək niyyətindədir.

"Həssasdır"

Həsən haqqında dostu, tanınmış idman şərhçisi Pərviz Musayev danışır: "Bir idmançı haqqında söhbət düşdükdə, adətən ön plana qazanılan nailiyyətlər keçir. Lakin Həsəni yaxından tanıyan biri kimi deyirəm ki, o, yaxşı idmançı olmaqla yanaşı, yüksək insani keyfiyyətlərə sahibdir. Qəlbi safdır. Kimsə ona hər hansı ehtiyacla bağlı müraciət etdikdə, əlindən gələn qədər köməyini əsirgəmir. Bəzən emosiyalara qapılır. Nəticədə kimisə incidə bilər, amma tez də bundan peşman olar. Həssasdır. Ən adi hadisəni ürəyinə salır, günlərlə fikrini çəkir. İdmançıların çoxu tənqidlərə qarşı biganə olsa da, Həsən tam əksini edir. Bu, bir idmançı üçün yaxşı cəhət sayılmaya bilər, amma o, bütün xüsusiyyətləri ilə dəyərli bir insandır.

Ən böyük uğurlarının canlı şahidiyəm. Moskvada keçirilən dünya çempionatının finalında yapon güləşçi ilə görüşünü isə heç vaxt unutmaram. Matsumotonun sürətli tempi qarşısında sadəcə, onun kimi yüksək fiziki hazırlıqlı güləşçi tab gətirə bilərdi. Çox istərdim ki, Həsən o illərə möhtəşəm geridönüş etsin".
Portret

İnadkar, emosional, sadə, səmimi. Portretində bu xüsusiyyətləri qabarıq şəkildə əks olunur. Həsən, keçmiş qüdrətini geri qaytarmağı hədəfləyib. Bu gün o, pusquda duran aslanı xatırladır.

Sahib

banner

Oxşar Xəbərlər